PDF Oxu

Müsahibə

  • 1 970

Novruz Məmmədov: “Azərbaycan erməni təxribatına bundan sonra da layiqli cavab verəcək”

image

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. SİA həmin müsahibəni sizə təqdim edir:

- Novruz müəllim, bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Prezidentinin Macarıstana səfəri oldu. Sonra isə İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfər etdi. Ümumiyyətlə, Azərbaycanın bu iki ölkə arasındakı əlaqələrini necə qiymətləndirirsiniz?

- Azərbaycan dövləti əvvəlki illərdə olduğu kimi, həm daxili, həm də xarici siyasətində uğurlu addımlarını atır, nailiyyətlərini davam etdirir. Təbii ki, bunu son səfərlər də bir daha nümayiş etdirir. Hər şeydən əvvəl onu qeyd edim ki, hər il olduğu kimi bu il də Azərbaycan Prezidenti İlham Əliyev il ərzində təxminən 15-ə yaxın müxtəlif ölkələrə rəsmi səfər edib. Bunlardan da əksəriyyəti Avropa ölkələri olub. Eyni zamanda dövlət başçısı 10-a yaxın beynəlxalq tədbirlərdə olub. Buna misal olaraq, Fransanı, Yunanıstanı, İtaliyanı, Macarıstanı və s. göstərə bilərik. Burada beynəlxalq təşkilatlardan söhbət gedəndə Şanxay Əməkdaşlıq Təşkilatını, Niderlandda keçirilən Nüvə sammitini, Böyük Britaniyadakı NATO sammitini, Çexiyadakı Şərq Tərəfdaşlığı, Gürcüstandakı üçtərəfli əməkdaşlığı (Gürcüstan-Türkiyə-Azərbaycan), Xəzər sammiti və s. qeyd edə bilərik. Əslində bunların hamısı Azərbaycanın indiyədək inkişafının yeni mərhələsinin fundamentini qoyub. Bu gün Azərbaycan post-Sovet məkanında yəni, SSRİ dağılandan sonra yaranan müstəqil dövlətlər içərisində heç bir problemi olmayan və ən uğurlu, hərtərəfli inkişaf edən bir dövlətdir. Hətta Azərbaycanı bütün dövlətlərlə də müqayisə edə bilərik. Azərbaycan iqtisadi, siyasi, hərbi, mədəni, idman və digər sahələrdə əməkdaşlıqla bərabər beynəlxalq aləmdə ölkəmiz öz mövqeyini gündən-günə möhkəmləndirib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu böyük layihələrin həyata keçirilməsindən sonra indi sanki yeni bir mərhələ başlayıb. Bu illərdə TAP, TANAP layihələri və gələn il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun həyata keçirilməsi böyük layihələrin davamıdır və bunların hər biri həm region, həm də dünya ölkələri, xüsusilə Avropa üçün çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən Azərbaycan sözün həqiqi mənasında bu il ərzində də beynəlxalq aləmdə öz reytinqini, nüfuzunu çox gücləndirdi və möhkəmləndirdi. Bu gün deyə bilərik ki, təxminən 10-a yaxın Avropa ölkəsi ilə Azərbaycan arasında Strateji tərəfdaşlıqla bağlı bəyannamə, bəyanat qəbul edilib və yaxud imzalanıb. Bir neçə gün bundan öncə Prezident İlham Əliyevin Macarıstan dövlətinə səfəri zamanı iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişlənməsinə, dərinləşməsinə təkan verəcək mühüm bir bəyannamə imzalandı. Bundan bir gün sonra isə İran İslam Respublikasının prezidenti ilə Azərbaycan Prezidenti arasında bəyannamə imzalandı. Təbii ki, bu bəyannamələrin çox böyük əhəmiyyəti var. Həmin bəyannamələr sözün həqiqi mənasında bu ölkələrin əməkdaşlığını, bütün sahələrini bir-bir əhatə edir. Xüsusilə də bizim üçün vacib olan odur ki, hər iki bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun zor tətbiq etməməklə həlli və s. çox açıq-aydın formada özünü göstərir. Bu səfərlər zamanı elə bir sahə olmadı ki, orada əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmasın və yeni bir addım atılması üçün şərait yaradılmasın. Prezidentin İtaliyaya səfəri zamanı da həmin dövlətin Baş naziri ilə Azərbaycan arasında Strateji tərəfdaşlıqla bağlı bəyanat qəbul edildi. Dövlət başçısının həm beynəlxalq tədbirlərə, həm də Avropa ölkələrinə səfərləri Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın bu ruha uyğun olaraq inkişafına təkan verir. Bizim bununla bağlı özümüzün xüsusi mövqeyimiz var. Ümumiyyətlə, bizim Avropa ölkələrinin hər biri ilə ayrılıqda çox gözəl əlaqələrimiz var. Azərbaycan yeganə dövlətdir ki, bu günə qədər özünün həm müstəqilliyini, suverenliyini, həm sabitliyini, təhlükəsizliyini, həm də iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafını təmin edə bilib. İnanın ki, indiki zamanda bu, çox çətin bir məsələdir.

Bu gün dünyanın onlarla ölkəsində fəlakət yaşanır. Bunların da hərəsi bir xarakterli fəlakətdir. Bəs gəlin nəzər salaq görək, həmin dövlətlər hansılardır? Onları Azərbaycanla bağlayan bir məqam var, ya yox? Bu nöqteyi-nəzərdən Azərbaycanın belə bir indiki reytinqdə, nüfuzda, mövqedə olması beynəlxalq aləmdə onun böyük uğuru, tarixi nailiyyətidir. Bu mənada Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı normal gedir. Biz onlara dedik ki, sizin bizə təklif etdiyiniz Assosasiya sazişinin bir sıra müddəaları bizi təmin etmir. Biz öz müsətqilliyimizi, suverenliyimizi tam qoruyub saxlamaq istəyirik. Xarici siyasət kursumuzun müstəqilliyi bizim dövlətimizin, xalqımızın, millətimizin bütün maraqlarını qorumağa xidmət etməlidir. Təbii ki, biz bununla da bağlı təklif etmişik. Bu gün onun üzərində iş gedir.

- Təmas xəttini pozan Ermənistana məxsus "Mİ-24" tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması kimi Ermənistanın təxribatçı hərəkətləri ilə bağlı nə deyə bilərsiniz?

- Təmas xəttində helikopterin vurulması zamanı həlak olanlar da insan idilər, əsgər idilər. Onlar sadəcə Ermənistan rəhbərlərinin avantürist təcavüzkar siyasətinin qurbanlarıdırlar. Sadəcə olaraq Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil. Burada çox böyük mürəkkəb proseslər gedir. Birincisi, bu bir neçə ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir aktivləşmə müşahidə olunub. Yəni uzun müddət fasilədən sonra beynəlxalq birlik, xüsusilə də həmsədr dövlətlər və onların rəhbərləri bu münaqişənin həllinə diqqəti artırmaq qərarını verdilər və bu istiqamətdə müəyyən addımlar atıldı. Azərbaycan Prezidenti Rusiya Prezidentinin təşəbbüsü ilə və onun iştirakı ilə Soçidə Ermənistan prezidenti ilə görüşdü. Bu, münaqişənin həlli istiqamətində atılan bir addım idi. Bundan sonra belə bir görüş ABŞ dövlət katibinin iştirakı və təşəbbüsü ilə keçirildi və iki ölkənin rəhbərləri arasında danışıqlar aparıldı. Nəhayət, bir qədər bundan əvvəl belə bir təşəbbüslə Fransa prezidenti çıxış etdi, Paris görüşü keçirildi. Görüşdə münaqişənin həlli ilə bağlı proseslərə bir baxış oldu, fikir mübadiləsi aparıldı. Bütün bu səylərə baxmayaraq, Ermənistan tərəfi hansı yolla olursa-olsun, indiki status-kvonu qoruyub saxlamağa çalışır və bunun üçün də müxtəlif bəhanələrə, yalanlara, böhtanlara əl atır.

Ermənistan dəfələrlə bu cür addımlar atıb, bu, yeni bir şey deyil. Kazan görüşü zamanı Ermənistan prezidenti "dəyirmi masa" arxasında Rusiya prezidentinə razılıq verdi ki, danışıqlarla bağlı kiçik bir mətn yazılsın. Mətndə qeyd edilsin ki, danışıqlar gərgin keçdi, müzakirələr aparıldı, bir nəticə əldə olunmasa da, danışıqlar davam etdiriləcək. Belə bir rəsmi bəyanat yayıldı. Lakin yarım saat sonra Ermənistan tərəfi Azərbaycanın münaqişənin həllində maraqlı olmadığını bildirən bəyanatlarla çıxış etdi. Məqsəd bütün dünyaya Azərbaycanın guya qeyri-konstruktiv mövqe tutduğunu göstərmək idi. Belə hallar çox olub. Soçi görüşündən əvvəl cəbhə bölgəsində hərbi əməliyyatlar oldu və cavablarını da aldılar. Və nəhayət, Fransa görüşü keçirildi, düzdür, orada nəzərəçarpacaq irəliləyiş olmadı, amma geniş danışıqlar aparıldı. Bu görüşdən sonra Ermənistan rəhbərləri bəyanatlar verdilər ki, görüşdən razı qalıblar. Amma 5-10 gündən sonra yenə də təxribat xarakterli əməllərlə Azərbaycanı elə bir vəziyyətə salmağa çalışdılar ki, guya Azərbaycan danışıqlar prosesini pozur. Bunun üçün də hərbi təlimlərlə bağlı qərar qəbul etdilər. Hansı hüquqla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirə bilər? Hansı hüquqla qondarma "Dağlıq Qarabağ rejimi" bunu edə bilər? Onlar istədilər ki, Azərbaycanı təxribata çəksinlər və hər şeyi Azərbaycanın üstünə atsınlar. Onlar reallıq hissini o qədər itiriblər ki, Qarabağda, Azərbaycanın Ağdam rayonunda, təmas xəttinin üzərində hücum xarakterli uçuşlar həyata keçirirlər. Özü də bu uçuşlar bir dəfə deyil, bir neçə dəfə təkrarlanıb. Əlbəttə ki, bu cür hərəkətlərdən sonra o helikopter vurulmalı idi. Onların hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Buna məhəl qoymamaq özünə, daha doğrusu, kimlərəsə arxalanmaqdır. Onlar paylarını aldılar və bilsinlər ki, onların bütün addımlarına qarşı Azərbaycan hər cür cavab verməyə hazırdır.

Bir sıra ölkələr və qurumlar bu hadisə ilə bağlı yalan məlumatlar yaymağa başladılar və xəbərləri müxtəlif formalarda verdilər. Hətta "Euronews" kanalı müxtəlif dillərdə gedən verilişlərdə məlumatı bəzilərində normal, bəzilərində isə dəyişik şəkildə yayımladı. Görəsən, buradan məqsəd nə idi? Bir sıra ölkələr - özlərini beynəlxalq hüququn keşikçisi kimi göstərənlər niyə bununla bağlı mövqe bildirmirlər? ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə ilə bağlı gedən proseslərdə beynəlxalq hüququn təmsilçiləri olmalıdırlar. Qoy bunu nümayiş etdirsinlər və desinlər, görək, Ermənistanın Azərbaycan ərazisində hərbi təlim keçirmək hüququ vardımı? Yoxsa düşünürlər ki, Ermənistanın keçirdiyi hərbi təlimlər Azərbaycanın təhlükəsizliyinə və sabitliyinə, ərazi bütövlüyünə təminat verir? Bax, bu ədalətsizlikdir. Mən əlbəttə ki, dost ölkələrin də bununla bağlı mövqeyinin olmasını gözləyirdim.

- Türkiyənin bu məsələlərlə bağlı rəsmi mövqeyinə münasibətiniz necədir?

- Şübhəsiz, Türkiyə dost, qardaş, tərəfdaş dövlətdir. Sadəcə olaraq, əlbəttə, biz gözləyirik ki, Türkiyə tərəfi də cəbhə xəttində baş verən son hadisələrlə bağlı rəsmi mövqeyini bildirsin. Bunu gözləməyə bizim haqqımız da var. Bütün Avropa ölkələrinin bu işlərlə məşğul olan qurumları bilirlər ki, Ermənistan haqsızdır. Ermənistan beynəlxalq hüququ pozub. İndi bilmirəm, buna qərəzlilik deyim, ədalətsizlik deyim, yoxsa beynəlxalq hüququn ayaq altına atılması deyim. Bu, bir bəladır. Bu gün baş verən bütün hadisələr elə-belə hadisələr deyil. Görürsünüz, dünyada nələr baş verir? Dünya heç vaxt indiki kimi narahat olmayıb. Dünyada heç vaxt indiki qədər böhranlı vəziyyət olmayıb. Dünyada heç vaxt indiki qədər münaqişə ocağı olmayıb. Bunlar hamısı öz başına yaranmayıb ki. Beynəlxalq hüquqa etinasız yanaşan, məhəl qoymayan, onu saymayan, kobud şəkildə pozan da və buna şərait yaradan, imkan verən də əslində dünyanın aparıcı dövlətləridir. Kiçik dövlətlərin beynəlxalq hüququ pozaraq bu cür şey etməyə cürəti çatmaz. Beynəlxalq birlik - BMT-dən tutmuş həmsədrlərə, Minsk qrupuna qədər - ilk münaqişələrdən biri olan Dağlıq Qarabağla bağlı elə ilk günlərdən ədalətli mövqe tutub bu münaqişəni həll etsəydi, digər münaqişələr də sonradan belə gərgin şəkil almazdı. Bu gün dünyada baş verən hadisələrin bu cür gərginləşməsinin səbəblərindən biri də budur.

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib