Müsahibə

  • 7 998

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizin ən şərəfli səhifələri yazılır

image

Milli Məclisin deputatı Anar Məmmədov

-Anar müəllim, bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, nüfuzlu ölkə kimi tanınır. Bu barədə fikirlərinizi bilmək istərdik...
-Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident İlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqın mənafeyini rəhbər tutmuşdur.
Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 17 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bununla yanaşı, ölkənin artan imkanları hesabına insan kapitalının formalaşması, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəlmiş, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilmişdir.
-Ötən dövr ərzində sosial-iqtisadi inkişafla yanaşı, ölkədə hərtərəfli islahatların həyata keçirilməsi baxımından da mühüm nailiyyətlər əldə olunub. Bu haqda nə deyə bilərsiniz?
Bu zaman keçidində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. İqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan vermişdir. Həmçinin, məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır.
Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Birinci vitse-prezident vəzifəsinə təyinatından sonra Mehriban xanım Əliyeva dövlətin sosial siyasətinin daha uğurla həyata keçirilməsinə öz töhfələrini verməkdədir.
-Azərbaycan ordu quruculuğu istiqamətində də çox ciddi uğurlara imza atıb. Bu gün şanlı ordumuzun gücü hesabına işğal altında olan torpaqlarımızın bir hissəsi azad edilib və bu proses davam etməkdədir...
-Bəli, ötən 17 ildə bütün digər istiqamətlərdə olduğu kimi, müasir ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil oldu. Bu gün şanlı Azərbaycan Ordusu Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir çox kəndlərini, Tərtərin Suqovuşan və Talış kəndlərini, Hadrut qəsəbəsini, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini düşməndən təmizləyərək öz müzəffər yürüşünü davam etdirir, Ali Baş Komandanın dediyi kimi düşmənə dərs verir və öz uğurlu əməliyyatları ilə Azərbaycan xalqını sevindirir, sözlə ifadəsi mümkün olmayan hislər yaşadır.
Azərbaycan xalqı öz Prezidentinə, Onun komandanlığı ilə qələbələr qazanan rəşadətli ordumuza inanır və yaxın günlərdə üçrəngli bayrağımızın Xankəndi, Şuşa və digər yaşayış məntəqələri üzərində dalğalanacağına əmindir. Haqq işi uğrunda vuruşan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən ordumuzu alqışlayır, düşmənə tezliklə tam diz çökdürməsini, qələbə qazanmasını arzulayırıq. İnşallah, belə də olacaq!

yap.org.az

Digər xəbərlər