PDF Oxu

MİA

  • 7 512

2024-cü ilin dövlət büdcəsi nə vəd edir? – ANALİZ

image

Gələn ilin dövlət büdcəsi layihəsi hazırkı qlobal siyasi və iqtisadi təlatümlər fonunda olduqca effektiv bir iqtisadi inkişaf modelinin əyani nümunəsidir

Xəbər verdiyimiz kimi, noyabrın 2-də “2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirədən sonra komitə üzvləri “qanun layihəsini 1-ci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər. Bəs gələn il üçün dövlt büdcəsi necə formalaşdırılıb və nələri özündə ehtiva edir. Bu haqda ətraflı məlumat verməyə çalışaq.

Layihəyə əsasən, 2024-cü ildə ölkəmizdə ümumdaxili məhsul artımın 2,4 faiz, neftin 1 barrelinin orta qiyməti optimist ssenaridə 80 ABŞ dolları nəzərdə tutulub. Növbəti ildə inflyasiyanın 5,3 faiz olacağı planlaşdırılır.

2024-cü ildə qeyri-neft sektorunun 4,6 faiz artması və ÜDM-də payının 70 faizi keçməsi gözlənilir. Təqdim edilən büdcə layihəsində son 7 ildə ilk dəfə olaraq büdcə gəlirlərinin 51 faizə qədərinin qeyri-neft sektorunun hesabına formalaşması təklif olunur.

Büdcə layihəsində növbəti ilin gəlirlərinin cari ilə nisbətən 282,5 milyon manat, xərclərinin isə 138,2 milyon manat artması planlaşdırılır. Büdcə layihəsində sosial xərclərin 1 milyard 34,5 milyon manat artması planlaşdırlır.

Növbəti ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərimizə Böyük qayıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətləri kimi nəzərdə tutulub.

2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Bu, cari il üçün təsdiq olunmuş göstərici ilə müqayisədə 3 milyard 409 milyon manat, cari ilin yenidən baxılma ilə əhəmiyyətli dərəcədə artırılmış dövlət büdcəsi xərclərindən 3 milyard, nisbətdə isə 138 milyon manat çoxdur. Xərclərin 93 faizi və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq. Gəlirlərin qeyri-neft sektoru üzrə və neft sektoru üzrə bölgüsünün bərabər olacağı gözlənilir. Dövlət büdcəsinin neft-qaz sektorunda məcmu gəlirləri 17 milyard 164 milyon manat nəzərdə tutulub. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 865 milyon manat, cari ilin proqnozu ilə müqayisədə 1 milyard 122 milyon manat və ya 7,5 faiz çox, qeyri-neft sektoru üzrə isə 9 milyard 890 milyon manat, cari illə müqayisədə 905 milyon manat və ya 10,1 faiz çox vəsaitin təmin olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il üçün 5 milyard 900 milyon manat daxilolmalar nəzərdə tutulur və bu cari illə müqayisədə 172 milyon manat və ya 3 faiz çox olacaq. 2024-cü ildə dövlət büdcəsinin sair gəlirləri üzrə 388 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.

2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair 1-ci dövlət proqramının icrası üçün 4 milyard manat, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə əlavə olaraq 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə ödəniləcək kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsi vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və işğaldan azad edilmiş ərazilərdə müvafiq strukturların yaradılması üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

2024-cü ildə dövlət büdcəsi xərclərinin 42,9 faizi, onun cari xərclərinin isə 69,7 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin göstəriciləri ilə müqayisədə bu 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. O, həmçinin dövlət büdcəsində təhsil, səhiyyə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti, mənzil və kommunal təsərrüfatı, kənd təsərrüfatı tədbirləri, ətraf mühitin mühafizəsi, dövlət əsaslı vəsait qoyuluşu, sahibkarlığın dəstəklənməsi, beynəlxalq fəaliyyət və bir sıra digər sahələrə ayrılmış xərclərə dair göstəriciləri nəzərə çatdırıb.

2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. Kəsirin ÜDM-ə nisbəti 2,9 faiz təşkil edəcək.

Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə büdcənin gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.

Qeyd edək ki, dövlət borcunun ÜDM-ə nisbətinin 14,5% təşkil edir və bu büdcə qaydası göstəricisi ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədd çərçivəsindədir.

2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır. Belə ki, ölkə iqtisadiyyatında real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə nəzərdə tutulur.

Qeyd edək ki, cari ilin dövlət büdcəsi çox effektiv şəkildə icra olunub. İlin 9 ayında vergi daxilolmaları üzrə proqnoz tapşırığı 106 faiz icra edilməklə, proqnozdan əlavə dövlət büdcəsinə 723 milyon manat vəsait daxil olub. Neft-qaz sahəsindən vergi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 150 milyon manat, qeyri-neft/qaz sahəsində isə 1 milyard 200 milyon manat artıq icra edilib. Bununla yanaşı, sosial sığorta yığımları üzrə yüksək artım dinamikası müşahidə edilməkdədir. Cari ilin 9 ayında məcburi dövlət sosial sığortası üzrə daxilolmaların proqnozu 109 faizə yaxın icra edilərək, 3,8 milyard manat vəsait daxil olub.

Son 4 il 9 ay ərzində 340 mindən çox yeni əmək müqavilələri bağlanıb, cari ildə isə 71 min yeni daimi iş yerin yaradılıb.

Ölkəmiz post-pandemiya və post-münaqişə dövründə yeni strateji inkişaf mərhələsinə qədəm qoyub, bu dövrdə yeni nəsil islahatlar vasitəsi ilə iqtisadi artımın dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin, innovasiya və ixrac yönümlüyünün, maliyyə dayanıqlığının daha da gücləndirilməsi, onun qlobal dəyər zəncirinə səmərəli inteqrasiyası, yüksək rifah cəmiyyətinin sürətlə formaslaşması qarşıda duran əsas hədəflərdir.

Göründüyü kimi, qlobal siyasi və iqtisadi təlatümlərin baş verdiyi bir dövrdə Azərbaycan özünün siyasi çəkisini artırmaqla yanaşı, iqtisadi yüksəlişini də təmin edir. Bu isə son 20 ildə həyata keçirilmiş iqtisadi siyasətin məntiqi nəticəsidir. İldən ilə ölkəmizin iqtisadi qüdrətinin artması dolayısı ilə əhalinin sosial rifahının da artmasını şərtləndirir.

Nəzərə alsaq ki, son illərdə işğaldan azad edilmiş ərazilərdə çox böyük quruculuq işlərinə başlanılıb, bunun üçün böyük vəsaitlər xərclənir və ölkəmiz bu ağır yükün öhdəsindən gələ bilir, bu halda əminliklə demək olar ki, iqtisadi inkişafın davam etməsi və gəlirlərimizin artan dinamikası Qarabağın çox qısa müddətdə bərpa ediləcəyi və ölkəmizin iqtisadi dövriyyəsinə qoşulacağından sonra Azərbaycan daha tarazlı və daha davamlı iqtisadi inkişaf mərhələsinə daxil olacaq.

Xüsusən də, qeyri-neft sektorunun getdikcə iqtisadiyyatlmızın daha çox hissəsini təşkil etdiyini və dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxunu verdiyini nəzərə alsaq, əminliklə demək olar ki Azərbaycan artıq təkcə neft ölkəsi, neftdən asılı olan ölkə kimi deyil, diversifikasiya edilmiş iqtisadiyyat ölkəsi kimi dünyada öz layiqli yerini tutacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər