PDF Oxu

Müsahibə

  • 1 879

Obama Sarkisyanı məyus edib MÜSAHİBƏ

image

Aydın Mirzəzadə: "ABŞ-ın daha təsirli siyasət yeritməsini arzu edərdik"

Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadənin SİA-ya müsahibəsi.

-Aydın müəllim, ABŞ Senatında yeni qanun layihəsi qəbul edilib. Qanuna əsasən ABŞ Azərbaycanla hərbi əməkdaşlığı genişləndirəcək. Bu qanunun ölkəmiz üçün özəlliyi nədən ibarətdir?

-ABŞ-Azərbaycan münasibətləri bütün aspektlərdə davam edir, o cümlədən də hərbi əməkdaşlıq hər iki ölkənin prioritet istiqamətlərindən biridir. ABŞ Azərbaycanın həm geosiyasi vəziyyətini, eyni zamanda onun artan nüfuzunu kifayət qədər nəzərə alır. Bu isə Azərbaycana dəstəkdən daha çox ölkəmizlə əməkdaşlıq imkanlarının genişləndirilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan özünün iqtisadi inkişafı, artan siyasi nüfuzu ilə bu gün dünyada diqqətləri cəlb edən ölkələrdən biridir. ABŞ ilə hərbi əməkdaşlıq ilk öncə ölkəmizə müəyyən qədər hərbi yardım nəzərdə tutur amma prinsip etibarı ilə bu gün Azərbaycanın heç bir ölkənin hərbi yardımına ehtiyacı yoxdur. 2015- ci ildə 27 milyar dollarlıq büdcənin 4 milyard dollara qədəri hərbi sahəyə ayrılıb ki, bu da həm hərbi texnikanın alınmasına, həm də ordunun gündəlik tələbatlarının ödənilməsinə sərf ediləcək. Bu baxımdan ABŞ-dan gələn yardım müəyyən praqramların həyata keçirilməsinə dəstək olacaq. Daha çox hansı proqramlara dəstəyin olacağı hələ ki məlum olmasa da, müəyyən müddətdən sonra açıqlamalar veriləcək. Nədən asılı olmayaraq Azərbaycan onun ərazi bütövlüyünü tanıyan, qüdrətlənməsinə öz tövhəsini verən istənilən dövlətlə, təşkilatla əməkdaşlıq etməyə hazırdır. ABŞ Senatında sözügedən məsələnin müzakirəsi zamanı dövlətimizlə bağlı bir çox xoş fikirlər söylənib. Bu bir daha onu göstərir ki, ABŞ-ın həm Senatında, həm də Konqresində Azərbaycanla bağlı yetərli qədər məlumatlıdırlar.

-ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi bir zamanda ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqeyini görmürük. Bunun səbəbini nə ilə izah edərdiniz?

-Bir tərəfdən mövqe prinsipaldır. Yəni, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın torpaqlarımızın bir hissəsini işğal etdikdən sonra oyuncaq hökümətlə hər hansı bir müstəvidə əlaqə qurmaqda maraqlı deyil. Digər bir tərəfdən demokratiya beşiyi olan ölkələrdən biri kimi ABŞ-ın prinsipal mövqeyini görə bilmirik. O mənada ki, Ermənistana qarşı hər hansı bir sərt mövqe sərgiləmirlər. Əgər doğrudan da ABŞ oyuncaq rejimi tanınmırsa, o zaman işğal altında qalan ərazidəki əhaliyə humanitar yardım adı ilə niyə vəsait ayırır? Həmin yardım Azərbaycan hökümətinə verilə bilər və Azərbaycan vasitəsilə həmin əhaliyə yardım nəzərdən keçirilə bilər. Ona görə də, Azərbaycan tərəfi bu kimi məsələlərə daim etirazını bildirib. ABŞ-ın daha təsirli siyasət yeritməsini arzu edərdik. Bunu həyata keçirməmələrinə əsas səbəb kimi isə bu ölkədə erməni diasporasının mövcudluğu və seçkilərdə bu və ya digər şəxslərə dəstək verməsi ilə bağlıdır. Həmçinin, ABŞ da müəyyən dairələrin hər iki dövlətlə bərabər münasibətin saxlanması istəyi də səbəblərdən biri kimi göstərə bilərik. Ancaq bərabər münasibətin saxlanmasının heç bir perspektivi yoxdur. Çünki işğalçı ilə işğal ediləni tərəzinin bir gözünə qoymaq, eyni münasibət bəsləmək heç bir halda siyasətlərinə uğur gətirməyəcək.

-Cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması, təxribat-diversiya qrupunun fəallığı fonunda ATƏT-in Minsk qrupunun həmsədrlərinin reaksiya verməmələri nədən irəli gəlir?

-ABŞ-ın bəzi hallarda yeritdiyi ikili standartlar kimi ATƏT də ikili standartlardan çıxış edir. Bu beynəlxalq təşkilatda əsas sözün aparıcı dövlətlərdə olması və həmin dövlətlərin də Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi necədirsə, deməli ATƏT-in mövqeyi də elədir. Onlar bir tərəfdən problemin həllinə çağırırlar, digər tərəfdən isə bu yöndə heç bir müsbət addım atmırlar. Əgər böyük dövlətlər istəsə Dağlıq Qarabağ münaqişəsi qısa zaman kəsiyində həll edilə bilər. Ermənistana qarşı sankisya qoymaqla, iqtisadi yardımı dayandırmaqla və diplomatik məhdudiyyətlər həyata keçirməklə təbii ki, bu tez bir zamanda öz həllini tapa bilər. Bu kimi addımların atılmamasına rəğmən Azərbaycan öz suveren hüquqlarının tanıdılması və qəbul edilməsi istiqamətində ABŞ, eləcə də Avropa ölkələri ilə daim təmasda olur. İnanıram ki, bu düzgün mövqe belə də davam edəcək.

-Erməni əsgərinin ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçməsi onu deməyə əsas verirmi ki, bu halı təkrarlamaq istəyən onlarla erməni əsgəri var?

-Prinsip etibarı ilə Qriqoryan özünün birinci bəyanatında bu sualın cavabını verdi. O bildirdi ki, Ermənistan hərbisində olan ağır vəziyyətdən dolayı bir çoxları Azərbaycan tərəfinə keçmək istəsələr də ya qorxurlar, ya da qorxudulurlar. Qriqoryan bizim tərəfə keçdikdən sonra hətta onun valideyinlərinə qarşı çox pis münasibət bəslənir, təzyiqlər edilir. Prinsipcə Ermənistan cəmiyyətində Azərbaycanla münasibətlərin qurulması istəyi olsa da, oradakı totolitar rejim bunun qarşısını almağa çalışır. Hər il on minlərlə ailə ölkəni tərk edərək digər ölkələrə üz tutmaları işğalçı ölkənin düşdüyü ağır durumun xəbərçisidir. Onlar özləri də etiraf edirlər ki, əgər Azərbaycanla münasibətləri normal olsaydı Azərbaycana gedərdilər. Əgər Azərbaycan bu gün diplomatik, siyasi, maliyyə ölkəsinə çevrilibsə, Ermənistanda isə səfalət, işsizlik, sabaha inamsızlıq baş alıb gedir. Bu baxımdan şübhəsizdir ki, Qriqoryanların sayı durmadan artacaq.

-Qondarma erməni soyqırımının yüzilliyində Rusiya və Fransa prezidentlərinin iştirakı gözlənilir. Sizcə, bu ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutacaqları nə qədər inandırıcı görünə bilər?

-Fransa və Rusiya prezidentlərin bu törəndə iştirakları hələ sual altındadır. Vəziyyət istənilən an dəyişə bilər. Heç bir şübhəm yoxdur ki, dövlət başçıları orada iştirak etsələr belə onlar mütləq şəkildə Türkiyə və Azərbaycan tərəfə hansısa diplomatik reverans edərək, yaranan vəziyyəti yumşaltmağa çalışacaqlar. Ermənistanın on illərdir hazırlaşdığı hay-küylü "soyqırım" şousu baş tutmadı. Dünyanın ona marağının olmaması, bir çox ölkə rəhbərlərinin, o cümlədən də ABŞ prezidenti Barak Obamanın orada iştirakdan imtina etmələri bunu deməyə əsas verir. Faktiki olaraq gözlənilir ki, Ermənistan yas mərasimini timsah göz yaşları tökərək özü özüylə keçirəcək. Bu gün dünya ölkələri erməni yalanlarını artıq kifayət qədər tanıyır.

sia.az

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib