Tarix boyu türk xalqlarının məskunlaşdığı ərazilərdə milli və dini tolerantlıq hökm sürüb. Türk xalqları fərqli mədəniyyət və inanc mənsubları ilə tolerantlıq və harmoniya çərçivəsində, hətta eyni idarəetmə altında da həyatlarını davam etdiriblər. İslamı qəbul etdikdən sonra da öz əzəli inanclarındakı tolerantlıq, bərabərlik, ədalət, insanlıq kimi təməl dəyərlərini İslami inanc və prinsiplərlə birləşdirərək yaşayıblar.
Nə dini, nə milli ayrı-seçkilik
Azərbaycan cəmiyyətində dini mənsubiyyət azadlığı və tolerantlıq faktoru tarixin bütün dövrlərində mövcud olub. Bu, indi daha yüksək səviyyədədir və bu, müxtəlif millətlərin nümayəndələrinin eyni idarəetmə altında sülh içində yaşamasından bəllidir. Tarixi mənşəyinə görə türk cəmiyyətinin təməl dəyərlərindən biri olan tolerantlıq anlayışı müxtəlif amillərin təsiri altında türklərə xas bir xarakter alıb. Əvvəla, müxtəlif inanclara, mədəniyyətlərə və həyat tərzlərinə hörmətlə yanaşmaq mənasını verən tolerantlıq anlayışı həm də sosial sabitliyə və həmrəyliyə töhfə verir. İkincisi, dövlətin, cəmiyyətin mövcudluğunun qorunub saxlanmasında bu amil mühüm funksiya hesab edilir.
Tolerantlıq başqalarının dəyər verdiyi inancları, düşüncələri və hissləri başa düşmək, onlara dözməkdir, bu, hətta bizim baxışlarımıza zidd olsa belə. Qədim türk mədəniyyətində tolerantlığın inkişafı dərindən araşdırıldıqda bu anlayışın dəyər, əxlaqi inanc və əxlaqi-mənəvi ölçü baxımından çox dözümlü olduğu aydın olur. Qədim türk torpaqları olan Azərbaycanın tarixi mədəniyyətində özünəməxsus məzmun və məna daşıyan tolerantlıq anlayışı Qərbdə maarifçiliklə başlayan tolerantlıq praktikalarından daha uzun bir tarixə malikdir. Bizim tariximiz boyu normal, gündəlik həyat tərzimiz olan tolerantlıq Qərbin bu gün qanunlarla, sərt qaydalarla nail olduğu vəziyyətdir. Hər bir azərbaycanlının düşüncəsinin təməlini başqalarının fikrinə hörmət, başqa inanclara diqqət təşkil etdiyi üçün tolerantlıq bizim üçün normal yaşayış standartıdır. Biz tolerantlığa zorakı əməl etmirik, çünki o bizim həyat tərzimizdir.
Tolerantlığa əsaslanan cəmiyyətin formalaşmasında bir çox amillərlə yanaşı, qədim türklərin İslam dinini qəbul etməzdən əvvəlki dini inanc və adətlərinə bağlılığı böyük olub. Bu ənənə türklərin Tanrı-insan və insan-insan münasibətlərinin müəyyənləşdirilməsində, İslamın mənimsənilməsində mühüm əhəmiyyət kəsb edir.
Necə idiksə, hələ də eləyik
Azərbaycanda istər İslamdan əvvəlki dövrdə, istərsə də İslamı qəbul etdikdən sonra başqa din və mədəniyyət nümayəndələrinə qarşı son dərəcə tolerant olublar. Şübhəsiz ki, qədim mədəniyyətimizdə tolerantlığın asanlıqla fərqləndirilməsinə kömək edən çoxsaylı amillər arasında fərqli dinə inanan insanlarla birlikdə yaşama təcrübələri rol oynayır. Digər tərəfdən, dini dəyərlərə bağlılıq və bununla bağlı yaradılmış möhkəm ailə quruluşu türk humanizminin tolerantlıq və insan sevgisinə əsaslanan inkişafına təsir edib. Bu torpaqlarda kök salan insanlar bir prinsiplə yaşayıblar: “incisən də, incitmə!”. Fikrimcə, tolerantlığın ən qısa tərifi də budur.
Müxtəlif dinləri, millətləri birləşdirib bir idarəetmə altında yaşadan Sovet İttifaqında 70 ildən artıq yaşamış bir ölkə kimi Azərbaycan həmin dövrdə də bu tolerantlığı inkişaf etdirdi. Bir imperiya altında onlarla millətlə qaynayıb-qarışan xalqımız ondan öncəki yaşayışını davam etdirdi, yenə başqa millətlərlə qardaşlıq, dostluq şəraitində yaşadı. Biz Azərbaycandakı tolerantlığın ən güclü nümunəsini 44 günlük müharibədə də gördük. Dinindən, milliyyətindən asılı olmayaraq bütün gənclər vətən üçün cəbhəyə axışdı. Eynilə I Qarabağ Müharibəsində olduğu kimi II Qarabağ Müharibəsinin də dini-etnik mənsubiyyəti fərqli olan qaziləri, qəhrəmanları, şəhidləri oldu.
Erməni vəhşiliyinə şillə kimi cavab
Dini, milli dözümsüzlüyün simvoluna çevrilmiş ermənilər uzun illər işğal altında saxladıqları torpaqlarımızda olan mədəniyyət abidələrimizi, məscidlərimizi tövlələrə, qəbiristanlıqlarımızı otlaqlara çevirdilər. Dünyanın qədim yaşayış məskənlərinin qalıqlarını minillərdir qoruyub saxlayan Azərbaycan o abidələri qoruq elan edib mühavizə edirdi, lakin erməni vandalları xalqımızın tarixini məhv edib. Azərbaycanın erməni kilsələrinə qarşı tolerant davranışını ermənilər bizim tarixi abidələrimizə göstərmədilər.
Prezident İlham Əliyev çıxışlarının birində belə deyir: "İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerləyeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salıblar, dağıdıblar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə yeksan ediblər”.
Ortaq dəyərlər etnik, dini, siyasi, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bu tolerant ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir. Bu ehkamın özülü dostluq, materialı sülh, ustası isə müxtəlif millətlərin birləşdiyi xalqımızdır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb