PDF Oxu

MİA

  • 7 795

Su hara yoxa çıxır? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Dünyada quraqlıq getdikcə daha çox ərazilərdə müşahidə olunur, yağıntılar azalır. Şirin su ehtiyatı isə azalmaqda davam edir. Eyni zamanda əhali artımı, kənd təsərrüfatı və sənayenin inkişafı suya tələbatı çoxaldır. Dünyanın quru ərazisindən suyun çəkilməsi müşahidə olunur. Son illərdə minlərlə çay və göl quruyub. Quruyan bulaqların sayını isə hesablamaq belə mümkün deyil.

2030-cu ilə qədər səhralaşma prosesinin güclənəcəyini məlumdur. Bunun da səbəbi ekologiyanın məhv edilməsi, yeraltı təbii sərvətlərin vəhşicəsinə talan olunmasıdır.

Azərbaycan əhaliyə və əraziyə nisbətdə su ehtiyatının çox az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizi xarici mənbələrdən formalaşır ki, bu da qlobal su qıtlığı yaranacağı təqdirdə ciddi təhlükə vəd edir. Son illərdə xeyli çay və göl quruyub yoxa çıxıb. Hətta Xəzər dənizində belə suyun sürətlə azalması və dənizin sahillərdən xeyli geri çəkilməsi müşahidə olunur. BMT-nin qiymətləndirmələrinə görə, yaxın gələcəkdə Azərbaycan su stressi yaşayan ölkələr sırasında yer alacaq.

Ölkələr su qıtlığıyla bağlı müxtəlif tədbirlər görür, alternativ mənbələrdən istifadə edirlər. Çox sayda su anbarları, süni göllər yaradılır, artezianlar qurulur, bir yerdə artıq olan su mənbələrinin, suyun az olduğu başqa ərazilərə yönəldilməsi üçün kanallar çəkilir. Bir çox ölkələr dərinliklərdə yerləşən yeraltı su hövzələrinə çatmaq və həmin suyun səthə çıxarılması üçün böyük layihələrin icrasına başlayır.

Eyni zamanda dəniz və okeanlardan götürülən sular duzsuzlaşdırılıb su anbarlarına yığılır. Bu proses kifayət qədər bahalı olsa da, qlobal su böhranından xilas olmağın əsas yollarından biridir. Xatırladım ki, pilot layihə kimi Azərbaycanda da Xəzərin suyunu şirinləşdirmək üçün zavod yaradılıb. Amma bir məsələ var ki, ölkə yalnız dənizdən götürülüb şirinləşdirilən suyun ümidinə qalsa, suyun qiyməti hədsiz baha olacaq. Ona görə də nə qədər ki vəziyyət faciəvi hal almayıb, şirin su ehtiyatlarımızı qorumalıyıq. Çox sayda su ehtiyatlarının tikintisinə başlamaq lazımdır.

Çıxış yollarından sudan qənaətlə istifadə etmək və israfçılığın qarşısını almaqdır. Bunun üçün ilk növbədə suvarmada səmərəli üsullardan istifadə qaçılmazdır. Yaşıllıqların açıq, nəzarətsiz və selləmə qaydasında sulanması ciddi itkilərə səbəb olur. Buna görə də damcı və çiləmə üsullarından istifadə edilməlidir. Bu üsul su israfını ən azı 2-3 dəfə azaldır, eyni zamanda torpaqların şoranlaşmasının qarşısını alır.

Məişətdə də sudan qənaətlə istifadə etməliyik. Bu sadə qaydalara əməl etməklə su çatışmazlığına qarşı mübarizə aparmış olarıq.

Bundan başqa, mümkün su mənbələri və ehtiyatları fondu yaradılmalıdır. Su anbarlarının tikintisi, artezianların qazılması, yağış sularının toplanması və s.

Əsas problemlərdən biri odur ki, dünya üzrə ən çox su itkisi qeydə alınan ölkələrdən biri də Azərbaycandadır. Dünya norması 5-6 faiz olduğu halda qeyri-effektiv idarəetmə səbəbindən Azərbaycanda su itkisi 40 faiz civarındadır. Bu itkilərin yarısı obyektiv səbəbdən olsa da, yarısı da subyektiv səbəblərdəndir- yəni, yerlərdə suyun qanunsuz dövriyyəsinə daxil olan su həcminin itki olaraq göstərilməsi.

Ölkəmizdə su kanallarının ümumi uzunluğu 50 min kilometrdən çoxdur. 90 faizindən çoxu da məhz torpaq kanallarıdır. Torpaq suvarma kanalları ilə ötürülən suda isə itkilər çox olur. Uzun məsafələrdə su torpağın alt qatlarına hopur və təyinat nöqtələrinə suyun az bir hissəsi gedib çatır. Hamısı olmasa da, mümkün qədərini beton kanallarla əvəzləmək lazımdır. Bəzi yerlərdə isə borulardan istifadə etmək olar.

İşğaldan azad olunan torpaqlar sayəsində böyük su ehtiyatlarına çıxış imkanlarımız yarandı. Ümumi su ehtiyatımızın 30 faizi bu zonada yerləşir. Bu ehtiyatlardan düzgün istifadə etməklə ətraf regionlarda da su problemini həll etmək olar.

Ötən il Prezident Sərəncamı ilə Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb ki, su təsərrüfatları mərkəzləşmiş qaydada idarə olunsun. Hesab edirəm ki, Agentlik düzgün nəzarət sistemi yarada bilsə, quruyan su ehtiyatlarının səbəblərini araşdırıb qarşısını almağa çalışsa, özümüzü qlobal su böhranından sığortalaya bilərik.

Digər xəbərlər