MİA

  • 14 541

“Taxıl sazişi” təhlükədə: Yeni taxıl böhranı gəlir? Azərbaycanı nə gözləyir? - ARAŞDIRMA

image

“Avropa İttifaqı taxılın böyük hissəsini özünə götürüb yoxsul ölkələrə getməsinə imkan vermədiyi üçün taxıl sazişi öz əhəmiyyətini itirib və uzadılması mənasızdır”- Rusiyadan ittiham

Məlum olduğu kimi, dünya taxıl böhranının azaldılması məqsədilə hazırda hərbi əməliyyatlar gedən Ukraynadan taxıl idxalı ilə bağlı keçən ilin yayında imzalanmış beynəlxalq sazişin vaxtı martın 18-də başa çatır. Lakin sazişin uzadılmayacağı təhlükəsi var.

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "taxıl sazişi" Odessa da daxil olmaqla 3 limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

"Taxıl sazişi"nin özü paket sazişin ayrılmaz hissəsidir, o, digər şeylərlə yanaşı, Rusiyanın ərzaq və gübrə ixracına imkan yaradılmasını nəzərdə tutur. Moskva qeyd edir ki, məhz bu, həyata keçirilməyib. Eyni zamanda, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar da yerinə yetirilməyib. Ona görə də, Rusiya müqaviləni mənasız hesab edir və uzadılmasında maraqlı deyil.

Təhlükəsizlik dəhlizinin terror aktları üçün istifadə edildiyi bir vaxtda taxıl müqaviləsinin bərpası mümkün deyil. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

"Qara dəniz donanmasının gəmilərinə qarşı terror hücumları üçün təhlükəsizlik dəhlizindən istifadə yolverilməzdir. Bu şərtlərlə taxıl müqaviləsi ola bilməz. Rusiya Ukrayna tərəfinə Afrika və Asiyanın ən ehtiyacı olan ölkələrinə getməli olan taxıl ixrac etmək imkanı verdi. Ancaq bu taxılın cəmi 3-4 faizi bu ölkələrə gedib, böyük hissəsi isə Avropa İttifaqının zəngin dövlətlərinə göndərildi”, - Volodin bildirib.

Qeyd edək ki, sazişdən sonra bu limanlardan 23 milyon ton taxıl göndərilib. Bunun nəticəsində həm də qiymət 500 dollardan 380 dollaradək ucuzlaşdı.

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, taxıl sazişinin uzadılması çox vacibdir. O qeyd edib ki, Rusiya və Ukraynadan gübrə və taxıl ixracı dünyanın ərzaq təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edir.

Quterreşin sözlərinə görə, taxıl müqaviləsi çərçivəsində Ukrayna limanlarından 23 milyon ton taxıl ixrac edilib.

Baş katibin köməkçisi Stephane Dujarrik bildirib ki, bununla bağlı bütün maraqlı tərəflərlə müzakirələr aparılır.

BMT Ərzaq Proqramının rəhbəri Devid Bisli bütün dünya liderlərinə müraciət edərək, onları “taxıl dəhlizi”nin işinin davam etməsinə nail olmağa çağırıb. Müraciətdə qeyd olunur ki, Ukrayna taxılı ilə 400 milyon nəfəri təmin etmıək mümkündür. “Əgər biz Qara dəniz təşəbbüsünün müddətini uzatmasaq Yer kürəsi əhalisi təhlükədə olacaq. Davam edən toqquşmalar, pandemiya, ardınca Türkiyə və Suriyanı müflis edən zəlzələlər fonunda “taxıl sazişi”nin dayandırılması böyük fəlakətlərə səbəb ola bilər. Buna görə də nə yolla olursa-olsun onun davamına nail olmalıyıq”.

“Qərb ölkələri Rusiya Federasiyasına "taxıl sazişi"nin həyata keçirilməsinə mane olmaqda davam edəcək”. Bunu isə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan deyib.

"ABŞ və onun Qərb tərəfdaşları Rusiyanın "taxıl sazişi" də daxil olmaqla hər hansı gəlir əldə etməsini çətinləşdirməyə davam edəcəklər. Lakin bu, humanitar məsələdir, ona görə də BMT bu sazişin bütün sanksiyalardan qorunması üçün səyləri davam etdirməlidir. Bu, neft və ya silah ixrac etmək kimi deyil. İnsanların həyatı bundan asılıdır",- deyə Erhan bildirib.

Onun sözlərinə görə, Ankara Rusiya və Ukraynanın taxıl və gübrələrindən tamamilə asılı olan Afrika ölkələri üçün sövdələşmənin müddətinin uzadılması üçün hər cür səy göstərir.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu da "taxıl sazişi"nin uzadılması üçün səylər göstərdiyini bildirib.

"Taxıl sazişi" martın 18-də başa çatır. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Qərb BMT-nin baş katibi Antonio Quterreşin humanitar təşəbbüsünü "basdırır", "paketin" Rusiya hissəsinin həyata keçirilməsini sabotaj edir. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, ərzaq kartı oynamağı dayandırmağın vaxtı çatıb, çünki Ukraynadan taxılın əsas hissəsi ən kasıb dövlətlərə deyil, yem üçün dempinq qiymətləri ilə Avropa İttifaqına gedir.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib ki, taxıl müqaviləsi çərçivəsində bəzi öhdəliklər, ümumiyyətlə, yerinə yetirilmədiyindən onun uzadılması məsələsi mürəkkəbləşir: “Birinci hissə Ukrayna taxılının Qara dəniz vasitəsilə Ukrayna limanlarından təhlükəsiz ixracıdırsa, paketin ikinci hissəsi Rusiya taxılının və Rusiya gübrələrinin ixracı yolunda bütün maneələrin aradan qaldırılması zərurətidir. Birinci hissə tamamlandı. İkinci hissə isə ümumiyyətlə həyata keçmir”.

Nazirin sözlərinə görə, sövdələşmənin uzadılması məsələsini həll etmək çətindir: “Əgər sövdələşmədən danışırıqsa, deməli, bu, paket sövdələşmədir, yalnız artıq görülən işləri uzatmaq olar. Paket yarıya qədər həyata keçirilərsə, o zaman uzadılma məsələsi kifayət qədər mürəkkəbləşir".

Göründüyü kimi, problem ciddidir. Əgər saziş uzadılmasa, həm taxıl bahalaşacaq, həm də bir çox ölkələrdə ciddi ərzaq böhranı yaranacaq. Vəziyyətdən göründüyü kimi, ABŞ və Avropa növbəti dəfə beynəlxalq razılaşmaları pozub və yalnız öz maraqlarını güdür. Ukrayna taxılının ixracına imkan yaradıb həmin taxılı da özlərinə götürür və yoxsul ölkələrdə humanitar fəlakətə səbəb olurlar. Üstəlik, məhz bu sazişin Rusiyaya aid hissəsini təmin etmirlər- məqsəd Rusiyaya iqtisadi zərər vurmaqdır. Nəticədə, bir çox ölkələrdə taxıl və gübrə böhranı yaranır.

Rusiya tərəfi bildirir ki, Avropa İttifaqı Ukraynadan yem üçün taxılın ucuz idxalı hesabına öz tələbatını təmin edir, öz məhsulunu isə əvvəl Ukraynadan alan Mərakeş, Əlcəzair, Nigeriya, Misir və Çin kimi ölkələrə satır. Yəni, saziş yalnız Avropa İttifaqının daha çox qazanmasına xidmət edir.

Bu məqamları nəzərə alan Rusiya sazişin tam mənasız olduğunu və humanitar məqsədlərə xidmət etmədiyini deyir və sazişdən çıxacağını bəyan edir.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına əsasən bu ilin birinci yarısında ölkə 30-35 milyon ton taxıl ixrac etmək imkanındadır. Nazirin 1-ci müavini Oksana Lutun verdiyi məlumata görə, keçın ilin ikinci yarısında 29 milyon ton taxıl ixrac edilib. Ümumilikdə, 2022-2023-cü il mövsümündə Rusiya 39 milyon tonu buğda olmaqla, 60 milyon ton taxıl satmağı planlaşdırır.

Məlum olduğu kimi, keçən ilin əvvəli- Rusiya Ukraynada hərbi əməliyyatlara başlayanda dünya birjalarında taxıl qiymətləri kəskin bahalaşmışdı. Yalnız “Taxıl sazişi”nin imzalanmasından sonra qiymətlər azalmağa başladı.

İndi Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı reallaşdırılan “Taxıl dəhlizi”nin fəaliyyəti dayandırılarsa, qlobal ərzaq bazarlarında yenidən bahalaşma başlayacaq.

Bu ölkəmiz üçün də problem yarada bilər. Düzdür, Rusiya ilə müttəfiqlik sazişimiz olduğundan taxıl əldə etmək problem olmayacaq, amma taxılın bahalaşması nəticəsində maddi zərər olacaq və ölkədə un və çörək məhsulları da bahalaşacaq.

Azərbaycanın ən çox taxıl aldığı ölkə Rusiyadır. Son illərdə taxıla olan tələbatımızın 80-90%-ni Rusiyadan alınan taxıl hesabına ödəmişik. Qalan hissə də Qazaxstan və Ukraynadan alınırdı. Keçən ilin əvvəlindən hökumət taxıl ehtiyatını artırdığı üçün bizdə taxılla bağlı problem yaranmadı.

Bununla belə vəziyyət risklidir. Çünki biz daxili tələbatımızın heç 60 faizini yerli istehsalla ödəyə bilmirik. Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. Ölkədə 600 min hektara yaxın ərazidə buğda əkilir. Əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur. Lakin bu həcm tələbatı ödəmir. Buğdaya tələbat 3,1 milyon tondur. Taxıl, xüsusən də buğda istehsalı artırılmalıdır. Ərzaq təhlükəsizliyi üçün bu, son dərəcə vacib məsələdir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər