PDF Oxu

Müsahibə

  • 2 104

Qüdrət Həsənquliyev: “Prezidentliyə namizəd İsa Qəmbər olacaqsa, bəs Arif Hacılı kimdir?”

image

Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin SİA-ya müsahibəsi:

- Qüdrət müəllim, sizcə, nəyə görə, beynəlxalq təşkilatların tədbirlərinə məhz Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı çıxanlar dəvət olunur?

- Bəli, təəssüf ki, beynəlxalq qurumların tribunalarına Azərbaycanın əleyhinə danışan, tənqidi fikirlər səsləndirən insanları dəvət edirlər. Hətta AŞPA-nın sədri Ann Brassör Bakıda olanda da ona dedim ki, Avropa Parlamentində Azərbaycanla bağlı məsələ müzakirə olunur, ancaq hazırladığınız qətnamələri əvvəlcədən bizə göndərmirsiniz. Ona görə də beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə ikili standartlar siyasətindən çıxış edirlər və çalışırlar ki, Azərbaycanı daim sıxışdırsınlar. Məqsədlərinin nə olduğunu isə başa düşə bilmirəm. Bilirik ki, beynəlxalq təşkilatlar, eləcə də onları yönəldənlər Azərbaycanın Dağlıq Qarabağ məsələsində güzəştə getməsini istəyirlər. Eyni zamanda Azərbaycanı məcbur etmək istəyirlər ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayon onlara verilsin, həmçinin Laçın dəhlizi açılsın, həm də ölkəmiz Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq versin. Bu da faktiki olaraq, Dağlıq Qarabağın itirilməsi və işğalının rəsmiləşdirilməsi deməkdir. Təbii ki, Azərbaycan bu məsələdə güzəştə getmir və bundan sonra da getməyəcək. Ona görə də davamlı şəkildə Azərbaycanın üzərinə gəlirlər.

- Siz bildirmişdiniz ki, "Azərbaycana qarşı tələ" hazırlanır. Bəlkə fikrinizi daha açıq şəkildə ifadə edəsiniz. "Tələ" deyəndə nəyi nəzərdə tutulur?

- Onun tərəfdarıyam ki, bu gün məhkəməyə qədər həbs olunan şəxslər barəsində həbs qəti-imkan tədbirləri dəyişdirilsin. Yəni biz imkan verməməliyik ki, düşmənlərimiz Azərbaycanın üzərinə gəlib bizi tənqid edərək imicimizi korlasınlar. Hər kəsə məlumdur ki, Dağlıq Qarabağ qədər böyük problemimiz var. Digər tərəfdən Avropa ilə münasibətlərimiz tamamilə korlanıb sıradan çıxsa, artıq Rusiya Azərbaycana təzyiqlər etməyə başlayacaq. Ona görə də ölkəmiz bu günə qədər balanslaşdırılmış siyasət yürüdüb. Bir sıra beynəlxalq qurumların Azərbaycan cəmiyyətində heç bir dəyəri olmayan 3-4 nəfərdən istifadə edərək ölkəmizin imicinin korlamasına imkan verə bilmərik. .

Bəli, çıxışlarımda qeyd etmişəm ki, "Azərbaycana qarşı növbəti tələ" hazırlanır. Axı ölkəmizə qarşı çıxanların nə xidmətləri olub ki, Avropada onlara nüfuzlu mükafatlar verilir?! Əminəm ki, onlar həbsdə çox qalsalar Nobel mükafatları da alacaqlar. Buna görə də Azərbaycan bu kimi məsələlərdə daha çevik olmalıdır. Dövlətimiz dünyada ictimai rəyi formalaşdıran beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməməlidir. Lakin onların qərəzli mövqedən çıxış etmələrini də göz yummamalıyıq. Yeri gəldikdə isə böyük maraq və mənafelər naminə bir addım geridə durmağı da bacarmalıyıq. Əminəm ki, Dağlıq Qarabağ problemi olmasaydı, heç bir güzəştli mövqedən söhbət gedə bilməzdi.

- Sizcə, Xədicə İsmayıl beynəlxalq təşkilat üçün niyə bu qədər əhəmiyyətli simadır?

- Beynəlxalq qurumlar sadəcə Xədicə İsmayılın vasitəsi ilə Azərbaycanın imicini öz dili ilə korlamaq niyyəti güdürlər. Yəni ondan bir vasitə kimi istifadə edirlər. O isə alətə çevrildiyinin fərqində deyil. Çünki, onun özünün də Azərbaycana qarşı münasibəti arzu olunan formada deyil. Xədicə kimilər vasitəsi ilə Azərbaycandan güzəşt əldə etmək istəyirlər. Xüsusi ilə də, Dağlıq Qarabağ məsələsində Azərbaycanın güzəştə getməsinə vadar etmək istəyirlər. Amma bütün bunlar uğursuz cəhdlərdən başqa bir şey deyil. Azərbaycana təzyiq dili ilə danışmaq mümkün deyil. Ölkəmizin dünyada artan nüfuzu bunu deməyə əsas verir.

- Müsavatın qurultayından sonra baş verən qarşılıqlı ittihamlar partiyanın çətin, eyni zamanda ağır proseslərlə üzləşəcəyindən xəbər vermir ki?

- İstər Arif Hacılı, istərsə də Qubad İbadoğlu hökumətlə ciddi əlaqələri olan şəxslərdir. Arif Hacılı isə daha təcrübəli siyasətçi idi. Əslində, o, həm İsa Qəmbəri, həm də partiya üzvləri sırasında belə bir fikir formalaşdırdı ki, o bu seçkidən qalib çıxmasa, partiyanı parçalayaraq özünün partiyasını yaradacaq. Qubad İbadoğlu isə bu incə taktikanı tuta bilmədi. Ona görə də müsavatçılar qorxuya düşərək Arif Hacılıya səs verdilər. Lakin Qubad İbadoğlu mülayim xarakterli insan olduğundan partiyanı parçalaya bilməz. Odur ki, bu, incə siyasət idi və Arif Hacılı bundan çox məharətlə istifadə edə bildi. Hətta İsa Qəmbərin qardaşı da eyni rayondan olduqlarına görə Qubad İbadoğlunu dəstəkləmişdi. Əslində, Qubad İbadoğlu partiyanın sədri seçilsəydi, o zaman İsa Qəmbər partiyada öz təsir imkanlarını daha çox saxlayardı. Burada önəmli məsələ odur ki, hər zaman demokratik seçki barədə "çığır-bağır" salan bir partiya, yaxşı seçki nümunəsi ortaya qoya bilmədi.

- Qurultayda kütləvi saxtakarlıqların olduğu da bildirilir. Bu kimi faktlar Müsavatın strukturlara normal seçki keçirmək gücünə malik olmadığının təsdiqi sayıla bilərmi?

- Artıq Müsavat başqanlığına seçkilərdə bir sıra pozuntu və saxtakarlığa yol verildiyi barədə kadrlar nümayiş olunub. Qutuların sayını artırmaq bu qədər çətin idi? Qeyd edim ki, bir məntəqədə 1500 nəfər səs verə bilər. Lakin fikir verin ki, onların 1/3-i qədər insanlar arasında normal seçki keçirə bilməyənlər gələcəkdə Azərbaycanda 5000-dən artıq seçki məntəqəsində seçkini təşkil edə bilər? İsa Qəmbərin qabiliyyəti və imkanı çatmadı ki, bu seçkini normal şəkildə həyata keçirə bilsin? Əgər uzun illər çiyin-çiyinə mübarizə aparan insanlar bir-birilərinə güzəşt etmədən və bu formada seçkilər keçirirlərsə, onda bu, ölkədə siyasi mədəniyyətin zəif olmasından xəbər verir. Seçkilərin Müsavat üçün ağır olacağını əvvəldən demişdim və nəticələr düşündüyüm kimi oldu. Partiya hazırda parçalanmaq mərhələsindədir. Əminəm ki, orada partiyanın birliyini və bütövlüyünü qoruyub saxlamaq mümkün olmayacaq.

- Başqan Arif Hacılı "seçildiyi" halda aktiv siyasi proseslərdən uzaqlaşdırılan İsa Qəmbərin 2018-ci il prezident seçkilərində namizədliyinin irəli sürülməsi təəccüb doğurmur ki?

- Biabırçı məqam odur ki, qurultayda qərar verdilər ki, İsa Qəmbər 2018-ci ildə prezidentliyə namizəd olacaq. Dünyanın hər yerində belə bir təcrübə var ki, partiya sədri istefa verirsə, həmin şəxs baş nazir olsa belə, dərhal öz postundan istefa verməlidir. Maraqlıdır ki, İsa Qəmbər partiya sədri olmadan, necə prezidentliyə namizədliyini vermək iddiasında olur? Əgər belədirsə, onda Arif Hacılı kimdir?

sia.az

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib