PDF Oxu

Müsahibə

  • 5 018

Novruz Məmmədov: “Türkiyəyə səfər Avropa mətbuatının diqqət mərkəzində idi”

image

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SƏS TV-yə müsahibəsi:

- Novruz müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Türkiyə Respublikasına səfər etdi. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar və imzalanan sənədlərin ölkəmiz üçün əhəmiyyəti haqqında nə demək olar?

- Əvvəlcə onu qeyd edim ki, Prezident İlham Əliyevin Türkiyə səfəri çox möhtəşəm bir tarixi səfər idi. Bu səfər yeni ilin başlanğıcında dövlət başçısının ilk səfəri idi. Səfər forma və məzmun etibarilə tək Azərbaycan-Türkiyə əlaqələri üçün deyil, eləcə də beynəlxalq münasibətlərdə özünə yer tutan səfər oldu. Yəni, Prezidentin qarşılanma mərasimindən tutmuş orada keçirilən görüşlər, aparılan danışıqlar, onların məzmunu, əldə edilən nəticələr, qarşıya qoyulan məqsədlər Azərbaycan-Türkiyə arasında əməkdaşlığın inkişaf perspektivlərinin müəyyən olunması istiqamətində çox mühüm addım oldu. Bu səfər, əslində, hər iki ölkə arasında bizim müstəqilliyimiz dövründə gedən proseslərin bir tacı idi. Məmnunluq doğuran məsələ odur ki, bu istiqamətdə ilk günlərdən bu günə kimi atılan addımlar nəhayət uğurlu zirvəyə gəlib çıxa bildi. Bunun da əsas səbəblərindən biri həmin əməkdaşığın əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulması idi. Düşünürəm ki, Onun uzaqgörənliyinə heç kimin şübhəsi yoxdur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türkiyəyə səfər bu ilin əvvəlində ilk səfər olsa da, qardaş ölkə üçün də birinci səfər idi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan özünün yeni sarayında dövlət başçımızı qəbul etdi. Bu səfərlə bağlı tək Türkiyə və Azərbaycan mətbuatında deyil, hətta Avropa və Qərbdə də bu prosesə çox böyük diqqət yetirildi.

Təbii ki, bunun da səbəbləri var. Bildiyiniz kimi, bu gün dünya bir qədər narahatdır. Beynəlxalq aləmdə baş verən proseslər hər halda narahatlıq doğurmaya bilməz. Bu proseslərin gərginliyi hamının gözü önündədir. Həmin gərginlik bir tərəfdən dünyanın yaşadığı böhranla, digər tərəfdən isə müəyyən ölkələrin beynəlxalq münasibətlərdə öz geosiyasi maraqlarını və iddialarını daha qabarıq ortaya qoyaraq onun uğrunda addımlar atmasının nəticəsidir. Əslində bu, heç kimin xeyrinə deyil. Belə olan halda o, bütün tərəflər üçün ziyanlı olur. Təbii ki, bunu tarix də dəfələrlə göstərib. Amma belə bir dövrdə bu gün biz də həmin proseslərlə əhatə olunmuşuq. Türkiyə, Azərbaycan, Avropa mətbuatında da qeyd edildi ki, İlham Əliyev və R.T.Ərdoğan arasında keçirilən görüş regionun inkişafı üçün 2015-ci ilin əvvəlində bir başlanğıc oldu. Sözün həqiqi mənasında bunu göstərən müxtəlif faktorlar var. Azərbaycan-Türkiyə arasında aparılan danışıqlar zamanı əməkdaşlığın bütün sahələrdə məzmunu, prespektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Əslində bu səfər işgüzar səfər də ola bilərdi. Çünki, həmin səfər iki ölkənin prezident, tərəfdaşlıq şurasının iclası idi. Amma bunu Türkiyə tərəfi dövlət səfəri status ilə qəbul etdi. Orada aparılan danışıqlar zamanı Azərbaycan-Türkiyə arasında əməkdaşlığın bütün aspektləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu nöqteyi-nəzərdən xüsusi olaraq - enerji, iqtisadi əməkdaşlıq, ticarət, turizm, müəyyən infrastruktur layihələri, idman, mədəniyyət, müdafiə sənayesi sahəsində və s. əməkdaşlığa xüsusi yer verildi. Düşünürəm ki, belə bir əməkdaşlıq bizim ölkələrimiz arasında var. Amma bundan sonra bu, daha geniş vüsət alacaq. Həmin səfərdə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, "beynəlxalq aləmdə bu iki dövlət qədər bir-birinə yaxın olan ikinci nümunə tapa bilməzsiniz". Sözün həqiqi mənasında bu belədir. Burada çox xoş və üst-üstə düşən məqamlar var. Bildiniz kimi, dünyada bir-biri ilə tarixi, dini, mədəni və digər sahələrə bağlı olan dövlətlər var. Amma onlar arasında münasibətlər heç kimdə belə deyil. Ölkələrimizin maraqlarının üst-üstə düşməsini həm ölkənin xalqları, həm də onun rəhbərləri eyni mövqedən çıxış edərək şərtləndirir.

Azərbaycan və Türkiyə prezidentləri adətən, ildə iki dəfə görüşürlər. Bu il isə belə görüşlərin sayı bəlkə də daha artıq olacaq. Mənim ehtimalıma görə, hətta dörd dəfə ola bilər. Onlardan biri də, bildiyiniz kimi, Türkiyə Prezidentinin Azərbaycan Prezidentini G-20 sammitinə dəvət etməsidir. Ümumiyyətlə, belə bir qayda var ki, adətən, bu sammiti keçirən ölkənin istədiyi bir ölkəni həmin sammitə dəvət etməyə ixtiyarı var. Türkiyə tərəfi isə belə qərar qəbul edib ki, bu ölkə yalnız Azərbaycan ola bilər. Düşünürəm ki, bu səfər Azərbaycan üçün də faydalı olacaq. Əslində, Azərbaycan öz siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafı ilə belə bir yerdə təmsil olmağa layiqdir. Səfər zamanı Azərbaycan Prezidenti Türkiyə tərəfindən bu ilin aprel ayının 24-də təşkil olunacaq Çanaqqala döyüşünün 100 illiyinə həsr olunmuş mərasimə dəvət edildi və Azərbaycan Prezidenti də şübhəsiz ki, bunu məmnunluqla qəbul etdi.

- Ermənistanda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri ola bilər? Ümumiyyətlə, işğalçı ölkədə hazırki durumu necə xarakterizə edirsiniz?

- Dünyada baş verən gərginlik və böhran Ermənistana əvvəlkindən daha artıq təsir edir. Hər bir ölkənin inkişafının bir mayakı olmalıdır. Ermənistanda isə bu mayak yoxdur: "Onlar nə edəcəklərini bilmirlər. Deyirlər ki, Rusiyanın kiçik qardaşı, qulu, forpostudurlar. Eyni zamanda, Ermənistan rəhbərləri təxminən 3 il yarım, bəlkə də artıq Avropa İttifaqı ilə danışıqlar apardılar. Dəfələrlə onların nümayəndələri, deputatları "biz Azərbaycandan qabaqdayıq", "biz Avropa İttifaqı iləyik" deyiblər. Bir gün də Sarkisyan səhər tezdən oyandı və bəyanat verdi ki, Avrasiya İttifaqına daxil olurlar. Heç olmasa, bir izahat verəydi. Heç bir şey olmadı. Sabah da görəcəksiniz ki, tamam başqa bir şey olacaq. Arxalanmağa başqa bir ölkə olsa, o zaman üç günün içində dönüb Rusiyanın əleyhinə olacaqlar. İndiki vəziyyətdə hələlik müəyyən proseslər getsə də, öz yollarını saxlayırlar. Bütün bu hadisələr, eyni zamanda, dünyada baş verən gərginlik və böhran indi Ermənistana əvvəlkindən daha artıq, ikiqat, beşqat təsir edir. Çünki onlara pul verən lazımdır. Bu pulu haradan götürsünlər? Nə xaricdən gəlir, nə də daxildə var. Onların başının üstündə duran "dostları"nın da o qədər pulu yoxdur ki, kiməsə versinlər. Bu isə onları çıxılmaz vəziyyətdə qoyur. Məndə olan məlumata görə, Ermənistanda orta və yaşlı nəsil Azərbaycanın mövqeyini dəstəkləyir. Gəncləri bir az ayrı cür formalaşdırıblar, çünki onlar keçmişi görməyiblər. Bu xalq istər-istəməz gələcəyinin hansısa mərhələsində öz fəlakətini təmin edib. Buna 100 faiz arxayın ola bilərsiz.

- ABŞ-ın demokratiya, insan hüquqları pərdəsi altında müxtəlif ölkələrə qarşı həyata keçirdiyi təzyiq siyasəti ilə bağlı nə deyərdiniz? Ümumiyyətlə, ABŞ-Azərbaycan münasibətlərinin mövcud durumu hazırda hansı səviyyədədir?

- Biz 23 illik müstəqilliyimiz illərində öz siyasi kursumuzu seçmişik və ona sadiqik. Hər bir dövlət yalnız öz maraqlarını ortaya qoyub, onun həyata keçməsini tələb edəcəksə, dunya bu günkü kimi gərginliklərlə üzləşəcək. Bu gün dünyada baş verən proseslər böyük dövlətlərdən asılıdır. Böyük dövlətlər sabitlik, inkişaf istəyirlərsə "nə istəyirəm, onu da edirəm" prinsipindən əl çəkməlidirlər. Bu baxımdan Azərbaycan müstəqillik illəri ərzində bütün vektorlarla səmərəli əməkdaşlıq edib. Bu vektorlardan biri də ABŞ və Avropadır. Azərbaycan postsovet məkanındakı dövlətlərdən heç birindən siyasi islahatlar baxımından kənarda qalmır, hətta qabaqdadır. Azərbaycan enerji, terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq, ikitərəfli əlaqələrdə addımlar atıb. Biz dövlətlərin maraqlarına hörmətlə yanaşırıq və onlardan da bunu tələb edirik. Bu münasibətlər qarşılıqlı hörmət əsasında qurulmazsa, təbii ki, fərqli olar. Müəyyən dövlətlərdə hansısa dairələrin istədiklərini qəbul edə bilmərik. Əməkdaşlıq üçün qapılarımız açıqdır. Bu günə qədər böyük dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı normal mövqe ortaya qoymurlar. "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" deməklə kifayətlənirlər: Ancaq müəyyən məqamlarda ərazi bütövlüyünü tanımaqdan da imtina etməyə hazır olurlar. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilərdə 17 tur ərzində 110 səs, digər namizəd dövlət 70 səs yığırdı. O vaxtlar Azərbaycana hətta təklif olunurdu ki, bəlkə namizədliyinizi götürəsiniz. Bir dəfə də təklif olundu ki, 1 il biriniz, növbəti il digəriniz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olun. 25 il ərzində həmişə böyük güclər Ermənistanı dəstəkləyib. Bir dəfə göstərin ki, Azərbaycanın hüququ budur. 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Bunun haqqında bir beynəlxalq QHT, ABŞ-da bir qurum söz demir. Ancaq Azərbaycanda bir insanın hüquqlarının pozulduğunu iddia edib, axşama kimi göstərirlər.

Qərbdə istədikləri şeyi həftələr ərzində insanların başına yeritmək istəyirlər. Terrorçunun dini, milliyyəti olmur. Pakistanda bir müddət əvvəl terror hadisəsi oldu, bir balaca başsağlığı verməklə kifayətləndilər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin yazısı, Qarabağ münaqişəsi ilə bağlı 5-6 təkliflə çıxış etməsi ilə bağlı deyərdim ki, "it hürər, karvan keçər". Ağlın vardı, səfir olanda, təkliflərini verəydin. Qərbdə bəziləri elə bil ki, sabah, biri gün nə olacağını düşünmürlər. İki 35-40 yaşlı kişinin evləndiyini günlərlə göstərirlər, ancaq dünya ölkələrində elə hallar baş verir ki, ona diqqət ayırmırlar. Qərbi bu günə qaldıran Jan Jak Russo, Didro kimi insanlar olub, Bu gün Avropada belə insanlar yoxdur. Bizim mənliyimiz, qürurumuz var. Kim bunu qiymətləndirirsə, buna hörmətlə yanaşırıq, qiymətləndirmirlərsə də münasibət fərqli olur.

- Novruz müəllim, Azərbaycanda İslama, dini təhlükəyə də işarə edilir. Bununla bağlı fikrlərinizi almaq istərdik.

- Təbii ki, buna işarə vuranlar və həmin məsələdə maraqlı olanlar var. Düşünürəm ki, Azərbaycan xalqı və onun Prezidenti də bu məsələ ilə bağlı hərtərəfli tanışdır və onu nəzarətdə saxlayır. Azərbaycanda təhlükə kimlərinsə göstərdiyi və yaxud təklif etdiyi formada yoxdur və olmayacaq da. Azərbaycanda cəmiyyətin bütün təbəqələri bunu heç vaxt qəbul etməzlər. Təbii ki, bizim də bununla bağlı kursumuz aydındır. Azərbaycanda din və əqidə azadlığı var, bu sahədə hər hansı problem yoxdur".

- Son olaraq Avropada demokratiyanın beşiyi kimi özünü göstərən dövlətlərdə islamafobiya güclənib. Sizin bununla bağlı fikirləriniz nədir?

- Ümumiyyətlə, hər bir şeyi çərçivəsində etmək lazımdır. Hər bir hadisənin, prosesin, atılan addımın çərçivəsi olanda o, normal qəbul edilir. İfrata varmaq, əlbəttə heç bir zaman uğur gətirməyəcək. Düşünürəm ki, bunu etmək lazım deyil. Çox təəssüf ki, mən bu gün Qərbdə bu tendensiyanı çox güclü müşahidə edirəm.

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib