Moskva görüşü nəticəsində Azərbaycan 44 gün döyüş meydanında və 10 noyabrda siyasi müstəvidə qazandığı qələbəni daha da irəli apardı

Milli Məclisin deputatı Əziz Ələkbərli

- Əziz müəllim, yanvarın 11-də Rusiya Prezidentinin təşəbbüsü ilə Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu görüşün əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Yanvarın 11-də Rusiya Prezidentinin təşəbbüsü ilə Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti cənab Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş noyabrın 10-da tərəflər arasında imzalanan Bəyannamənin maddə-maddə həyata keçirilməsi istiqamətində irəliyə doğru atılmış növbəti uğurlu addım oldu. Görüşün anonsu əvvəldən verildiyindən Ermənistan ictimaiyyəti bir neçə gün əməlli-başlı həyəcan yaşadı, Paşinyanın Moskvaya getməsinin qarşısını almaq üçün çağırışlar, hətta hava limanına gedən zaman yolları kəsmək üçün cəhdlər edildi. Təbii ki, ermənilərin bu hərəkətləri başa düşülən idi. Məğlub ölkənin məğlub vətəndaşı noyabrın 10-da tərəflər arasında imzalanmış kapitulyasiya sənədinin mərhələ-mərhələ yerinə yetiriləcəyini, əks-təqdirdə bunun Ermənistan üçün çox ağır nəticələr verə biləcəyini çox yaxşı bilirdi. Lakin özünün olmayan oyuncağı əlindən geri alınmış və onun bir daha geri qaytarılmayacağını bilən uşağın çarəsiz halda özünü yerə çırpıb şivən qoparmaqdan başqa yolu da yoxdur və heç kəs də bu haqqı ona qadağan etmək fikrində deyil.
Amma Azərbaycan xalqı bu görüşü təmkinlə gözlədi, çünki qalib bir ölkənin qalib vətəndaşı bilirdi ki, bu görüşə 44 gün içində düşməni darmadağın edən, Qarabağda erməniyə heç bir status verilməyəcəyini və Azərbaycanın bir qarış torpağının da işğal altında qalmayacağını dəfələrlə bəyan edən müzəffər Ali Baş Komandanı gedir. O, nə vaxt nəyi necə etmək lazım gəldiyini hamıdan yaxşı bilir. Həmişə nə deyibsə, onu da edib və heç kəs deyə bilməz ki, bu ölkədə torpaqlarımızın işğaldan azad edilməsini kim isə cənab Prezident İlham Əliyevdən daha artıq istəyir.
Nəhayət ki, bu görüş baş tutdu. Dünya bu görüşü, necə deyərlər, nəfəsini içinə çəkərək izlədi. Biz də izlədik. Bir tərəfdə şax duruşu ilə müzəffər Ali Baş Komandanımız, digər tərəfdə Ermənistanın aylardır “nə oldu, Paşinyan?” sualına cavab verə bilməyən büzüşmüş, məğlub baş naziri. Dörd saata yaxın davam edən görüşün təfərrüatını tam bilməsək də, bu görüş nəticəsində imzalanmış sənəd – üçtərəfli bəyanat ortadadır. Bəyanat, gözlədiyimiz kimi, tam olaraq 10 noyabr Bəyanaməsinin 9-cu maddəsinin icrasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bütün bu işlərin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılmasına xidmət edir.
Başqa sözlə, söhbət Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Əslində, Paşinyan həm 10 noyabr, həm də 11 yanvar sənədlərinə imza atmaqla sübut elədi ki, Ermənistanda yeganə ağıllı adamdır, çünki hərbisi, iqtisadiyyatı və xüsusilə psixoloji durumu bərbad vəziyyətdə olan Ermənistanın bu gün yeganə çıxış yolu qonşu ölkələrlə və ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaqdır. Lakin bu üçtərəfli görüşün sonunda dövlət başçılarının keçirdiyi mətbuat konfransında Paşinyan dövlət başçısına yaraşmayan çıxışı ilə göstərdi ki, biz onun ağlı barədəki düşüncələrimizdə heç də haqlı olmamışıq, o da elə başqa ermənilərlə eyni ağılda imiş. Belə ki, həmin mətbuat konfransında həm Rusiya prezidentinin, həm də cənab İlham Əliyevin yüksək siyasi etika və diplomatik mədəniyyət nümayiş etdirərək görüşün gedişi haqqında verdikləri ümumi məlumata baxmayaraq, Paşinyan yenə də keçmiş Dağlıq Qarabağın “statusundan”, guya hərbi əsir olan erməni terrorçularının azad olunması məsələsindən danışdı və təzədən özünü gülünc vəziyyətdə qoyaraq etiraf etdi ki, hər iki məsələdə onun dediklərinə əhəmiyyət verən olmayıb.
Mənim isə görüş haqqında yekun fikrim budur ki, bu görüş və bu bəyanatla Azərbaycan 44 gün döyüş meydanında və 10 noyabrda siyasi müstəvidə qazandığı qələbəni daha da irəli apardı.
- Regionun gələcəyi baxımından mühüm faktor olan kommunikasiyaların açılması Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini nə dərəcədə gücləndirəcək?
- Bəli, dediyim bütün məsələlərə rəğmən, biz kommunikasiyaların açılmasına razılıq verdik. Çünki Azərbaycan həmişə humanist ölkə olub, biz xalq olaraq da həmişə son tikəmizə qədər qonşularımızla paylaşmağa üstünlük vermişik. Bundan əlavə, bizim üçün vətəndaşımızın rifahı hər şeydən irəli olub. 30 ildir əhalimizin Naxçıvanda yaşayan kəsimi blokadadan əziyyət çəkir, biz onların rahatlığı naminə Ermənistan kimi terrorçu bir dövlətə və erməni kimi xalqımızın qanına susamış yaramaz bir topluma dirçəlmək şansı veririk.
Heç şübhəsiz, Azərbaycanın bu humanizmi beynəlxalq güclər və humanitar təşkilatlar tərəfindən də layiqincə qiymətləndirilməlidir. Azərbaycanın bu mövqeyi, təbii ki, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini də gücləndirəcək. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin əsas subyektlərindən biridir, lakin Azərbaycan həm də Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm geostrateji mövqeyə, böyük tranzit imkanlarına malik bir ölkədir. Bundan sonra Azərbaycanın bu mövqeyi daha da möhkəmlənəcək. Bu kommunikasiyaların açılmasına şərait yaratmaqla biz təkcə özümüzün yox, həm də bir çox dövlətlərin, xüsusilə region ölkələrin iqtisadi və ticari inkişafına yaşıl işıq yandırmış olduq.
- Əgər Ermənistanda revanşistlər bu razılaşmaları pozmağa cəhd göstərsələr, kommunikasiyaların açılmasına mane olsalar, onda proseslər hansı məcrada dəyişə bilər?
- Əslində, bu gün bu kommunikasiyaların açılması tək Azərbaycana yox, həm də və bəlkə daha çox region ölkələrinə, o cümlədən Rusiyaya, ən çox da Ermənistana lazımdır. Son 30 ilin təcrübəsi göstərdi ki, bu kommunikasiyalarsız da Azərbaycan öz iqtisadi inkişafını təmin edə bilər və etdi də. Amma bu gün ortada onillər boyu bütün regional layihələrdən kənarda qalmış, üstəlik, 44 günlük müharibə nəticəsində iqtisadiyyatı darmadağın olmuş, İrana çıxış imkanları məhdudlaşmış, Azərbaycan torpaqlarını işğal sayəsində onillər ərzində bir sıra dövlətlərin və xarici şirkətlərin siyasi və iqtisadi maraqlarını özünə cəlb edərək onların imkanlarından faydalansa da, artıq bu gün bu imkanlardan da məhrum olmuş, region dövlətləri ilə münasibətləri daha da kəskinləşmiş bir Ermənistan var.
Bu gün Ermənistan bir dövlət olaraq tamamilə məhv olmaq təhlükəsi qarşısındadır. Əgər bu gün bu kommunikasiyalar açılmasa, Ermənistan yeni bir müharibə məcburiyyətində qala və ərazilərinin böyük bir hissəsini çox asanlıqla itirə bilər. Ermənistanda bunu çox yaxşı dərk edirlər, amma ənənəvi erməni xislətini ortaya qoyurlar, guya ki, bu kommunikasiyaların açılması ilə ermənilər Azərbaycana və region dövlətlərinə çox böyük güzəştə gedirlər və bunun müqabilində onlara hansısa yeni imtiyazlar verilməlidir. Amma bu dəfə keçməz! Bu kommunikasiyalar müqabilində biz ermənilərə çox böyük güzəşt – Laçın dəhlizi vermişik. Əgər ermənilər kommunikasiyaların açılmasına mane olurlarsa, buyursunlar, biz Laçın dəhlizini bağlaya bilərik. Nəticədə İrəvandan daşıyıb Qarabağa tökdükləri ermənilərini onların özlərinə qaytararıq. Onda bilirsiniz nə baş verəcək? Onda Ermənistanda vətəndaş müharibəsi başlayacaq və qan su yerinə axacaq.

yap.org.az