Müsahibə

  • 14 011

Azərbaycanın milli mətbuatı böyük və şərəfli yol keçərək, bu gün daha nəhəng uğurlara imza atmaqdadır

image

SİA "SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin yap.org.az-a müsahibəsini təqdim edir

- Bəhruz müəllim, Azərbaycan mətbuatı yaranmasının 145-ci ildönümü ərəfəsindədir. Ötən illər ərzində mətbuatımızın keçdiyi tarixi yolu necə şərh edərdiniz?
- Öncəliklə, qarşıdan gələn 145-ci ildönümü ilə bağlı bütün həmkarlarımı təbrik etmək istərdim. Bu çətin, məsuliyyətli və şərəfli yolda hər birinə işlərində uğurlar, müvəffəqiyyətlər arzu edirəm.Sualınıza gəldikdə isə, sözlərimi Azərbaycanın mütəfəkkiri Həsən bəy Zərdabinin sözləri ilə başlayardım – Maarifdən, elmdən məhrum xalq işıqdan məhrumdur. Bəli, məhz bu kəlamı dərindən təhlil edərkən, həqiqətən də maarifçiliyin nə qədər önəmli bir şərt olması özünü bir daha təsdiq edir. Söz yox ki, mətbuat da bu şərtin mənbəsi olaraq qiymətləndirilir. Azərbaycan maarifçilik aynasının mətbuat olması, yarandığı gündən özünü bütün müsbət mənalardan göstərib. Belə ki, bu gün Həsən bəyin əsasını qoyduğu, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi”nin yaranmasından 145 il ötür. Lakin mövzuya və sualınıza daha dərin, müfəssəl aydınlıq gətirmək üçün demək istərdim ki, mətbuat tariximizi bir neçə mərhələyə aid etmək olar – Çar Rusiyası, Xalq Cümhuriyyəti, Sovet və müasir dövrlərimiz.İlkin mərhələdə milli mətbuatımıza işıq salan və böyük bir jurnalist, maarifçi ordusu yetişdirən “Əkinçi” məktəbi barədə danışa bilərik. Bu məktəb həm də əzm, fədakarlıq, mübarizə məktəbidir desək, heç də yanılmarıq. Bildiyimiz kimi, qəzetin ilk nəşri 1875-ci il iyul ayının 22-də işıq üzü görmüşdü. Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”.Çar Rusiyasının siyasi idarəçiliyi dövründə çox ciddi senzura altında nəşr olunan qəzetin cəmi 56 nömrəsi çapdan çıxdı və 1877-ci ildə onun nəşrinə qadağa qoyuldu. H.Zərdabinin əsas fəaliyyəti xalqın düşüncəsinə təsir etmək, onu gerilik və cəhalətdən qurtarmaq, millətin mənlik şüurunun inkişafına nail olmağa yönəlmişdi. O, “Əkinçi”nin səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edir, onların çap və yayılma mədəniyyəti barədə şərhlər verirdi. “Əkinçi”ni bu qəzetlərlə müqayisə edir, müəyyən ziyalı dairələrində milli, mənəvi təəssübkeşlik hissini oyatmağa çalışırdı.“Əkinçi”dən sonra bir-birinin ardınca çap olunan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi mətbu orqanlarında bu məktəbin maarifçilik ideyaları davam etdirilirdi. Adı çəkilən qəzet və dərgilərdə fəaliyyət göstərən dövrün görkəmli yazarları, həqiqi mənəviyyat adamları, vətənpərvər ziyalıları insanlara mətbuatın nə qədər böyük məfhum olduğunu, cəmiyyətin həyatında mühüm rol oynadığını aşılamağa çalışırdılar. Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabir və s. kimi ziyalılarımızın qələmləri xalqın, millətin o dövrün çətinliklərindən, məzlumluqdan xilas olması üçün yazırdı.Bundan sonrakı illərdə Azərbaycanda "Şərqi-rus", "Həyat", "Açıq söz", "Azərbaycan" kimi qəzetlər, 1906-cı ildə isə mətbuatımızın incisi olan "Molla Nəsrəddin" jurnalı işıq üzü gördü. “Molla Nəsrəddin” kimi satirik jurnalın dərci deyərdim ki, o dövrün maarifçilik meyarlarına özəl rəng qatırdı. Ümumiyyətlə, XX əsrin əvvəllərində nəşr olunan müxtəlif qəzet və dərgilər mövcud ictimai-siyasi sistemin keyfiyyətini əsaslı şəkildə dəyişməyə nail olurdu. Bu, həmçinin Azərbaycanın milli mətbuatı tarixində yeni, inqilabi bir mərhələ, novatorluq reallığı idi. Həmin zamanlar yazılan fikir və düşüncələr bu mərhələdə xalqın maariflənməsi, onun oyanışı və dirçəlişi yolunda böyük uğurlara imza atdı.O da əbəs deyil ki, məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mərhələsi yenilənən mərhələnin davamı, ardı oldu. 1918-20-ci illərdə meydana gələn qəzet və jurnallar artıq siyasi mətbuatın yaranmasından xəbər verirdi. Cəmi 23 ay ərzində nəşr olunan “İstiqlal”, “Azərbaycan”, “Açıq söz” kimi qəzetlərin əsas məqsədi Azərbaycan istiqlalını müdafiə etmək, onu qoruyub saxlamaq, beynəlxalq aləmə həqiqətləri çatdırmaq idi. Əbəs deyil ki, qəzet və jurnallar poçtlar vasitəsi ilə uzaq Avropaya çatdırılır, Azərbaycanın müstəqillik reallıqları, üzləşdiyi çətinliklər barədə xarici mətbuatlara informasiyalar verilirdi. Bu böyük işlərin öhdəsindən gəlmək isə əlbəttə ki, şücaət idi.
Lakin sonrakı mərhələdə - 1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikasının bolşeviklər və onların dəstəkçiləri tərəfindən işğal olunmasından sonra siyasi dəyişiklik fonunda Azərbaycan mətbuatında durğunluq dövrü yarandı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan şairləri, yazarları, mütəfəkkirləri, eyni zamanda, ölkə mətbuatı və o dövrün siyasi hadisələrinin diktəsi altında keyfiyyətcə yeni bir üslub yaratmağa başladılar. Buna baxmayaraq, Azərbaycan mətbuatı bu dövrdə ədəbi dilin, siyasi leksikonun, ictimai münasibətlərin formalaşmasında, əhalinin maarifləndirilməsində, cəmiyyətin saflaşdırılmasında çox böyük işlər gördü.Sonrakı illərdə bu amil inkişaf etdirildi və əsasən, sağlam tənqidi yazılar istiqamətində də müəyyən irəliləyişlər oldu. Qeyd edəm ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövründə respublika mətbuatına xüsusi diqqət göstərilirdi. Respublikanın rəhbəri olaraq, Ulu Öndər tez-tez mətbuat nümayəndələri ilə görüşür, zamanın çətinliklərinə, durğunluq dövrü olduğuna baxmayaraq, yerlərdə aparılan araşdırmaların nəticələrinin ölkə qəzetlərində dərc edilməsinə göstərişlərini verirdi. Əbəs deyil ki, hətta həmin vaxtlarda felyetonlar, satirik yanaşmalar olan tənqidi yazılar işıq üzü görür, ictimai rəyin diqqətinə çatdırılırdı. Yəni bunun üçün Heydər Əliyev bir çox işlər görüb, yeniliklər gətirib. Sovetlər dövründə nəşrə başlayan “Kommunist”, “Bakı”, rusdilli “Baku”, “Azərbaycan Gəncləri”, rusdilli “Molodyoj Azerbaydjana”, “Bakinskiy Raboçiy” və s. kimi qəzetlərlə yanaşı, müxtəlif aspektlərdən çıxış edən jurnallarımız, satirik dərgilərimiz də müntəzəmliklə dərc edilir, oxucularının qarşısına çıxarılırdı.Beləliklə, biz belə bir nəticə hasil edə bilərik ki, milli mətbuatımız yarandığı gündən etibarən Azərbaycan xalqının ictimai, maarifçilik, sosial və siyasi həyatında böyük rol oynamağa başladı.Daha bir fakt ən çox özünü xalqın milli azadlıq uğrunda mübarizə apardığı illərdə göstərdi. Belə ki, XX əsrin 80-ci illərinin sonlarında - Azərbaycanda milli azadlıq hərəkatının başlandığı dövrdə şübhəsiz, xalqı birləşdirən başlıca vasitələrdən biri, bəlkə də ən birincisi də məhz mətbuat idi. Həmin ildən başlayaraq “Azərbaycan”, “Meydan”, “Aydınlıq”, “Səhər”, “Həyat”, və digər mətbuat orqanlarında dərc olunmuş analitik yazılar, ölkənin gələcəyindən narahatlıq hissi və vətəndaşlıq mövqeyi onları millətin obyektiv informasiya mənbəyinə çevirdi. 90-cı illərin əvvəllərindən isə “Səs”, “Yeni Azərbaycan”, “İki Sahil”, “Şərq” və s. qəzetlər ölkədə və dünyada baş verən hadisələri işıqlandırmağa, oxucu kütləsini dolğun informasiyalarla təmin etməyə başladı. O da əbəs deyil ki, ölkə mətbuatı cəmiyyətin bütün təbəqələrinə nüfuz edən ictimai qüvvə kimi, məhz “dördüncü hakimiyyət” rolunu oynamağa başladı. Bu isə Azərbaycanda azad mətbuatın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük əhəmiyyətə malik idi.
-Ulu Öndər Heydər Əliyev və Azərbaycan mətbuatı deyərkən, sizdə daha hansı assosiasiyalar, düşüncələr yaranır?
- Mətbuat tariximizdə ən böyük hadisələrdən biri əlbəttə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi idi. Bu, azad və demokratik Azərbaycan mətbuatının formalaşması üçün əsas şərt idi. Təbii ki, həmin dövrdə demokratik mətbuatın yaranması və inkişafı üçün ciddi əngəllər var idi ki, onlardan biri də senzuranın mövcud olması idi. Eləcə də, həmin vaxtın iqtidarları da medianın inkişaf təzahürünə, müstəqil yayım imkanlarına maneələr törədirdi. SSRİ rejiminin müəyyən təsirləri qalmaqda idi. Yalnız Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə geri qayıtdıqdan sonra Azərbaycan mətbuatının imkanları genişlənməyə başladı. Xüsusilə, 1998-ci ildə, Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla mətbuat üzərində senzura ləğv edildi, qəzetlərə yaşıl işıq yandırıldı. Bundan sonra ölkədə mətbuatın inkişafı ilə bağlı bir-birinin ardınca imzalanan Fərman və Sərəncamlar, xüsusilə də 1999-cu ildə KİV haqqında qanunun yaranması Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün ciddi zəmin yaratdı.
- Sizcə, Ulu Öndər Heydər Əliyev dövrünü Azərbaycanın müstəqil mətbuatı üçün ayrıca və xüsusi mərhələ kimi qiymətləndirmək olarmı?
- Bu, birmənalı olaraq belədir. Çünki XXI əsrin əvvəllərində də mətbuat özünəməxsus şəkildə inkişaf edirdi. Bir neçə xatırlatmanı etmək yerinə düşərdi. Belə ki, 2000-ci ilin mart ayında Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqamı" təsdiq olundu. Bir sıra qəzetlərin borcları tamamilə silindi. 2003-cü ilin mart ayında isə media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, müstəqil mətbuat tariximizdə əlamətdar hadisələr idi. Həmin vaxtlardan etibarən ölkə mediasında ilk olaraq, məhz Heydər Əliyev jurnalistlərin dostu kimi qiymətləndirildi. Onun bir kəlamını xatırlatmaq istərdim: “Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri daim sevmişəm”.Ümumiyyətlə, qeyd etmək istərdim ki, mən də bir jurnalist olaraq, Ümummilli Liderimizi bir sıra səfərlərində müşayiət edərkən, Onun jurnalistlərə olan qayğısını, diqqətini daim üzərimizdə hiss etmişəm. Kiçik bir haşiyə çıxaraq bir amili də xatırlatmaq istərdim. Heydər Əliyev bütün səfərlərində keçirdiyi yorucu, ağır və çətin görüşlərindən sonra daim, ilk olaraq Onu müşayiət edən jurnalistlərlə maraqlanırdı. Hətta mətbuat işçilərinin nə zaman nahar etmələri, dincələ bilib-bilməməkləri barədə soruşurdu. Onun üzərimizdəki atalıq qayğısını izah etmək çox çətindir. Çünki bu qayğını yaşamaq, görmək lazım idi. O, həqiqətən də jurnalistlərin səmimi, dönməz dostu idi və belə olaraq da daim xatirələrimizdə yaşayacaq.
- Bəhruz müəllim, bəs Azərbaycan mətbuatının hazırkı, müasir dövrünü necə xarakterizə edərdiniz, bu dövrü İlham Əliyevin uğurlu mərhələsi kimi təcəssüm etmək mümkündürmü?
- Müsahibəmin əvvəlində milli mətbuatımızın inkişaf yolunu bir neçə mərhələyə bölərkən, nəticələr çıxararkən, əlbəttə ki, müasir mətbuatımızın yeni dövrünü ayrıca olaraq İlham Əliyev mərhələsi kimi dəyərləndirmək çox doğru olardı. Söz yox ki, bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şərait yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran mühüm vəzifələrdir və Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı bu sərəncamların özü Azərbaycanda mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirilməlidir.Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatı Prezident İlham Əliyevi üçüncü dəfə “Jurnalistlərin dostu” elan etdi. “RUH” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən aparılan rəy sorğusunda Prezident İlham Əliyev ən yüksək səs çoxluğu ilə “Jurnalistlərin dostu” seçildi. Mükafatı qəbul edən Prezident İlham Əliyev ölkəmizdə mətbuatın inkişafı istiqamətində mühüm addımların atıldığını deyərək vurğulayıb ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın rolu danılmazdır. Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq atır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı.2016-cı il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Jurnalistlərlə görüşü zamanı Prezident deyib: “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik”.Bütün bunları nəzərə alarkən qənaətə gələ bilərik ki, dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin dediyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözü onun siyasi fəaliyyətini əsas qayəsidir.
- Hazırda elektron və print media arasında sanki bir rəqabət tendensiyası mövcuddur. Sizcə print medianın mətbuatdakı rolu və yeri hansı səviyyədədir?
- Qeyd edim ki, son 25-30 ildə Azərbaycan elektron informasiya vasitələrinin daha sürətli inkişafı ilə göz önündədir. Bu gün elektron informasiya vasitələri ilə ənənəvi media vasitələri – print media arasında güclü rəqabət gedir. Artıq Azərbaycanda demək olar hər mətbuat nümunəsinin elektron səhifəsi fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində ənənəvi medianın oxucuları azalır, əksinə onlar xəbərləri internet vasitəsilə əldə etməyə üstünlük verirlər. Lakin print medianın ənənələrinin qorunması da çox vacib bir faktordur. Əgər nəzərə alsaq ki, elektron mediadakı məlumatlar bir müddət sonra silinə, itə bilər və s. Ancaq qəzetçilik əsaslarına söykənən print media illərcə, hətta əsrlər boyu yaşaya bilir. Misal üçün, bu gün bizlər ötən əsrin əvvəllərində dərc edilmiş hər hansı bir yazı ilə bağlı maraqlanarsaq, onu kitabxanalardan əldə edə bilərik. Bu gün dünyanın bir sıra aparıcı dövlətlərində informasiya-kommunikasiya nə qədər tərəqqi etsə belə, həmin ölkələrdə print medianın qorunub-saxlanılması vacib amil olaraq həyata keçirilir. Əbəs deyil ki, hətta iki əsrdir ki, nəşr edilən qəzetlər belə, bu gün işıq üzü görməkdə, oxucularının qarşısına çıxmaqdadır. Bu baxımdan, qəzetçilik ənənəsinin bizdə, Azərbaycanda da qorunması, inkişaf etdirilməsi mütləq faktorlardandır. Söz yox ki, bu xüsusda Prezident İlham Əliyev qəzetlərə maliyyə yardımının ayrılması üçün daim öz göstərişlərini verir, KİVDF-nin elan etdiyi müsabiqələrdə qalib olan qəzetlər dövlətin bu yardımından maksimum qaydada yararlanır, gələcək iş prosesini müəyyənləşdirir, konsepsiyasını qurur. Bu faktın özü də deməyə əsas verir ki, Azərbaycanda qəzetçilik ənənələrinin qorunması dövlətin və dövlət rəhbərliyinin daimi diqqəti mərkəzindədir. Düşünürəm ki, print media bundan sonra hələ uzun illər öz uğurlu fəaliyyətini davam etdirəcək.
- Azərbaycanda söz və ifadə azadlığının inkişafında mətbuatın rolu və yeri necədir, qarşıda milli mətbuatı hansı uğurlar gözləyir?
- Son illər Azərbaycanda kompüter texnologiyalarının, eləcə də söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoydu. Uzun illər informasiya blokadalarının əsiri olmuş, dünyada baş verən hadisələrdən bir qədər uzaq olan ölkəmizdə hazırda media özünün uğurlu transformasiya mərhələsini yaşamaqdadır. Azərbaycanda da azad sözün ifadə vasitəsi olan internetin rolu artmaqdadır. Ölkəmizdə yeni media formalaşma prosesində olsa da, bloqlar, forumlar, xəbər portalları kifayət qədərdir.Bu və bu kimi digər mühüm məsələlərin təhlilini apararkən əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev də Ümummilli Lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan dövlətimizin başçısı, cənab Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir, bu şərtin əsaslarını mükəmməlliklə təhlilini aparır. O, bu barədə fikirlərini bölüşərkən vurğulayıb ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin: “Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.Daha bir məqam isə budur ki, Azərbaycan mətbuatı üçün digər böyük hadisələrdən biri də jurnalistlər üçün yaşayış evlərinin tikintisidir. Bu isə mətbuat işçilərinin məişət problemlərinin də diqqətdə olduğunun göstəricisidir.Bəli, məhz Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir. Dövlətimizin başçısı bunu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi, əbədi və uğurlu ənənələri davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, azad medianın təmin edilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Odur ki, Azərbaycan mətbuatı da, Azərbaycan jurnalisti də, haqlı olaraq ölkə Prezidentini – cənab İlham Əliyevi özünün dostu hesab edir və bundan sonra da edəcək.Son olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə, mətbu ənənələrə malik olması demokratik milli jurnalistikanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Bu gün ölkə mətbuatı ictimai-siyasi və mədəni həyatımızın inkişafında mühüm rol oynayaraq, bizi böyük və mübariz xalq olaraq dünyaya tanıdır. Söz yox ki, biz mətbuat işçiləri də öz vəzifəmizin öhdəsindən layiqincə gəlib, milli mətbuatımızı dövlətçilik konsepsiyası əsasında uğurlarımızı davam etdirəcəyik.

sia.az

Digər xəbərlər