Müsahibə

  • 8 330

Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını təsdiq etdi

image

Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev

- Naqif müəllim,“Böyük Ermənistan" xəstəliyinə tutulmuş erməni daşnakları ilə qonşuluqda yaşamaq, öz ərazimizdə, dədə-baba torpağımızda bu namərdlərə yer vermək xalqımızın taleyinə terror, işğal, soyqırım, deportasiya kimi faciələrin, dəhşətlərin yazılmasına səbəb oldu...
- Mənşə etibarilə Qafqaz xalqları sırasına mənsub olmayan ermənilər sabun köpüyünə bənzəyən niyyətlərinin puçluğunu göstərməmək üçün illərdir dəridən-qabıqdan çıxır, ən alçaq və rəzil üsullardan istifadə edərək qonşu xalqların torpaqlarını zəbt etmək və onları özlərinin dədə-baba yurdu adlandırmaq üçün hər cür riyakarlıqdan çəkinmirlər. Tarix boyu Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən Ermənistan faşist ideologiyasından əl çəkmək istəmir.
Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurdundan didərgin salan işğalçı Ermənistan hakimiyyəti bir çox beynəlxalq təşkilatların çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə məhəl qoymayaraq hələ də işğalçı mövqeyində qalır. XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanan Xocalı soyqırımı ermənilər üçün yetərli olmadı. “Dənizdən dənizə” sarsaq xülyaları naminə insanlığa qarşı ən ağır cinayətlərə- dinc əhalinin vəhşicəsinə kütləvi qırğınına əl atmaqdan usanmayan barbar ermənilər yeni qətliamlara qərar verdilər.
Erməni terrorçuları 28 il sonra ikinci Xocalı soyqırımını törətdilər. İşğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, habelə, 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, dinc sakinlərimizi bilərəkdən hədəfə almaqda davam edir. Azərbaycan ilə Ermənistan arasında humanitar əsasda atəşkəs elan edilməsinə baxmayaraq, erməni tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur.
- Azərbaycanın ikinci ən böyük şəhəri olan, 500 mindən çox əhalinin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən Gəncənin dayanmadan erməni vandalları tərəfindən raket və artilleriya atəşinə məruz qalmasıinsanlığa qarşı növbəti cinayət kimi tarixə yazıldı. Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsi beynəlxalq təşkilatların münasibəti necə oldu?
- Oktyabrın 11-də gecə saatlatında Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmri ilə atılan qadağan olunmuş raket 3 yaşayış binasını dağıtdı, yerlə yeksan etdi. Ermənistanın dinc və günahsız azərbaycanlılara qarşı törədilən növbəti terror aktı, barbar və vəhşi hücumu nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 40 nəfər yaralandı, 3 uşaq hər iki valideynini itirdi. Uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı bir nöqtəsini vurmaları onların xain planlarının bir hissəsi idi.
Hiyləgər, məkrli siyasətindən geri qalmayan düşmən Gəncəni ilk dəfə. oktyabrın 4-də raket hücumuna məruz qoyub. O zaman 1 nəfər həlak olub, 20-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarət alıb. Oktyabrın 17-də erməni təcavüzkarlarının Gəncəyə növbəti hücumu nəticəsində isə 14 nəfər qətlə yetirildi, 55 nəfər isə müxtəlif xəsarət aldı. 4 oktyabr 2020-ci il tarixindən indiyədək ermənilərin müharibə çinayətləri Gəncədə 25 mülki şəxsin həyatına son qoyub, 120-dən çox dinc sakinin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub. Eyni zamanda erməni vandalizmi nəticəsində çoxsaylı yaşayış binası tamamilə dağılıb, 100-lərlə obyektə, ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ciddi ziyan dəyib.
Heç bir beynəlxalq konvensiya və hüququ tanımayan, istənilən sənədi ayaqlayan, əldə olunmuş razılaşmanı, atəşkəsi xaincəsinə pozan Ermənistanın əməllərinə, Gəncədə törədilən vandalizmə, soyqırımına 28 il əvvəl olduğu kimi yenə də dünya birliyi, beynəlxalq təşkilatlar səssiz qalır. Dünya səsini çıxarmadıqca daha da azğınlaşan erməni hakimiyyəti cəbhədəki uğursuzluqlarını ört-basdır etmək üçün dinc sakinləri hədəf alır, vətəndaşlarımız arasında təşviş yaşatmağa çalışır. Ön cəbhədən uzaq yaşayış məntəqələrinə, mülki obyektlərə, dinc əhaliyə, o cümlədən uşaq, qadın və qocalara atılan raketlər sübut edir ki, gözünü qan örtmüş düşmən öz arzu və xain niyyətlərini reallaşdırmaq üçün daha irəli gedir. Döyüş meydanında uduzmağın əvəzini Azərbaycanın dinc əhalisinə, mülki obyektlərinə zərbə endirməklə çıxmaq istəyən Ermənistan rəhbərliyinin cəbhədən uzaq Gəncə və Mingəçevir şəhərlərini vurması dövlət terrorizmi və bəşəri çinayətdir. Ermənilərin son vandallıq və soyqırım aksiyası insanlıq prinsiplərinə açılan amansız atəş, beynəlxalq normalara açıq meydan oxumaqdır. Dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, mülki əhalinin öldürülməsini qadağan edən beynəlxalq konvensiyaların yerinə yetirilməsinə məsuliyyət daşıyan, buna nəzarət etməli olan beynəlxalq təşkilatlar Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır.
Müharibə, terror, qəddarlıq - erməni cinayətləri bitmir. Ermənistan tərəfi nə tarixi, nə mədəni, nə də dini dəyərlərə məhəl qoymur. Əslində təəccüblü deyil. Öz vahid coğrafiyası, dədə-baba torpağı olmayan, ona dəstək olan, qol-qanad açan qonşunun yurduna xaincəsinə göz qoyan, dinc sakinlərinə hücum edən, terror aktı törədən millətdən bundan artıq nə gözləyəsən. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər, qanlı terror aktları hərbi və siyasi təxribat kimi qiymətləndirilməli, dünya birliyi erməni azğınlıqlarına səssiz qalmamalıdır. İnanırıq ki, oktyabrın 12-də, 17-də Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olmaq üçün Gəncəyə səfərə gələn ölkəmizdəki diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri erməni vəhşiliyini dünyaya bəyan edəcək. Mülki əhaliyə qarşı törətdilən vandalizm aktını şəkillərdən, videolardan deyil canlı-canlı izləyən dünya xalqlarının nümayəndələri hərbi cinayətlər törədən, dinc əhalini hədəfə alan Ermənistanın vandallığını, barbarlığını, səngimək bilməyən faşist ideilogiyasını beynəlxalq ictimaiyyətə çatdıracaqlar. Dünya şahid olsun ki, faşist xislətli erməni daşnakların saxta torpaq iddiası altında Azərbaycan xalqı soyqırıma məruz qalır, evləri yerlə yeksən edilir, dinc sakinlər qətlə yetirilir. Beynəlxalq ictimaiyyət görsün ki, bir tərəfdən işğalçı Ermənistan Moskvada sülh danışıqlarınına gedir, guya humanist dövlət olduğunu göstərir, digər tərəfdən isə gecə saatlarında Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutur. Adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirən Ermənistan dinc insanları və şəhərləri atəşə tutması ilə barbarlığını təsdiq etdi.
- Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşların kompakt yaşadıqları əraziləri ağır artilleriya və raketlərdən hədəfə alması Gəncə sakinlərinin əzmini qıra bilmədi. Hər zaman hadisə yerində, terror aktından zərərçəkən vətəndaşların yanında olduğunuz üçün bu barədə fikirlərinizi bizmlə bölüşərdiz.
- Bütün dəyərləri ayaq altına almış çox radikal bir düşmənlə üz-üzə dayanan qədim Gəncə şəhəri erməni terrorizminə, vandalizminə qarşı müqavimət rəmzinə çevrilib, erməni qəddarlığına, ölçüyəgəlməz azğınlıqlarına sinə gərir. Gəncə əhalisi anlayır ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan hərbçiləri dinc sakinləri hədəf almaqla təşviş yaratmaq istəyir. Ermənistan tərəfindən Gəncəyə raketlərin atılmasına baxmayaraq, şəhər əhalisi Azərbaycanın cəbhəboyu bölgələrinin vətəndaşları kimi mənfur qonşuların məkrinə, hiyləsinə, təcavüzkar siyasətinə qarşı güclü və məğrur dayanıb. Hətta Gəncə sakinləri digər rayonların sakinləri ilə telefonla danışarkən onlara da ruh yüksəkliyi verirlər. Dağıntıların altından çıxarılan yaralı uşaqdan birinin - balaca Bəxtiyarın öz xilaskarlarına dili tutar-tutmaz dediyi "...Bu, mənim yadımdan çıxmayacaq...” sözləri ermənilərə, erməni vandalizmini dolayısı ilə dəstəkləyənlərə bir mesaj oldu. Azyaşlı öz xalqına məxsus - qürur, əyilməzlik, düşməndən qorxmamaq kimi mübarizlik nümayiş etdirdi. Bəxtiyarın üz-gözünə bulaşan qanlı göz yaşları, baxışları arxasından təbəssümlə birlikdə düşmənə nifrət boylandı.
Bu gün işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda savaş gedir. Prezident, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi - diplomatik sahədə də məğlubiyyətə uğradır. Hər ötən gün düşmənin istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından imkanları tükənməkdədir. Cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşməni darmadağın edərək irəliləyir. Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun uğurları ilə davam edir. Hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Hər bir Azərbaycan sakini kimi Gəncəlilər də inanır ki, yaxın günlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bizə qələbə sevincini yaşadacaq, regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinə birdəfəlik son qoyacaq. Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var - Zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq.

yap.org.az

Digər xəbərlər