Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa ziddir və qəbulolunmazdır

Milli Məclisin deputatı Nəsib Məhəməliyev

- Nəsib müəllim, hazırda Azərbaycan cəmiyyətində möhtəşəm qələbə əhval-ruhiyyəsi davam edir. Bu barədə sizin fikirləriniz bilmək istərdik...
- Hər bir xalq keçdiyi tarixi yola, mədəniyyətinə, milli mənəvi dəyərlərinə uyğun əlamətdar günləri bayram olaraq müəyyənləşdirir. Bu bayramların bəziləri mənsub olduğumuz milli-dini, digərləri isə müstəqilliyimiz, onun bərpası, dövlət quruculuğu ilə əlaqədar qeyd olunur. Amma 10 noyabrdan başlayaraq, dünya azərbaycanlılarının qeyd etdiyi Böyük Qələbə bayramının sevinci, bəxş elədiyi xoşbəxt hisslər tam fərqlidir.
XX əsrin sonlarında taleyin hökmü ilə xalqımız sınağa çəkildi. Tarixi şəraitin yaratdığı boşluqdan sui-istifadə edən bədnam qonşularımız Dağlıq Qarabağı və ətraf rayonları işğal etdi. 30 il ərzində dünya erməniliyinin və havadarlarının dəstəyi ilə güclü müdafiə istehkamları qurmasına baxmayaraq, müzəffər ordumuz cəmi 44 gün ərzində düşmən ordusunu darmadağın etdi. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi strategiya və taktika dünya hərb tarixində özünəməxsus yer tutdu. Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşanın azad edilməsi əməliyyatı isə, ən yüksək rəğbətə layiqdir. Bu böyük Qələbədir və Azərbaycan Ordusunun, Ali Baş Komandan İlham Əliyevin xalqa bəxş etdiyi, tariximizə qızıl hərflərlə yazdığı Qələbədir.
Milliyətindən, dinindən, irqindən asılı olmayaraq, hər bir azərbaycanlı bu Qələbənin əldə olunmasının çətinliyini, bütün etik normaları inkar edən, xəstə təfəkkürlü düşmənin əksər güclü dövlətlər tərəfindən dəstəkləndiyini gözəl başa düşür. Xoşbəxtlikdən bütün çətinliklərə sinə gərməyi bacaran, xalqın maraqlarını hər şeydən üstün tutan, beynəlxalq münasibətlər sistemini, tarixi və geosiyasi reallıqları yüksək səviyyədə mənimsəmiş cənab İlham Əliyev kimi Liderimiz var. Məhz Onun zərgər dəqiqliyi ilə ölçüb-biçdiyi siyasi-diplomatik, hərbi-strateji gedişləri, 10 milyonluq xalqı öz ətrafında yumruq kimi toplamaq bacarığı, tarixi Qələbəmizi təmin etdi.
Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Qazilərimizə şəfa versin. Onların Vətən sevgisi, torpaq uğrunda ölümün gözünə dik baxmaları, dünya ölkələri arasında Azərbaycanın nüfuzunu daha da artırdı. Minilliklər keçəcək, dünya durduqca Ali Baş Komandan və Vətən müharibəsinin bütün iştirakçıları gələcək nəsillər tərəfindən minnətdarlıqla anılacaqlar. Bu möhtəşəm Qələbənin yaratdığı əhval-ruhiyyəni isə sözlə ifadə etmək yox, onu bütün varlığınla yaşamaq lazımdır.

- Artıq Ağdam və Kəlbəcər rayonları qan tökülmədən azad olunub. Dekabrın 1-dək isə Laçın rayonu azad ediləcək...
- Ağdam, Kəlbəcər rayonları, Azərbaycan, Rusiya Prezidentlərinin imzaladığı bəyanata və Ermənistanın baş nazirinin qəbul etdiyi kapitulyasiya aktına uyğun olaraq döyüşsüz boşaldılır. Dekabrın 1-ə Laçın rayonu təhvil veriləcək. Təbii ki, bu 3 rayonun döyüşsüz boşaldılması, Ordumuzun Cəbrayıl, Füzuli,Qubadlı rayonlarını, Hadrutu, Suqovuşanı, Şuşa şəhərini gərgin döyüşlər nəticəsində azad etməsindən keçir. Əlavə itkilər vermədən, bu üç rayonun boşaldılması ölkə Başçısının qətiyyəti və siyasi iradəsi nəticəsində əldə olunub.
Artıq Ordumuzun hissələri Ağdamda və Kəlbəcərdə yerləşiblər. Üçrəngli bayrağımız o bölgələrdə dalğalanır. İnşallah, dekabrın 1-də Laçında dalğalanacaqdır. Azərbaycan xalqı bununla fəxr edir və qiymətləndirir. Bundan gözəl nə ola bilər.
- Qazanılan qələbədə milli birliyimizin və həmrəyliyimizin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Qələbəni şərtləndirən əsas amillərdən biri milli birlikdir. Uzun illərdən bəri 2016-cı ilin aprel döyüşlərində xalqımız yekdil birlik nümayiş etdirdi. Təəssüf ki, o dövrün geosiyasi reallıqları imkan vermədi ki, işğala son qoyula. Sonra bu ilin iyul ayında Tovuz istiqamətində baş vermiş təxribatlar zamanı xalq ayağa qalxdı və düşünürəm ki, bu günki böyük Qələbəmizin əsası onda qoyuldu. Xalqı yumruq kimi birləşdirmək hər Liderə nəsib olmur. Belə bir xoşbəxtlik cənab Prezident İlham Əliyevə nəsib oldu. Öz xalqının tarixinə qalib sərkərdə kimi düşmək isə, ən böyük xoşbəxtlikdir.
- İşğaldan azad olunmuş ərazilərimizin potensialını necə qiymətləndirirsiniz? Sizcə, bu amil ölkəmizə nə kimi iqtisadi dividentlər qazandırır?
- Əvvəla, o ərazilər, erməni daşnaklarının xaotik şəkildə basdırdığı minalardan təmizlənməli, sonra isə kommunikasiya xəttləri çəkilməli, infrastruktur layihələri icra olunmalıdır.
Məlumdur ki, erməni vandalları orada daşı daş üstündə qoymayıblar. Yeni şəhərlər, qəsəbələr, kəndlər salınmalıdır. Məskunlaşma işləri aparılmalıdır. Təkcə bərpa işlərinə milyardlarla vəsait lazımdır. Həyatda özünü təsdiq etmiş bir deyim var: “Təbiət boşluğu sevmir”.
İşğaldan azad olunmuş ərazilər kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaqları, iqlimi, su ehtiyatları ilə digər bölgələrdən seçilir. Yeraltı və yerüstü təbii sərvətlərə, turizm potensialına malikdir. Bərpa və yenidən qurma işlərində yüz minlərlə iş yerləri açılacaq, yerli xammalın emalı nəticəsində sənayenin ayrı-ayrı sahələri inkişaf edəcəkdir. Konkret olaraq Zəngilanın, Kəlbəcərin qızıl yataqları, mineral suları, Ağdamın və digər rayonların şərabçılıq sənayesini və s. qeyd etmək olar. Bütün bunlar Azərbaycan iqtisadiyyatında, ümumi daxili məhsulun artımında xeyli irəliləyiş deməkdir.
- Nəsib müəllim, Fransa Senatı “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə qəbul edib. Buna münasibətiniz necədir?
- Azərbaycan 44 gün davam edən Vətən müharibəsində beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq özünü müdafiə edib, öz ərazi bütövlüyünün təmin olunması istiqamətində müvafiq addımlar atıb. Ölkəmizin haqq işi qələbəmizlə nəticələnib. Görünür, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında öz haqqını bərpa etməsi işğalçı Ermənistanın havadarlarını ciddi şəkildə narahat edir. Bunlardan biri də Fransadır.
Bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval-ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə beynəlxalq hüquqa tamamilə ziddir. Qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Bu sənəd BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Nəzərə alsaq ki, həmin qətnamələrin qəbul edilməsinə Fransa da səs verib, Senatın bu addımı öz-özünü inkar mənası verir. Təbii ki, bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Amma ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir. Bu sənədin qəbul olunması ilə Fransanın həmsədr kimi neytralığı pozulmuş olur.
Bilirsiniz ki, məsələ ilə bağlı Milli Məclis Fransa Senatının qərarı ilə bağlı etiraz bəyanatı qəbul edib. Azərbaycan parlamenti haqlı olaraq Fransa Senatına qarşı kəskin etirazını bildirib. Qəbul olunmuş bəyanatda Azərbaycan hökumətinə çağırış edilir ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət olunsun. Eyni zamanda, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın. Bəyanatda həmçinin, Azərbaycanla Fransa arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlərin görülməsi də töbsiyə edilir. Bütün bunlar çox doğru addımlardır. Fransa və digərləri anlamalıdır ki, müstəqil Azərbaycan dövləti güclüdür və onunla diqtə dili ilə danışmaq mümkün deyil.

yap.org.az