Müsahibə

  • 5 168

“YAŞAT” Fondunun yaradılması sosial sifariş idi

image

Milli Məclisin deputatı Sevinc Hüseynova
- Sevinc xanım, Vətən müharibəsi zamanı Ermənistanın hücumuna məruz qalmış mülki şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı Azərbaycan hökuməti tərəfindən müvafiq addımlar atılmaqdadır. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Bilirsiniz ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində mənfur düşmən xislətinə uyğun olaraq mülki əhalini, yaşayış məntəqələrini hədəfə aldı. Bu təcavüz nəticəsində 100-ə qədər mülki şəxs həlak oldu, 400-dən çox insan yaralandı. Eləcə də, çoxlu sayda mülki infrastruktura ciddi ziyan dəydi. Gəncə, Bərdə, Tərtər şəhərlərinə və digər ərazilərə xain düşmən hücumları buna sübutdur.
Bu gün dövlətimiz Vətən müharibəsi zamanı Ermənistanın hücumuna məruz qalmış mülki şəxslərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirməkdədir. Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində müvafiq Sərəncam imzalanıb. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin, bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalanıb və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb.
Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirəsalınmadan davam etdirilir. Dekabrın 14-də cənab Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalanıb. Bu Sərəncamla təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödənilməsini təmin edəcəklər. Bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir.
- “YAŞAT” Fondunun yaradılmasının əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan, dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir.
Hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir.
Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Aktiv məşğulluq proqramlarında bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalaması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirəcək. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərəcək. Hesab edirəm ki, belə bir fondun yaradılması sosial, ictimai sifariş idi. Çünki müharibə günlərində insanlar ordumuza, əsgərlərin ailələrinə yardım etdikləri kimi, bundan sonra da şəhid ailələrinə və qazilərə dəstək göstərə biləcəklər. Demək olar ki, ölkəmizdə hər kəs torpaqlarımızı işğaldan azad edən bu qəhrəmanlarımızın ailələrinə dəstək göstərmək istəyir. Bu baxımdan, “YAŞAT” Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir.
Bütövlükdə, bu Fərman Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir”.
- Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər beynəlxalq müstəvidə ifşa olunmaqda davam edir. Bu baxımdan, “Human Rights Watch” təşkilatının yaydığı hesabat barədə nə deyə bilərsiniz?
- Ermənistan 30 ilə yaxın davam edən təcavüzkar siyasəti nəticəsində ölkəmizə və xalqımıza qarşı çoxsaylı hərbi cinayətlər törədib. Ölkəmizin apardığı 44 günlük Vətən müharibəsində də işğalçı dövlət cinayətkar mahiyyətinə uyğun olaraq dinc insanları, yaşayış məntəqələrini, mülki infrastrukturu hədəfə alıb, qadağan olunmuş silahlar istifadə edib. Bunun nəticəsində mülki şəxslər həlak olub, çox sayda insan isə yaralanıb.
Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri hadisə yerlərinə gedərək həmin cinayətlərin canlı şahidi olublar. Eləcə də bir sıra nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də həmin cinayətləri işıqlandıraraq dünya ictimaiyyətinə təqdim ediblər.
Bu baxımdan, beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araşdırmalara dair hesabatları da əhəmiyyətlidir. Bilirsiniz ki, bu təşkilat indiyə kimi Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirdi. Vətən müharibəsinin ilk günlərində də qeyri-obyektiv məlumatlar yayılırdı. Amma Azərbaycan hökuməti reallıqları, faktları əyani şəkildə görmək üçün bu təşkilatın nümayəndələrini ölkəmizə dəvət etdi. Çünki insan hüquqlarınin müdafiə təşkilatı olan “Human Rights Watch” öz missiyasını düzgün yerinə yetirməlidir.
Bu dəvət əsasında təşkilatın nümayəndələri ölkəmizə səfər etdilər və ermənilərin törətdiyi hərbi cinayətlərin canlı şahidi oldular. Təşkilatın yaydığı iki hesabatda Ermənistanın və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələrinin altı həftəlik müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrini dəfələrlə qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutduqları bildirilir. Vurğulanır ki, qadağan olunmuş silahların istifadəsi müharibə qanunlarının pozulmasıdır. Sənəddə mülki şəxslərin həlak olması və s. məsələlər əksini tapır. Təbii ki, bütün bunlar Ermənilərin hərbi cinayətlərinin beynəlxalq müstəvidə ifşa olunması baxımından önəmlidir. Eyni zamanda bu kimi hesabatlar erməni hərbi cinayətkarların məhkəmə qarşısına çıxarılması üçün vacib sənədlərdir.

yap.org.az

Digər xəbərlər