“ABŞ Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə və yerini genişləndirməyə çalışır”
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Vaşinqtonun Cənubi Qafqaz siyasəti haqqında “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.
- ABŞ dövlət katibinin köməkçisinin bu yaxınlarda Bakıda Azərbaycanla bağlı səsləndirdiyi tiradadan sonra ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng edib. Blinken həmin köməkçidən münasibətləri yaxşılaşdırmaq üçün Bakıyla danışmağı xahiş edib. Amma eyni zamanda Amerika dövlət katibi Ermənistanın baş nazirinə də zəng edib, onunla söhbətində yenidən Ermənistanın ərazi bütövlüyünü müdafiə edib. Bu vəziyyəti necə xarakterizə edə bilərsiniz?
- Bu vəziyyətdə ABŞ istənilən halda öz maraqlarını irəli sürməkdə maraqlıdır, bu gün Ermənistan bunun üçün alətdir və bunu heç kim gizlətmir.
ABŞ-ın müəyyən vəsaitlərinin köməyi ilə hakimiyyətə gətirilən Ermənistan rəhbərliyi ABŞ-ın Cənubi Qafqazda məqsədlərini təbliğ etmək üçün tapşırıqlar yerinə yetirir. Bundan sonra Vaşinqton Zaqafqaziyada digər dövlətlərlə münasibətlərini yumşaltmaq məsələsini qaldıracaq. Əsas tezis belə olacaq: “Əgər bizim sizə qarşı loyal davranmağımızı istəyirsinizsə, onda qamçı və kökə siyasəti olacaq”. Bir tərəfdən sərt bəyanatlar və təhdidlər, digər tərəfdən: “gəlin sizinlə danışaq”. ABŞ hegemonluğunu bərqərar etməyi mümkün və zəruri hesab etdiyi dünyanın hər yerində belə davranır. Və onlar dünyanın bütün hissələrinə münasibətdə belə düşünürlər.
Yəni bizim gördüyümüz Azərbaycanla münasibətləri nizamlamaq cəhdi deyil: biz Bakıya zəng edirik, İrəvana zəng edirik və bu, sadəcə olaraq öz maraqlarımızı təbliğ etməkdir. ABŞ heç kimlə münasibətlərini nizamlamır. Amerika üçün heç bir dövlətlə bərabər hüquqlu münasibətlər qurmaq məntiqi yoxdur. Birləşmiş Ştatlar öz iradəsini həyata keçirmək üçün başqalarına ehtiyac duyur. Dünyanın qalan hissəsini özlərinə uyğunlaşdırırlar. Avropa Birliyi kimi. Hökmran var, vassal var. Vassal mövqeyini qəbul etdiniz, bu o deməkdir ki, haradasa sizi qoruyacaqlar və haradasa “ağanın masasından yemək” təklif edəcəklər.
Azərbaycan bu vəziyyətdə özünü çox şərəfli aparır, subyektivliyini qoruyub saxlayır, xarici siyasətini ABŞ-ın maraqlarına uyğun deyil, ilk növbədə öz maraqlarına uyğun aparır. Bu gün Azərbaycan dünya siyasətinin son dərəcə mühüm mərkəzidir. Məsələn, bu gün Azərbaycan Qoşulmama Hərəkatının lideridir ki, bu da son dərəcə vacibdir. Çox ciddi xarici siyasət yeritmək üçün əlində olan rıçaqlardan istifadə edir. Ona görə də ABŞ Bakıya diqqət yetirir.
Vəziyyət mürəkkəbdir və burada hər bir ölkə özünü real imkanlara əsaslanaraq görür.Bəli, belə fikirlər var ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində hədəfləri Rusiya və İrandır. Amma mənim fikrimcə, Çinin də Zaqafqaziya və Mərkəzi Asiya ölkələrindən keçməli olan yeni “İpək Yolu” – “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsi ilə bağlı böyük marağı var.
ABŞ Cənubi Qafqazda baş verən hər şeyi öz nəzarəti altına almalıdır. Azərbaycan isə bu kəsişmələrin mərkəzindədir. Enerji amili də vacibdir, lakin məncə, transmodal dəhlizlərə münasibətdə ikinci dərəcəlidir.
ABŞ indi Ermənistan vasitəsilə regiona daxil olmağı bacarıb və indi öz körpü başlığını genişləndirmək vəzifəsini qarşısına qoyur.
- Azərbaycanın bu vəziyyətdə davranış ssenarisi necə olacaq sizcə?
- Çox güman ki, Azərbaycan öz maraqlarını müdafiə etmək və ABŞ-ın xarici siyasət konturuna inteqrasiya etməmək üçün xətt inkişaf etdirməkdə davam edəcək. Çox güman ki, Bakı ilə Vaşinqton arasında ciddi eskalasiya olacaq. Azərbaycanla ABŞ arasında gərginlik artacaq, lakin sonra hər şey daha böyük geosiyasi ssenarilərdən asılı olacaq. Xüsusilə, gələn il ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra. Biz çox yaxşı başa düşürük ki, ABŞ seçiciləri üçün Cənubi Qafqaz planetin birinci prioritet nöqtəsi olmaqdan uzaqdır.
Ermənistanla oynamaq həm demokratlar, həm də respublikaçılar arasında müşahidə olunacaq. Seçkilər keçiriləcək və çox güman ki, geosiyasi vəziyyət dəyişəcək.
- ABŞ son zamanlar tez-tez Rusiya ilə Azərbaycanın eyni tərəfdə olduğunu qabardır...
- Rusiya və Azərbaycan həmişə dost ölkələr olub. Moskva və Bakının çoxlu sayda kəsişmə nöqtələri var. Həm siyasətdə, həm də iqtisadiyyatda. Rusiya ilə Azərbaycan arasında əlaqələr artır və möhkəmlənir, siyasi baxışların birgə təbliği artır.
- Ermənistan parlamentinin spikeri bildirib ki, Bakının siyasi iradəsi olsa, 15 gün ərzində iki ölkə arasında sülh sazişi bağlana bilər. Bu nə deməkdir?
- İrəvanın bu siyasi davranışı çoxdan müşahidə olunur. Qarşı tərəfin siyasi iradə nümayiş etdirməsi və qoyulan şərtlərlə razılaşması vacibdir.
Amma biz başa düşürük ki, Ermənistan özünü etibarsız hiss edir və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında Qərbin vasitəçiliyinə can atır. O, Qərbyönlü siyasi kurs seçdiyinə görə artıq Rusiyanı silib. Və Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi imzalamayacaq. Azərbaycan da bunu çox gözəl anlayır. O, başa düşür ki, Qərbin tələsinə düşmək olmaz, çünki Qərb özünü əsl vasitəçi kimi yox, vicdansız vasitəçi kimi aparır.
Ermənistan özünü daha inamlı hiss etmək üçün Qərbin vasitəçiliyini istəyir. Rusiya güclü vasitəçi olaraq qalır. Başqa bir məsələ də hansı tərəfin hansı qüvvəyə müraciət etməsidir. Ermənistan bu gün yalnız ABŞ-ın gücünə arxalanmağa çalışır.
Ermənistan sülh müqaviləsi məsələsində son sözü deməyə çalışır. Amma o bunu bacarmayacaq. Qərbin maskalarını tökməsi ilə Bakı mübarizəni davam etdirəcək. Rusiya və digər regional oyunçular öz suverenliklərini və regionun işlərinə kənar oyunçuların qarışmamasını müdafiə edərək, Bakının məntiqi ilə çıxış edəcəklər.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb