MİA

  • 13 224

COP29: niyə Bakı? -ANALİZ

image

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə konfransına – COP29-a ev sahibliyi edəcək ölkənin – Azərbaycanın, dünyanın ən böyük neft hasil edən ölkələrindən biri olması məqamı əslində diqqətə alınacaq bir məqamdır. Yəni, bu gün neft və qaz hasil edən bir ölkə ekoloji baxımdan dünyanın ən nüfuzlu konfransına sədrlik edir.

COP29-un keçiriləcəyi ölkə ilə bağlı qərar Şərqi Avropa ölkələri qrupu tərəfindən hələ 2023-cü ilin iyununda verilməli idi, lakin məsələ qeyri-müəyyən qaldı. Əslində, 2024-cü ilin noyabrındakı COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Məlumat üçün bildirək ki, COP29 konfransının keçirilməsi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürüb. Ötən ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, ötən il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi.

Azərbaycan dünyada gəliri neftdən gələn dövlətin ən parlaq nümunələrindən biridir. Azərbaycan bu estafeti dünyanın 7-ci ən böyük neft hasil edən ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərindən götürür. Ölkənin ümumi ÜDM-də neft-qaz sektorunun xüsusi çəkisi orta hesabla 47,8 faiz, büdcə vəsaitlərinin 52,7 faizi neft gəlirləri hesabına formalaşır, ümumi ixracın 92,5 faizi neft məhsullarının payına düşür. Neft sektorunda 39,4 min nəfər işlə təmin olunub.

Niyə Azərbaycan?

Artıq üçüncü ildir ki, COP konfranslarına neft hasil edən ölkələr ev sahibliyi edir. 2023-cü ildə bu beynəlxalq konfransa ev sahibliyini Birləşmiş Ərəb Əmirliyi, 2022-ci ildə isə Misir etmişdi. Dünyanın ekoloji problemlərini gündəmə gətirən, müzakirəsini aktuallaşdıran bu konfrans neft ölkələrini boşuna seçmir. Azərbaycan kimi neft-qaz ölkələrində ekoloji tarazlığın qorunması üçün daha çox tədbirlərin görülməsini vacib sayan COP, bu istiqamətdə həmin ölkələrin daha çox məlumatlandırılmasını vacib sayır. Sirr deyil ki, qalıq yanacaqların hasilatının azaldılması, getdikcə dayandırmılması məqsədi ilə təbliğat aparılır. Azərbaycanın ekoloji məsələlərdə demokratik olmadığını düşünən COP-çular bu yolla iqlim problemlərini gündəmdə saxlamaq istəyirlər.

Prezident İlham Əliyev Azərbaycanın bu konfransa sədrliyi ilə bağlı dediklərindən: “Neft hasil edən ölkə COP-a sədrlik edir. Sanki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk”.

Prezident İlham Əliyev deyir ki, COP29-un əhəmiyyəti Azərbaycan üçün çox əhəmiyyətlidir: “Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edir. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edirlər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənirlər”.

COP29, Azərbaycan və sülh

“COP29 sülh prosesinin nəticəsidir” deyən ölkə rəhbəri bildirir ki, budəfəki konfransın mövzusunun maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri də sülh olacaq: “Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir”.

İlham Əliyevin sözlərinə görə, ekoloji problemlər ölkəmizin gündəmindədir: “COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq. Hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Biz gəmilər üçün daha çox kanal qazmalıyıq və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Biz burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görürük”.

“Azərbaycan ətraf mühitin mühafizəsinə əhəmiyyət verir”, - deyən ölkə rəhbəri ölkəmizdə 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparıldığını, əsas investorların dünyanın aparıcı enerji şirkətləri olduğunu və onların da hər kəs kimin ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu deyir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər