MİA

  • 3 934

Leonid Kalaşnikov: Rusiya və Azərbaycan liderləri dünyaya sağlam əməkdaşlıq nümunəsi nümayiş etdirirlər - MÜSAHİBƏ

image

Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Baku” portalına müsahibəsində İlham Əliyevin yenidən prezident seçildikdən sonra Rusiyaya ilk səfəri faktını və Rusiya və Azərbaycan liderlərinin görüşünün nəticələrini dəyərləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Leonid İvanoviç, liderlərimizin yenidən seçilməsindən sonra İlham Əliyevin Rusiyaya səfəri faktını necə dəyərləndirərdiniz? Bu səfərin Rusiya Federasiyasının xarici siyasəti üçün nə kimi əhəmiyyəti var?

- Azərbaycan Prezidentinin Rusiyaya səfərinin həm Moskvanın, həm də gördüyümüz kimi Bakının xarici siyasəti üçün mühüm əhəmiyyəti var. Səfər Əliyevin yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfərlərindən biri olub. Onu da demək olar ki, İlham Heydəroviç Rusiya prezidenti Vladimir Putinin yeni müddətə yenidən seçildikdən sonra onun görüşdüyü ilk liderlərdən biri oldu. Bu faktlar Rusiya ilə Qərb arasında qlobal münaqişənin hökm sürdüyü bugünkü şəraitdə ölkəmizin kollektiv Qərb tərəfindən məruz qaldığı təzyiqlərə görə mühüm əhəmiyyət kəsb edir. Bu, xüsusilə ona görə vacibdir ki, Qərb bu gün Cənubi Qafqaza, əsasən də Azərbaycana fəal şəkildə təzyiq göstərir. Bizə də problem yaratmaq üçün Zaqafqaziyada müxtəlif “alətlərdən” istifadə edir. Yəni, Rusiya qonşuları üçün ümumi təhdid və çağırışları var. Əliyevin səfəri isə, fikrimcə, digər məsələlərlə yanaşı, Azərbaycan liderinin Rusiyaya qarşı simvolik jesti, Rusiyanın Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyə verdiyi töhfəni müsbət qiymətləndirməsi oldu. Bunu liderlər görüşün əvvəlində açılış nitqində açıq şəkildə bəyan ediblər. Bölgədə təhlükəsizlik məsələsi və Rusiyanın bu təhlükəsizliyə töhfəsi gündəmin mərkəzində idi. Və Azərbaycan Prezidenti qeyd etdi ki, regionda təhlükəsizlik məsələlərinin həllindən razıdır. Qərb oyunçuları indi Ermənistandan istifadə edərək Cənubi Qafqaza girib siyasi və hərbi cəhətdən möhkəmlənməyə çalışırlar. Ermənistan hakimiyyətinin özü Qərbdən idarə olunur. Bu isə müəyyən dərəcədə regionda təhlükəsizliyə təhlükə yaradır.

Eyni zamanda, görürük ki, İlham Əliyev ölkənin milli maraqlarını ardıcıl müdafiə edir və onun bütün siyasəti bu məntiq üzərində qurulub. O, nə etdiyini bilir və heç vaxt öz prinsiplərinə xəyanət etmir. Vladimir Putin və İlham Əliyev həqiqətən dostdurlar, bir-birlərini başa düşürlər və milli maraqların qarşılıqlı müdafiəsini başa düşürlər və bu yanaşmaya hörmət edirlər. İlham Əliyevin Rusiyaya qarşı çox mehriban münasibəti var. O isə başa düşür ki, Rusiya yaxın qonşudur və elə dövlətdir ki, onunla əvvəlcədən konstruktiv, qarşılıqlı faydalı əlaqələr qurmaq lazımdır.

İlham Əliyev səfəri ilə nümayiş etdirdi ki, Rusiya üçün indiki çətin vaxtlarda belə, Moskva ilə əlaqələr Bakının strateji istiqamətidir. Axı Rusiya ilə açıq şəkildə qarşılıqlı əlaqədə olan, rəğbət nümayiş etdirən hər kəs Qərbin təzyiq obyektinə çevrilir. Düzdür, Azərbaycan bunsuz da həmişə Qərbin xüsusi təzyiqinin obyekti olub. Azərbaycan lideri kimə arxalanacağını, kimə güvənməməli olduğunu anlayan təcrübəli siyasi mübarizdir. Vladimir Putin də başa düşür ki, Azərbaycan belə çətin vaxtlarda, dünyanın dəyişdiyi, yeni çoxqütblü dünyanın qurulduğu, suverenlik uğrunda mübarizənin getdiyi vaxtlarda Rusiyaya münasibətdə şəffaf, konstruktiv şəkildə yanaşmaqla ona arxalana və gələcək üçün uzunmüddətli strateji əməkdaşlıq qura bilər.

Müəyyən dərəcədə bizim dünyada siyasi proseslərin inkişafı və prioritetləri ilə bağlı ümumi qiymətləndirmələrimiz var. Azərbaycan bəzi qonşularımızdan fərqli olaraq qısamüddətli maraqlar güdmür. Bu, Azərbaycan üçün qeyri-adi haldır. İlham Əliyevin yeni Azərbaycanı həmişə irəliyə doğru strateji baxış taktikasını seçir. Və bu düzgün yanaşmadır.

Bütün qeyd olunanlarla əlaqədar olaraq, Əliyevin səfəri çox simvolikdir. Görürük ki, sözünün sahibi, qlobal düşüncəli insanlar da var, dərhal mənfəət əldə etməyə çalışanlar da var, xəyanət edənlər də. Əliyev heç vaxt vədlərə uymayıb, heç vaxt kiməsə boyun əyməyib, lakin mən bunu Ermənistan rəhbərləri haqqında deyə bilmərəm.

Kremlin Putin və Əliyev arasında Baykal-Amur magistralının veteranları ilə görüşünü təşkil etməsi də yüksək səviyyədə ikitərəfli əlaqələrdə çox mühüm rol oynayır. Bu, bildiyiniz kimi, BAM-ın tikintisinə rəhbərlik edən Heydər Əliyeviç Əliyevə qarşı belə yaxşı insani, hörmət jesti idi. Heydər Əliyev bu sahədəki işini bənzərsiz yerinə yetirdi, bununla da tarixə düşdü. Bununla da Moskva Azərbaycanla münasibətlərə nə qədər böyük dəyər verdiyini, Heydər Əliyevin Sovet dövlətinin və Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdiyini nümayiş etdirdi. Rusiya üçün Heydər Əliyev həqiqətən də həmişə hörmətlə yanaşılacaq siyasi xadimdir. Çünki o, bir insan kimi, siyasətçi kimi səmimi, bütün fədakarlığı ilə böyük Vətəninə- Sovet İttifaqına xidmət edirdi. Eyni zamanda həm də kiçik vətəni Azərbaycana. O Azərbaycanı sözün əsl mənasında bərpa edə bildi və dövlətçiliyinə yeni nəfəs verdi. O, əsl siyasi müdrik idi.

İlham Heydəroviç Əliyevi də bu gün yüksək səciyyələndirmək olar. O, milli maraqlara zidd olan heç bir təzyiq və təklifi nəzərə almayaraq inamlı, müstəqil siyasət aparır.

Kremldə keçirilən müşavirədə Heydər Əliyevin BAM layihəsi üzərində necə işləməsi ilə bağlı deyilən bütün isti sözlər (mənim də bu sahədə iş təcrübəm var idi və mən nədən danışdığımı bilirəm) həqiqətən də özünəməxsus yanaşmanı xarakterizə edir. Bu, çox mürəkkəb bir layihə idi, skeptiklər onu “heç yerə aparan yol” adlandırırdılar. Amma bu gün biz bu layihənin həyata keçirilməsinin müdrikliyini dərk edirik ki, o, gələcəyin layihəsinə çevrilib və bu gün strateji əhəmiyyət kəsb edir. Heydər Əliyevin müdrik, aydın, yoxlanılmış qərarları layihənin həyata keçirilməsinə imkan verdi. Bu gün ölkə oxşar problemlərlə üz-üzədir. BAM veteranları ilə görüşdə Vladimir Putin və İlham Əliyev çox mühüm, simvolik paralel aparıblar ki, bu da bu gün biz regional layihələrdən kənara çıxan möhtəşəm layihələri birlikdə həyata keçirdiyimizi əks etdirir. Liderlər BAM-ın genişmiqyaslı tikintisini “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin hazırkı icra vəziyyəti ilə müqayisə ediblər. Liderlər isə bütün düşmənlərə nümayiş etdirdilər ki, biz birlikdə ümumi gələcəyə doğru gedirik və ona qoşulmağa hazır olanların hamısını bu gələcəyə dəvət edirik. Putin qeyd edib ki, BAM əsasən bütün 21-ci əsr üçün qlobal logistikanı müəyyən edir. Odur ki, Qərbin diktələrindən və sırf öz maraqlarını kiməsə diktə etmək cəhdlərindən əl çəkməyin vaxtı çatdığı bir vaxtda Rusiya və bir çox başqa dövlətlər üçün strateji layihə kimi “Şimal-Cənub”dan danışmaq olar.

Qərbin keçmiş “tərəfdaşları” tərəfindən Rusiya üçün əvvəllər qurulmuş tədarük zəncirlərinin bloklanması bizi bizimlə qarşılıqlı fəaliyyətə və əməkdaşlığı inkişaf etdirməyə hazır olan dövlətlərə yönəlmiş suveren layihələri həyata keçirməyə sövq etdi. “Şimal-Cənub” əslində çoxdan davam edən layihədir və indi hazırkı beynəlxalq şəraitdə nəhayət ki, tam həyata keçirilmək imkanı var. Biz qlobal cənuba diqqət yetiririk. Bu, Rusiyanın, Azərbaycanın və digər regional və regiondankənar oyunçuların maraqlarına cavab verir.

İlham Əliyevin Moskvaya səfəri və onun nəticələri, liderlərin görüşündə deyilənlərin hamısı Rusiya və Azərbaycanı münaqişəyə sövq etmək cəhdlərinə aydın cavab oldu. Və bunu etmək istəyənlər az deyil. Vladimir Putin və İlham Əliyev nümayiş etdirdilər ki, istənilən bu cür cəhdlər uğursuzluqla nəticələnib və bundan sonra da iflasa uğrayacaq. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşların, müttəfiqlərin, bir-biri üçün əhəmiyyətli olan dövlətlərin münasibətləridir. Vladimir Putin və İlham Əliyev Moskvada birgə qlobal strateji layihələr üçün qarşılıqlı dəstəyi və vektoru simvolik olaraq təsdiqlədilər

- Bu gün Azərbaycan Prezidentinin Administrasiyası bəyan edib ki, Rusiya və Azərbaycan liderləri Rusiyanın Bakı və İrəvanın sülh müqaviləsinə doğru hərəkətinə töhfəsini müzakirə ediblər. Bu yaxınlarda Bakı və İrəvan sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gəliblər. Siz bu barədə nə düşünürsünüz?

- Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, Cənubi Qafqazda sülhün bərqərar olmasına Rusiyanın çox böyük töhfəsi olub. Moskva isə 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasından bu yana bütün illər ərzində bu sənədi nəinki tam şəkildə həyata keçirib, əksinə, hər zaman digər tərəflərin razılaşmaları yerinə yetirməsini təmin etməyə, Bakı və İrəvan arasında danışıqlar üçün platformalar təqdim və təklif etməyə çalışıb. Bu gün də biz mütəmadi olaraq sülhə doğru dialoqa və tərəqqiyə hər cür yardım göstərməyə hazır olduğumuzu bəyan edirik. Biz Qərbin Zaqafqaziyadakı vəziyyəti manipulyasiya etmək və bir tərəfdə oynamaq cəhdlərindən narahat olmaya bilmərik. Təbii ki, bu, Bakını da narahat edir.

Bakı ilə İrəvan arasında delimitasiya prosesinin başlanması ilə bağlı razılaşmalara gəlincə, məncə, bu işi sakit və mərhələli şəkildə həyata keçirmək lazımdır. Çətindir, bu, təbii ki, onu pozmaq cəhdləri ilə müşayiət olunan prosesdir və biz artıq bu cəhdləri görürük. Delimitasiya prosesi mürəkkəbdir. Bu həm siyasi, həm də hərbi böhranlarla müşayiət oluna bilər. Təəssüf ki, bunu bir gecədə etmək mümkün deyil. Ona görə də hər iki tərəf səbirli olmalı və bunun xalqlara fayda verəcəyini anlayaraq yenə də sülhə doğru getməlidir. Müqavilələrə ciddi əməl edilməlidir. Fransızlardan və ya amerikalılardan hansısa yardım almaq cəhdləri heç bir sülhə gətirib çıxarmayacaq. Biz bunu çoxdan müşahidə edirik. Və əgər bəzi siyasətçilər Qərb vasitəçiliyinə üz tuturlarsa, bu o deməkdir ki, görünür, onlar razılaşmalara səmimi və vicdanla əməl etmək istəmirlər. Daha doğrusu, Qərb vasitəçilərinin köməyi ilə elektrik xətlərini çəkmək istəyirlər. Azərbaycan və Ermənistan özləri birbaşa sülh prosesində iştirak etməlidirlər. Mən görürəm ki, Azərbaycan həmişə müqavilələrə vicdanla əməl edib.

- Bu yaxınlarda bizə dediniz ki, mayın əvvəlində Bakıya səfər edəcəksiniz. Səfərin gündəliyi nədir?

- Mayın 1-3-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı fəaliyyət” adlı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. İştirak edəcəyimiz forum çərçivəsində parlamentlərarası platforma fəaliyyət göstərəcək. İndi biz Rusiya və Azərbaycan üçün vacib olan “Şimal-Cənub” irimiqyaslı nəqliyyat-logistika iqtisadi layihəsi haqqında danışdıq. Lakin ölkələrimizi humanitar sahədə, xüsusən də mədəniyyət sahəsində çoxlu ümumi cəhətlər var. Bizi ümumi keçmiş bağlayır və biz bu tarixi itirməmişik.

Azərbaycan həmişə Şərqin mədəniyyət mərkəzi olub. Müsəlman Şərqində ilk balet və ilk opera burada yaradılmış, müsəlman Şərqində ilk dəfə olaraq qadın hüquqları burada verilmişdir.

Ona görə də biz bu forumda mədəniyyətlərarası dialoqu davam etdirəcəyik və MDB çərçivəsində parlament platformasından səmərəli qarşılıqlı fəaliyyət üçün, o cümlədən qanunvericilik qərarlarının qəbulu baxımından istifadəyə dair təkliflərimizdən danışacağıq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər