Tahir Kərimli: "Milli Şura"nın varlığı "İctimai Palata" kimi formal xarakter daşıyır"
Müsahibimiz Vəhdət partiyasının sədri Tahir Kərimlidir
- Tahir bəy, Rüstəm İbrahimbəyov iddia edir ki, onun aktiv siyasətdən bir qədər geri çəkilməsi "Ziyalılar Forumu"nun fəaliyyətsiz bir quruma çevirib. Sizcə, qurumlar yalnız fərdlərdən ibarətdir?
- Arzuolunmaz hal odur ki, Rüstəm İbrahimbəyov "Ziyalılar Forumu"nu siyasətə qatdı. Təbii ki, "Ziyalılar Forumu"nun fəaliyyətsizliyinin əsas səbəbi də siyasətə baş vurması oldu. Yəni R.İbrahimbəyov bu forumun sədri kimi birbaşa siyasi fəaliyyətə keçdi. Bu siyasətdə uğursuzluğa düçar oldu.
- "İctimai Palata" buraxıldı, "Milli Şura" fəaliyyətsiz bir quruma çevilib. Sizcə, bunun fonunda "Ziyalılar Forumu"nun buraxılacağını proqnozlaşdırmaq olarmı?
- "Milli Şura"nın varlığı "İctimai Palata" kimi formal xarakter daşıyır. O cümlədən, "Ziyalılar Forumu" da fəaliyyətsiz və əhəmiyyətsiz bir quruma cevrilib. Yəni bu təşkilatlar adları olub fəaliyyət görsətə bilməyən təşkilatlardır. Bunun da səbəbi onların heç bir siyasi gücü olmaması ilə bağlıdır. Belə olan halda da bu kimi qurumların dağılması qacılmazdır.
- Sizcə, nəyə görə müxalifət liderləri yaratdıqları bloklara sonradan ifrat dərəcədə inamsız yanaşırlar?
-Müxalifət liderlərinin öz istəyi ilə yaratdıqları bloklara inamsızlığı onların sosial bazaya malik olmamasından irəli gəlir. Demək olar ki, bu gün müxalifət düşərgəsində olan partiyalara yığışan şəxslər biri-birinə qarşı mehriban düşmən münasibəti bəsləyirlər. Yəni müxalifçilər bir-birlərinə qarşı 1 gün yaxşı olsalar da, 5 gün pis olurlar. Bunun da səbəbi müxalifət rəhbərlərinin şəxsi ambisiyalarının olması və bir-birini qəbul etməməsi ilə bağlıdır. Təbii ki, birlik olmayan yerdə nə inamdan, nə mehribançılıqdan, nə də irəliləyişdən söhbət gedə bilməz.
- Əli Kərimli - İsa Qəmbər qarşıdurması demək olarmı müxalifət bloklarının dağılmasını şərtləndirən əsas amillərdəndir?
- Müxalif blok və qurumların dağılmasının başlıca səbəbi liderlərin müstəqil olmamaları və bir-birinə qarşı olan düşməncilik münasibləridir. Bu gün müxalifət liderlərinin bir-birinə qarşı olan düşmənçilik münasibləri onlar tərəfindən yaradılan blok və qurumların dağılmasını şərtləndirən əsas amillərdən biridir. Bu da müxalifət partiyaların birləşməsinə yox, dağılmasına gətirib çıxarır. Bu gün müxalifətin ümumi güc mərkəzi yoxdur. Bu şansın olması da mümkün deyil. Bir sözlə, hər zaman müxalifət məğlubiyyətə düçar olub və olacaq da.
GÜLYANƏ