Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycanın paytaxtında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib. “Moskva-Baku” portalına müsahibəsində Rusiya parlamentinin yuxarı palatasının sədr müavini dəyişən dünya və bugünkü geosiyasi çağırışlar fonunda Rusiya Federasiyası ilə Azərbaycanın strateji tərəfdaşlıq və müttəfiqliyinin niyə bu qədər vacib olduğunu və bu əlaqələrdə xüsusən nəyin əsas olduğunu izah edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Konstantin İosifoviç, bu gün çoxqütblü dünyanın qurulduğu və Rusiyanın bu quruculuğun önündə getdiyi bir vaxtda bu geosiyasi proseslər fonunda Moskva ilə Bakının münasibətlərini necə xarakterizə edərdiniz?
- Çoxqütblü dünya mövzusundan başladığımız üçün demək lazımdır ki, bu, yalnız suverenliyə malik olan, həqiqətən müstəqil və özünü təmin edən kifayət qədər çox sayda dövlətin iştirakı və qarşılıqlı fəaliyyəti ilə mümkündür. Müstəqil, özünü təmin edən və suveren olmaq üçün hər bir dövlətin, hər bir xalqın öz milli maraqlarını aydın dərk etməsi və onlarda güzəştə getməməsi, necə deyərlər, satışa çıxarılmasından imtina etməsi çox vacibdir. Bu baxımdan demək lazımdır ki, bu gün dövlətlər açıq şəkildə iki kateqoriyaya bölünür. Bunlardan biri suverenliyi alan və ya satan və bununla da dünya nizamının birqütblü modelini möhkəmləndirməyə çalışanlardır. Digər qrup bunu etməkdən imtina edənlərdir. Rusiya da, Azərbaycan da 2-ci qrupa aiddir.
Azərbaycan Respublikası özünün müasir tarixinin son üç onilliyi ərzində ardıcıl olaraq öz dövlətçiliyini qurub, öz milli maraqlarının aydın dərk edilməsinə əsaslanan siyasət yürüdür və mənim nöqteyi-nəzərimdən bu vəzifəni parlaq şəkildə yerinə yetirir. Bu, əlbəttə ki, sürətlə artan nüfuzda əks olunur. Məhz belə suveren siyasətin həyata keçirilməsinin zəruriliyini dərk edən Rusiya və Azərbaycan bu gün həmişəkindən daha yaxındır. Aydındır ki, Rusiya Federasiyası kimi Azərbaycanın da başqa tərəfdaşları var və bunda qınanılan heç nə yoxdur. Əsas odur ki, biz bir-birimizi strateji tərəfdaş və müttəfiq hesab edirik. Bu, Rusiya nümayəndə heyətinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün işgüzar səfəri çərçivəsində mayın 2-də Bakıda İlham Heydəroviç Əliyevlə görüşümüz zamanı bir daha təsdiqləndi. Forumda həm Bakını, həm də Moskvanı narahat edən son dərəcə mühüm mövzular qaldırıldı. Və əminəm ki, Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq ani deyil, fürsətçi deyil, bu, strateji perspektiv üçün nəzərdə tutulmuş, getdikcə daha çox konkret məzmunla dolu olan dövlətlərarası əməkdaşlığın uzunmüddətli layihəsidir.
- İlham Əliyevin forumun açılışında qaldırdığı məsələlər Rusiyanın yanaşmaları və hazırkı geosiyasi vəziyyətdə çağırışlara baxışı ilə nə dərəcədə uzlaşır?
- Azərbaycan Prezidenti forumda konseptual çıxış etdi. Və mənim nöqteyi-nəzərimə görə, onun geosiyasi vəziyyətə baxışı, eləcə də Azərbaycanın müasir dünyada yeri və rolu ilə bağlı təqdimatı dünya və Rusiya-Azərbaycan münasibətlərinin Rusiya üçün necə göründüyü ilə heç bir ziddiyyət təşkil etmir. Dövlət başçısının nitqinin çoxqütblüliyə həsr olunmuş hissəsi məni çox təsirləndirdi. Heç bir hərbi bloka qoşulmayan, 4 ildir Qoşulmama Hərəkatına liderlik edən və sədrliyi dövründə bu 2-ci ən böyük beynəlxalq təşkilata yeni nəfəs verən bir dövlət kimi Azərbaycanın mövqeyi yalnız təriflər doğurur. Bu, Azərbaycanın və şəxsən Prezident Əliyevin nailiyyətdir.
Həmçinin, Azərbaycan Prezidentinin çıxışının daha bir bloku diqqəti cəlb etməyə bilməzdi - Qərb dövlətlərinin çoxəsrlik müstəmləkəçilik ənənələrindən başlayaraq bu gün də davam etdirdikləri neokolonializm siyasətinin rədd edilməsi və pislənməsi və beləliklə, ümumbəşəri dəyərlərin gözəl şüarları altında neokolonial təcrübələr vasitəsilə insan hüquqlarının qorunması adı ilə digər dövlətlərin daxili işlərinə qarışmağın tənqdi edilməsi.
- Bu gün biz Qərbin Rusiyanı sıxışdırmaq üçün müxtəlif “alətlərdən” istifadə edərək Cənubi Qafqaza təzyiq göstərmək cəhdlərini görürük. Və İlham Əliyevlə görüşünüzdə, anladığımız qədər, təhlükəsizlik mövzusu da qaldırılıb. Və Azərbaycan lideri bir daha vurğulayıb ki, Rusiya Federasiyası regionda bu təhlükəsizliyin ayrılmaz, mühüm tərkib hissəsidir...
- Prezident İlham Əliyev istər forumdakı çıxışında, istərsə də bizim görüşümüzdə çox açıq şəkildə bildirdi ki, Azərbaycan öz təhlükəsizliyini müstəqil şəkildə, öz milli qüvvələri ilə təmin etməyə qadirdir. Bu, əslində, Azərbaycanın son vaxtlar Ermənistanla, o cümlədən Qarabağla bağlı münaqişə vəziyyətlərində nümayiş etdirdiyi şeydir.
Bu gün göz qabağındadır ki, Azərbaycanın nə vasitəçilərə, nə də hərbi müttəfiqlərə ehtiyacı yoxdur. Bu, hörmət tələb edən normal mövqedir. Və bu mövqenin arxasında Azərbaycan Respublikası ilə Rusiya arasında ümumi anlaşma var ki, Cənubi Qafqaza müdaxilə edən regiondankənar oyunçular sabitliyin pozulmasından başqa heç nə gətirə bilməzlər. Xoşbəxtlikdən, Moskvanın və Bakının bu məsələdə mövqeləri tamamilə üst-üstə düşür; bunu digər Zaqafqaziya ölkələrinin dərk etməsi qalır: Gürcüstanın və son vaxtlar təəssüf ki, yanlış istiqamətə doğru sürüklənən Ermənistanın.
- Əliyev eyni zamanda Qlobal Şimal və Qlobal Cənub arasında körpülərin qurulmasının zəruriliyi mövzusunu qaldırdı. O, Azərbaycanın bu ilin noyabrında Bakının ev sahibliyi edəcəyi BMT-nin iqlim konfransı vasitəsilə belə bir cəhd edəcəyini bəyan edib...
- Azərbaycan Şərqlə Qərb arasında yerləşir və bir çox müasir problemlərin qovşağındadır. Bu, iqlim probleminə də aiddir. Azərbaycan Prezidenti bizimlə görüşdə narahatlıqla dedi ki, bu gün Xəzərdə suyun səviyyəsində azalma var. Bu, təkcə Azərbaycan və Rusiya üçün transsərhəd məsələ deyil, qlobal xarakter daşıyır. Və bu, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi COP29 Çərçivə Konvensiyasının Tərəflərinin Konfransında müzakirə olunacaq. Bundan əvvəl biz Xəzəryanı dövlətlərin parlament sammitini keçirmək və regional məsələləri, o cümlədən bu iqlim gündəmini müzakirə etmək niyyətindəyik.
COP29 qlobal miqyaslı hadisədir və Azərbaycan üçün bir növ çağırışdır, çünki belə böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün tələblər son dərəcə yüksəkdir. Rusiya şübhə etmir ki, Azərbaycan həmişə olduğu kimi bu çətinliyin öhdəsindən layiqincə gələcək.
Biz görürük ki, Fransa və Avropa Parlamenti bu sammiti necə pozmağa və beynəlxalq ictimaiyyəti buna qarşı çıxmağa inandırmağa çalışır. Ancaq gördüyümüz kimi, cəhdlər uğursuzluğa düçar olur. Çünki bütün dünya Azərbaycanın bu konfransın keçirilməsində hüquq və məsuliyyətini, imkanlarının səviyyəsini tanıdı. Bu, yüksək beynəlxalq tanınma və etimaddır. Bəzi Qərb qüvvələrinin sammiti pozmaq cəhdləri yeni fakt deyil və təəccüblü deyil, kifayət qədər adi haldır. Bu yanaşmanı Rusiyadan yaxşı heç kim bilmir. Məsələn, idmançılarımız bu il Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılmır. Halbuki, ekologiya kimi idman da mütləq beynəlxalq idman prinsiplərinə uyğun olaraq, siyasətdən kənar olmalıdır. Ancaq bunlar bizim “tərəfdaşlarımızdır”. Biz uzun müddətdir ki, bu istiqamətdə mövqeyimizdə hər hansı dəyişiklik gözləmirdik və indiki şəraitdə işləyirik. Mən bir an belə şübhə etmirəm ki, Bakıda COP29-u boykot etmək cəhdi nə Fransa, nə də başqa kimsə üçün uğurlu olmayacaq.
- Bildiyimizə görə, sizin Azərbaycan Respublikasının Prezidenti ilə görüşünüzdə Azərbaycanın Aİİ-də hansısa status, ən azı müəyyən yaxınlaşma formatları alması mövzusu qaldırılıb. İlham Əliyevin bu məsələyə münasibəti necədir?
- Bu mövzu gündəmdədir, Azərbaycanla Aİİ arasında yaxınlaşmanın müxtəlif variantları var. Görüşümüzün bu hissəsinin məzmununu açıqlamayacağam; Amma təsdiq edə bilərəm ki, bu mövzu bizim Aİİ ölkələri ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli münasibətlərimizdə müzakirə olunur. Burada heç kim hansısa formatı tətbiq etmir və bu müzakirəni süni surətdə irəli aparmır. Son qərar isə təbii ki, Azərbaycanındır. Və o, Azərbaycan Respublikasının öz milli maraqları əsasında qəbul ediləcək, mən buna yenə də şübhəm yoxdur.
- Görüşünüzdə hazırda münasibətlərdə prioritet olan hansı prioritet sazişlər və strateji layihələr müzakirə olunub?
- Şübhəsiz ki, bu, nəqliyyat logistikasıdır, bu, Azərbaycan ərazisindən də keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin digər ölkələrlə birgə həyata keçirilməsidir. Bu gün dövlətlərimizin hökumətləri səviyyəsində bu layihənin həyata keçirilməsinin bütün maliyyə və texniki aspektləri yekun təsdiq mərhələsindədir və əminəm ki, bu layihə tam işə salındıqdan sonra mühüm geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edəcəkdir. Çünki bu, rolu Baykal-Amur magistral xətti ilə müqayisə edilə bilən bir layihədir. Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev bu yaxınlarda Kremldə BAM veteranları ilə görüşərək 50 illik yubileyini qeyd etdilər. Bu, əlbəttə ki, əlamətdar hadisə, əlamətdar görüş idi ki, bu görüşdə Heydər Əliyevin bu layihənin həyata keçirilməsinə, Rusiya-Azərbaycan münasibətlərinin formalaşmasına verdiyi töhfə böyük hörmət və ehtiramla xatırlandı. “Şimal-Cənub” isə bu gün Rusiya və Azərbaycan üçün ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxan, həyata keçirilməsi strateji əməkdaşlığımıza uyğun gələn, səmərəli, qarşılıqlı faydalı gələcəyə, təhlükəsizlik və firavanlığa yönəlmiş mühüm, qlobal layihədir.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb