PDF Oxu

Müsahibə

  • 2 775

Siyavuş Novruzov: “Müxalifət mitinqdə təxribat törətməyə çalışırdı”

image

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:

- Siyavuş müəllim, ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç blogger kimi tanınan Mehman Hüseynovun saxlanmasına münasibət bildirib və hesab edib ki, guya Azərbaycanda müstəqil medianın və QHT-lərin nümayəndələrinə əsassız ittihamlar irəli sürülür. Siz bu barədə nə fikirləşirsiniz?

- Ümumiyyətlə, Azərbaycanda mətbuata, söz azadlığına kifayət qədər diqqət yetirilir və qayğı göstərilir. Ölkəmizdə 100-dən artıq çap olunan mətbuat orqanı fəaliyyət göstərir. Bundan başqa internet qəzetlər, müxtəlif saytlar və s. var. Azərbaycanda ən asan yolla həm qəzetlərin qeydə alınması, həm də istənilən vətəndaşın özü üçün hansısa saytı açması imkanları mövcuddur. Təbii ki, bununla bağlı da ölkəmizdə heç bir qadağa, çətinləşdirici məqam yoxdur. Bu baxımdan da Azərbaycanda kifayət qədər bu məsələlərə sərbəst imkanlar yaradılıb. Biz Avropa dövlətlərinə, hətta Amerika Birləşmiş Ştatlarına (ABŞ) baxanda görərik ki, ölkəmizdə bu proseslər necə asan şəkildə öz həllini tapır.

Digər tərəfdən Azərbaycanda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) mövcuddur. Heç şübhəsiz ki, bu da dünyanın heç bir yerində yoxdur. Əgər kimsə qəzet çıxarmaq istəyirsə, dövlətimiz tərəfindən ona bütün imkanlar yaradılıb. Amma biz də biri yardım, bina istəyir, biri də çap olunma xərclərini dövlətdən tələb edir və s. Bu insanlar bir tərəfdən Avropanı Azərbaycana nümunə çəkirlər, digər tərəfdən isə özləri hələ Avropa qaydasında işləmək xüsusiyyətini mənimsəməyiblər. Bəyəm, ABŞ-da hansısa qəzetə "dövlət sənə pul versin" deyirlər? Əksinə, orada qəzetlərin özü özünə sponsorlar tapır və yaxud elə səviyyəli qəzet çıxarırlar ki, həmin qəzet vətəndaşlar tərəfindən maliyyələşdirilir. Hətta vaxtilə "Arqumentı i faktı" qəzeti var idi ki, o, 20 milyon tirajla dərc olunurdu. Artıq bu qəzetin hansısa dövlət dəstəyinə və yardımına ehtiyacı yox idi. Bu baxımdan da qəzet və yaxud mətbuat orqanı aktuallığını təmin etməlidir. Əgər bu belə olmayacaqsa, təbii ki, burada müxtəlif problemlər ortaya çıxa bilər. Azərbaycan dövləti də bu baxımdan kifayət qədər yeni fəaliyyətə başlayan və yaxud da ümumilikdə dərc olunan mətbuat orqanlarına dəstək göstərib. KİVDF tərəfindən Mətbuat Şurasının müəyyənləşdirdiyi hər bir qəzetə (reket qəzetlər istisna olmaqla) mövqeyindən asılı olmayaraq ildə 100 min manatdan artıq yardımlar edilir. O cümlədən Fond tərəfindən müxtəlif yazı müsabiqələri elan edilir. Hansı ki, o məqalələrə uyğun olaraq da 1, 2, 3-cü yerlər üzrə hər ay vəsait ayrılır. Bundan başqa, Azərbaycan mətbuatının borcları dövlətimiz tərəfindən ödənildi, bir hissəsi isə ümumiyyətlə donduruldu və ləğv olundu. Ölkəmizdə MŞ yaranıb ki, bu qurum da dünyanın heç bir yerində yoxdur. Dünyada yeganə olaraq Azərbaycan mətbuatının nümayəndələri üçün dövlət tərəfindən pulsuz olaraq evlər tikilir və mənzillərin paylanması prosesi həyata keçirilir. Bu evlərin verilməsində heç bir mətbuat orqanına qarşı ayrı-seçkilik olmadı. Həmçinin Prezident İlham Əliyev tərəfindən yeni bir binanın təməli qoyuldu. Hətta keçmişdə birpartiyalı sistem olanda və Sovetlər birliyi olanda da belə, bu cür şərait yox idi.

Bu gün onlar nümunə kimi göstərdikləri Avropadan misal çəksinlər, hansı mətbuat nümayəndəsi mənzillə təmin olunur? Təbii ki, belə bir şey yoxdur. Yəni, Azərbaycanda bu məsələlərə hərtərəfli dəstək göstərilir. Sadəcə olaraq, bəzi adamlar və mətbuat orqanında çalışan şəxslər müstəqil olmalıdır. Biz dəfələrlə həm kütləvi aksiyalarda, həm də digər yerlərdə rastlaşırıq ki, mətbuat orqanının nümayəndəsi mitinq üzvlərinə qoşularaq müxtəlif şüarlar deyir və qışqırır. Hətta həmin insan qanunu pozanda və məsuliyyətə cəlb olunanda da mətbuat nümayəndəsi olduğunu deyir. İndi sual olunur. Əgər sən mətbuat nümayəndəsisənsə, niyə onda mitinqlərə qoşulursan? Mətbuat nümayəndəsi həmin mitinqdən yalnız informasiya verməli və hadisəni işıqlandırmalıdır. Blogger kimi tanınan Mehman Hüseynov və hansısa qəzetin köşə yazarı və s. öz peşəsi ilə deyil, tamamilə başqa qanunsuz işlərlə məşğul olub. Təbii ki, insan qanunsuz işlərlə məşğul olanda da məsuliyyətə cəlb olunur. Kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Bu baxımdan da Avropada olduğu kimi, hansı sözün deyilib-deyilməməsindən asılı olmayaraq, qanunu pozmuş, qanuna hörmət göstərməyən şəxsləri birbaşa məsuliyyətdən azad edə bilmərik. Kim qeyri-qanuni əməl törədibsə, qanun qarşısında cavab verməlidir.

- Müxalifət iddia edir ki, "Milli Şura"nın mitinqində müxalifyönlü jurnalistlərə qarşı təzyiqlər olub. Bu haqda nə deyərdiniz?

- Azərbaycan polisi çox düzgün şəkildə "Milli Şura"nın mitinqində jurnalistləri aksiya iştirakçılarından ayırmışdı. Təbii ki, bu proses iki məqamda ortaya çıxır. Birincisi, müxalifət partiyalarının mətbuat orqanlarının nümayəndələri mitinqdə jurnalist kimi yox, artıq aksiyanın iştirakçısı kimi iştirak edirdi. İkincisi, onlar aksiyaya toplaşan insanların sayı barədə utanmadan və xəcalət çəkmədən şişirdilmiş rəqəmlər sadalayırdılar. Bu bir daha onu göstərir ki, onlar insanların gözü qarşısında necə yalan danışır. Təbii ki, bunun da iki səbəbi var. İlk növbədə, onlar Avropanın müxtəlif təşkilatlarından maliyyə vəsaiti alırlar. Maliyyə vəsaitinin sərf olunmasının isə müəyyən kriteriyaları var. Onlar heç cürə deyə bilməz ki, həmin aksiyada 500 nəfər iştirak edib. Bu şəxslər 10-15 min insanın mitinqə gələcəyini elan edir və Avropanın müxtəlif təşkilatlarının onlar üçün ayırdığı vəsait alırlar. Heç kimə sirr deyildi ki, həmin aksiyada yalnız 400-500 nəfər insan var idi. Beləcə müxalifət hansısa formada bunu avropalılara göstərmək üçün saxta rəqəmlər söyləyirlər və eyni zamanda Azərbaycan ictimaiyyətini aldatmağa çalışırlar. Hətta onlar aksiya iştirakçılarına "ortaya çəkilin", "sağa yığışın" deyərək kütləviliyi təmin etməyə çalışırlar. Təbii ki, bunun üçün də müxtəlif forma və metodlara əl atırlar. Həmin aksiyada bir adam əlində iki bayraq tuturdu. Hamı şahidi oldu ki, aksiya iştirakçılarından bəziləri plakatı boynundan asırdı, dişində saxlayırdı və s. Bununla da onlar insanların çox olduğunu göstərməyə çalışırdılar. Bu baxımdan da hüquq-mühafizə orqanları jurnalistlər üçün müəyyən olunmuş yer təyin etmişdi ki, onlar orada rahat şəkildə, heç bir təhlükə olmadan hadisəni işıqlandırsınlar. Bununla da görünsün ki, aksiya iştirakçıları kimdir, jurnalistlər kim. Orada jurnalistlərin sayı ilə hüquq-mühafizə oqranları əməkdaşlarının sayı mitinq iştirakçılarının sayından çox idi. Bu mənada hüquq-mühafizə orqanlarının əməkdaşları kənara çəkilmişdilər ki, onları aksiya iştirakçısı kimi qələmə verməsinlər. Təbii ki, mitinq iştirakçıları da bunu görüb, təxribata əl atmaq istəyirdilər.

Hər hansı bir kütləvi aksiyanın keçirilməsi üçün Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna uyğun olaraq iştirakçıların sayı, orada olan tələblər, səsləndiriləcək şüarlar öncədən müvafiq icra hakimiyyəti orqanına yazılı şəkildə verilməlidir. Bununla belə, aksiyalarda irqi, dini ayrı-seçkiliyə, müharibəyə, şəxsiyyətin təhqir olunmasına, qanunsuz hərəkətlərə, çağırışlara yol verilməməsi ilə əlaqədar qabaqcadan təşkilat komitəsi öhdəlik götürür. Lakin biz dəfələrlə şahidi olduq ki, onlar üzərilərinə götürdüyü öhdəliyə baxmayaraq, şəxsiyyətlərin təhqir olunması ilə bağlı, eləcə də anti-dövlət şüarlar səsləndirirdilər, böhtan, yalan, qarayaxma ilə məşğul olurdular. Onlar heç bir faktlara əsaslanmayan məsələlər qaldırırdılar və fikirlər söyləyirdilər. Hansı ki, bu şəxslərin, ümumiyyətlə, bu məsələlərdən xəbəri yox idi. Ümumi götürdükdə mitinqin və orada çıxış edənlərin, iştirakçıların səviyyəsi çox aşağı idi. Hətta belə bir misal var ki, "axsaq atın kor nalbəndi olar". Beləcə onlar həmin aksiyaya özlərinə uyğun olaraq da adam toplamışdılar. Hətta bu insanlar çalışırdılar ki, həmin mitinqdə təxribat olsun və səsləndirdikləri şüarlara uyğun olaraq hüquq-mühafizə orqanları ilə aralarında konflikt (bir-iki nəfər döyülsün, xəsarət alsın və s.) yaşansın. Bundan sonra isə onlar həmin hadisəni tez-bazar çəkib Avropa qurumlarına, strukturlarına göndərsinlər. Lakin hüquq-mühafizə orqanları həmin aksiyada dözümlülük nümayiş etdirərək, səbirli şəkildə onların provokasiyalarına, təxribatlarına uymadılar. Nəticədə bu şəxslər suyu süzülə-süzülə, kor-peşman öz planlarını yerinə yetirməmiş meydanı tərk etdilər. Birincisi, orada çıxış etməyə adam yox idi. Çıxış edənlərin də əksəriyyətini Azərbaycan xalqı tanımır. Bir iqtisadçı tapmışdılar ki, o da Bərdə rayonundan taxıl səpinindən gəlib ölkəmizin iqtisadiyyatından danışırdı. Təbii ki, Azərbaycanda heç kim onu iqtisadçı kimi tanımır. Eləcə də rüşvət üstündə ədliyyə orqanlarından qovulanı tribunada vəkil kimi təqdim edirdilər. Əli Kərimli və Cəmil Həsənlinin söylədiyi fikirlər isə hamıya bəllidir. Onlar 20 ildir ki, eyni sözü təkrarlamaqla məşğuldurlar. Yəni, bütövlükdə götürdükdə bu insanlar o qədər aşağı səviyyəlidir ki, mitinq başlayandan az müddət sonra aksiya iştirakçıları meydanı tərk etdi.

- Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, ölkəsi Rusiya qarşısında götürdüyü öhdəlikləri tam mənada yerinə yetirib. Necə düşünürsünüz, bu, müstəqillikdən danışan rəsmi Yerevanın Rusiyanın vassalı olduğunu etiraf etmir ki?

- Ümumiyyətlə, Ermənistan müstəqil dövlət deyil. Rəsmi Yerevanın atdığı hər hansı addım mütləq şəkildə Rusiya ilə razılaşdırılmış əsasda həyata keçirilir. Burada tək işğalçı ölkənin rəhbərliyi deyil, eləcə də müxalifəti, iqtidarı da Rusiya ilə razılaşdırılmış addımlar atır. Çünki onların özləri də etiraf edirlər ki, Rusiyanın forpostudur. Özünü vassal elan edən dövlət müstəqil ola bilməz. Bu gün də Ermənistanda gözgəlimli nə varsa - müəssisələr, zavod-fabriklər və s. hamısı rəsmi Moskvanın mülkiyyətidir. Çünki işğalçı ölkə dəyər-dəyməzinə mülkiyyətlərinin hamısını Rusiyaya verib. Məhz bunun nəticəsi olaraq da Ermənistanda xarici ölkələrə kütləvi axın var. Hər il 100 mindən artıq insan işğalçı ölkəni tərk edir. Bu gün Ermənistanda yaşayış səviyyəsi həddindən artıq ağırdır, iqtisadi islahatlar həyata keçirilmir, yeni iş yeri yoxdur, rüşvətxorluq, korrupsiya isə baş alıb gedir. Sadəcə olaraq, Ermənistanda qalan bir qrup şəxs keçmiş hərbi cinayətkarlardır. Təbii ki, onların da əsas gəlir mənbələri işğal olunmuş ərazilərdə narkotik maddələrin əkilib-becərilməsi ilə məşğul olmalarıdır. Eləcə də onlar qanunsuz silahların dövriyyəsi ilə məşğul olurlar. Çünki nəzarətsiz ərazilərdə belə hallar baş verir. Bu kimi hallar BMT-də müzakirə olunub və bildirilib ki, Dağlıq Qarabağ ərazisində kütləvi şəkildə narkotik maddələr əkilir və başqa dövlətlər vasitəsilə dünyanın ayrı-ayrı yerlərinə çatdırılır. Bu gün Ermənistan rəhbərliyi və o rəhbərlikdə təmsil olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarının hamısının Dağlıq Qarabağ ərazisində plantasiyaları var. Bu insanlar buradan külli miqdarda gəlirlər götürərək, ayrı-ayrı yerlərdə xüsusi bizneslə məşğul olurlar.

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib