Sadettin Topçu: "Çıxacaq qərarlar bizim üçün artıq önəmli deyil"
Müsahibimiz Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Sadettin Topukçudur
- Sadettin bəy qondarma "erməni soyqırımı" ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qərar Türkiyəyə qarşı uğursuz təzyiq vasitəsi sayıla bilərmi?
- Ermənilərin planlı olaraq hücumunu gözləyirdik. Amma hardan gələcəyini təxmin edə bilmirdik. Yavaş – yavaş onların iç üzləri ortaya çıxmağa başladı. Demək ki, bütün təsir və siyasi mərkəzləri təsir altına alıblar. Daha öncədən bunun üçün çalışıblar. Avropa Parlamentinin tarixlə bağlı olan bir hadisəni bu şəkildə mühakimə edərək, qərar verməsi çox təəssüf edicidir. Çünki siyasi bir qurumun, əslində barış çağırışı etməsi lazımdır. Əslində, bu qurum xalqları bir araya gətirici rolunu oynaması, mövcud qarşıdurmaların qarşısına almağa çalışması lazımdır. Halbuki Avropa Parlamentinin gördüyü bu işə baxdığımızda, tam tərsinə bir vəziyyət görürük. Avropa Parlamentinin xalqları savaşdırmaq və qarşılıqlı cəbhələr açmaq üçün daha çox işlər gördüyü görünür. Yəni bu, çox maraqlı bir vəziyyətdir. Belə çıxır ki, dünyada var olan savaşlar heç kəsə dərs olmayıb. Əvvəlki qarşıdurmaların qarşısına keçmək əvəzinə, daha da sabit olan mühiti gərginləşdirmək, qarşıdurmaları artırmaq üçün zəmin hazırlayır. Bunu açıq şəkildə deyə bilərəm ki, Avropa Parlamentinin qəbul etdiyi qərar Ermənistanı daha aqressiv vəziyyətə gətirməyə hesablanıb. Bundan heç kim heç nə əldə etmiş olmayacaq. Əgər məqsəd budursa, Avropa Parlamenti məqsədinə çatmış olacaq, bölgədə gərginlik daha da artacaq. Halbuki Avropa Parlamentinin etməsi vacib olan məsələ mövcud olan vəziyyəti daha da stabil hala gətirərək, bölgədəki gərginliyi azaltmaq rolunu oynamaq idi. İndiki məqamda bölgədə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması əsas mövzudur. Azərbaycanın 20 faiz torpağı 20 ildən artıqdır ki, işğal altındadır. İşğal olunan torpaqlarda həyata keçirilən qətliam, soyqırımı, Xocalı faciəsi var. Azərbaycanın 20 faizdən artıq torpağı işğal edilib, bütün bunlara diqqət yetirilmir, amma 100 il geriyə gedərək Birinci Dünya müharibəsi içərisindəki bəzi hadisələr mövcud vəziyyətindən daha da şişirdilərək Türk xalqına qarşı istiqamətləndirilir, dünyaya reklam olunur.
- Tarixi araşdırılmadan, beynəlxalq hüquq çərçivəsində axtarış aparılmadan belə bir qərarın qəbul edilməsi nə dərəcədə doğrudur?
- Türkiyə ortaq bir komissiya yaradaraq bu hadisələrin araşdırılmasını istəmişdi. Ermənistan tərəfi bunu həmin anda rədd etmişdi. Onların nə üşün rədd cavabı verdiyinə baxmaq lazımdır. Açıq –aydın məlumdur ki, ortaq bir tarix araşdırması aparmaq istəmirlər. Deməli, onların özlərinin yaratdığı qərəzli vəziyyətin davam etməsini istəyirlər. Çünkü ortaq tarix komissiyası həqiqətləri tərəf saxlamadan ortaya qoyacaq. Bəzi həqiqətlərin ortaya çıxması onlar üçün sərfəli deyil. Ona görə də ermənilər anında buna rədd cavabı verdilər. Mən Şimali Kipr Türk Respublikasının təmsilcisi olaraq bu mövzunu Kiprlə əlaqələndirmək istəyirəm. Kiprdə də Avropa Parlamenti çox səhvlərə yol verdi. Çox təəssüf ki, bizim üçün bu qərarlar surpriz deyil. 2004-cü ildə Kiprdə o zaman BMT-nin keçmiş baş katibi Koffi Annanın Kiprin birləşmə planı səsvermə üçün təklif edildi. Apreldə Kipr Türk tərəfi bu anlaşmanı qəbul etdiyi bir vaxtda, yunan tərəfi buna rədd cavabı verdi. Lakin bu anlaşmanı yunanların rədd etməsindən 1 həftə sonra, Kiprin yunan hissəsi Avropa İttifaqı tərəfindən birliyə tam üzv olaraq qəbul edildi. Tarixdə belə bir hadisə görülməmişdi. Çünkü səhv edən tərəf bu şəkildə mükafatlandırılmışdı. Belə bir vəziyyəti yaşamış insanlar olaraq, biz Avropa Parlamentinin verdiyi qərarı surpriz olaraq qəbul etmirik. Amma səhv etdikləri ortadadır. Onlar bilərək bu səhvləri edirlər. Dünyaya və Türkiyəyə mesaj vermək istəyirlər ki, bu ölkəni Avropa İttifaqının daxilində görmək istəmirik. Bu gün dünyanın barışa, bir yerə gələrək danışıqlar aparmağa ehtiyacı var. Lakin bunlar arzu edilən vaxtda, çox təəssüf ki, Avropa Parlamenti səhv bir qərar qəbul edə bilir.
- Roma Papası Türkiyədə səfərdə olduğu zaman erməni və türklərə barış mesajı verməsindən sonra, ermənilərlə bağlı bir neçə gün öncə soyqırımı sözünü işlətməsi ikili standartların yenidən nümayiş olunması kimi təqdim oluna bilərmi?
- Hər şeyi bilərək, planlaşdırılmış şəkildə addımlar atırlar. Sözün əsl mənasında, Papa öz vəzifəsini yerinə yetirir. Çünkü xristiyan birliyini hər bir vəziyyətdə ortaya qoyur. Biz Kiprdə də eyni vəziyyəti daha əvvəl yaşamışıq. Kipr türklərinin başlarına gətirilənlər, onların müsəlman olmaqları və türk olmaqlarından irəli gəlirdi. Kipr türkləri Kiprdə zülmə məruz qalarkən, qətliamla üzləşərkən dünya heç səsini çıxartmadı. 1963 - 1974-cü illər arasında Kipr türkləri qətliama məruz qaldı. Ölülərimiz toplum məzarlıqlarında basdırıldı, dünya isə səsini çıxarmadı. Lakin daha sonra 1974-cü il hadisələri ortaya çıxdığı bir vaxtda, Kiprin Yunanistana bağlanması üçün rum və yunanlar hərəkətə keçdikdən sonra, türklər Kiprə öz haqlarından istifadə edərək müdaxilə etdikdə səsini çıxartmayan ölkələr, insanlar ortaya çıxaraq nə baş verdiyini soruşmağa başladılar. Biz isə cavablarını verdik. Çünkü onlar Kipri Yunanıstana bağlamaq istəyirdilər, türklər də haqlı olaraq Kipr türklərini xilas etmək üçün hərəkətə keçib. Avropa İttifaqı həmişə işin özlərinə sərf edən tərəfindən istifadə edirlər. 100 il sonra qondarma erməni soyqırımının da ortaya atılması qərəzlilikdən başqa bir şey deyil.
- Əgər Türkiyə ermənilərə qarşı tam düşmən siyasətindən istifadə edərsə, Ermənistan var olma təhlükəsi ilə qarşılaşa bilərmi?
- Bu ölkə Türkiyə ilə qonşudur. Səyahət, ticarət və digər məsələlər üçün Türkiyəyə möhtac bir ölkədir. Buna baxmayaraq, gözlərini o qədər qan bürüyüb ki, qərəzli mövqelərində davam edirlər. Halbuki düşmənçilikdən vaz keçərək Türkiyə ilə işbirliyi həyata keçirsələr, onlar üçün hər şey yaxşı olacaq. Onların gözlərindən asılan yanlış pərdə o qədər qalındır ki, bütün olanlara baxmayaraq düşmənçiliklərini davam etdirirlər. Nə üçün etdiklərini düşündüyümə gəldikdə, Ermənistandan kənarda fəaliyyət göstərən erməni diasporunun güclü və maliyyə baxımdan daha sağlam olduğunu görürəm. Başqa cür bunu məntiqə sığışdırmaq mümkün deyil. Ermənistanın xaricdəki diasporuna bağlı bir şəkildə belə addımlar atması özləri üçün gələcəkdə baş ağrısından başqa bir şey olmayacaq. Xalq siyasətə qulaq asmır. Pul qazanmağa ehtiyacı olduğu üçün ermənilər Türkiyəyə gedib işləməyə çalışırlar. Bütün bunları biz gördüyümüz halda onlar bizə qarşı düşmənçilik siyasətlərini davam etdirirlər.
Orxan Faiqov
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib