Müsahibimiz Yeni Azərbaycan Pariyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdur
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə necə hazırlaşır?
- Ümumilikdə götürdükdə, Yeni Azərbaycan Partiyası (YAP) hər bir seçkiyə çox yüksək səviyyədə hazırlaşır. Hakim partiya hər bir seçkidə yeni üsul və vasitələrdən istifadə edir, o cümlədən seçki praktikasını mütəmadi olaraq təkmilləşdirir. Başqa-başqa dövlətlərdə keçirilən seçki kampaniyalarında bizim partiyanın nümayəndələri müşahidəçi kimi iştirak edir. Təbii ki, üzvlərimiz yerli xüsusiyyətləri nəzərə almaqla, onların da təcrübəsindən öyrəndiklərini Azərbaycanın seçki praktikasında tətbiq edirlər. Məsələn, Türkiyədə, Avropanın ayrı-ayrı ölkələrində, keçmiş MDB ölkələrində keçirilən seçkilərə biz mütəmadi olaraq öz nümayəndələrimizi göndəririk ki, onların seçki təcrübəsini, seçki qərargahlarının iş praktikasını öyrənsinlər. Təbii ki, özümüzün də bu sahədə kifayət qədər təcrübəmiz var. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra YAP mütəmadi olaraq seçkilər ərəfəsində seçki kampaniyası təşkil edib və həmişə də bu seçkilərdə uğurlar qazanıb".
- Partiya ortaya yeni seçki taktikası qoyacaqmı?
- Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə də əlaqədar olaraq YAP özünün seçki planını hazırlayıb və buna uyğun mərhələli şəkildə seçkilərin həyata keçməsi üçün lazımi addımları atır. Beləcə, qrafikə uyğun olaraq iş davam edir. Biz bu seçkiləri ilkin, seçkilər elan olunduqdan sonrakı və yekun mərhələyə bölə bilərik. İlkin mərhələ YAP-ın rayon və şəhər təşkilatlarında seçki qərargahlarının yaradılması idi. Təbii ki, YAP bu sahədə lazımı addımları atdı və yerlərdə seçki qərargahlarını yaratdı. Sonra isə seçki qərargahına kifayət qədər təcrübəsi olan partiya üzvlərini daxil etdi. Həmçinin, gənclərin, qadınların və fəalların bu işdə təmsilçiliyi təmin olundu. Biz 84 rayon və şəhər seçki qərargahı formalaşdırmışıq və burada qərargah üzvləri fəaliyyət göstərir. Həmçinin, biz qərargah üzvlərinə bir sıra treninqlər keçirdik. Çünki bələdiyyə seçkiləri digər seçkilərdən öz xüsusiyyətinə görə fərqlənir. Bələdiyyə seçkilərində partiya tərəfindən irəli sürülən namizədlərin sayı çox olur. Əgər prezident seçkilərində bir, parlament seçkilərində 125 namizəd irəli sürülürsə, bələdiyyə seçkilərində 1607 bələdiyyəyə 15035 namizəd irəli sürülməlidir və eyni zamanda, onların sənədləşmə işi aparılmalıdır. Bu baxımdan da bələdiyyə seçkilərində seçki qərargahlarının üzərinə düşən iş digər seçkilərdən daha çoxdur. Məhz buna görə də seçki qərargahında olan nümayəndələrə treninqlər keçirilir. Bunun nəticəsi olaraq onların fəaliyyətində aktivlik müşahidə edilir. İkinci mərhələdə seçki elan olunan gün artıq biz bütün işlərimizi bu səpkidə hazırlamışıq. Bu ilin oktyabr ayının 23-də YAP İdarə Heyəti tərəfindən səlahiyyətli nümayəndələr təyin olundu. Bu gün bizim bütün Azərbaycan üzrə 204 səlahiyyətli nümayəndəmiz var. Hər dairə üzrə bizim 2 nəfər səlahiyyətli nümayəndəmiz fəaliyyət göstərir. Onlar, həmçinin respublikanın bütüb ərazisi üzrə səlahiyyətli nümayəndələrdir və Mərkəzi Seçki Komissiyası tərəfindən xüsusi lövhəciklər alınıb. Beləcə, onlar həmin ərazi üzrə YAP-ı təmsil edirlər. 25 oktyabrda isə hakim partiyanın İdarə Heyətinin qərarı ilə bütün dairə və bələdiyyələr üzrə YAP-ın namizədləri irəli sürüldü. Bundan sonra isə YAP-ın rayon və şəhər təşkilatlarının sədrlərinin və aparat rəhbərlərinin toplantısı keçirildi. Oktyabrın 29-da hazırlanmış sənədlər (yəni hər bir namizəd üçün xüsusi papka hazırlanır) dairə-seçki komissiyalarına təqdim olundu. Bundan sonra isə Azərbaycan Seçki Məcəlləsinə uyğun olaraq üç gün müddətində DSK o sənədləşməni yoxlayır və həmin namizəd üçün imza vərəqəsinin verib-verməməsi barədə qərar qəbul edir. Nəticə etibarilə YAP tərəfindən bu müddət ərzində 15009 nəfərin namizədliyi irəli sürülüb. Həmin namizədlərin 15 minə yaxını imza vərəqələri alıb. Bu namizədlər imza vərəqələrini doldurub müvafiq sənədlərlə (əmlakı, gəlirləri, mülkiyyəti barədə) birlikdə DSK-ya təqdim etməlidirlər.
