PDF Oxu

MİA

  • 8 675

Buzlaqlar əriyir, təhlükə böyüyür

image

Dünyada böyük xaosa səbəb olacaq fəlakətlərdən biri də qütblərdə və yüksək dağlarda buzlaqların sürətlə əriməsidir. Buzlaqlar üzərində aparılan bir çox tədqiqatlar onların olduqca böyük sürətlə əridiyini sübut edir. Qlobal istiləşmə ilə əlaqədar olaraq buzlaqlarda ərimənin miqdarı dəyişir. Planetimiz bu sürətlə istiləşməyə davam edərsə, 2100-cü ilə qədər Himalay buzlaqlarının 68 faizini itirəcək.

Əsrimizin sonunda insanların təbiətə verdiyi zərər dünyanın 2,7 dərəcə istiləşməsinə səbəb olacaq. Bu, təxminən 2 milyard insanın həyati əhəmiyyət daşıyan su ehtiyatlarının itirilməsi deməkdir. Science jurnalında dərc olunan araşdırmada 200 min fərqli buzlağın iqlimdən necə zərər gördüyü detallı formada izah edildikdən sonra istiləşməni 1,5 dərəcəyədək endirməyi hədəfləyən Paris razılaşmasına əməl edilsə belə, mövcud buzlaqların yarısı itiriləcək.

Dünyadakı suyun 97%-i dənizlərdə və okeanlarda duzlu su olaraq mövcuddur. Qalan 3% şirin sudur. Dünyadakı şirin suyun 69%-i buz və qar formasındadır. Buz və qar şəklində olan bütün bu donmuş kütlələr buz sferasını əmələ gətirir. Buz və qarın böyük hissəsi Arktika və Antarktika buzlaqlarında, qalan hissəsi isə Himalay, Alp, And və Qayalı dağları kimi yüksək yerlərdədir. Dəniz buzlaqları istisna olmaqla, quru buzlaqları qitələrin 10%-ni əhatə edir. Bu yerlərdə orta temperatur heç vaxt 0 °C-dən çox deyil.

Dağ buzlaqlarının əriməsinin dəniz səviyyəsinin yüksəlməsində 3\1 paya səbəb olacağı təxmin edilir. Tədqiqatçılar bildirirlər ki, xüsusilə 1 kvadrat kilometrdən kiçik buzlaqlar istiləşməyə dözməyəcək.

Ekspertlərin hesablamalarına görə, Yaxın Şərq, Qafqaz, ABŞ və Yeni Zelandiya kimi bəzi regionlarda buzlaqların kütləsi ən yaxşı halda 60 faiz təşkil edir. Əgər istiləşmə gözlənildiyi yüksək faizədək qalxsa buzlaqlar 100 faiz itiriləcək. Bəs planetimizdəki bütün buzlaqlar ərisə, nəticə necə olacaq?

Qütb buzlaqları “dünyanın kondisionerləri” adlandırılır və planetimizin iqlim sisteminin tənzimlənməsində çox mühüm funksiyaya malikdir. Dünyanın cənubundan fərqli olaraq, şimal qütbündə buzlu qitə yoxdur. Şimal Buzlu okeanındakı buzların bir hissəsi hər yay əriyib suya çevrilir, hər qış yenidən donur. Bununla belə, iqlim böhranının yaratdığı təsir ilə donmuş Arktika dənizinin buz kütləsi gündən-günə kiçilir, eyni zamanda qatı nazikləşir. Araşdırmalara görə ərimə ən çox sentyabr ayında başlayır, hər 10 ildən bir 13 faiz azalma qeydə alınır. Alimlər bildirir ki, bu rəqəm min ildir ki qeydə alınmayıb.

Dəniz buzlarının əriməsinə səbəb dünyanın getdikcə isinməsi, istixana qazları emissiyasının artması, ekoloji tarazlığın pozulmasıdır. Buzlaqlar əridikcə dünya daha da isinir. Hesablamalara görə Arktika səthinin temperaturu son 20 ildə iki dəfə artıb. Qrenlandiyanın buz təbəqəsinin əriməsi isə 2006-2018-ci illər arasında dəniz səviyyəsindəki artımın 17,3 faizini təşkil edib. Alimlər qlobal istiləşmənin son 20 ildə Qrenlandiyanın buzlaqlarının ərimə sürətini 5 dəfə artırdığını açıqlayıblar. Qrenlandiyada bütün buzların əriməsi dəniz səviyyəsinin ən azı 6 metr yüksəlməsinə səbəb ola bilər.

Geophysical Research Letters jurnalında dərc edilən araşdırmada 6 qitədən 99 sahilyanı şəhər barədə yazılmışdı. Sahilyanı şəhərlərin hər il bir neçə santimetr su altında qaldığını müşahidə edilir. Buna görə Çinin Tianjin şəhəri hər il ən çox 5 santimetr itkiyə məruz qalan şəhərdir. Tyanjindən sonra Pakistanın Karaçi və Filippinin Manila şəhərləri təhlükədədir.

Bu, təkcə qlobal istiləşmə ilə bağlı problem deyil, həmçinin böyük şəhərlərdə qeyri-mütəşəkkil tikinti üsulları, infrastrukturun olmaması da sel və daşqınlar nəticəsində itkilərə səbəb olur. İş o yerə çatıb ki, İndoneziya paytaxt Cakartanı köçürməyə hazırlaşır. Paytaxtın köçürülməsi qərarı siyasi və ya hərbi səbəblərdən deyil, əhalinin sayının, iqlimin və təbii şəraitin artması ilə bağlı olub. Dünya əhalisinin 44 faizi sahilyanı ərazilərdə yaşayır. Buna görə də bir çox ölkə və şəhərlər su altında qala bilər.

Müxtəlif qazlardan ibarət olan atmosferin strukturunda rast gəlinən karbon qazı (CO2), metan (NH4), diazoksid (N2O), ozon (O3) və xloroflorokarbon (CFC) kimi istixana qazları günəşdən yerə gələn şüaların süzərək yer kürəsini müəyyən temperaturda saxlayır. Hazırda əhalinin sürətli artımı, həyat şəraitinin yaxşılaşması məqsədi ilə enerjiyə tələbat sürətlə artır. Artan enerji ehtiyacını ödəmək üçün kömür, neft və təbii qaz kimi qalıq yanacaqlardan istifadə edilir. Bu da atmosferə lazım olduğundan daha çox istixana qazları buraxılması deməkdir.

Atmosferə böyük miqdarda buraxılan istixana qazları atmosferdə həddindən artıq istixana effekti yaradır və qlobal istiləşməyə səbəb olur. Qlobal istiləşmə həddindən artıq quraqlıq, sellər, daşqınlar, torpaq sürüşmələri, meşə yanğınları, insanların və heyvanların həyat şərtlərinin və yerlərinin dəyişməsi, qütb buzlaqlarının əriməsi və dəniz səviyyəsinin qalxması kimi zəncirvari təbii fəlakətlərin baş verməsinə səbəb olur.

Buzlaqlar çox dinamik sistemlərdir. Onları izləyəndə buzlaqların hərəkətini görə bilmirik, lakin peyklər vasitəsilə buzlaqların hərəkətini çox yaxşı müşahidə edə bilərik. Müşahidələr göstərir ki, buzlaqlar ətraf mühitdəki temperatur dəyişikliklərinə düşünüldüyündən də qat-qat həssasdır. Qrenlandiyadakı Yakobsen buzlaqının yayda gündə 40 metr irəlilədiyi müəyyən edilib. Bu irəliləyiş on il əvvəllə müqayisədə təxminən iki dəfə çoxdur.

Təxminən 2,5 milyon il əvvəl, yəni insanların Yer üzündə ilk dəfə var olduğu ehtimal edilən vaxtdan bəri, müxtəlif qitələrdə əmələ gələn buzlaqlar və onların əriməsi nəticəsində əmələ gələn su axınları səbəbindən insanlar bəzən yaşadıqları torpaqlardan başqa yerlərə köç etmək məcburiyyətində qalıblar. Yaradılışın qaydalarını pozan, müxtəlif yollarla atmosferə, təbiətə, nizama zərər verən insan növbəti köçə də hazır olmalıdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər