PDF Oxu

Müsahibə

  • 1 464

Bahar Muradova: "Ukrayna məsələsi beynəlxalq güclərin maraq mübarizəsidir"

Bahar Muradova: "Ukrayna məsələsi beynəlxalq güclərin maraq mübarizəsidir"

Milli Məclisin sədr müavini Bahar Muradovanın SİA-ya müsahibəsi:

- Ermənilər hər il aprelin 24-nü "qondarma "erməni soyqrımı" kimi qeyd edir və hadisələrin həqiqətə uyğun olmayan faktlarının dünyaya tanıdılması ilə məşğuldurlar. Təəssüf ki, bəzi dövlətlər də onlara dəstək çıxır. Bu nə qədər ədalətlidir?

- Bəşər tarixində qanlı faciələr ayrı-ayrı xalqlara və millətlərə qarşı yönəlmiş soyqırımı aktları olub və bunların hər biri zaman keçdikcə öz dəyərini və qiymətini alır. Lakin bütün bunlarla yanaşı, uydurma soyqırımı aktlarının olduğunu sübut etməyə çalışanlar da var. Onlar da bizim bədnam qonşumuz olan Ermənistan və dünya erməniləridir. Ermənilər özlərinin törətdikləri faciələri, qırğınları başqalarının adına çıxararaq bunu özlərinə qarşı yönələn akt kimi qələmə verməyə çalışırlar ki, bunun da müqabilində həm ərazi, həm də digər iddialarını reallaşdırmaq istəyirlər. Bəla orasındadır ki, tarixdə törədilənlər azmış kimi, günümüzdə də XIX əsrin sonu XX əsrin əvvəllərində bu soyqırımı aktları davamlı şəkildə həyata keçirilib. Bu gün həm türk soyundan olan, həm də Azərbaycan xalqına qarşı törədilmiş hadisələrin acı nəticələri göz önündədir. Təəssüf ki, dünya birliyi və beynəlxalq ictimaiyyət bu məsələnin hüquqi-siyasi qiymətini adekvat olaraq verməyib. Odur ki, ermənilər bu iddialarına davam edirlər.

Əlbəttə, Türkiyə və Ermənistanın, o cümlədən türk və erməni xalqlarının taleyində baş verən hadisələrin tarixi hər kəsə bəllidir. Bu da beynəlxalq aləmdə yaranan mühitdən öz maraqları üçün istifadə edən erməni siyasətçilərinin törətdiyi əməllərdir. Təəssüf ki, bu gün ermənilər azad şəkildə fəaliyyətlərini davam etdirirlər. Hətta bəzi beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı ölkələrin parlament və hökumətləri belə bir soyqırımı aktının olması barədə qanunlar qəbul edir, soyqırımı aktını inkar edənlərə qarşı cəza tədbirləri tətbiq edirlər. Təbii ki, bu cür ikili standartlar, yanaşmalar bizi təəssüfləndirir və hadisələrə adekvat qiymətin verilməməsi bu gün də buna bənzər hadisələrə cəhdlərin davam etməsini ortaya qoyur. Ona görə də aprelin 24-ü qədim Osmanlı imperiyasının tarixində baş verən hadisələrə məhz həmin tarixi hadisələr kontekstindən, o dövrün ictimai-siyasi reallıqlarından və həqiqətlərindən qiymət vermək lazımdır. Ermənilər uydurma soyqırımının ardınca düşərək, həm öz xalqlarını girova çevirdiklərinin, həm də dünya xalqlarının bir-birinə qarşı normal münasibətlər qurmasına mane olduqlarının fərqində deyillər.

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxışlarının birində qeyd etmişdi ki, Ukrayna şousunu ABŞ hazırlayır. Bu məsələyə münasibətiniz necədir?

- Bu gün Ukrayna və Krımda baş verən hadisələrə birmənalı qiymət vermək çox çətindir. Azərbaycan dövləti olaraq əlbəttə, baş verən hadisələrin beynəlxalq hüquq prinsipləri əsasında, eləcə də danışıqlar və sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. İnkar etmək olmaz ki, bu, beynəlxalq güclərin maraq mübarizəsidir. Ona görə də, biri digərini ittiham edərək, öz maraqlarını reallaşdırmaq istəyəcəklər.

- ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "twitter" sosial şəbəkəsində Dağlıq Qarabağın həlli ilə bağlı dua edib. Siz Uorlikin bu davranışını necə qiymətləndirirsiniz? Sizcə dua, yoxsa əməl?

- Yaxşı məqsədlər üçün dua etmək müsbət haldır. Lakin beynəlxalq missiya daşıyan vasitəçi qurumun nümayəndəsi yalnız dua etməklə işini bitmiş hesab etməməli və öz fəaliyyətini mandatına uyğun şəkildə həyata keçirməyə çalışmalıdır ki, belə çoxmənalı fikirlər meydana gəlməsin. Krım hadisələrindən sonra Dağlıq Qarabağ məsələsinin həllinin vacibliyinin qeyd edilməsinə gəlincə, beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən bu günlərdə Azərbaycana səfərə gələn ATƏT PA-nın prezidenti Ranko Krivokapiç də çıxışında dəfələrlə vurğuladı ki, Krım hadisələri Dağlıq Qarabağ problemini ön plana çıxarır və biz də bundan nəticə çıxararaq mövcud münaqişəni tezliklə həll etməliyik.

- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar vətən xaini adlandırılan Rauf Mirqədirovun həbsindən narahat olduğunu bildirmişdi. Bu nə dərəcədə düzgündür?

- Humanist olmaq heç də günah deyil. Cəmiyyətə bəşəriyyətə qarşı humanist olmaq çox yaxşı bir keyfiyyətdir. Lakin bunu müxtəlif hadisələr kontekstində ifadə etdikdə, suallar meydana çıxır. İstənilən Azərbaycan vətəndaşının istintaqa cəlb olunması bu və ya digər cinayət hadisəsində təqsirkar bilinməsi bəzilərində maraq və narahatlıq hissi doğurur. Ancaq əsas olan odur ki, bu narahatlıq və maraq məsələni başqa yöndən izah etməyə istiqamətlənməsin. Bu proseslərin özünün də hüquq müstəvisində həll olunmasına yönələn rəylər formalaşdırılsın. Hesab edirəm ki, cənab Morninqstar fikrini, məhz bu mənada ifadə edib.

sia.az

Digər xəbərlər