Azərbaycan tarixi Qələbəyə imza atmaqla həm də regionun geosiyasi mənzərəsini tamamilə dəyişməyə müvəffəq oldu

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov

- Ramin müəllim, məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında bəyanat imzalanıb. Bu bəyanatı necə dəyərləndirirsiniz?
-Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atdı. Bunu artıq nəinki Ermənistanda, eyni zamanda, beynəlxalq aləmdə də hər kəs etiraf edir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə qazanılmış bu Qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, ehtiva etdiyi səbəb və nəticə etibarilə Ermənistanın tam məğlubiyyəti və bizim qələbəmizdir. Hərb meydanında məğlubiyyətini dərk edən işğalçı Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin müharibənin ilk günlərindən elan etdiyi şərtləri qəbul etdi, başqa sözlə, kapitulyasiya şərtlərinə razılıq verdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü, zəmanətli vaxt cədvəli təqdim etdiyi halda, hərbi əməliyyatlar dayandırıla bilər. İndi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə bu, öz maksimalist, sülhtanımaz, hüquqbilməz mövqeyindən tamamən geri çəkilməkdir. Qarşı tərəf öhdəliyinə əməl etməzsə, öz etibarsızlığını, qeyri-ciddi dövlət olduğunu bir daha nümayiş etdirmiş olacaq. Buna görə də, cavabını alacaq. Ermənistan artıq çox yaxşı başa düşür ki, artıq hiylələri qətiyyən keçmir.
Birgə bəyanatda Ermənistan dövləti öhdəlik götürüb ki, dekabrın 1-dək Azərbaycanın işğal altında olan Kəlbəcər Ağdam və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Paralel olaraq, sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Azərbaycan Prezidenti həmişə vurğulayıb ki, müharibənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısının alınacağına dəlalət edir. Bir məqam da xüsusi əhəmiyyətlidir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan blokadadan azad olur. Ermənistan öz ərazisi ilə Naxçıvanla Azərbaycanın qərb rayonları arasında zəmanətli, təhlükəsiz dəhlizin yaradılmasını üzərinə götürür.
-Bəyanatla bağlı fərqli fikirlər söyləyənlər də var. Bu barədə nə deyə bilərsiniz?
-Bu bəyanatın imzalanmasına qədər 44 günlük fəal müharibə yolu keçildi. Azərbaycan Vətən müharibəsində dövlət-xalq birliyi öz təntənəsini yaşadı, zirvə məqamlarla tarixə düşdü, örnək oldu. Azərbaycan Silahlı Qüvvələri mülki insanlarla müharibə aparmadığını, hərbçinin işinin hərb meydanında olduğunu göstərdi. Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində olmayan ordumuz, hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsinin heç də çətin bir vəzifə olmamasına baxmayaraq, Ermənistanın və dünya erməniliyinin gözlədiyi addımı atmadı. Yəni, bədnam erməni təbliğatı məhz bu məqamı gözləyirdi. Gözləyirdi ki, hazır ştativlər üzərindəki çəkiliş kameraları və saxta videolarla Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın, hay-küy salsın. Dövlətimizin bütün bu çirkin niyyətlərin qarşısını aldı. Ermənistan elə bir duruma salındı ki, yalnız məğlubiyyətə düçar oldu.
-Azərbaycanın gücü qarşısında məğlub duruma düşən Ermənistanda daxili vəziyyət hazırda kritikdir...
- Azərbaycan həmişə rəsmi şəkildə, Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bildirib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də, Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışının mümkünlüyünü vurğulayıb. Monoetnik Ermənistanın sözdə “demokrat”, əməldə isə diktator baş naziri isə birgəyaşayışın qeyri-mümkünlüyündən danışırdı. Paşinyan, çoxmillətli, sivilizasiyalar və mədəniyyətlərarası dialoq ünvanı Azərbaycanı qara rəngdə göstərmək, gözdən salmaqçün əlindən, ağlından, əlaqələrindən gələn hər şeyi etdi, dəridən-qabıqdan çıxdı, amma “dəmir” yumruq qarşısında geri çəkilməyə məcbur oldu. Maksimalist Paşinyan indi nə öz xalqına, öz ölkəsinin siyasilərinə, ictimai fəallarına cavab verə bilir, nə bizim qarşımıza çıxmağa üzü var. Öz aqibətini öz səbatsız addımları ilə cızan Paşinyan, tarixin təkərini geri döndərmək mümkün olsaydı, heç hakimiyyətə gəlməzdi. Yəqin ki, o “Qarabağ Ermənistandır və nöqtə” sözlərinə və Şuşada sərxoş halda yallı getməsinə görə çox peşimandır. Amma atalar məsəlində deyildiyi kimi, sonrakı peşimançılıq fayda verməz.
Qətiyyətli siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev bütün təzyiqlərə qarşı çıxaraq öz prinsipial mövqeyindən dönmədi. Dövlət başçısının dünyanın aparıcı media orqanlarına verdiyi otuza yaxın müsahibə də dünya birliyində ölkəmizə qarşı əsassız hücumları zərərsizləşdirməkdə mühüm rol oynadı. Bir sözlə, Ermənistanın, onun havadarlarının, dünya erməniliyinin işğala və Azərbaycan ərazilərinin zəbt olunmasına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən doğma yurd həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, əksinə nə qədər yenilməz xalq olduğumuzu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində qazandığımız qələbə Prezident İlham Əliyevin son 17 il ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir. İnanırıq ki, işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması nəticəsində həyat yenidən canlanacaq, insanlarımız xoşbəxt və fiərvan yaşayacaqlar.

yap.org.az