Müsahibə

  • 11 108

Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir

image

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev
- Bəhruz müəllim, məlum olduğu kimi fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçirildi. Parlament seçkiləri hazırda da gündəmin əsas mövzularından biri olaraq qalır. Bu faktı hansı amillərlə izah edə bilərsiniz?
- İlk növbədə onu qeyd edim ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsi və yeni parlamentin formalaşdırılması son illərdə daha intensiv xarakter almış islahatların tərkib hissəsi və bu islahatları bütövləşdirən vacib faktordur. İcra hakimiyyəti sistemində, sosial-iqtisadi sahədə aparılan struktur və kadr islahatlarının qanun yaradıcılığı sistemini və onun ən aparıcı institutu olan Milli Məclisi də əhatə etməsi mövcud reallığın obyektiv tələbi idi. Azərbaycanda parlament islahatı ölkənin indiki mərhələdə üzləşdiyi çağırışlara ən optimal cavab vermək baxımından misilsiz addım idi. Düşünürəm ki, parlament seçkiləri Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirildi.
Azərbaycan Milli Məclisinə seçkilərin hələ də gündəmdə olması isə təbii prosesdir. Çünki, parlament seçkiləri təkcə ölkə daxilində deyil, həm də beynəlxalq təşkilatların diqqətində olan siyasi hadisədir. Beynəlxalq ictimaiyyətin gözü Azərbaycana yönəlmişdi. Bunu ölkəmizə gələn beynəlxalq müşahidəçilərin həm sayında, həm də seçki ilə bağlı fikirlərində aydın şəkildə görmək mümkündür. Xatırladım ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi ki, onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirdilər. Beynəlxalq müşahidəçilərin sayı və geniş coğrafiyanı əhatə etməsi dünya ictimaiyyətinin Azərbaycanda keçirilən seçki prosesinə yüksək diqqət ayırdğını göstərir.
Bir sözlə ifadə etsək, seçki prosesi cəmiyyətimizdə həyata keçirilən bu islahatlar ölkəmizin inkişafının daha da sürətləndirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də beynəlxalq aləmə təqdim edilən demokratiya nümunəsi, şəffaflıq etalondur. Hesab edirəm ki, Azərbaycanda həyata keçirilən islahatlar prosesinin tərkib hissəsi olan 9 fevral seçkiləri xalqın iradəsini əks etdirməklə yanaşı, qarşıda duran ən vacib vəzifənin -Vətənimizin daha da güclənməsinə və çiçəklənməsinə, eyni zamanda, hər bir vətəndaşımızın daha yaxşı yaşamasına istiqamətlənmiş vəzifənin yüksək səviyyədə yerinə yetirilməsinə öz güclü töhfəsini verəcək.
- Seçki kampaniyasının, eləcə də seçki günü səsvermə prosesinin işıqlandırılması üçün kütləvi informasiya vasitələrinə yaradılan şəraiti necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. Beynəlxalq təşkilatların seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə verdiyi tövsiyələrdən biri məhz medianın rolu ilə bağlıdır. İstər seçkilərdən əvvəl, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. O ki qaldı, Azərbaycanda seçki prosesi KİV-lərə yaradılan şəraitə, tam əminliklə deyə bilərik ki, ölkəmizdə bütün seçki proseslərində mətbuat fəal iştirak edir. Bu da Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir.
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir. Bildiyiniz kimi Mərkəzi Seçki Komissiyası mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. Seçki prosesini təkcə yerli mətbuat deyil, eləcə də beynəlxalq KİV nümayəndələrinin işıqlandırılması üçün eyni və hərtərəfli şərait yaradılır. Məhz bunun nəticəsi idi ki, parlament seçkiləri 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi tərəfindən işıqlandırılıb. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qaldı.
- Bəzi KİV-lərdə, eləcə də sosial şəbəkələrdə Azərbaycanda keçirilən seçkilərlə bağlı mənfi rəy formalaşdırılmağa çalışılır, belə demək mümkünsə, qara piar aparılır. Bu barədə nə deyə blərsiniz?
- Azərbaycanda keçirilən parlament seçkiləri xalqın iradəsini ifadə edib. Həm aparılan sənədləşmə, həm təşviqat və eyni zamanda seçki prosesinin özü kifayət qədər demokratik dəyərlərə əsaslanmış, dünya standartlarına cavab verən seçki keçirildiyini göstərib. Eyni zamanda, bu mexanizmi həyata keçirən qurumun kifayət qədər şəffaf fəaliyyətini diqqətə çatdırıb. Bu tək bizim yox, bütün beynəlxalq təşkilatların, hətta ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, eləcə də Avropa Şurası da seçkilərin neqativ tərəfləri ilə bağlı öz tövsiyyələrini versə də, birgə rəylərinin əsas hissəsi pozitiv elementlərə söykənib.
Beynəlxalq təşkilatlarda və digər dövlətlərin parlamentlərindən gələn müşahidə missiyaları da sözün əsl mənasında Azərbaycanda keçirilən seçkilərin tam şəkildə xalqın marağını ifadə etdiyini öz rəylərində göstərərək dilə gətiriblər. Bəzi nöqsanlar bütün dünyada keçirilən seçkilərdə olur. Heç bir ölkədə kamil, ideal seçki yoxdur. Çünki orada insan faktoru var. Harada ki, aparılan iş insan amilinə söykənir orada hər hansı çatışmazlıq, neqativ hal, texniki problem olmalıdır. Ona görə ki, seçilən də, seçən də, seçki prosesini keçirən də insandır və insanların hər biri eyni səviyyədə savadlı, öz hüquqlarını və seçki hüquqlarını bilən deyil. Məhz bütün bunlara görə də, bəzi məqamlarda texniki qüsurların yaranması qaçılmazdır. Həmin qüsurlar əgər seçkinin mahiyyətinə, ümumi ruhuna və seçkinin nəticələrinə əngəl törətmirsə, bu cür qüsurların olması problem təşkil etmir.
Ölkəmizdə kifayət qədər mükəmməl seçki keçirilib, qüsurlara gəldikdə isə bu qüsurlar cənab Prezident səviyyəsində dilə gətirilib və qeyd olunub ki, bu qüsurlarla bağlı araşdırmalar aparılmalıdır. Mərkəzi Seçki Komissiyasının da məhz missiyalarından biri də qüsurları araşdırmaq, qüsurların aradan qaldırılması və günakarların qanunvericiliyə əsasən cəzalandırılmasından ibarətdir. Bütün bu hallar nümunəvi hallardır, yalnız və yalnız təqdir olunmalıdır. Bəzi sifariş yerinə yetirən qruplaşmalar isə əvvəlcədən də seçkidən sonra hansı addımları atacaqlarını planlayıblar. Bu nə xalqın, nə namizədin, nə də namizədin tərəfdarlarının fikridir. Bütün bunlar xaricdən gələn sifarişləri yerinə yetirən missionerlərin fikridir. Bu addımlar Azərbaycan xalqının iradəsinə zidd addımlardır və xalq heç bir zaman siyasi müstəvini digər müstəvilərə çevirib manipulyasiya edərək dövlətin və xalqın əleyhinə istifadə etmək istəyən qüvvələrə icazə verməyəcək.
- Sizcə, belə halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
- Ümumiyyətlə, seçki prosesində ən vacib elementlərdən biri rəqiblərin bir-birinə olan münasibətinin sağlam rəqabət müstəvisində formalaşmasıdır. Cəmiyyət seçki mədəniyyəti göstərək öz namizədini seçirsə, o zaman məğlub olan namizəd də qalibin əlini sıxmaq mədəniyyətini özündə tapmalıdır. Seçki siyasi müstəvidə mübarizə predmeti ola bilər, bu proses şəxsi rəqabət və ya dövlət əleyhinə kampaniya aparmaq səviyyəsinə gətirilməməlidir. Əgər biz cəmiyyətdə sağlam rəqabət aparmaq mədəniyyətini formalaşdıra bilsək, o zaman bu bizim və cəmiyyətimizin qələbəsi olacaq. Biz beynimizi, siyasi şürumuzu inkişaf etdirməklə proseslərə baxış tərzimizi dəyişə bilərik. Təbii ki bu təkcə seçicilərə deyil, həm də namizədlərə aiddir. Bildiyiniz kimi, son parlament seçkilərində bir mandat uğrunda 10-larla namizəd mübarizə apardı. Təbii ki, bu, ölkədə onlar üçün yaradılan ədalətli fürsət nəticəsində mümkün olmuşdu. Belə olan halda, namizədlər əvvəlcədən bilirdilər ki, mübarizədə yalnız 1 nəfər qalib gələcək və digərləri isə məğlub olacaq. Bu baxımdan seçkidən sonra bu kimi məsələləri müzakirə predmetinə çevirmək əvəzinə özümüzdə seçki məğlubiyyətini həzm etmək mədəniyyətini formalaşdırmalıyıq.
Kiçik nöqsanları böyüdərək, digər namizədlərə və ya dövlətə qarşı kampaniya aparmaq yol verilməzdir. Bəzi namizədlər dövlət əleyhinə yönələn kampaniyalara getməməli, ölkənin inkişafını gözü götürməyən kənar qrupların bundan bəhrələnməsinə imkan verməməlidirlər. Haqlı narazılıqlarla bağlı məsələlər qeyd etdiyimiz kimi müvafiq orqan tərəfindən araşdırılır və qanunvericiliyi pozan şəxslər cəzalandırılır. Artıq 4 deçki dairəsi, eləcə də onlarla məntəqənin nəticələri ləğv olunub. Müvafiq dairələrin nəticələrinin ləğv olunması obyektivliyin, demokratiyanın göstəricisidir. Bütün bunlar nümunəvi hallardır, yalnız və yalnız təqdir olunmalıdır.

yap.org.az

Digər xəbərlər