Dövlətimiz və millətimiz 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutur

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı

- Musa müəllim, 20 Yanvar faicəsinin 31-ci ildönümü tamam olur. 20 Yanvar hadisəsinin tariximizdəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...
- 20 Yanvar hadisəsinin tariximizdəki yeri və rolunu dərindən bilməkdən ötrü ilk növbədə ona gətirən prosesləri öyrənmək və təhlil etmək lazımdır. Məlum olduğu kimi, Qarabağ bölgəsinin heç bir zaman Ermənistan tərkibində və erməni kütləsinin təsiri altında olmamasına baxmayaraq, Ermənistan SSR onu ələ keçirmək üçün müxtəlif zamanlarda əsassız iddialar irəli sürüb. 1985-ci ilin martında M.S.Qorbaçov SSRİ rəhbərliyinə gətirildikdən sonra bu iddialar daha da artdı. Ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək məqsədlərinə çatmaq üçün ilk növbədə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin üzərinə total böhtan dolu hücuma keçdilər. Heydər Əliyev Sov.İKP MK-nın 1987-ci il oktyabrın 21-də keçirilən plenumunda vəzifəsindən azad edildikdən bir neçə gün sonra M.Qorbaçovun iqtisadiyyat məsələləri üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə yerli erməni nümayəndələri qarşısında etdiyi çıxışında Azərbaycanın Dağlıq Qarabağ regionunun guya “əlaqəsini” nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə sovet rəhbərinin razılığını aldığını bildirdi. Noyabrın 18-də “Humanite” qəzetində və tezliklə digər xarici ölkələrdəki erməni mətbuatı və radiostansiyalarının başlıca mövzusuna çevrilən bu bəyanatın ardınca Ermənistanın əsassız ərazi iddiaları artdı. Erməni nümayəndələri 1987-ci ilin noyabrında Moskvaya gedərək mərkəzi orqanlar qarşısında əsassız tələblərini irəli sürdülər. Ermənistandan nümayəndələr 1988-ci ilin fevralında da Moskvaya səfər edərək sovet orqanları qarşısında tələblərini irəli sürdülər. Bundan az sonra həmin ilin fevralın 11-də Xankəndidə (Stepanakert) mitinqlər və mövcud konstitusiya quruluşu əleyhinə fəaliyyətlər başladı. Ermənistandan gəlib Azərbaycanın Dağlıq Qarabağ regionunda təbliğat aparan “Qarabağ” və “Krunk” təşkilatlarının fəalları iki xalq arasında düşmənçilik toxumları səpir, separatçılığı qızışdırırdılar.
Azərbaycan cəmiyyətinin doğurmadığı Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycanın daxili işlərinə bilavasitə kobud müdaxiləsinin nəticəsi idi. Belə ki, 1980-ci illərin ortalarından etibarən Ermənistanda bir çox müəssisə və kooperativlər yarımleqal şəraitdə odlu silah, partlayıcı maddələr istehsal edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərir, sovet Ermənistanı rəhbərlərinin himayəsi altında qanunsuz silahlı birləşmələri silah və sursatla, rabitə vasitələri, o cümlədən, nəqliyyatla təmin edirdilər.
Münaqişənin başlanmasına SSRİ-də gedən bir sıra daxili amillər təsir etdi. Ətrafındakı erməni xadimlərinin təsiri altında olan M.S.Qorbaçov yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətini həyata keçirə bilmədiyi üçün yerlərdə günahkarlar axtarmağa və onları cəzalandırmağa cəhdlər edirdi. SSRİ-nin dağılmasında maraqlı olan bəzi dövlətlər də milli münasibətləri qızışdırırdılar. Sovet İttifaqını demokratik və güclü bir dövlət kimi görməkdə maraqlı olmayan həmin ölkələr onu daha tez dağıtmağın yolunun ən zəif həlqə olan milli münasibətlərin kəskinləşdirilməsindən keçdiyini gözəl bilirdilər.
Mərkəzi hökumətin azərbaycanlıların etirazlarına məhəl qoymaması və hüquqlarını qorumaması nəticəsində Azərbaycanda vəziyyət daha da pisləşdi. Uğursuzluqlar daxili siyasi sabitsizliyə və böhrana gətirib çıxardı. Bakıda mitinqlər ara vermirdi. Əhali Ermənistanın təcavüzünü dayandırmağı, Dağlıq Qarabağ regionunda vəziyyəti normallaşdırmağı, Ermənistandan qovulan və küçələrdə qalan adamların problemlərinin həllini tələb edirdi. Xalqdan ayrı düşümüş Azərbaycan hakimiyyəti isə bunları yerinə yetirməyə qadir deyildi. Hakimiyyət orqanları fəaliyyətsiz idilər. Respublikanın paytaxtında vəziyyət nəzarətdən çıxırdı. Azərbaycanın bölgələrin-də də vəziyyət gərginləşmişdi. Bir neçə rayonda Azərbaycan Xalq Cəbhəsinin fəalları hakimiyyət orqanlarını ələ keçirdilər. Yanvarın 11-12-də Lənkəranda mitinqçilər Azərbaycan KP şəhər partiya komitəsinin və yerli radiostansiyanın binalarını tutdular. Sovet qoşun hissələrinin Bakı şəhərinə girməsinə haqq qazandırmaq üçün sovet xüsusi xidmət orqanları və erməni kilsəsi təxribat törədək yanvarın 13-də Bakıda yaşayan bəzi ermənilərə qarşı zorakılıq hərəkətlərini təşkil etdi. Mötəbər arxiv mənbələrinin birindən aydın olur ki, Bakıda ermənilərə qarşı zorakılığı erməni kilsə xadimləri təşkil ediblər.
Yanvarın 17-dən etibarən Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə başlandı. Azərbaycana yeridilən sovet əsgərlərinin sayı artıq yanvarın 19-da 24 min nəfərə çatmışdı. Azərbaycan xalqı sovet qoşun hissələrinin qarşısında əliyalın qalmışdı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Enerji blokunun partladılmasında başlıca məqsəd ordu hissələrinin Bakıda törətdikləri qanlı hadisələrdən əhalinin xəbər tuta bilməsinin və televiziya ilə müraciət edilməsinin qarşısını almaq idi. Nəticədə əhali baş verən hadisələr barədə heç bir informasiya ala bilmədi. M.Qorbaçov Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə dekret imzaladı. Elə həmin gecə M.Qorbaçov başda olmaqla sovet rəhbərliyi əsasən Rostov, Krasnodar və Stavropoldan gətirilmiş ehtiyat əsgər və zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə etirazları yatırmaq üçün Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi. Ordunun Bakıda və Azərbaycanın digər ərazilərində görünməmiş vəhşiliyi nəticəsində dəhşətli qətliam baş verdi. 130 nəfər dinc azərbaycanlı öldürüldü, 700 nəfər yaralandı, 12 nəfər itkin düşdü.
20 yanvar hadisəsi nəticəsində Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər. Xalq başsız qaldı. Bu zaman sərt nəzarət altında yaşayan böyük dövlət və siyasi xadim Heydər Əliyev, oğlu İlham Əliyev və digər ailə üzvləri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib keçirdiyi mətbuat konfransında bəyanat verdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatıdırlmasında müstəsna rol oynadı.20 yanvar hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi.
-Sovet imperiyasının çökməsində bu hadisə, Azərbaycan xalqının mübarizliyi nə dərəcədə rol oynadı?
- 20 Yanvar SSRİ-nin sonunun başlanğıcı idi. Bu, SSRİ siyasi sisteminin böhranını və M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi.
Məlum olduğu kimi, planlı sosialist təsərrüfatına əsaslanan sovet iqtisadiyyatı zəncir kimi bir-biri ilə sıx bağlı idi. Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodların 40 gün işləməməsi sovet iqtisadiyyatının dağılmasına ciddi təsir etdi. SSRİ-nin iqtisadi əsasları sarsıldı. Sovet dövləti güc baxımından ordu, polis və xüsusi xidmət orqanları üzərində dayanırdı. Ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordunun dinc ölkə vətəndaşlarını vəhşicəsinə öldürməsi nəticəsində orduya olan inam sarsıldı.
Sovet İttifaqı ideoloji baxımdan Kommunist Partiyası ilə ayaqda dayanırdı. Partiya rəhbərliyinin dinc əhalinin gülləbəran edilməsinə əmr verməsi partiyanı və ideologiyanı tamamilə gözdən düşürdü. Kommunistlər partiya biletlərindən imtina etməklə SSRİ-nin ideoloji əsasını sarsıtdılar.
20 yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Xalq bundan sonra “Mərkəz” ilə yolunun bir olmayacağına, keçmişə qayıdışın mümkünsüzlüyünə bir daha əmin oldu, hakimiyyətə də etimad bəsləmədi və gələcək həyatını qəti olaraq dövlət müstəqilliyində gördü. Heç əbəs deyildir ki, 1990-cı il noyabrın 17-də ağsaqqal deputat kimi Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasının qərarına əsasən Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadələri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırıldı. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi olaraq qəbul edildi. Sessiya Azərbaycan SSR Ali Sovetinə müraciət edərək “Sovet Sosialist” ifadələrindən imtina etməyi, üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul etməyi təklif etdi. Naxçıvanda sovet sistemindən imtina olunması geniş əks-səda doğurdu. Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu.
1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikası adı rəsmi olaraq qəbul edildi. SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə martın 17-də ölkədə keçirilən referendum Naxçıvan Muxtar Respublikasında boykot olundu.
Dünyada və ölkədə baş verən obyektiv proseslərin təsiri altında SSRİ-nin dağılması sürətləndi. 1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsi məqsədi ilə edilən çevriliş cəhdi iflasa uğradıqdan sonra ölkənin dağılmasını sürətləndi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Bir müddət sonra hələ SSRİ mövcud olduğu bir şəraitdə -oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul edildi.
- Sizcə, 20 Yanvar faciəsinin elmi-tarixi cəhətdən araşdırılması hansı səviyyədədir?
- 20 Yanvar hadisəsinə həsr edilmiş çoxlu kitablar və kitabçalar vardır. Ancaq bu, kifayət deyildir. Çünki tarixi tədqiqatlarda heç bir vaxt nöqtə qoyulmur. Zaman gələcək sovet dövrünün ən məxfi arxiv sənədlərindən istifadə etmək mümkün olacaq, o zaman bir çox həqiqətlər üzə çıxacaq və daha yaxşı əsərlər yazılacaq. 20 Yanvar hadisəsinə dair mətnlər tarix dərsliklərində verilib. Lakin bu mətnlər əsasən matəm ruhundadır. Məncə, 20 Yanvar hadisəsinin daha çox qəhrəmanlıq tərəfi geniş təbliğ edilməlidir. Çünki 20 yanvar şəhidlərinin arzuları, uğrunda həyatlarını fəda etdikləri istəkləri bu gün həyata keçib. Ölkəmiz müstəqildir, Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa və digər ərazilərimiz işğaldan azad edilib.
- 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə olan dövlət qayğısını necə qiymətləndirirsiniz?
- Dövlətimiz və millətimiz 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutur. Yanvar şəhidləri 1918-ci ilin mart soyqırmı qurbanlarının dəfn edildiyi yerdə torpağa tapşırılıb. İlk dəfə məhz Ulu Öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" işləyib hazırladığı və qəbul edilən qərar layihəsində qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət verilib, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilib və onların adlarının bir-bir açıqlanaraq məsuliyyətə cəlb edilmələri tələb olunub.
Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra da bu məsələni daim diqqətdə saxladı. Belə ki, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə qanlı yanvar hadisələrinə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmağı tövsiyə etdi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Cənab Prezidentimiz İlham Əliyev hər il Şəhidlər Xiyabanına gedərək şəhidlərin xatirəsini yad edir və abidəyə əklil qoyur.
Anım günündə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə mərasimlər, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya çatdırılır. Tarixi həqiqətlərin yayılmasında Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu müstəsna rol oynayır.
20 Yanvar şəhidlərinin adı əbədiləşdirilib, onların adına küçə və məktəblər vardır. Dövlətimiz 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərir. Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən “20 Yanvar şəhidi” adı təsis edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkədə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşdırılıb. Hazırda 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüd verilir. Bununla bərabər 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir. Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin ölkənin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

yap.org.az