“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - Prezident İlham Əliyev
İlham Əliyevin ilk dəfə ölkə prezidenti seçilməsindən sonra dünya siyasətində və regionumuzda parlamaqda olan yeni bir lider ortaya çıxdı. 2003-cü ildən başlayaraq yeni Prezident Azərbaycanın dünya miqyasında nüfuzunun artmasını və ölkəmizin siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli dövlətə çevrilməsi istiqamətində sürətli islahatlara start verdi. Bu yazı silsiləmizdə dünya liderləri çərgəsində yerini tutmuş Azərbaycanın dövlət başçısının siyasi portretini çəkməyə çalışaşacağıq.
Təhsil pillələri və siyasi karyeranın başlanğıcı
1961-ci il dekabrın 24-də Bakı şəhərində, ümummilli liderimiz Heydər Əliyevin ailəsində dünyaya göz açmış İlham Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) ailə təhsilini tamamlayıb.
1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
1985-1990-cı illərdə MDBMİ-nin müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə 1-ci vitse-prezidenti olub.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib.
1997-ci ildən Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
2001-2003-cü illərdə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında isə AŞPA sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2004-cü ildə AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
Xalqın etimadını qazanan bacarıqlı lider
2003-cü ildə artıq çox yaşlanmış və xəstəlikdən əziyyət çəkən ulu öndər Heydər Əliyev prezident seçkilərində öz namizədliyini siyasi varisi İlham Əliyevi xeyrinə geri götürdü.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətində deyilirdi: “Üzümü Sizə- həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin 1-ci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”
Xalqımız onun çağırışına qoşuldu və özünün də bacarıqlı lider kimi tanıdığı İlham Əliyevi dəstəklədi.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verdi və o, ölkə prezidenti seçildi. Yeni Prezident 5 il ərzində qarşıya qoyduğu hədəflərə nail oldu, ölkədə iqtisadi proqramlar, demokratik islahatlar keçirib və sosial rifahın artmasını təmin etdi.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanaraq ikinci dəfə Prezident seçildi. Növbəti müddətdə də iqtisadi islahatlar davam etdirildi, sosial sahədə dövlət siyasəti gücləndirildi, ordu quruculuğu yüksək səviyyədə həata keçirildi.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazandı və növbəti dəfə Prezidenti seçildi. Növbəti 5 ildə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi, ordumuzun möhkəmləndirilməsi, iqtisadi cəhətdən inkişafın sürətləndirilməsi və sosial rifahın artırılması ilə bağlı qarşıya qoyduğu hədəfləri yerinə yetirdi.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçildi. Növbəti müddət isə Azərbaycanı dünyanın inkişaf etmiş güclü dövlətləri ilə bir sıraya çıxarmaq hədəfinin yerinə yetirilməsi ilə bağlı işlərlə yadda qaldı. Qlobal böhran dövrünə düşən bu müddətdə Azərbaycan bütün çətinlikliklərdən uğurla çıxdı və iqtisadi gücünü, əhalinin sosial müdafiəsini qoruyub saxladı.

Ən əsası 2020-ci ilin payızında 2-ci Qarabağ müharibəsində Azərbaycanın qəhrəman ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı Ermənistanın işğalçı qüvvələrindən təmizlədi və torpaqlarımızı azad etdi. Bu zəfər yürüşü möhtəşəm bir qəhrəmanlıq nümunəsi kimi tarixə düşdü.
Nəhayət sonuncu prezident seçkilərinin vaxtı çatır və bu seçkilərin əhəmiyətini sözlə ifadə etmək mümkün deyildir...
Zəfər seçkisi: Qalib xalqın Xankəndidə səs verən qalib lideri
2023-ci ildə Qarabağın kiçik bir hissəsində qalıb yaşamağa davam edən ermənilərin arasında xeyli silahlı separatçılar qalmışdı və onlar tez-tez ərazidə təxribatlar törədirdilər. Nəhayət Azərbaycan ordusu 1 günlük antiterror əməliyyatı həyata keçirərək həmin ərazini də erməni silahlı dəstələrindən təmizlədi. Beləliklə, Müzəffər sərkərdə İlham Əliyev Qarabağ probleminə birdəfəlik nöqtə qoyaraq respublikamızın bütün əraziləri üzərində hakimiyyətimizi bərqərar etdi.
2024-cü il 7 fevral tarixli prezident seçkilərində cənab İlham Əliyevin seçki platformasında qarşıya qoyulmuş hədəflər:
-Hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması;
-Qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım;
-İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış;
-Milli maraqlara söykənən müstəqil xarici siyasət;
-Milli təhlükəsizlik və müasir ordu quruculuğu;
-İnnovativ və müasir təhsil, qabaqcıl səhiyyə;
-Müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı;
-Demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi.
2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkiləri əsl Zəfər seçkisi idi. Müstəqillik dövründə ilk dəfə olaraq seçkilər ərazilərimizin hər yerində keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdi. Seçkilərdə seçici fəallığı 76,43 faiz oldu. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Hazırda qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi prosesi davam edir və uğurla reallaşacağına heç kimdə şübhə yoxdur.
Dövlət siyasətinin müasir modeli
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Gələcəyə hesablanmış dövlət siyasəti
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Şübhə yoxdur ki, bu siyasət ölkəmizin dünyanın ən inkişaf etmiş ölkələri ilə bir cərgədə dayanmasını təmin edəcək.
Elçin Bayramlı
ardı olacaq