Eldar Quliyev: "Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə üzrə əksər məhsulları yerli istehsal hesabına tam ödəməkdədir"
Regional dövlət proqramlarının icrası son illər aqrar sahənin inkişafına, bölgələrdə həyat səviyyəsinin yüksəlməsinə böyük təkan vermiş, daxili istehsal hesabına əhalinin bir sıra əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsini yüksəltmişdir. Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü Eldar Quliyev "Səs" qəzetinə açıqlamasında ölkəmizin aqrar sektorunda tarixi-ənənəvi inkişaf mərhələlərinə, həyata keçirilən islahatlar, dövlətin bu sahəyə dəstəyi və əldə olunmuş nəticələrlə bağlı məsələlər barədə münasibətini bildirib.
- Eldar müəllim, Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı son illərdə görülən işləri necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sosial infrastruktur layihələrinin icrasının davam etdirilməsi, xarici investisiyaların ölkəmiz üçün prioritet təşkil edən sektorlara yönəldilməsi, sahibkarlığın inkişafına dəstəyin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verib. Dövlətimizin başçısı yaxın vaxtlarda kənd təsərrüfatında islahatların daha da dərinləşdirilməsi üçün yeni Sərəncamın veriləcəyini də bildirib. Ölkədə əhalinin sayının 9 milyon 500 min nəfərə çatdığını deyən Azərbaycan Prezidenti qeyri-neft sektorunun və sənayenin inkişafı ilə bağlı layihələrin icra edildiyini söyləyib. Bu, bir daha onu göstərir ki, aqrar sektorun inkişafına dövlət dəstəyi siyasəti davamlı xarakter alıb.
Xüsusilə, son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikanın ərzaq təhlükəsizliyinin təmini prosesində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu da təsadüfi deyildir - Azərbaycan Respublikasında bazar iqtisadiyyatı sisteminə transformasiya prosesi aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərindən özünü kəskin şəkildə büruzə verən tənəzzül meyilləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur. Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə üzrə əksər məhsulları, o cümlədən, taxıla olan tələbatı yerli istehsal hesabına tam ödəməkdədir. Ərzaq təhlükəsizliyi baxımından isə, bu, olduqca mühüm nailiyyət hesab edilir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Biz aqrar sektorun inkişafı istiqamətində bütün imkanlarımızı səfərbər etməklə yanaşı, kənd təsərrüfatı istehsalçılarından da keyfiyyətli məhsul, mütərəqqi təsərrüfatçılıq vərdişləri, yüksək işgüzarlıq və təşəbbüskarlıq gözləyirik. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət növü deyil. O, həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri yaratdığı təsərrüfatçılıq ənənəsidir".
Bildiyiniz kimi, bu gün aqrar sahədə aparılan uğurlu siyasətin ən mühüm nəticələrindən biri də Azərbaycanın bir sıra strateji məhsullara, o cümlədən, taxıla olan tələbatının yerli istehsal hesabına tam ödənilməsidir. O da xüsusi olaraq qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımlar, texnika və gübrə alınmasına edilən güzəştlər nəticəsində taxıl əkinlərinin sahəsi genişləndirildi. Kənd təsərrüfatı istehsalçılarına dövlət yardımının gücləndirilməsi məqsədilə dövlət başçısı İlham Əliyev 2007-ci il 23 yanvar tarixdə "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncam imzalayıb. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəmə malikdir. Bu proqram, demək olar ki, aqrar sahənin strateji xəttini tam müəyyənləşdirib.
- Eldar müəllim, istənilən sahənin inkişafında lazımi hüquqi bazanı təşkil edən qanunvericiliyin olması vacib şərtdir. Siz aqrar sahənin inkişafı istiqamətində atılan addımlar və əldə edilən nəticələr haqqında fikirlərinizi bildirdiniz. Bəs ölkəmizdə aqrar sahənin inkişafını təmin edən qanunvericilik bazasının səviyyəsini necə qiymətləndirmək olar?
- İlk öncə, aqrar sahənin inkişafından söz düşərkən, ilk növbədə, Azərbaycanda həyata keçirilən torpaq islahatını vurğulamaq lazımdır. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan islahatlar nəticəsində sovet dövründən qalan kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əsil sahiblərinə - kəndlilərə verildi, inkişafa təkan ola biləcək yeni qanunlar qəbul olundu. Ölkədə neft sektorunda əldə edilən uğurlarla bir vaxtda aqrar sektorda tarixi əhəmiyyətli bir sənəd - "Torpaq islahatı haqqında" qanun qəbul olundu. 1 mln 250 min hektara qədər olan torpaq kəndlilərə verildi. Azərbaycanda bu gün yaşayan 3 mln 500 min əhali - 875 min ailədə birləşən bu insanların artıq torpağı var. Parlamentin yarandığı ilk illərdən, yəni 1995-ci ildən bu günə qədər qəbul etdiyimiz qanunların sayı 56-dır. Bununla yanaşı, 15 saziş qəbul edilib. Qəbul edilmiş qanunlara dəyişiklik və əlavələrin sayı isə 30-dur. Əvvəllər biz çox məhsuldar işləmişik. Hər sessiyada elə olub ki, 6-7 qanun qəbul etmişik. Məsələn, 1996-cı ildə 8, 2011-ci ildə isə 5 qanun, sonuncu olaraqsa "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanununu qəbul etmişik. Ümumiyyətlə, bu gün aqrar sektorda elə bir sahə yoxdur ki, həm çərçivə qanunu, həm də məcəllə qanunu olmasın.
- Son 10 il ərzində Azərbaycanda əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində hansı ciddi nailiyyətlərə imza atılıb?
- Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu nailiyyətlərin əldə edilməsinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" xüsusi rol oynayıb. Ötən dövr ərzində aqrar sektor iqtisadiyyatın prioritet sahəsi kimi diqqət mərkəzində saxlanılıb. Kənd təsərrüfatında vergi güzəştlərinin tətbiqi davam etdirilmiş, fermerlərə genişmiqyaslı dövlət dəstəyi tədbirlərinə başlanılmışdır. Belə ki, fermerlərin fəaliyyətinin stimullaşdıırlması, məhsulun maya dəyərinə çəkilən xərclərin azaldılması məqsədilə yanacaq və mühərrik yağına, buğda və çəltik səpininə, toxum istehsalına və gübrə satışına subsidiyaların verilməsi təmin olunmuşdur. Aqrar sahədə infrastrukturun yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərə ayrılan vəsaitin həcmi bu dövrdə 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artıb. Genişmiqyaslı dövlət dəstəyi tədbirləri nəticəsində son 10 ildə kənd təsərrüfatı sahəsində yaradılan əlavə dəyərdə müşahidə olunan artım 1,5 dəfə olub. Qeyd olunanlar ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsini yüksəldib. Hazırda ölkə əhalisinin istifadə etdiyi bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Xüsusilə son illərdə yeni açılan müəssisələr hesabına süd və ət məhsullarının, meyvə-tərəvəz konserv və şirələrinin istehsal gücləri, o cümlədən bazara təqdim olunan məhsul çeşidləri əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, son 10 ildə ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəldilmiş tədbirlər nəticəsində bitkiçilik məhsulları - 3,1 dəfə, heyvandarlıq məhsulları - 3,4 dəfə, ət istehsalı - 1,6 dəfə, sənaye üsulu ilə quş əti istehsalı - 4,6 dəfə, yumurta istehsalı 1,8 dəfə, süd istehsalı - 1,5 dəfə, taxıl istehsalı 1,4 dəfə artıb.
Məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
RƏFİQƏ HÜSEYNOVA