Azərbaycanın sön dövrlərdə təkcə Cənubi Qafqazın lider dövləti kimi deyil, həm də dünya üzrə nüfuzlu dövlət kimi tanınması ölkəmizə marağı artırıb. Bu nüfuz müzəffər lider, qalib sərkərdə və güclü siyasi xadim kimi özünü dünyada göstərmiş olan Prezident İlham Əliyevin sayəsində mümkün olub. Təsadü deyil ki, ətraf regionlardakı ölkələr də Azərbaycanla daha yaxın əməkdaşlığa can atır.
Yaxın Şərq ölkələri, Avropa ölkələri, MDB ölkələri, Mərkəzi Asiya ölkələri Azərbaycanla getdikcə daha yaxın əlaqələr yaratmağa çalışırlar. Burada xüsusən də Orta Asiya dövlətlərini qeyd etmək olar. Bu regionda 4 türk dövləti var, üstəlik digərləri də Azərbaycanla yaxın münasibətdədir. Türk Dövlətləri Təşkilatının nüfuzu da getdikcə artır ki, bu təşkilatda da lider dövlətlərdən biri Azərbaycandır.
Bu ayın ortalarında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə liderlər bu məqamları qeyd ediblər. Azərbaycan coğrafi olaraq bu regionda yerləşməsə də, ölkəmizin gücü, ölkə rəhbərinin nüfuzu bu ölkələri də Azərbaycanla daha sıx əməkdaşlığa vadar edir.
Azərbaycan artıq 3-cü dəfədir ki, Mərkəzi Asiya sammitlərində iştirak edir. Prezident İlham Əliyev 2023-cü ildə və 2024-cü ildə bu sammitlərin işində iştirak etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə etdiyi çıxışında region ölkələri ilə daha sıx əlaqələrdə Azərbaycanın da maraqlı olduğunu bildirib və əməkdaşlığın bütün sahələrində böyük potensial olduğunu deyib.
"Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik.
Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son 3 ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir"- Azərbaycan lideri qeyd edib.
Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.
Prezident İlham Əlyev onu da vurğulayıb ki, biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq.
"Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk.
Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir.
Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır.
Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür.
Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.
Son 3 ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb.
Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir"- deyə Azərbaycan lideri bildirib.

İlham Əliyev onu da əlavə edib ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.
Rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir. “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.
Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır.
Ümumiyyətlə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü qurulur və bu vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacaq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Azərbaycanın iştirakı ilə Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.
Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi oluruq. Strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də formatını genişləndirəcək, ölkələrimizə Asiya və Avropanın çox böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi də çox böyük əhəmiyyət qazanır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə milli, mədəni, dini, tarixi əlaqələri qədimdən olub və hazırda daha yüksək səviyyəyə çatdırılıb. Burada siyasi birlikdən tutmuş, iqtisadi əməkdaşlığın güclənməsinədək hər sahədə böyük imkanlar var. Xəzər dənizi bu iki coğrafi bölgəni ayıran yox, birləşdirən məkana çevrilir.
Hər bir halda Azərbaycan həm regionda, həm dünyada öz nüfuzunu getdikcə artırır və bu da ölkəmiz çox böyük gələcək vəd edir. Bütün bunlar qətiyyətli siyasətçi, dünyanın nüfuzlu liderlərindən biri kimi qəbul olunan Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində mümkün olub.
Elçin Bayramlı