PDF Oxu

Müsahibə

  • 1 473

Ermənistana qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq edilərsə...

Ermənistana qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq edilərsə...

Elşad Mirbəşiroğlu: "Bu halda Ermənistan diz cökər, beynəlxalq hüquq prinsiplərinə əməl etmək məcburiyyətində qalar "

Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur

- Elşad müəllim, bir neçə gün öncə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışaraq Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun Azərbaycana qaytarılmalı olduğunu söyləyib. Ümumiyyətlə, amerikalı həmsədrin bəyanatının hər hansı bir dəyəri və ciddi əsası varmı?

- İşğal altında olan Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun Azərbaycana qaytarılması münaqişəsinin mərhələli tənzimlənmə prinsiplərinə uyğundur. Amma burada bir məsələ var ki, irəli sürülən təkliflər zamanı Dağlıq Qarabağın özünün sonrakı status məsələsinə toxunulmur.

- Bu, müəyyən suallar yaratmır ki?

- Bəli, haqlı suallar yaradır. Yəni belə bir təsəvvür yaranır ki, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun qaytarılması ilə məsələ bitmiş hesab ediləcək. Bu da Azərbaycanın marağına uyğun deyil. Prioritetimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir. Bu baxımdan, 7 rayonun qaytarılması məsələsi Azərbaycan üçün o vaxt maraqlı olar ki, bunun ardınca Dağlıq Qarabağın statusuna aydınlıq gətirilməsi məsələsi qəti şəkildə gündəmə gətirilsin. Sonrakı atılacaq addımlar müəyyənləşdirilsin. Yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu məsələsi əsas müzakirə obyekti olmalıdır. Bir sözlə, Dağlıq Qarabağın taleyinin həll olunması kontekstində rayonların qaytarılmasından danışmaq məqbul olar. Bunun üçün beynəlxalq birlik ortaya konkret mövqe qoymalıdır. Başlıcasısı işğalcı ölkə olan Ermənistana qarşı dünya ölkələri və beynəlxalq təşkilatlar iqtisadi-siyasi sanksiyalar tətbiq etməlidir. Yalnız bu halda Ermənistan diz cökər, beynəlxalq hüquq prinsiplərinə əməl etmək məcburiyyətində qalar.

- Diplomatların bu kimi bəyanatları Azərbaycanın maraqlarına cavab verirmi və bunu torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi kimi qəbul edə bilərikmi?

- Əgər bunun ardınca qısa bir zamanda Dağlıq Qarabağın statusu məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gündəmdədirsə, bu, münaqişənin mərhələli tənzimləmə prinsiplərinə uyğundur. Ümumiyyətlə, Ermənistanın işğalçı bir ölkə olduğunu bütün dünya ölkələri bilir. Bu baxımdan, gec-tez Ermənistan işğal altında olan torpaqlarımızı işğaldan azad etməyə məcbur olacaqdır. Çünki həmin ərazilər Azərbaycan dövlətinə aiddir. Təbii ki, münaqişə sülh yolu ilə həllinə tapmasa, o halda Azərbaycan dövləti güc faktorundan istifadə etməklə, qısa zamanda ərazi bütövlüyünü bərpa edərək, qaçqınların öz yurd-yuvalarına qayıtmalarını təmin edəcək.

GÜLYANƏ

Digər xəbərlər