PDF Oxu

Müsahibə

  • 2 035

Tural Abbaslı: "Ola bilsin ki, 20 il deyil, hətta 40 il hakimiyyətə gələ bilməyək"

image

SİA Müsavat başqanlığına namizəd Tural Abbaslının müsahibəsini təqdim edir:

- Tural bəy, Müsavat Partiyasında başqanlığa iddialı kimi ilk olaraq sizin namizədliyiniz qeydə alındı. Başqan seçilsəsiniz, partiya daxilində hansı struktur və digər dəyişiklilər etməyi düşünürsünüz?

"Öz fikirlərimiz var və onları Qurultayda təqdim edəcəyəm"

- Təbii ki, bizim də öz platformamız, fikirlərimiz var. Bununla bağlı sənəd hazırlayırıq, bugünlərdə onu ictimailəşdirəcəyik. Ancaq başqan seçilsəm, partiyada struktur dəyişikliyi ilə bağlı hər hansı bir addım atmağı düşünmürəm. Çünki struktur dəyişikliyi başqanın göstərişi ilə deyil, Nizamnamə ilə tənzimlənir və onu Qurultay müəyyənləşdirir. Ancaq Qurultayda müəyyən təkliflər vermək mümkündür.

Digər məsələlərlə bağlı təbii ki, öz fikirlərimiz var və onları həmin Qurultayda təqdim edəcəyəm. Bu təqdimatda əsasən partiyanın bundan sonra hansı addımlar atacağı ilə bağlı olan fikirlər yer alacaq. Bununla yanaşı ictimaiyyətlə əlaqələrə yenidən baxılması da nəzərdə tutulub. Ölkədə fəaliyyət göstərən bütün aparıcı partiyalarda olduğu kimi, biz də gənclərlə işləməyi əsas hədəf kimi götürmüşük. Ancaq düşünmürəm ki, platformamda daha çox müasirlikdən və kosmosdan bəhs edən hər hansı bir fikirlər irəli sürülsün.

- Müsahibələrinizin birində demisiniz ki, bundan sonra daha 20 il müxalifətdə qalmaq fikriniz yoxdur. Bu ifadə hazırkı müxalifət liderlərinin öncəki illərdəki uğursuzluğuna vurulmuş eyham kimi anlaşıla bilərmi?

"Ola bilsin ki, 20 il deyil, hətta 40 il hakimiyyətə gələ bilməyək"

- Uğursuzluq kimi qiymətləndirmək istəməzdim. Şəxsən mən 14 ildir ki, müxalifətdə təmsil olunuram. Ancaq siyasətdən xəbərdar olan ictimaiyyətə məlumdur ki, müxalifət seçkilərdə öz istəyinə nail ola bilməyib. Hesab edirəm ki, bundan sonra niyə qələbə qazana bilmədim, niyə uğur əldə edə bilmədim, niyə dəyişiklik, yenilik yoxdur kimi suallar arxa plana keçməlidir. Hadisələrə real qiymət vermək zamanıdır. 20 illik müxalifət təcrübəsindən çıxış edərək daha konkret addımların atılmasının tərəfdarıyam. Ola bilsin ki, növbəti seçkilərdə biz yenə də uğur qazana bilməyək. Lap 20 il deyil, hətta 40 il hakimiyyətə gələ bilməyək! Ancaq Müsavat Partiyası olaraq biz normal, sivil və demokratik yolla müxalifətçiliyimizi davam etdirərək, məqsədimizə nail olmağa çalışacağıq.

- Bugünlərdə Milli Şura təmsilçisi Vidadi Mirkamal adıçəkilən qurumdan kənar fəaliyyət göstərən müxalif siyasi partiyaların gerçək müxalifətə aid olmaması haqqında fikir bildirmişdi. Siz onun bu fikirləri ilə nə qədər razısınız?

"Siyasət Vidadi bəyin sahəsi olmadığı üçün…"

- Əgər Vidadi bəy özünü ziyalı kimi təqdim edirsə, onun siyasi məsələlərdə bu qədər ittiham irəli sürməsini doğru addım kimi qəbul etmirəm. Mən inanmıram ki, onun siyasi bilgisi digər siyasilərin addımlarını analiz edə biləcək qədər güclü olsun. Yəni siyasət Vidadi bəyin sahəsi olmadığı üçün, yaxşı olardı ki, nəyisə analiz etməkdənsə, təkliflərlə çıxış etsin. Düşünürəm ki, Müsavatı, Milli Şuradan kənarda qalmış digər qüvvələri bu kimi ittihamlarla qınayanların kifayət qədər siyasi təcrübələri, bilgiləri yoxdur.

sia.az

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib