Noyabrın 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası keçiriləcək. Bu görüş, təbii ki, erməni tərəfindən pozulmadığı halda, dalana dirənmiş danışıqlar prosesində müəyyən irəliləyiş kimi qiymətləndirilə bilər.
Komissiyalar irəliləyiş əldə edəcəkmi? Ermənistanın Aİ və ABŞ timsalında “saniyələri” necə davranacaq? “Siyasi Təhlil və İnformasiya Təhlükəsizliyi Mərkəzi” beynəlxalq ictimai təşkilatının direktoru, Avrasiyada Strateji Tərəfdaşlıq üzrə Berlin Komitəsinin sədri Svyatoslav Andrianova, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova, rusiyalı politoloq, “Truly” portalının baş redaktoru Ruslan Aysin bununla bağlı fikirlərini “Caliber” analitik mərkəzinə bildiriblər. Ekspertlərin şərhlərini oxucularımza təqdim edirik.
Svyatoslav Andrianovun fikrincə, Qərb Ermənistandan “2-ci Ukrayna” yaratmağa davam edir və buna nəzərəçarpacaq dərəcədə nail olub.
“Son illər ərzində Paşinyanın siyasətində biz burada Rusiya ilə bağlı yaxşı heç nə olmayacağının aydın göstəricilərini müşahidə etdik. Amma bundan əziyyət çəkən Rusiya deyil- biz əzəldən yaşadığımız kimi Ermənistansız da yaşaya bilərik, ancaq erməni xalqı əziyyət çəkir. Aİ və ABŞ-ın vədləri, təcrübənin göstərdiyi kimi, yaxşı heç nəyə gətirib çıxarmayacaq onlar bölgədə mövqe qazana və Türkiyəni bir az kənara itələyə bilərlər, lakin Ankaranın Cənubi Qafqazda mövqeyi güclü olduğu üçün daha çox şeyə ümid etməməlidirlər. Bundan sonra Ermənistanı özlərinin maraq dairələrindən çıxaracaqlar”,- deyə politoloq əmindir.
Digər tərəfdən, onun fikrincə, Azərbaycan ABŞ üçün deyilsə də, şübhəsiz ki, Aİ üçün son dərəcə vacibdir və buna görə də Brüssel çox güman ki, İrəvanla Bakı arasında münasibətlərin pisləşməsinə müqavimət göstərəcək. Çünki tezliklə sülh müqaviləsinin imzalanması Rusiyanın maraqlarına uyğun olduğu kimi onun da maraqlarına uyğundur. Xüsusən də Cənubi Qafqazda sabitlik üçün Moskvaya bu lazımdır.
“Cənubi Qafqazda sabitliyin Avropa üçün də vacib olmasının səbəbi də aydındır: Azərbaycanın enerji resursları Avropaya maneəsiz çatdırıla bilsin. Ona görə də hesab edirəm ki, ABŞ-ın hərəkətləri taktiki xarakter daşıyır, strateji baxımdan Qərb Azərbaycanla münasibətlərin korlanmasında maraqlı deyil, indi isə daha çox situasiya xarakterli olaraq Ermənistanın maraqlarından çıxış edirlər. Vəziyyət dəyişəndə isə və mütləq dəyişəcək,- ABŞ Ermənistana qarşı hərəkətə keçəcək. Vaşinqtonun ikiüzlülüyü Qarabağla bağlı verdiyi direktivlərdə özünü çox gözəl göstərir: azərbaycanlılar oradan qovulanda bir direktiv qəbul etdilər, bədnam 907-ci düzəlişi xatırlayaq”,- S. Andrianov qeyd etdi.
Amma Ermənistan-Azərbaycan danışıqlarının perspektivlərinə gəlincə, həmsöhbətimiz nikbindir.
“Paşinyan hələ ki intihar etmir, o, qafqazlı Jirinovski deyil, baxmayaraq ki, bəzən onun hərəkətləri qəribə, gözlənilməz olur. Amma ümumilikdə mənə elə gəlir ki, hər şey proqnozlaşdırıla bilər və başa düşüləndir- Paşinyan Ermənistanı nəhayət ,Rusiyadan qoparmaq üçün ona çox şeylər vəd edən tərəfdaşlarının xoşuna gəlmək üçün hərəkət edir. Artıq deyə bilərik ki, Ermənistan faktiki olaraq KTMT-dən çıxıb və yaxın aylarda onun bu blokdan rəsmi çıxması baş tutacaq. Ermənilər Qarabağın itirilməsinin günahını bütünlüklə Rusiyanın üzərinə qoydular. Baxmayaraq ki, bunun günahkarı yalnız İrəvandır və Rusiya ermənilərin istəkləri naminə beynəlxalq cinayətlər törətmək fikrində deyildi.
Sülh müqaviləsinə gəlincə, düşünürəm ki, o, imzalanacaq. Əgər Ermənistan hələ də tərəddüd etsə, o zaman Zəngəzur dəhlizi ilə bağlı məsələni Azərbaycan tamam başqa cür həll edəcək. Yeri gəlmişkən, Qarabağla belə oldu: Bakı təklif etdi, dözdü, dözdü… sonra hər şeyə tüpürdü, gedib əraziləri qaytardı. Düşünürəm ki, Ermənistan bunu çox gözəl başa düşür, ona görə də Azərbaycanın səbrini çox da sınamayacaqlar. Ermənistan üçün prosesin özünü dondurmamaq, mümkün qədər çox üstünlük əldə etmək üçün bazarlıq etməsi vacibdir. Beləliklə, bütövlükdə, yaxında sülh müqaviləsinin imzalanması ehtimalına çox müsbət baxıram- hesab edirəm ki, bu, bir neçə ay ərzində baş tutacaq. Və nə ABŞ, nə də Avropa vəziyyətin nəzarətdən çıxmasında maraqlı deyil. Amma Fransaya əmin deyiləm, o, Cənubi Qafqazda öz skripkasını çalır və ondan hansısa təxribat çox mümkündür. Lakin o, sülh müqaviləsinin bağlanmasına mane ola bilməyəcək”,- S.Andrianov vurğulayıb.
Darya Qrevtsovanın sözlərinə görə, sərhəd komissiyalarının qarşıdakı iclası çox güman ki, işçi xarakter daşıyacaq, çünki İrəvanın sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini həll etmək üçün siyasi iradəsi və istəyi yoxdur. Xüsusilə indi, Ermənistan açıq şəkildə Fransa və Amerika dəstəyini təmin etdiyi bir vaxtda. Bu baxımdan, Paşinyan Azərbaycana öz şərtlərini diktə etməyə, güzəştə getməyə cəhd edə bilər. Hansı ki, bu, Azərbaycanın xoşuna gəlməyəcək.
“Ancaq delimitasiya və demarkasiya məsələsi qaldırılmalı, bir çox texniki detallar müzakirə edilməli və onların hamısı qeydə alınmalıdır. Qarşıdan gələn görüş, məncə, sərhədin harada olduğu, qoyunların harada otarılacağına və elektrik xətlərinin harada olacağına qədər bu texniki detalları düzəltməyə daha yaxından yanaşmağa kömək edəcək. Məsələn, sərhəd əhalinin məskunlaşdığı ərazidən keçərsə, daha mürəkkəb problemlər yarana bilər. Deməli, bütün bunlar iki ölkənin işçi qruplarının fəaliyyət sahəsidir və gələcəkdə hansısa güzəştlərə getmək və ya güzəştə getməmək ölkə rəhbərliyinin iradəsidir. Əslində, Paşinyan sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edir. Eyni zamanda, revanşistlərin reaksiyasından qorxduğu üçün dəfələrlə öz baxış bucağını, mövqeyini dəyişir. Ona görə də Paşinyan ehtiyatlı davranaraq bu prosesi hər cür ləngidir. Bununla belə, fikrimcə, indi sülh müqaviləsinin imzalanması üçün ən əlverişli məqamdır və bu mənada Bakı İrəvanın inadından əl çəkməməlidir. Üstəlik, biz Qərb dövlətlərinin Ermənistana təsirini görürük, xüsusən də İrəvanın anti-Azərbaycan, anti-Rusiya ritorikasını eşidəndə və özünü dağıdıcı aparmağa başlayanda”,- D.Qrevtsova bildirib.
Ruslan Aysinin fikrincə, erməni tərəfi gec-tez Azərbaycanın şərtləri ilə razılaşmalı olacaq.
“Ermənistan indi yeni himayədar axtarır və görünür, onu hətta ABŞ-ın simasında tapıb. Və ondan əvvəl Rusiya, sonra Fransa var idi. Üstəlik qeyd edirəm ki, Ermənistanın praktiki olaraq heç bir variantı yoxdur - hər kəs ondan öz maraqları üçün istifadə etmək istəyir. Azərbaycan isə öz variantını, öz şərtlərini təklif edəndə mənə elə gəlir ki, bu, regionun geosiyasətində yaşamaq üçün alət kimi onun üçün ən sərfəli variantdır. Amma Ermənistan praktiki olaraq siyasi subyekt statusunu itirib və indi tamamilə başqa Qərb dövlətlərinin iradəsindən asılıdır. Sadəcə onu itələyirlər”,- politoloq qeyd edib.
Amma onun hesab etdiyi kimi, Azərbaycan sərt və prinsipial mövqe nümayiş etdirməkdə davam edərsə, o zaman Cənubi Qafqazda gedən proseslərə heç kim müdaxilə edə bilməyəcək. Ermənistanın Azərbaycanla rəqabət aparacaq nə siyasi, nə hərbi, nə də maliyyə resursları var. Və bir neçə aydan sonra ABŞ seçki yarışı mərhələsinə qədəm qoyacaq. Fələstin münaqişəsi və Ukraynadakı müharibə Vaşinqton üçün prioritet problemlərdir və buna görə də heç kim erməniləri uzun müddət sürümək fikrində deyil.
“Əgər noyabrın 30-da olmasa belə, yaranmış şərait 2024-cü ilin əvvəlində Ermənistanı danışıqlar masası arxasına oturmağa, sülh müqaviləsi imzalamağa, sərhədin delimitasiyası və demarkasiyası üzərində əsaslı şəkildə işə başlamağa məcbur edəcək. Çünki əks halda Ermənistan siyasi parçalanma ilə üzləşəcək. Bu ölkə, sadəcə olaraq, dağılacaq. Bununla belə, Ermənistan artıq mental olaraq parçalanıb”, - deyə R.Aysin yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb