Müsahibə

  • 14 534

Heydər Əliyev irsinə sadiqlik nümunəsi

image

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
- Mübariz müəllim, 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərində xalq öz səsini Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinə verdi. Bu seçimi hansı amillər şərtləndirdi?
- Tarixdən məlum olduğu kimi, elə müdrik şəxsiyyətlər vardır ki, onlar zaman və məkan anlayışına, milli ölçülərə sığmayaraq dünya miqyasında tanınır və qlobal səviyyədə örnək olurlar. Bu baxımdan Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə ümumdünya tarixində dərin iz qoymuş dahi lider, müdrik şəxsiyyətdir. Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyət göstərməsi və bu sahədə böyük uğurlar əldə etməsi Heydər Əliyevin liderliyini səciyyələndirən əsas xüsusiyyətlərdən biridir. Heydər Əliyev hələ sovet dövründə respublikamıza rəhbərlik etdiyi illərdə böyük müdrikliklə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial-iqtisadi və milli-mənəvi bünövrənin yaradılması üçün mühüm addımlar atmışdır. Ulu Öndər cəmiyyətin bütün sahələrinin inkişafını nəzərdə tutan islahatların konseptual əsaslarını və başlıca hədəflərini müəyyən etmişdir.
Məhz Heydər Əliyev dühası Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində xalqımızı üzləşdiyi ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhrandan xilas etdi. Onun uzaqgörən siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar oldu, yeni iqtisadi-siyasi sistemə keçidin uğurla reallaşması üçün genişmiqyaslı islahatlar həyata keçirildi. Bütün bunların nəticəsində müstəqil, demokratik dövlətin siyasi təsisatları və bazar iqtisadiyyatı münasibətlərinə əsaslanan sosialyönümlü iqtisadi sistem formalaşdırılaraq inkişaf etdirildi, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Davamlı və dinamik xarakter daşıyan islahatlar mahiyyət etibarı ilə inkişafın yeni - Azərbaycan modelini yaratdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yoluna, qazandığı nailiyyətlərə nəzər salmaq kifayət edir ki, onun sözün əsil mənasında böyük zirvələr fəth etdiyini, dünya birliyində söz və nüfuz sahibinə çevrildiyini görək. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri siyasi varisi kimi cənab İlham Əliyevi xalqımıza bəxş etməsi olmuşdur ki, bu da Azərbaycanın tərəqqisi üçün böyük tarixi əhəmiyyət daşıyır. Cənab İlham Əliyev həm Azərbaycan Respublikasının Prezidenti, həm də Yeni Azərbaycan Partiyasının Sədri kimi Heydər Əliyev yolunu böyük uğurla davam etdirir. Azərbaycanın sürətli və davamlı inkişaf yolu ilə irəliləməsi Prezident İlham Əliyevin Heydər Əliyev irsinə sadiqliyi ilə sıx şəkildə bağlıdır. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev bildirmişdir: “Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində və seçkilərdən sonra andiçmə mərasimində demişdim ki, Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı uğurlu gələcəyə aparacaqdır. Həyat və bizim fəaliyyətimiz, Heydər Əliyevin davamçılarının fəaliyyəti bunu sübut etdi”.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin xalqımız qarşısında göstərdiyi tarixi fəaliyyətə və onun siyasi irsinə verilən yüksək dəyərin parlaq ifadəsidir. Bütün bunlar sübut edir ki, Heydər Əliyev xalqımızı mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və ardıcıl, qətiyyətli siyasət aparmaqla onu müstəqilliyə qovuşdurmuş müdrik şəxsiyyətdir. Xalqımız yeni əsrə və minilliyə məhz Heydər Əliyev irsinin və ideyalarının işığında qədəm qoymuşdur. Davamlı inkişaf edən Azərbaycan dövlətinin uğurları Heydər Əliyev yolunun təntənəsidir.
- Prezident İlham Əliyevin adı sabitlik və inkişaf anlayışları ilə assosiasiya olunur... - Heydər Əliyevin siyasi irsinin qorunaraq zənginləşdirilməsi, müasir dövrün çağırışlarının obyektiv qiymətləndirilməsi Azərbaycanın bugünkü tərəqqisini şərtləndirən mühüm faktorlardır. Yeni tipli siyasi lider və dövlət rəhbəri kimi dünyada böyük nüfuz qazanmış Prezident İlham Əliyev inamla xalqımızı Heydər Əliyevin ideyaları ətrafında birləşdirir. Heydər Əliyevin siyasi kursunu zamanın tələbinə uyğun şəkildə, məharətlə davam etdirən Prezident İlham Əliyevin apardığı siyasət özündə xalqımızın milli maraqlarını əks etdirir. Azərbaycanın iqtisadi inkişafa malik olması, sosial, humanitar, hərbi və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi onun dünya birliyində mövqeyini gücləndirir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquqlarının qorunması, müxtəlif millətlərin mədəniyyətlərinin və adət-ənənələrinin inkişafına şərait yaradılması vətəndaş həmrəyliyini möhkəmləndirir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək liderlik, sərkərdəlik keyfiyyətlərinə malik olması həmişə olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə də xalqımızın maraqlarını ifadə edən qətiyyətli siyasət yürütməsi və təcrübəli idarəetmə bacarığına malik olması ilə bir daha öz təsdiqini tapdı.
- 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandıq və yeni reallıqlar yaratdıq. Tarixi Zəfərin əhəmiyyəti və perspektivlər barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticəsində 30 il ərzində şəhərləri, kəndləri xarabalığa çevrilən, yeraltı, yerüstü sərvətləri talanan, tarixi, dini abidələri təhqir olunan, insanları didərgin salınan, düşmən tapdağında qalan Vətən torpaqlarının xilaskarı kimi adını tarixə yazdı. Dövlət başçısı tərəfindən müdrik daxili və xarici siyasətin aparılması, xüsusilə davamlı sosial-iqtisadi inkişafa nail olunması, Azərbaycanın Silahlı Qüvvələrinin gücləndirilməsi, milli birliyin və həmrəyliyinin möhkəmləndirilməsi, ölkəmizin dünya birliyində qətiyyətli mövqe tutması istiqamətində görülən işlər Vətən müharibəsində qələbənin əldə edilməsi üçün böyük əhəmiyyət daşıdı. Müharibə dövründə xalqımız “Dəmir yumruq” əməliyyatı ətrafında sıx birləşdi.
Bu gün yaşından, cinsindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkə xaricində və daxilində yaşayan, doğma Vətənini sevən azərbaycanlılar Prezident İlham Əliyevin siyasi, iqtisadi, mədəni və sosial siyasətini fəal şəkildə dəstəkləyir. Azərbaycanın dövlət başçısı təcrübəli və praqmatik siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yazır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb vəziyyətlərdə düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidentinin cəmiyyətin bütün sahələrində olduğu kimi, sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı istiqamətində gördüyü işlər ölkəmizdə dini və etnik-mədəni müxtəlifliyin təmin edilməsində vacib rol oynayır. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirmişdir.
- Mübariz müəllim, Prezident İlham Əliyevin siyasi kursunun çox mühüm istiqamətlərindən biri milli həmrəyliyin gücləndirilməsidir. Bu kontekstdə azərbaycançılıq məfkurəsinin təbliğinə və təşviqinə xüsusi önəm verilir. Rasional ideoloji siyasət Azərbaycana nə qazandırır?
- Azərbaycançılıq məfkurəsi ölkəmizin tərəqqisinin əsasında dayanan milli ideoloji bünövrədir. Onun vasitəsilə cəmiyyətdə sabitlik və əmin-amanlıq təmin olunur, milli-dini münasibətlər demokratik normalarla tənzimlənir, vətəndaş həmrəyliyi möhkəmlənir. Təsadüfi deyil ki, Heydər Əliyev azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırmışdır. Bu gün Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsinin daha da zənginləşməsi istiqamətində fəal siyasət aparır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə dini konfessiyalar arasındakı çoxəsrlik qarşılıqlı etimad ənənəsi, dini-mədəni müxtəliflik qorunub saxlanılır, müxtəlif xalqların və millətlərin nümayəndələri Azərbaycan dövlətinin ətrafında sıx birləşmişdir. Azərbaycançılıq məfkurəsi humanist və bəşəri mahiyyət daşımaqla ölkəmizin davamlı inkişafı üçün əlverişli milli ideoloji zəmin yaradır.
Qürur hissi ilə deyə bilərik ki, milli kimliyin və özünüdərkin güclənməsi, multikultural və tolerant dəyərlərin, mili-dini münasibətlərin inkişafı azərbaycançılıq məfkurəsinin yaratdığı əlverişli ideoloji şəraitdən irəli gəlir. Prezident İlham Əliyevin bu sahədə apardığı siyasət etnik və dini mənsubiyyəti, mədəni dəyərləri və adət-ənənələrindən asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəklənir. Milli birliyin təmin olunması və müxtəlif ictimai-siyasi qüvvələr arasında dialoqun, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar həm də azərbaycançılıq məfkurəsinin ictimai həyatda öz təsdiqini tapdığının təcəssümüdür.

yap.org.az

Digər xəbərlər