PDF Oxu

Əsas

  • 3 570

Yaradılış bayramının "gizli" mahiyyəti: Novruz Tanrıya şükranlıq bayramıdır – ARAŞDIRMA

image

Novruz bayramı insanlığın, sülhün, humanizmin, mənəviyyatın, bir sözlə yaradılışın bütün dəyərlərinin ən möhtəşəm şah əsəridir

Novruz bayramı tarixdə ilk dəfə olaraq Azərbaycanda- 1921-ci ildə rəsmi dövlət bayramı elan edilib

Yarım milyon kv km-lik ərazini əhatə edən tarixi torpaqlarda möhtəşəm mədəniyyət yaradan Azərbaycan xalqının sivilizasiyaya verdiyi misilsiz töhfələrdən olan Novruz bayramı Odlar Yurdunun ta qədimdən yüksək sivilizasiya mərkəzi olduğunu təsdiqlənən əsas faktlardandır.

Bəşəriyyətin ilk bayramı Azərbaycanda yaranıb?

Tədqiqatlara görə, Novruz bayramının tarixi təqribən 5-6 min il əvvələ gedib çıxır. Novruz bayramı ilə bağlı tarixə bəlli ilk yazılı mənbə 5 min il bundan öncə yaşamış şumerlərə aiddir. Şumerlərin oraya şimaldan- Azərbaycan ərazilərindən köçüb gəldiyi artıq bir çox şumerşünas alimlər tərəfindən qəbul olunub.

Bu bayram haqda məlumatlara 7-8 min il yaşı olan ilk müqəddəs kitabda- Avestada, ilk peyğəmbər Zərdüştün qatlarında, 5-6 min illik tarixə dayanan Dədə Qorqud dastanlarında və digər qədim mənbələrdə də rast gəlinir.

Belə qəbul olunur ki, Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Bu təsəvvürlərin kökündə zamanın və məkanın “ölüb-dirilməsi” durur. Kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır.

Tədqiqatçıların çoxu Şərqin böyük hissəsində qeyd edilən Novruz bayramının vətəninin Azərbaycan olduğunu vurğulayırlar. Bu bayramın dünyaya məhz buradan yayıldığı bir çox qədim mənbələrdə qeyd olunur.

Qədim yunan tarixçisi Plutarx yazırdı: “Midiyalılarda buğda çox müqəddəs hesab edilir. Yazın əvvəllərində midiyalılar buğdanı cücərdirlər. Bu, Omani adlanır”.

Qərbi hindistanlıların danışdıqları qədim sanskrit dilində Omani Sumani adlanır ki, bu da buğda kəlməsi ilə eyniləşir. Bu kəlmə dilimizdə Səməni adlanaraq Novruzun rəmzinə çevrilib. Yeri gəlmişkən, hər il yazda Hindistanda da Novruza oxşar kütləvi şənliklər keçirilir.

İlaxır çərşənbə- “Danatma”- Günəşi qarşılamaq mərasimi

Bu bayramda əhali kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay kənarında toplaşır, çalır-oynayırlar. Qaranlıq düşdükdən sonra tonqallar qalanır və üzərindən hoppanırlar. Bu günlərdə aşıqlar xalq qarşısında çıxış edir, Novruz mahnıları, dastanlardan parçalar oxuyurdular.

Novruz gününə Hürmüz günü, yəni, Tanrı günü deyilərdi. Tanrı gününə hazırlaşan insanlar çərşənbələrdə maddi yaradılışın bazasını təşkil edən 4 təbii ünsürlə- su, od, hava və torpaqla pak olma mərasimləri keçirər, ruhu ilə bərabər öz vücudlarını da təmizləyərdilər. Axırıncı, ilaxır çərşənbə gecəsi ən əziz çərşənbə hesab olunur. Bu cərşənbə Danatma adlanir. Həmin gecə hec kim yatmaz, çillə keçirərdilər.

Günəş qədim insanların müqəddəs saydığı və Tanrının dünyanı yaratdığı zaman insan oğluna bəxş etdiyi ən vacib səma cismidir. Ona görə də 4 müqəddəs ünsürə həsr olunan çərşənbələrdən sonra Böyük Bayram- Novruz gecəsi olurdu və gecəylə gündüzün tam bərabərləşdiyi bu gün həm də Günəşə həsr olunurdu.

Bu gecə insanın Yaradana öz sevgisini göstərmək gecəsidir. Qədimdə həmin gecə insanlar bir yerə yığışar, sözlə-sazla Tanrını mədh edərdilər. Bu dolayısı ilə insanların Uca Tanrıya ehtiramı və yaradılışa görə Ona minnətdarlığıdır.

Novruz qədim elmi və dini biliklərə əsaslanır

Novruz bayramının nəyə görə məhz martın 21-də qeyd olunması çox mətləblərə aydınlıq gətirir. Məhz bu gün astronomik təqvim ili başlayır. Bu fakt sübut edir ki xalqımız ta qədim zamanlardan yüksək kosmoqonik və astronomik biliklərə, kainat haqda təsəvvürlərə malik idi. Elm isə yalnız son əsrlərdə sübut edə bilib ki, astronomik ildəyişmə məhz həmin gecə baş verir.

Bu haqda qədim biliklər və belə dəqiqlik yalnız heyrət doğura bilər. Dünyanın ən qədim müqəddəs bayramını yaradan, Tanrının və onun əsəri olan Təbiətin şəninə keçirilən dərin mahiyyətə malik mərasimləri reallaşdiran, bunu minillər boyu yaşadan bir xalqın övladı olmaqla fəxr etməyə dəyər.

Novruzun mahiyyəti əslində, qondarma tarixçilərin dediyi kimi təkcə təbiətin oyanmasından ibarət ola bilməz. Çünki, tarixi faktdır ki xalqımız ta qədimdən zəngin biliklərə və təktanrılı dini görüşlərə sahib olub. Ona görə də, xalqın ən böyük və müqəddəs bayramı da məhz bu faktorların əsasında formalaşa bilər. Avestanı öyrənəndə bu qənaətə gəlmək asan olur.

Novruz bayramı zərdüştlükdən də qədim tarixə dayansa da, Zərdüşt dini ilə sıx bağlı olub və bu bağlılıq ilk müqəddəs kitab olan “Avesta”da da əks olub. Bu, həm də təbiətin və insanın yaranma bayramı, işığın-Ahuramazdanın qaranlığa- Əhrimənə qələbə bayramı və nəticədə günlərin (işığın) uzanması bayramıdır.

Novruz çərşənbələrinin mahiyyəti

Ulu babalarımız Novruz bayramında və onun 4 ünsürə aid edilən çərşənbələrində ocaqlar yandırar, Tanrının maddi kainatda ən güclü enerjisı saydıqları Odun vasitəsilə Ona Onun öz nemətlərindən qansız qurbanlar verərlərmiş. Bununla bağlı Tovuzda səhnələşdirərək çəkdiyimiz qısametrajlı televiziya filminə buradan baxa bilərsiniz- https://www.youtube.com/watch?v=H54k30G8WiE

Su, Od, Torpaq və Yel çərşənbələrində insanlar bu ünsürlərin vasitəsilə ruhi cəhətdən təmizlənərmişlər. Məsələn, Od çərşənbəsində odun üzərindən tullanmaqla, su çərşənbəsində saf su ilə yuyunmaqla, torpaq çərşənbəsində həyətdə lağım qazıb içindən sürünərək keçməklə, yel çərşənbəsində isə açıq havada çox gəzməklə təmizlənərmişlər.

Od çərşənbəsində insanlar tonqalın dövrəsinə toplaşaraq Tanrıya Od vasitəsilə təbii nemətlərdən qansız qurbanlar verər, sonra da hərə öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdilər.

Torpaq çərşənbəsində qəbiristanlıqlara və müqəddəs yerlərə ziyarətə gedilir, ata-babaların əziz ruhunu şad etmək və ehtiram bildirmək üçün məzarların üzərinə bayram payı düzülür, ətrafında məşəllər və şamlar yandırılır. Bu cür səhnələr bizə Dədə Qorqut dastanlarından da tanışdır. Burada məqsəd həm də yolçuların, dərvişlərin, yoxsulların həmin nemətlərdən bəhrələnməsi, yəni paylaşmaq məqsədi daşıyırdı.

Müqəddəs günlərin çərşənbə axşamı seçilməsinin isə mahiyyəti bundan ibarətdir ki, qədim dini-fəlsəfi biliklərə əsasən, Allah dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini görmüş, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlamışdı: üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış; altıncı gün yaranışların hamısına ruh (can) vermiş, yeddinci gün isə yaratdıqlarını bütöv şəkildə nəzərdən keçirmişdir. Bu inama görə, bütün İlahi yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür.

Mənəviyyat və humanizm bayramı

Bayram günlərində imkansızlara yardlm edilər, küsülülər barışar, yurdda sülh və əmin-amanlıq hökm sürərmiş. Novruzun öz spesifik süfrəsi var. Burada əsasən bitkilərdən hazırlanmış yeməklər süfrəyə verilir. Bu yeməklərin şahı təbii ki, xalqımızın kulinariyasında ən dəyərli yemək sayılan aşdır. Novruz aşı xüsusi formada müxtəlif meyvə qurularından ibarət aşqara ilə bəzədilir və ətrafına şamlar düzülür. Bundan əlavə, hər evdə Novruz xonçası hazırlanır. Bu xonça mərkəzdə bərəkət rəmzi səməni olmaqla ətrafında xeyli çesiddə meyvələr, şirnilər, qoz-fındıq boyanmış yumurtalar və s. nemətlərlə bəzədilir, kənarında şamlar yandırılır. Yeri gəlmişkən, yumurta həyat rəmzi sayılır və onun boyanması həyatın çalarlarına işarədir. Paxlava, şəkərbura, badambura, qoğal, qurabiyə kimi şirniyyatlar təbiətin və qədim mifologiyamızın simvolları ilə bəzədilir. Məsələn, şəkərbura butanı ifadə edir.

Bahar bayramının atrubutları da zəngindir- “Atıl-Batıl”, “Kosa-kosa”, “Yeddiləvin”, “Səməni”, “Cıdır”, “Od qalama və üstündən atılma”, “Axar su başına getmə və su üstündən atılma”, “Evə təzə il suyu gətirmə”, “Qulaq falına çıxma” və s. kimi adətləri bu gün Azərbaycanda və digər yerlərdə yaşadılmaqdadır.

Novruz insanları azı 1 ay xoş əhval-ruhiyyədə və həm fiziki, həm də ruhi cəhətdən təmiz formada saxlayır. Çərşənbələrdə hamı bir-birinə pay-püsk aparır, qonaq gedir bayramlaşırlar. Bu ay ərzində ancaq xoş sözlər danışır, xeyir işlər görülür, küsülülər barışdırılır.

Uşaqlar evlərin qapısına torba atırlar, ev yiyəsi də onların bayram payını qoyur torbanın içinə. Bu bayramda qapı pusma, səhərədək çillə keçirilməsi və s. zəngin adət-ənənələr var ki saymaqla qurtarmaz.

Kosa, bahar qız və keçəlin ifasında nümayiş etdirilən tamaşalar isə dünyanın ilk xalq teatrıdır, təbiət hadisələrinin dramatikləşdirilmiş formada səhnələşdirilməsidir.

Novruz bayramının ənənələrini itirməməməliyik

Novruz bayramı dünyada ilk dəfə olaraq Azərbaycanda rəsmi dövlət bayramı elan edilmişdir. Belə ki, respublika rəhbəri Nərimanovun təşəbbüsü ilə ilk dəfə Novruz bayramı 1921-ci ildə dövlət səviyyəsində qeyd edilmiş və həmin günü qeyri iş günü elan edilmişdir.

1931-ci ilə kimi Novruz Azərbaycanda dövlət bayramı kimi qeyd edilmişdir. Ermənilərin davamlı təbliğatı ilə bunu dini bayram kimi göstərirdilər, bu səbəbdən də rəsmi bayram siyahısından çıxarılmışdır. Lakin xalq bayramı kimi keçirilir və şənliklərlə qeyd edilirdi. 60-ci illərin sonlarına yaxın xalqımızın layiqli oğulları bunun dini yox təbiət bayramı olduğunu ortaya qoydular və Bahar bayramı adı ilə yenidən dövlət səviyyəsində keçirildi.

Ümumilli lider Heydər Əliyevin respublikamıza ilk rəhbərliyi dövründə- 70-80-ci illərdə bayram yüksək səviyyədə və zəngin formada qeyd edilirdi, şəhərlərin, kəndlərin mərkəzi meydanlarında böyük şənliklər təşkil olunurdu. Axşam isə dəstə-dəstə uşaqlar küçələrdə məşəllərlə yürüş keçirir, yumurta döyüşü təşkil edir, tonqal ətrafında şeir və mahnılar oxuyardıq. Sonra valideynlərimizin verdiyi payları qonşulara aparırdıq, onların verdiyini də evə gətirərdik.

Onu da qeyd edək ki, əvvəllər Səmənini satmazdılar, hər kəs öz evində, öz əli ilə Səməni göyərdərdi. Çünki, Səməni evin, yurdun bolluq və bərəkət rəmzi sayılırdı. Təəssüf ki, getdikcə bayramın daha çox ənənələrini və rituallarını unuduruq və itiririk.

Novruz bayramı birmənalı olaraq, yaradılışın ad gününü, dünyanın yaranması və insanlara bəxş olunan nemətlərə görə Tanrıya minnətdarlığı özündə ehtiva edir. Ən qədim vətəni Azərbaycan olan Novruz bayramı mənəvi və mədəni cəhətdən son dərəcə zəngin xəzinədir. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan bu bayram Yaradılış, İnsanlıq, Mənəviyyat, Sülh və Humanizm bayramı kimi dünyanın mədəniyyət xəzinəsində ən önəmli yerini saxlayır.

Artıq 6 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin baş tonqalını Qarabağda yandırır. Ali Baş Komandan 30 illik işğaldan sonra Azərbaycan Ordusu tərəfindən azad edilən torpaqlarımızda qaladığı müqəddəs ocağımızın şölələrini bütün el-obaya yayır. Allah bunu bizə bəxş edən şəhidlərimizə rəhmət eləsin.

Bu il 2 müqəddəs bayramımızın- milli bayramımız Novruzla dini bayramımız Ramazanın eyni aya, hətta eyni günə düşməsi ilə xalqımız üçün ikiqat bayramdır.

Allah xalqımıza sağlamlıq, ölkəmizə əmin-amanlıq, dövlətimizə güc-qüdrət bəxş etsin.

Torpağımız bərəkətli, suyumuz axar olsun, havamız təravətli, ocağımız yanar olsun.

Bayramlarımız mübarək olsun!

Elçin Bayramlı

araşdırmaçı-jurnalist

Digər xəbərlər