Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar CəlaloğlununSİA-ya müsahibəsi:
- Sərdar bəy, növbəti dəfə keçirilməsi planlaşdırılan iqtidar-müxalifət dialoqunda müxalifət hansı uğurları əldə edə bilər?
- Əvvəla, siyasi dialoqun fəlsəfəsindən məlumdur ki, siyasi dialoq məsələsində uğuru bir tərəf əldə etmir, əksinə hər iki tərəf əldə edir. O yerdə ki, həm iqtidar, həm də müxalifət nə isə əldə edir, demək ümumilikdə burada xalq nəsə əldə etmiş olur. Çünki həm iqtidar, həm də müxalifət xalqındır. Buradan məlum olur ki, siyasi dialoq iqtidara və müxalifətə yox, əksinə xalqa nəsə verməyə xidmət edir. Bu, yeganə prosedur ki, burada tərəflərin üst-üstə düşən maraqları əslində xalqın maraqlarından ibarət olur.
- Hesab etmək olarmı ki, burada milli dövlətçiliyə xidmət məsələsi daha çox qabardılır?
- Ümumiyyətlə, burada söhbət tək milli dövlətçilikdən getmir. Şünki hər şey dövlət demək deyil. Demokratiya daha çox xalqa xidmət etmək deməkdir. Əgər iqtidarla müxalifət hansısa bir məsələdə razılaşırsa, eyni fikrə gəlirsə, bu o deməkdir ki, həmin məsələ cəmiyyətin xeyrinə həll olunur və bundan da cəmiyyət qazanır. Təbii ki, burada həm də dövlətçilik maraqlarından söhbət gedir.
- Heç kimə sirr deyil ki, bu dialoqa qarşı çıxan tərəflər də var və onlar özlərini radikal adlandırırlar. Lakin bu, radikallıqdan daha çox milli maraqlara zərbə vuran tərəflər kimi qiymətlədirilir. Ümumiyyətlə, müxalifətlə iqtidar arasında olan hər hansı bir dialoqa qarşı çıxanları necə qiymətləndirirsiniz?
- Əvvəla, onu deyim ki, dialoqu düzgün başa düşməməklə bağlı çox təəssüf ki, Azərbaycanda hamı "demokratiya uğrunda mübarizə aprıram" desə də amma çox az adam demokratiyanın nə olduğunu bilir. Demokratiyanın 2 prinsipi var ki, onun da biri uzlaşma prinsipidir. Uzlaşma əks tərəflə yalnız danışıqlar yolu ilə mümkündür. Yoxsa hərə öz kabinetində otursa, uzlaşmanı axı necə təmin etmək olar? Buradan da məlum olur ki, dialoq olmadan uzlaşma mümkün deyil. Əgər kimlərsə dialoqu satqınçılıq hesab edirsə, ondan sual oluna bilər ki, bəs siz necə bu demokratiyanın uzlaşma prinsipini həyata keçirə bilərsiniz ki, iqtidarla hər bir dialoqdan, razılaşmadan imtina edirsiniz?! Razılaşma olmayan cəmiyyətdə demokratiyadan danışmaq olmaz. Ümumiyyətlə demokratiyada bir çox prosedurlar var. Təbii ki, bu prosedurların hər birinin də özünəməxsus prinsipləri var. Məsələn, seçkilər və inqilablar çoxluluq prinsipinə əsaslanır. Belə ki, kim orada çoxluq təşkil edirsə, o da udur. Amma yeganə prosedur siyasi dialoqdur ki, burada çoxluq və yaxud azlıq təşkil etmək öz mənasını itirir və tərəflər razılaşdıqları məsələlərdə udurlar. Bu baxımdan, Azərbaycanda siyasi dialoqun gündəmə gətirilməsi və hətta seçkilərdən, inqilablardan da ona daha çox önəm verməyimiz onunla bağlıdır ki, bu prosedur bilavasitə milli və dövlətçilik maraqlarına xidmət edir əksinə hakimiyyət məsələlərinə yox. O qüvvələr ki, yalnız hakimiyyət uğrunda düşünürlər hesab edirlər ki, onlar hakimiyyətlə aralarında olan məsələlərlə bağlı prosedurlara üstünlük verirlər. Məhz buna görə də onlar ya seçkilərin demokratikləşməsini istəyirlər, ya da inqilabi çağırışlar edirlər.
- Müsavat Partiyası ilə ADP arasında isti münasibətlər olsa da, sadəcə partiyaların ayrı-ayrılıqda parlament seçkilərinə getmələri barədə verdikləri qərar nədən irəli gəlir?
- Biz Müsavat Partiyasına əməkdaşlıq təklif etmişik. Hətta sözügedən partiya ilə 2005-ci ildə əməkdaşlıq təcrübəmiz olub. İndi Müsavat Partiyasına yeni rəhbər təyin olunub və qurumun daxilində yeni situasiya (parçalanmalar, intiriqalar və s.) mövcuddur. Belə olan təqdirdə biz əvvəlki təcrübəmizi bu gün təkrarlaya bilmirik. Mənə elə gəlir ki, məsələnin kökü bundan qaynaqlanır.
- Ümumilikdə, müxalifətdə baş verən hadisələr və düşərgədə yaranan qütbləşmə onun yeniləşməsi vacibliyi siqnalını verirmi?
- Bilirsiniz, Azərbaycan cəmiyyətində siyasi yeniləşmə olmasa müxalifətdən yeniləşmə gözləmək olmaz. Çünki cəmiyyət tamdır və bir-birinə bağlıdır. İqtidar və müxalifət bir-birinə ardıcıllıq təşkil edən, bir-birinə bağlı olan qurumlardır. Bu baxımdan, müxalifətə ictimai-siyasi həyatdan ayrılıqda götürüb baxsaq, onda heç bir həqiqəti dərk etmək olmaz.
sia.az
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib