Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində İrəvanda anti-Rusiya meyillərinin güclənməsini, ABŞ Dövlət Departamentinin Azərbaycanı tənqid etməsini və Ermənistan hakimiyyətinin qəfildən Zəngəzur dəhlizinə bənzər başqa bir layihəni irəli sürməsini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Ermənistanın baş nazirinin hakim partiyasının nümayəndəsi, Müdafiə və Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Armen Xaçatryan bildirib ki, guya Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçi kimi özünü nüfuzdan salıb və İrəvan Moskvanın vasitəçiliyi ilə Azərbaycanla sülh sazişi imzalamaq niyyətində deyil. Və o, söz verib ki, yalnız Qərbin zəmanəti altında saziş imzalayacaqlar.
- Bunda təəccüblü heç nə yoxdur. Son 20 ildə Ermənistanda da oxşar hisslər artmaqdadır. İndi biz, sadəcə, onların səsini daha çox eşidirik. Əvvəllər erməni liderləri üstüörtülü şəkildə danışırdılar. Hər şey onunla başladı ki, “biz Qərbdə tərəfdaşlar axtararaq Rusiyanın təsirini şaxələndirmək istəyirik” tezisi ortaya atdılar. Sonradan eşitməyə başladıq: “Qərbdə tərəfdaş axtarışı bizim Rusiya ilə münasibətlərimizə zidd deyil”. İndi üçüncü mərhələyə keçid baş verib, o zaman Ermənistan hakimiyyəti mahiyyətcə “bəli, Qərb Rusiyaya alternativdir və biz bunu deməkdən çəkinmirik” deyir. Ermənistan Rusiyadan uzaqlaşmaqda davam edir və bununla əlaqədar onun KTMT-dəki statusu məsələsi təbii olaraq ortaya çıxacaq.
Bu, uzun sürən siyasi prosesin inkişafının nəticəsidir. Bütün bunlar 21-ci əsrin ilk illərində Ermənistan NATO ilə hərbi proqramlar hazırlamağa başlayanda, Şimali Atlantika Alyansı ilə ən çox proqrama malik olan KTMT ölkəsi oldu. Eyni zamanda, Qarabağın erməni separatçıları həyasızcasına bəyan etdilər ki, onların taleyi ilə ATƏT məşğul olduğu üçün dünyada tanınmayanlar arasında “ən çox tanınan” onlardır. Eyni zamanda, Ermənistan postsovet məkanında dondurulmuş münaqişələrlə bağlı Rusiyanın təşəbbüslərini rədd edərək, Fransa və ABŞ-ın bununla məşğul olduğunu bəyan etdi. Sonra Ermənistanın qərbyönlü meyili formalaşmağa başladı. Bu meyil özünü son onilliyin ortalarında, Ermənistanın daha intensiv şəkildə Qərbdə tərəfdaşlar axtarmağa başladığı və qondarma Qarabağ məsələsində ona kömək edəcəklərinə ümid etdiyi vaxtda göstərdi.
Ermənistan Avropa İttifaqı ilə assosiasiya sazişini natamam formada da olsa imzalayıb. Rusiyanın narazılığına baxmayaraq, imzaladılar. 2018-ci ildə Ermənistandakı çevrilişdən sonra yeni lider Nikol Paşinyanın ilk işi KTMT-nin işini əngəlləmək oldu. Eyni tendensiyalar 5 ildən sonra təkrarlanır.
İndi Paşinyan da nümayiş etdirir: Rusiya Qarabağ məsələsində Ermənistanı dəstəkləmədiyi üçün biz ondan uzaqlaşacağıq. Yeganə odur ki, bu uzaqlaşma meyillərini Ermənistanda Paşinyan başlatmayıb. Ondan əvvəl başladılar. İndi də Ermənistanın Rusiyadan bu uzaqlaşması respublikanın ictimai meydanına atılmaqla yeni səviyyəyə çatır.
Əvvəllər “KTMT-də Ermənistanın olması, ya olmaması” məsələsi yüksək səviyyədə müzakirə olunmurdu. İndi isə İrəvanda rəsmi gündəm səviyyəsinə keçib.
- Paşinyan KTMT liderlərinin sammitinə getməyəcək və bu ərəfədə İrəvan strukturdan Ermənistana yardım məsələsini, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi məsələsini gündəlikdən çıxarmağı xahiş edib...
- Ermənistan 6 ildir ki, KTMT-yə bacardığı qədər ziyan vurur. Həmişə nəyisə bəyənmirdi. İndi KTMT-də iştirakını dayandırmağa çalışırlar.
- İrəvanın beynəlxalq platformalarda Rusiyanı ləkələmək cəhdlərinə diqqət yetirməyə bilməzsiniz...
- Beləliklə, erməni cəmiyyəti Rusiya ilə tədricən qopmağa, Rusiyadan ayrılmağa hazırlaşır. Digər məsələ də budur ki, ermənilər Ermənistan Rusiyanın yanında olmasa, onları kimin müdafiə edəcəyini həqiqətən də anlamır. Paralel olaraq bu, İrəvanın ABŞ-a göstərmək istəyidir ki, bəli, Ermənistan sizinlədir, Ermənistan Qərbə doğru gedir.
Bu da nümayişdir: Rusiya dəstəkləmədiyi üçün biz ondan belə qisas alacağıq.
- ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen bu yaxınlarda Bakının sentyabr ayında Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı Azərbaycanı hədələyib. Niyə belə aqressiv reaksiya yarandı?
- Bu, ABŞ-ın Ermənistana dəstəyinin nümayişidir. Bu, siyasi saxtakarlıqdır, Ermənistan üçün illüziya yaratmaq cəhdidir: biz sizinləyik, sadəcə olaraq, Rusiyadan bir qədər uzaq olun. Biz nə istəsək, edəcəyik, sadəcə Rusiya ilə mümkün qədər tez qopub KTMT-də böhran yaradaq. Bu, Ermənistan üçün Vaşinqtonun göstərdiyi şirnidir. O, bu şirnini Ermənistanın qabağında saxlamaqda davam edəcək, amma onu yedizdirməyəcək, sadəcə şirnikləndirəcək.
ABŞ Azərbaycana qarşı gedə builməyəcək, çünki regionda önəmli ölkədir.
- Amma Aİ də vaxtaşırı Azərbaycanı tənqid edir. Nə üçün?
- Çünki Aİ-də bir çox proseslər fransızlar və onların lobbisi tərəfindən idarə olunur. Faktiki olaraq Avropa İttifaqı Zaqafqaziyanı Fransaya verdi. Fransanın əslində nə olduğu Azərbaycanda yaxşı başa düşülür. Bu, Avropanın ən ermənipərəst ölkəsidir. Nəzərə alsaq ki, Fransaya yardımı da Belçika, qismən də Türkiyəyə qarşı düşmənçiliklərinə görə İtaliya və Yunanıstan edir, o zaman Avropa İttifaqı daxilində “kritik” ittifaq yaradırlar.
Və gördüyümüz kimi, Azərbaycan sentyabr ayında Qarabağı tamamilə öz nəzarətinə qaytardıqdan sonra Qərbə qarşı bir az fərqli mövqe nümayiş etdirməyə başlayıb. O, Azərbaycan əleyhinə bəyanatlara cavab olaraq güzgü kimi reaksiya verməyə başlayıb.
Əgər əvvəllər Azərbaycan Aİ və ya Vaşinqtonun vasitəçilik platformasından istifadə edirdisə, indi ABŞ və Aİ-nin anti-Azərbaycan hücumlarına reaksiya verir və mahiyyətcə bu danışıqlar platformalarını bloklayır. Çünki bu platformalar açıq şəkildə Azərbaycanın maraqlarına qarşı çevrilməyə başladı.
Amma Azərbaycan burada Qərbdə parçalanma üzərində oynayır. Bakı praktiki, konstruktiv yanaşma nümayiş etdirməyə hazır olan Aİ dövlətləri ilə münasibətlər quracaq.
Qarabağ məsələsinin həlli ilə Azərbaycan və Ermənistan arasında vasitəçilik ehtiyacı aradan qalxdı.
Bəli, ABŞ və Fransa özləri üçün yeni variantlar axtarırlar və Cənubi Qafqaza qayıtmaq üçün strategiyalar üzərində işləyirlər. Yerevan isə, eyni zamanda, Qərb tərəfdaşlarını vəziyyətə necə cəlb etmək variantlarını axtarır.
Qərbin Ermənistana dəstəyi onların İrəvanda düşündüyü qədər fədakar deyil. Beləliklə, Qərb qüvvələri Ermənistanla Azərbaycan arasında dayanmaq istəyir və bununla da deyirlər ki, siz bir-birinizlə ancaq bizim vasitəmizlə danışa bilərsiniz.
