PDF Oxu

Müsahibə

  • 1 578

Siyavuş Novruzov: “Onlar çalışırdılar ki, Azərbaycan-NATO münasibətlərinə xələl gətirsinlər”

Siyavuş Novruzov: “Onlar çalışırdılar ki, Azərbaycan-NATO münasibətlərinə xələl gətirsinlər”

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:

- Siyavuş müəllim, bu gün Qəbələdə iki günlük V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb. Ümumiyyətlə Forumun əhəmiyyəti ilə bağlı nələri deyə bilərsiniz?

- Hesab edirəm ki, bu forum çox böyük əhəmiyyətə malikdir. Burada xeyli sayda insanlar, iş adamları, ayrı-ayrı şəhərlərin, vilayətlərin qubernatorları iştirak edir. Azərbaycandan bu foruma icra hakimiyyətlərinin başçıları qatılıb. Bu foruma bir neçə müddətdir ki, (bir dəfə Rusiya, indi isə Azərbaycanda) start verilib. Forumda müxtəlif məsələlər – qarşılıqlı biznes, iqtisadi-siyasi, eləcə də regionların bir-biri ilə olan əlaqələri müzakirə olunur. Təbii ki, bu da insanların bir-birinə yaxınlaşmasına xidmət edir. İki gün ərzində burada bir sıra məsələlər müzakirə olunur ki, hansı ki həmin məsələlər də (Azərbaycan-Rusiya üçün) öz vacibliyi ilə seçilir. Çünki orada müxtəlif suallar qoyulur və suallara da cavablar tapılır. Hesab edirəm ki, bu forum gələcəkdə də davam etdirilməlidir.

- NATO Parlament Assambleyasının (PA) Bakıda seminarı keçirildi. Amma təəssüf ki, ermənilər hər yerdə olduğu kimi ölkəmizdə də təxribat törətməyə çalışdılar. Sizcə onların Bakıya səfərlərində əsas məqsədləri nə idi?

- Əslində erməni deputatların Bakıya gəlişi təxribata hesablanmışdı. Onlar çalışırdılar ki, Azərbaycan-NATO münasibətlərinə xələl gətirsinlər. Erməni deputatlar NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında iştirakları zamanı müxtəlif təxribatçı və insanı hiddətləndirən məsələlərə, yalanlara, böhtanlara yol verərək, Azərbaycan dövləti, Dağlıq Qarabağ münaqişəsi haqqında, o cümlədən ölkəmizdə olan digər hadisələrlə bağlı fikirlər söyləyirdilər. Bunların da əsas mənbəyini Azərbaycanda olan bəzi qeyri-hökumət təşkilatları (QHT) və müxalifətdə olan bir sıra siyasi partiyalar təşkil edir. Həmin deputatlar hər bir istinadlarını bu qurumlarla bağlayırdı və onlara əsaslanırdılar. Onlar Azərbaycanda nə qədər çalışsalar da, heç bir təxribat baş tutmadı. Əksinə, Bakıya 20 dövlətdən 60-a yaxın nümayəndə gəldi və gördü ki, azərbaycanlılar çox dözümlülük göstərirlər və onların heç bir provakasiyasına uymurlar.

Onlar çalışırdılar ki, biz tərəfdən onlara qarşı hər hansı bir kəskin reaksiya olsun, amma bu baş vermədi. Əksinə onlar getmək istədikləri yerdə tam azad idilər. Bu baxımdan hesab edirəm ki, onların öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı verdikləri təxribat xarakterli bəyanatlar, sırf yerli hakimiyyətlə münasibətlərə uyğun olan bəyanatlardır. Hesab edirəm ki, onların Azərbaycanda və öz ölkələrində vəziyyətlərinin necə olduğu bir daha dünya ictimaiyyətinə sübut olundu.

- Siyavuş müəllim son olaraq iyunun 28-dən iyulun 2-dək Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası keçiriləcək. Həmin sessiyadan gözləntilər nədən ibarətdir?

- ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasının Azərbaycanda keçirilməsinin özü çox böyük hadisədir. Bildiyiniz kimi, 600-dən yuxarı nümayəndə həmin sessiyada iştirak edəcək. Bununla belə baş tutacaq sessiyada ATƏT-in qarşıda qoyduğu məsələlər var. Hətta biz tərəfdən də belə bir məsələ qoyulub ki, ATƏT-in Minsk qrupu həmsədrləri 20 il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı işləri gördükləri ilə bağlı hesabat versinlər. Məsələn, ötən dəfə ATƏT-in həmsədri olan ölkə, ABŞ-ın nümayəndəsi Metyu Brayzeyə sual olunanda ki, bu 20 il ərzində nələr etmisiniz, o dedi ki, biz yalnız Azərbaycan və Ermənistanın bir stol arxasında əyləşməyini təşkil etmişik. Əgər ATƏT-in Minsk qrupunun fəaliyyəti bundan ibarətdirsə, o zaman buna ehtiyac yoxdur. Bu baxımdan hesab edirəm ki, burada müzakirə olunacaq məsələlər çox ciddi olacaq. Təbii ki, burada Rusiya-Ukrayna məsələləri müzakirəyə çıxarılacaq.

sia.az

Digər xəbərlər