15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinın şanlı səhifələrindən biridir

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov

-Eldar müəllim, bildiyimiz kimi, 15 iyun tarixi ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Azərbaycanın müasir tarixində mühüm yer tutan bu əlamətdar hadisənin əsasları barədə nə deyə bilərsiniz?
-23 il bundan əvvəl – 27 iyun 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışı gününü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında qərar qəbul etmişdir. Həmin vaxtdan başlayaraq hər il 15 iyun tarixi respublikamızda Milli Qurtuluş bayramı günü kimi qeyd edilir. Əlbəttə, gənc nəsildə təbii bir sual yaranır ki, nəyə görə məhz Heydər Əliyevin ölkə hakimiyyətinə qayıdışı bayram günü kimi qeyd olunur. Bu suala cavab vermək üçün hesab edirəm ki, Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafı və Azərbaycanda milli özünüdərk prosesinin qüvvətlənməsi sahəsində fəaliyyətinə qısaca nəzər yetirmək kifayətdir.
Ulu Öndər Heydər Əliyev ilk dəfə 1969-1982-ci illərdə SSSİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasına Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Azərbaycan Respublikasına ilk dəfə rəhbərlik etdiyi 13 il ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, Onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə İttifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabət qabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı və müstəqil inkişafın əsası qoyuldu. Bu 13 il ərzində respublikamızda milli gəlir 2,5 dəfə artmış, sənaye və kənd təsərrüfatı istehsalı 2,7 dəfə çoxalmışdır. İqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox əsaslı vəsait qoyulmuş, 250 iri zavod və fabrik tikilib işə salınmışdır.
Həmin dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatının inkişafında da möhtəşəm nailiyyətlər əldə olundu. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı də təşəkkül tapdı. Bu məqsədlə yeni zavodlar tikildi və mövcud zavodlar genişləndi. Həmin dövrdə kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı bu məhsulların emalı ilə məşğul olan müəssisələrin şəbəkəsi də böyüdü. Üzüm emalı zavodları tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdi və yeniləri tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz, ət, süd və digər məhsulların emalı müəssisələri tikilib istifadəyə verildi. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı respublikamızda yüngül və yeyinti sənayesinin də inkişafına təkan verdi. Aqrar sahədə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində Azərbaycan ittifaqda geridə qalmış kənd təsərrüfatı respublikasından qabaqcıl aqrar-sənaye kompleksinə malik bir diyara çevrildi və Ümumi Daxili Məhsulun 30-35 faizi bu bölmənin hesabına təmin edilirdi.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə yanaşı qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi, şəhərlərin və kənd ərazilərinin sosial siması kökündən dəyişdi, əhalinin rifah halı əsaslı surətdə yaxşılaşdı. Minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı elm və tədris ocaqlarına göndərilmiş və yeni istehsal sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Bu dövrdə milli kadr korpusu yaradılmış, dövlət idarəçiliyi təsisatları möhkəmləndirilmiş, elm, səhiyyə, təhsil, mədəniyyət və incəsənət sahələrində ciddi uğurlar qazanılmış, ən başlıcası isə xalqın milli mənlik şüurunun inkişaf etdirilməsində mühüm irəliləyişlər əldə edilmişdir. Azərbaycan Respublikası İttifaq büdcəsindən dotasiya almadan yaşayan iki respublikadan biri idi. Bu da Azərbaycan Respublikasının siyasi və iqtisadi müstəqilliyinə tam zəmanət verən bir vəziyyət idi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi sayəsində əldə edilən nailiyyətlər hörmətli Prezidentimiz İlham Əliyevin “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” Sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir:”1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”.
Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması İttifaq rəhbərliyinin diqqətini cəlb etdi. Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və bu vəzifədə işlədiyi müddətdə İttifaqda mövcud olan ən problemli sahələrin həlli ilə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində köməklik göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın nəticəsi idi ki, 1987-ci ildə Heydər Əliyevə qarşı SSRİ rəhbərliyində, xüsusilə Mixail Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq o, vəzifəsindən istefa verməyə məcbur oldu və təqiblərə məruz qaldı.
Bununla belə bütün qadağalara baxmayaraq, Ulu Öndər Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz Ümummilli Lider idi. Həmin vaxt O, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ-nin rəhbərliyini açıq formada kəskin tənqid edib xalqı ilə birlikdə olduğunu bəyan etmişdi.
- Ulu Öndər Heydər Əliyevin Naxçıvanın rəhbərliyinə gəlişi muxtar respublikanın həyatında nə kimi dəyişikliklər yaratdı?
-Ulu Öndər Heydər Əliyev bir müddət Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın məhv olacağına tam əmin olduğundan öz ölkəsində və doğma diyarı olan Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərin hərbi təcavüzünə qarşı mübarizə aparır, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə görkəmli siyasi xadim, həmişə Vətəni və xalqı üçün yorulmadan çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Bu məqsədlə də Naxçıvan əhalisi Onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin həmin vaxtlar ölkəyə rəhbərlik edən səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa, Onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandı. Habelə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək Onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə Sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol həmin gündən başladı.
Ali Məclisin Sədri kimi Heydər Əliyev ilk öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək əldə etdi. Muxtar Respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən Ulu öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi. Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilləşməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik ermənilərin Muxtar Respublikaya hücumlarını mərdliklə dəf etməyə və cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı.
-1990-cı illərin əvvəlində respublikamızdakı ictimai-siyasi vəziyyəti necə xarakterizə edərdiniz?
- 1991-ci il 18 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix isə elə bir dövrə təsadüf etmişdir ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləməmə aparırdılar. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildi və aciz durumda idi. Bundan azğınlaşan erməni quldurlar isə 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər və şəhər yerlə yeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsr götürüldü və itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu.
Özünü xalqın “aparıcı qüvvəsi” hesab edən Xalq Cəbhəsi və “Müsavat” cütlüyü bundan öz xeyrinə yararlanaraq Azərbaycan Respublikasında hakimiyyəti tezliklə ələ aldılar. Lakin, bu hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar öz işlərini günün tələbinə uyğun qura bilmir, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları tərəfindən Dağlıq Qarabağa qonşu yeddi rayonun zəbt edilməsinə şərait yaratdı. Düşdüyü çətin vəziyyətdən çıxmağa başlayan Naxçıvan əhalisinin isə Heydər Əliyevə olan inamı və ümidi getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək Muxtar Respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdı. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda əldə etdiyi bu uğurları gözü götürməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də buna nail ola bilmədi. Çünki, Heydər Əliyev naxçıvanlılara sözün əsl mənasında arxa olduğundan əhali də ona arxa durmaqla yanaşı böyük hörmət və ehtiram bəsləyərək müdafiə etdi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra- 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə YAP-ın Sədri seçildi.
Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırırdı. Digər bir tərəfdən isə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələr yeni planlarını işə salmışdılar. Separatçı Ə.Hümbətov tabeliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında "Talış-Muğan Respublikası" yaratmağa çalışırdı. Şimal rayonlarında isə separatçı "Sadval" təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi.
Bunun məntiqi nəticəsi kimi 1993- cü il iyunun 4-də Gəncədə xalq cəbhəsi-müsavat iqtidarına tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başladı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəzifəyə dəvət etməyə məcbur oldular. Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, vəziyyət isə getdikcə daha da pisləşirdi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, nüfuzlu siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.
Xalqın çağırışını qəbul edən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına Sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu!
-Eldar müəllim, Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
-Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Həmin dövrün son tarixi hadisələri, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görüldü, ölkədəki vəziyyət barədə tez-tez xalqa məlumat verildi. Bu çox qısa müddət ərzində Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Ali qanunverici orqanın sədri kimi çalışdığı cəmi 4 aylıq fəaliyyəti ilə sübut etdi ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlayan və inkişaf etdirən yeganə şəxs məhz Heydər Əliyevdir və sözün əsl mənasında xalqın gözü tərəzidir. Bunu 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizinin Heydər Əliyevə səs verməsi də Azərbaycan xalqının ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən başlanmış Ermənistan- Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən bəzi daxili və xarici antiazərbaycan qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı.
Ulu Öndər Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli Liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə “bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.
Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.
Ulu Öndərimiz Heydər Əliyevin həyatının 30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində(1969- 1982) Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə ölkəmizdə baş qaldırmış qardaş qırğınının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmağını təmin etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyət olduğunu sübut etdi. Qədirbilən xalqımız isə Ulu Öndəri özünün Ümummilli Lideri elan edərək Onunla daim fəxr etdiyini bildirir.
Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini izah edərkən demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib”.
Ümummilli Liderimiz Heydər Əliyevin bu müdrik kəlamları Onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndərimiz Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır.
-Sizcə, Milli Qurtuluş Günü Azərbaycan xalqına nə verdi?
-15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinın şanlı səhifələrindən biridir. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz Ulu Öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Ulu Öndərin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu qurtuluşla dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, böyüklüyü və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi. Bununla Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ömrünü, bütün qüvvə və bacarığını Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş XX əsrin böyük siyasətçisi Heydər Əlirza oğlu Əliyevə qismət oldu. Ulu Öndərimiz bu şərəfli missiyanı həm Azərbaycan Respublikasına birinci və həm də ikinci hakimiyyəti dövründə əyani surətdə sübut etdi. Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin 1993-cü ildə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi. Məhz buna görə respublikamızın bütün guşələrindən qədirbilən xalqımız öz istək və arzularını bildirərək 15 iyunun qurtuluş günü kimi bayram edilməsi barədə çoxsaylı müraciətlər edirdi.
Mən, bütün bunları nəzərə alaraq 1997-ci il iyunun17-də ilk dəfə olaraq parlamentdə çıxış edərək iyunun 15-nin Azərbaycan xalqının milli qurtuluş günü haqqında qərarın qəbul olunması barədə təklif verdim. Təklifim bir çox deputatlar tərəfindən dəstəklənərək on gün sonra, iyunun 27-də Milli Məclisin qərarı ilə 15 iyun- Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu və xalqımız bu günü hər il böyük sevinclə Qurtuluş bayramı günü kimi qeyd edir. Bu günün bayram kimi qeyd edilməsi həm də gələcək nəsillərə və ölkə liderlərinə heç kimin və heç nəyin unudulmadığı haqqında bir mesajdır. Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı isə Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir.
Dahilərin böyüklüyü isə ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi. Bunu Onun son qərarı bir daha təsdiq etdi. Bu qərar əslində Heydər Əliyevin Azərbaycana son borcu, son xidməti idi. Çünki, bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu Öndərin tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu Öndərin bu tarixi müraciətindən keçən on yeddi il onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.

yap.org.az