- Aşağıdakı tendensiyalar da diqqət çəkir: Ermənistan indi mahiyyətcə Azərbaycan və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı ideyasını özününkü hesab etməyə çalışır. Hər yerdə nəqliyyat əlaqələrinin blokdan çıxaırlmasını təşviq etmək, onu “Ermənistan kəsişməsi-dünyanın qovşağı” kimi təqdim etmək. Bakı buna cavab verdi ki, bir neçə ildir ki, Azərbaycan hakimiyyəti İrəvana konstruktiv şəkildə Zaqafqaziyada nəqliyyat əlaqələrini birgə blokdan çıxarmağı təklif edib, İrəvan isə imtina edib...
- Düzünü desəm, Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları Ermənistansız asanlıqla həyata keçirilə bilər. Türkiyənin Acarıstandan keçməklə Gürcüstanla sərhədi var. Azərbaycanın Rusiya və İranla sərhədi var. Bunu Ermənistansız da etmək tamamilə mümkündür.
Budur, Ermənistan strateji əhəmiyyətli kəsişmələrdən uzaqda yerləşir. Yəqin ki, “erməni qovşağı”nın piarı başlayıbsa, bu o deməkdir ki, Ermənistan hakimiyyəti regionda sərfəli kommunikasiyalar qurmaq və Ermənistanın iştirakı olmadan qlobal layihələr həyata keçirməyin mümkün olduğunu başa düşüb.
Belə çıxır ki, Ermənistan heç kimə lazım deyil. Qərb üçün bu, yalnız Rusiyaya qarşı Cənubi Qafqazda sabitliyi pozmaq, Moskvaya problem yaratmaq alətidir. Və qonşuları üçün. Hamısı budur. Ermənistandan, sadəcə olaraq, hər tərəfdən yan keçmək olar.
Ermənistan anti-Rusiya mövqeyinə görə ABŞ və Fransadan minnətdarlıq almaq istəyir.
Ermənistan daim qonşuları ətrafında manipulyasiyalar aparır. Qərbin Rusiyanı “təcrid etmək” ideyasına Ermənistan da Qərbin peyki kimi qoşuldu. Bu regionda. Amma gülməlidir. Bu, kiçik Ermənistan üçün necə mümkündür? O, Rusiyanı görməməzliyə vurmağa çalışacaq? Beləliklə, bölgədə hamı üçün problem ondan ibarətdir ki, Ermənistan qeyri-şəffaf tərəfdaşdır, regionda sabitliyin pozulmasına təkan verir, suveren olmayan, milli məqsədlər güdən deyil, regiondankənar oyunçuların qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə can atan tərəfdaşdır. Ermənistanın qonşuları üçün əsas problem budur.
Ermənistan getdikcə daha çox bəyan edir: biz də anti-Rusiyayıq, biz də anti-Rusiya kampaniyasına qoşulmağa hazırıq, sadəcə olaraq, bunu edirik.
Regionda baş verən qlobal geosiyasi dəyişikliklər fonunda dövlətlər qarşılıqlı əlaqələri gücləndirməyə çalışdıqda Ermənistan ayrılır və regional “parça”ya çevrilir.
Rusiyanın dəstəyi olmadan regionda necə mövcud olacaq? Eyni zamanda, Ermənistanın ölkənin özü, xalqı üçün faydalı olan yolu inkişaf etdirmək üçün başqa variantı var idi- region dövlətləri ilə qarşılıqlı əlaqə yolunu, qonşuları ilə iqtisadi və digər qarşılıqlı əlaqə yolunu. Ancaq o, "parça" olmağa qərar verdi. İcazə verin vurğulayım. Bu, Paşinyanın Ermənistan dövlətinin hazırkı lideri kimi müstəsna dərəcədə pis olması deyil. “Qarabağ klanı” da region üçün sabitliyi pozan və dəhşətli siyasət yürüdürdü. Bu, qatı millətçilik siyasəti, müharibə siyasəti idi. Və bu gün Qərb üçün Ermənistanda lider nə qədər sərt şəkildə anti-Rusiya mövqeyindədirsə, Cənubi Qafqazda sabitliyi pozmaq kimi son məqsədə yaxınlaşmaq şansı bir o qədər çox olur.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb