PDF Oxu

Müsahibə

  • 1 378

“Minsk qrupu artıq ölüm nöqtəsindən tərpənməlidir”

“Minsk qrupu artıq ölüm nöqtəsindən tərpənməlidir”

Politoloq Elşad Mirbəşiroğlunun Səs TV-yə müsahibəsi

- Elşad müəllim, Bişkek protokolunun imzalanmasından 20 il ötüb. Bundan sonrakı hadisələr sülh prosesinə necə təsir edəcək? Atəşkəs rejimi hansı formada davam etdirilə bilər?

- Bişkek protokolunun imzalanmasından 20 il ötməsi münaqişənin tənzimlənməsinə müsbət və ya mənfi bir təsir göstərmir. Bu protokol hüquqi qüvvəyə malik olmayan, sadəcə tərəfləri bir növ sülhə çağırış xarakteri daşıyırdı. Atəşkəs rejiminin əldə olunmasına baxmayaraq Ermənistan tərəfindən dəfələrlə bu rejim pozulmuşdur. Azərbaycan tərəfində itkilər olub. 1994-cü ildə Azərbaycanda vəziyyət o qədərdə ürək açan deyildi və ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinədək Azərbaycanda siyasi kataklizmlər dövrü idi və həmin dövrlərdə Azərbaycanın qeyri sabitlikdən yeni çıxmışdır. Yeni-yeni inkişaf xəttinə qədəm qoyan Azərbaycan üçün müharibə aparmaq məqbul bir hal deyildi. Buna baxmayaraq, ordu müvəffəqiyyətli əməliyyatlar aparmışdı, hətta bu Ermənistanda böyük təşviş də yaratmışdı. Belə vəziyyəti görən Rusiya özü atəşkəs rejiminin əldə olunması istiqamətində fəaliyyətə keçdi. Bu, Azərbaycanın da maraqlarına cavab verirdi. Nəfəs almaq, keçmiş dağıdıcı vəziyyətin elementlərini aradan qaldırmaq üçün zaman lazım idi. Həmin dövrdə atəşkəsin imzalanması Azərbaycanın bugünkü inkişafında mühüm rol oynamışdı. Zaman keçdikcə Azərbaycan artıq özünün tam şəkildə siyasi stabilliyinə çatdıqdan, hərbi qüdrətini bərpa etdikdən sonra təbii ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək gücü mövcud idi. Amma, buna baxmayaraq Azərbaycan tərəfi beynəlxalq hüquq prinsiplərinə sadiqliyini nümayiş etdirərək münaqişənin dinc yollarla tənzimlənməsi istiqamətində öz səylərini, fəaliyyətini davam etdirməyə başladı. Azərbaycan gücləndikdən sonra atəşkəs rejiminin münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir rolu olmamışdır.

- Bişkek müqaviləsinin bitməsi ATƏT-in Minsk qrupunun tərkibində dəyişikliyin olunmasını labüd edə bilərmi? Biz belə bir ideya ilə çıxış edə, real addımlar ata bilərikmi?

- Tərəflərdən hər hansı biri bu razılaşmadan imtina etmədiyi təqdirdə onun müddəti avtomatik olaraq uzanır. Ona görə də bu gün Bişkek protokolunun müddətinin sona çatması haqqında fikirlər səsləndirmək tezdir. Atəşkəs davam edir, çünki nə Azərbaycan, nə də Ermənistan rəsmi şəkildə razılaşmadan imtina etməyib. Bu gün atəşkəs rejimi sona çatdı, müharibə başlayacaq, bu yanlış yanaşmadır. Formal olsa da, atəşkəs rejimi davam edəcəkdir. Nəyə görə formal? Çünki, Ermənistan tərəfi bu razılaşmanın şərtlərinə əməl etmir. Təbii ki, bizim tərəfimizdən arzu olunandır ki, ATƏT-in Minsk qrupu artıq ölüm nöqtəsindən tərpənsinlər, münaqişənin tənzimlənməsi istiqamətində bir addım atsınlar. Bizim arzumuz da ola bilər ki, bu formatda dəyişiklik olsun, ona dinamiklik gətirəcək yeni üzvlərin cəlb olunması Azərbaycanın maraqlarına cavab verən hal olardı.

- Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərini necə qiymətləndirirsiniz?

- Mən bu səfərin əhəmiyyətini çox böyük qiymətləndirirəm. Bunu bir neçə prizmadan izah edə bilərəm. Birinci məqam ondan ibarətdir ki, Fransa Ermənistanı fəal dəstəkləyən ölkələrdəndir və Ermənistanın yaxın dostu olduğu bir ölkə ilə əlaqələrinin sıxlaşdırılması, gələcəkdə onun Azərbaycanın maraqlarına zidd mövqe nümayiş etdirməsinin ən azı qarşısını almış olacaq. Fransanın sırf ermənipərəst mövqedən çıxış etməsinin qarşısını almaqda və yaxud qismən məhdudlaşdırmaqda Azərbaycanla Fransa arasında əlaqələrin çox böyük təsiri var.

Ümummilli Lider Heydər Əliyev prezident kimi ilk səfərini Fransaya etmişdi. Bu çox böyük bir strateji gediş idi və Fransanın ermənipərəst mövqedən qismən də olsa çəkindirmək üçün addım idi. Hesab edirəm ki, bu istiqamətdə kifayət qədər nailiyyətlər əldə olundu. Azərbaycanla Fransa arasında qarşılıqlı əlaqələr genişləndi. Bu baxımdan Fransanın hazırkı dövlət başçısının prezidentliyi dövründə ilk olaraq Azərbaycana səfər etməsi, bu səfər çərçivəsində Azərbaycanla Fransa arasında bir çox istiqamətdə əməkdaşlığın genişlənməsi istiqamətində razılaşmalar üçün şərait yaratdı. Bu özü-özlüyündə müsbət bir haldır və gələcəkdə də Azərbaycanla Fransa arasında əlaqələrin intensivləşməsini şərtləndirəcək. Ermənistanın dostu olan Fransaya Ermənistanın Azərbaycanda keçirdiyi işğalçılıq siyasətinin məqamlarını çatdırmaq imkanı əldə edəcəyik. Ona görə də biz bu əlaqələrdən strateji məqsədlərimiz üçün istifadə edə bilərik.

sia.az

Digər xəbərlər