- YAP tərəfində namizədlikləri irəli sürülənlər barədə nə deyə bilərsiniz?
- Bugünkü günə qədər YAP tərəfindən Naxçıvan MR istisna olmaqla, Azərbaycan üzrə 13262 nəfərin namizədliyi irəli sürülüb. 1613 nəfər isə Naxçıvan MR-də müxtəlif bələdiyyələrə namizəd irəli sürmüşük. 14 mindən yuxarı namizəd imza vərəqələrini doldurub və DSK-ya təqdim edib. 12 noyabra olan statistikaya əsasən, YAP-ın irəli sürdüyü namizədlərdən 4432 nəfəri namizədlik statusu alıb. Onların bütün sənədləri təqdim olunub, yoxlanılıb və bələdiyyəyə namizəd kimi qeydiyyatdan keçərək, xüsusi lövhəciklərlə təmin olunublar. Təbii ki, bu proses davam edir. Biz nəzərdə tutmuşduq ki, bu günə qədər namizədlərin əksəriyyəti imzalarını toplayıb DSK-ya təqdim etsinlər. DSK isə 5 gün müddətinə bu məsələyə baxıb, onların qeydiyyata alınıb-alınmaması barədə müvafiq qərar çıxarmalıdır. Bundan başqa biz həm MSK-ya, həm də dairə və məntəqə seçki komissiyalarına bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüquqlu üzvü təyin etmişik. Artıq onların adı MSK-ya təqdim edilib. Hazırda isə biz DSK və məntəqə-seçki komissiyalarına bir nəfər məşvərətçi səs hüququ üzvü və bir nəfər müşahidəçi təyin edəcəyik. Artıq dekabrın 1-dən təbliğat-təşviqat kampaniyası başlayacaq. Bununla bağlı hakim partiya olaraq hazırlıq işlərimizi görürük. YAP bütün bələdiyyələr üzrə namizədlərin vahid formada hazırlanmış plakatlarını çap etdirir. YAP-ın hər bələdiyyədə eyni şəkildə, yəni bir-birindən fərqli olmayan plakatları çap ediləcək. Bununla belə, biz ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları hazırlayırıq. Həmçinin, görüşlərlə bağlı yerlərdə qanunvericiliyə müvafiq olaraq planlar nəzərdə tutulub".
- Siyavuş müəllim, 12 Noyabr Konstitusiya Günü idi. Konstitusiyanı Ulu Öndər Heydər Əliyevin şah əsəri adlandırmaq olarmı?
- Hər bir dövlət üçün Konstitusiya ən mühüm hüquqi sənəddir. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəridir. Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası Heydər Əliyevin təşəbbüsü və Onun rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq səsverməsinə çıxarıldı. Xalqımız Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanı dəstəklədi. Konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, dövlət-hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin mohkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
-Konstitusiyanın qəbuli ilə hüquqi-demokratik dövlət quruculuğuna başlanıldığını demək olarmı?
- Konstitusiyanın qəbulu ilə hüquqi dövlət quruculuğu prosesi başladı və Konstitusiyanın prinsipləri əsasında müstəqil dövlətimizin qanunları qəbul edildi. Bununla da, ölkəmizin inkişafının prinsipcə yeni mərhələsi başlandı. Əsas qanun hakimiyyət bölgüsünü müəyyən etdi, eləcə də demokratik seçki sistemi formalaşdırıldı. Xüsusilə, bu sənəd siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Azərbaycan Konstitusiyasının inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəaları mövcuddur. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən həddi təsbit edilib. Təsadüfi deyil ki, əsas qanunun üçdə ikisi insan hüquq və azadlıqlarına həsr olunub. Bu, onu göstərir ki, dövlətimiz insan hüquqlarının qorunmasına ali prinsip kimi yanaşır. Ümumiyyətlə, 12 Noyabr Konstitusiya Günü Azərbaycanın ən mühüm dövlət bayramlarından biridir. Mən bu bayram münasibətilə bütün xalqımızı təbrik edirəm.
Ceyhun Rasimoğlu
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib