Müsahibə

  • 5 353

Nikolay Drozdov: Azərbaycan mənim üçün ən sevimli ölkələrdən biridir - MÜSAHİBƏ

image

“Çox sağ ol Bakı, təbriklər üçün!”. Keçmiş SSRİ məkanında olduğu kimi, Azərbaycanda da ən sevilən teleaparıcılardan biri olan Nikolay Drozdov Bakıdan gələn təbrikləri belə cavablandırdı

Zooloq, səyyah, yazıçı, professor Nikolay Drozdov iyunun 20-də 85 yaşını qeyd edib. Nikolay Nikolayeviçin proqramlarında bir neçə tamaşaçı nəsli, o cümlədən azərbaycanlılar yetişib. Yaşının çox olmasına baxmayaraq, məşhur teleaparıcı səyahətdən vaz keçmək fikrində deyil. Və o, onlardan birini yaxın gələcəkdə Azərbaycana, uzun və möhkəm dostluq münasibətlərinə malik olduğu ölkəyə çevirmək istərdi. Bu barədə Nikolay Drozdov ad günündə “Moskva-Bakı” portalına verdiyi müsahibəsində danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Nikolay Nikolayeviç, pərəstişkarlarınızın və “Heyvanlar aləmində” (“В мире животных”) verilişinin sadiq izləyicilərinin günəşli Bakıdan sizə ən xoş arzularını çatdırmaq istəyirik. Sizə cansağlığı və əmin-amanlıq arzulayırıq!

- Çox sag olun! Yubiley təbrikinə görə Bakıya təşəkkürlərimi çatdırıram! Mən çox məmnunam.

- Bu günü necə keçirməyi planlaşdırırsınız?

- Bu günü sakit, ailəmin, sevdiklərimin əhatəsində keçirmək istəyirəm.

- Müsahibələrin birində demişdiniz ki, yaşınızın çox olmasına baxmayaraq, səyahətdən vaz keçmək fikrində deyilsiniz. Növbəti səyahət siyahınızda Bakı varmı?

- Bu il Azərbaycana səfər etmək fikrində idim, amma təəssüf ki, indi nə sağlamlığım, nə də vaxtım var.

- Bizimlə ünsiyyətdə olarkən dəfələrlə demisiniz ki, Azərbaycan sizin üçün ən sevimli ölkələrdən biridir. Bu fikriniz dəyişməyib?

- Təbii ki, dəyişməyib. Sağlamlıqdan başqa, bu baxımdan heç nə dəyişməyib (gülür). Bir vaxtlar bütün Azərbaycanı gəzmişəm. Tez-tez ora elmi səfərlərə gedirdim, verilişlər çəkirdim. Astarada, Abşeronda oldum, Talış dağlarını, dəmir ağaclı dərələri gördüm, Zuvand hövzəsində oldum. Bu heyrətamiz yerdir. Subtropiklər. Oradakı təbiət inanılmaz dərəcədə gözəldir. Yeri gəlmişkən, bu yer əfsanələrə bürünmüşdür. Azərbaycanda gözəl insanlar yaşayır. Uzun illər Qara Mustafayevlə dost olmuşam, ona “Bakı Drozdovu” da deyirdilər. O, Bakıda Azərbaycan televiziyasında təbiətlə bağlı verilişlərin aparıcısı olub. Mən Heydər Əliyevi və onun böyük qardaşı, azərbaycanlı alim Həsən Əliyevi də şəxsən tanıyırdım. Hətta onunla bir veriliş də etdim. Çox maraqlı insan idi.

- Azərbaycana səfərlərinizin birində bir uzunömürlü ilə ünsiyyət qurmuşdunuz. Öz uzunömürlülük sirriniz varmı?

- Bəli, bu səfəri xatırlayıram. Yüz yaşlıların yaşadığı Pirasora qəsəbəsi idi. Orada bir nəfərlə tanış oldum və danışdım. Adı Mahmud Eyvazov idi. Bizim görüşümüz zamanı onun 150 yaşı var idi! Onun uzunömürlülüyünün sirrini bilmirəm. Amma mənim uzunömürlü olmağımın sirri mahnılardır. Musiqi heç vaxt qocalmamaq üçün yaxşı reseptdir (gülür)... Həyatımın çox hissəsi Azərbaycanla bağlıdır. Ona görə də təbrikləriniz üçün bir daha təşəkkür edirəm. Mən çox məmnunam. Sizə ən yaxşı günlər arzu edirəm!

Müsahibə - Tatyana Novikova

Tərcümə - Lalə Mehralı

Digər xəbərlər