MİA

  • 7 746

Yaşıl enerjinin qara sirri - ARAŞDIRMA

image

Fasiləsiz artan qlobal tələbatı ödəməkdə alternativ enerjiyə tam güvənməyin riskli olduğunu göstərən aşkar əlamətlər və bəzi həlli çətin problemlər var

Enerjiyə tələbatın getdikcə daha çox artması gözlənilən enerji böhranı haqda strateji araşdırmaların artırılmasına səbəb olub. 2040-cı ildə qlobal elektrik enerji tələbatı 2020-ci ilə nisbətən 50% artaraq 35 mlrd meqavat/saata çatacaq. Dünya elmi enerji problemini həll etmək yolları axtarmaqdadır. Çünki həm ənənəvi enerji resursları tükənmək üzrədir, həm də planetin ekologiyasını məhv edir. Son vaxtlar alternativ enerji istiqamətində işlər sürətlənib, lakin artıq məlum olub ki, yaşıl enerjinin də ciddi problemləri var və dünyanın strateji enerji problemini tam həll edə bilməyəcək.

Dünyanın enerji balansı: artan tələbat, axtarılan çıxış yolları

2020-ci ildə Avropa üzrə elektrik enerjisi istehsalında mineral yanacağın payı 37-yə düşdü, bərpaolunan enerjinin payı isə 38-ə yüksəldi. Yəni, ilk dəfə elektrik istehsalında bərpaolunan enerjinin payı ənənəvi enerjinin payını keçdi. İldən ilə bu tendensiya davam edir və edəcək. Lakin proqnozlara görə, neft, qaz və daş kömürün dünya energetikasında dominant mövqeyi ən azı 2070-dək davam edəcək.

Qlobal energetikada neftin payı 30%, qazın payı 22%, daş kömürün payı 28%, atom enerjisinin payı 10, hidroenerjinin payı 7%, günəş, külək və digər enerjilərin payı 3%-dir.

2030-cu ildə dünya əhalisinin bu gün istehlak etdiyindən 45% daha çox enerjiyə ehtiyac duyacağı ehtimal olunur və mövcud enerji istehsalının artan tələbatı ödəyə biləcəyinə dair narahatlıqlar yaranır.

Ətraf mühitə ən çox sənaye tullantıları atan, dünya üzrə ekologiyaya vurulan zərərin 40 faizini təşkil edən ABŞ-da da getdikcə ekoloji təmiz enerjiyə keçid prosesi sürətlənir. Belə ki, ABŞ hökuməti kömür mədənlərinə verilən maliyyə dəstəyini dayandırıb, yeni boru kəmərləri çəkilməsinə məhdudiyyət qoyub. Ən böyük neft, qaz və kömür resurslarına malik və böyük ənənəvi enerji istehsaçısı olan Rusiyada da bərpaolunan alternativ enerjinin payını yüksəltməyə çalışırlar.

Öz karbohidrogen yataqları olmayan və enerji ixracından asılı olan Çin, Yaponiya, Hindistan kimi ölkələr isə ənənəvi yanacaq növlərini atom enerjisi və bərpaolunan enerji növləri ilə əvəzləməyə çalışır. Ümumi elektrik enerjisi istehsalının Kanadada 61%, Rusiyada və Çində 16%, Hindistanda və Almaniyada 15%, ABŞ-da və Fransada 11%-i bərpaolunan enerjinin payına düşür.

Neft, qaz və kömür yataqlarının 21-ci əsrin sonunadək tükənəcəyi haqda proqnozlar qlobal əndişəni artırıb və inkişaf etmiş ölkələr bərpaolunan enerjiyə keçmə prosesini sürətləndirirlər. İlk baxışda hər şey yaxşıdır, dünyanın sərvətlərinin amansız istismarı dayandırılacaq, ətraf mühitin çirklənməsi xeyli azalacaq və s. Lakin... burada bir əmma var. Yaşıl enerji də o qədər də məsum deyil və ümidləri doğruldacaq gücdə deyil. Bu yazıda sizlərə təmiz enerjinin kirli tərəfləri haqda danışmaq istəyirəm. Sual belədir-

Yaşıl enerji nə qədər yaşıldır və dünyanı dəyişə bilərmi?

Əvvəla ənənəvi enerji sistemlərini nəzərdən keçirək. Karbohidrogen yanacağın heç bir müsbət tərəfi yoxdur. Yerin altından trilyonlarla ton neft, qaz, kömür və s. çıxarmaqla planetin kimyəvi balansını dəyişdirib təbii fəlakətlərə səbəb oluruq, üstəlik torpağı, suyu və havanı da zəhərləyirik.

Atom enerjisi də zərərsiz və təhlükəsiz deyil. Adi bir səhvin və ya təxribatın (Çernobıl AES), ya da təbii fəlakətin (Fukusima AES) necə dəhşətli faciələrə yol açdığını yaxın tarixdə görmüşük. Hələ müharibə və terror hücumu nəticəsində bu stansiyalarda necə dəhşətli bir faciənin baş verə biləcəyini aydın təsəvvür etmək mümkündür. Üstəlik, radiaktiv tullantıların utilizasiyası problemi həll olunmayıb.

Bundan başqa, bu enerji növləri deyildiyi kimi səmərəli və ucuz da başa gəlmir. Hazırda dünyadakı bir çox AES-lər zərərlə işləyir və yalnız dövlət subsidiyaları ilə işini davam etdirə bilir. Nüvə enerjisinin dünya ölkələrinin elektrik enerjisi istehsalında payı- Fransada 39%, ABŞ-da 19%, Almaniyada 17%, Rusiyada 16%, Kanadada 14% təşkil edir.

Dünya energetikasında payı 60 faizdən çox olan kömür də enerjiyə çevrilməsi zamanı təbiətə vurduğu zərərə görə çox baha başa gəlir. Dünyanın ən güclü ölkələrində kömürün payı heç də az deyil- Çində 79%, Hindistanda 68%, Almaniyada 45%, ABŞ-da 43%, Rusiyada 16%.

Bəs alternativ, bərpaolunan enerji resurslarının potensialı və perspektivi nədir? Potensiala gəldikdə, burada ağlagəlməz rəqəmlərdən söhbət gedir. Planetimizin təbii enerji potensialı ehtiyacımızı nəzəri olaraq milyon qat ödəmək gücündədir. Lakin bu potensialın nə qədərindən praktiki istifadə etmək mümkündür və burada hansı problemlər var ona baxmalıyıq. Yəni, perspektivə.

Son dövrdə əksər ölkələrə alternativ enerji sektoruna qoyulan investisiyalar kəskin artıb. Xüsusən də, öz enerji resursları olmayan ölkələr üçün bu yeganə çıxış yoludur. Nəticədə son 20 ildə alternativ enerjinin qlobal energetikada payı dəfələrlə artıb. Ümumilikdə, yaşıl enerjinin payı 10 faiz cıvarındadır.

Proqnozlara görə, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi qlobal elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. Bu, karbon qazı emissiyasını 70 faiz azaldılacaq.

Lakin fasiləsiz artan qlobal tələbatı ödəməkdə alternativ enerjiyə tam güvənməyin riskli olduğunu göstərən aşkar əlamətlər və bəzi həlli çətin problemlər var. Bunları qruplaşdıraraq nəzərdən keçirək.

Alternativ enerjiyə nə dərəcədə ümid edə bilərik?

Yaşıl enerji 2 ana qrupa bölünür;

Bərpaolunan təbii enerji qaynaqları- günəş, külək və su enerjisi və s. Yetişdiriləbilən və dəyişdiriləbilən enerji qaynaqları- bitkilərdən, tullantıların yandırılmasından alınan enerji və s.

2-cidən başlayaq. ABŞ-da bioyanacaqdan əldə edilən enerjinin payı 5 faizdir. Digər ölkələrdə də bundan yüksək deyil. Əlbəttə, bu payın artmasına nail olmaq olar, lakin bu halda qlobal qida zəncirində ciddi problemlər yarana bilər. Qida üçün olan məhsulların əhəmiyyətli bir hissəsi enerjiyə yönəldilsə, onsuz da 1 milyard acın olduğu dünyada fəlakət yaranar. Enerji istehlakını ödəmək üçün dünyadakı əkinlərin təxminən yarısını buna ayırmaq lazım gələr və insanların yarısı ac qalar. Üstəlik, bu proses qlobal iqlim dəyişikliyinin sürətlənməsinə səbəb olar. Yeni əkin sahələrini dövriyyəyə qatmaq üçün meşələrin qırılması lazımdır. Bioyanacaq ənənəvi mineral yanacaqları əvəz etmək gücündə deyil, məsələn, iri gəmilər və təyyarələrə, nəhəng zavod qurğularına lazımi güc verəcək enerji sıxlığına malik deyillər.

Bioyanacaq həcminin bir hissəsi heyvanlardan əldə edildiyini nəzərə alsaq, bu enerjinin payını artırmaq üçün heyvandarlıq sektoru kəskin artırılmalıdır. Hazırda dünyada saylarını süni şəkildə artırıb 70 milyard başa çatdırdığımız ev heyvanı var ki, onların havaya buraxdığı metan qazı ciddi zərər verir.

Tullantıların yandırılması da verdiyi xeyirdən daha çox zərər verir, atomosferə zərərli tullantıların emissiyası kəskin artır və bu da ağır xəstəlikləri və ekoloji problemləri artırır. Beləliklə, tullantıların yandırılması və bioyanacağın qlobal enerji tələbatının az bir hissəsini belə ödəyə bilməyəcəyi aşkardır.

1-ci enerji qrupuna gəldikdə, bəs külək, günəş və su enerjisindən istifadənin hansı fəsadları var? Gəlin baxaq.

- Günəş enerjisi. Planetimizə Günəşdən hər saniyə 173 min teravatt enerji qəbul olunur. Dünyanın illik enerji istehlakı isə 25 teravatdır. Demək Günəş enerjisindən istifadə edilsə dünyanın enerji təlabatının minlərlə qatını əldə etmək olar. Lakin burada da “əmma”lar var. Əvəlla, Günəş olmadıqda enerji istehsalı olmur və bu sabit enerji qaynağı deyil. Lakin, daha əsas bir problem də var- Günəş panellərinin istehsalı zamanı zərərli qazlar ortaya çıxır ki, onların da ən təhlükəlisi nitrogen trifluoriddir (NF3). Bu, karbon-dioksiddən (CO2) 17 min dəfə daha güclü zəhərli qazdır! Atmosferdə qalma müddəti isə 700 ildən çoxdur. 1992-ci ildə atmosferdə cəmi 100 ton NF3 qazı var idi, 2010-ci ildə bu rəqəm 10 min tona yaxın oldu və ildə də 10 faiz də artır. Dünya üzrə bütün yarımkeçiricilərdə və nazik ekranların istehsalında istifadə olunan bu qazın miqdarı haqda beynəlxalq təşkilatlar statistik məlumatları açıqlamağı dayandırıblar və problemin dəhşətli bir vəziyyətə gəldiyi bəşəriyyətdən açıq-aşkar gizlədilir. Müstəqil tədqiatçılar bu rəqəmin 20 min tonu keçdiyini güman edirlər. Bu artıq fəlakətə yaxın vəziyyətdir və Günəş panellərinin perspektivini məhv edir, əlbəttə tamamilə başqa texnologiyada yaradıla bilməsə.

- Hidroelektrik enerjisi. Bu elektrik istehsalında ən təhlükəsiz, az xərcli və effektiv görünür. Lakin su elektrik stansiyaları yaradıldıqları ərazidə ekosistemə zərər verir, təbii balansı və su dövriyyəsini pozur, nəticədə dolayı problemlərin yaranmasına gətirib çıxarır. Üstəlik, əksər hallarda bu siyasi gərginliyə, hətta hərbi qarşıdurmalara gətirib çıxarır. Çünki, çayların çoxu tranzitdir və bir neçə ölkənin ərazisindən keçir. Birinin bu çaydan özü üçün istifadə etməsi digərlərinə problem yaradır və ciddi narazılıqlar yaranır. Bundan başqa qlobal quraqlıqla bağlı çaylarda su azalır, bir çox kiçik çaylar quruyur və elektrik sitehsalı da azalır. Beləliklə, SES-lərin də strateji planda mükəmməl çıxış yolu olmadığı aydın olur.

- Külək enerjisi. İlk baxışda bərpaolunan və sadə yolla əldə olunan təbii enerji qaynağıdır. Lakin bu qurğunun yaradılması baha başa gəlir, istifadə müddəti bitdikdən sonra utilizasiya edilməsi də xərc tələb edir. Üstəlik, karbon tullantıları yaradır. Dünyanın külək enerjisi potensialı 80 teravata yaxındır ki, bu tələbatdan 3 dəfə çoxdur. Lakin bu enerjinin çox azından istifadə etmək mümkündür və bu turbinlər bir-birindən xeyli aralı yerləşdirilməli olduğundan həddən artıq böyük əraziləri tutur. Üstəlik, külək olmadıqda enerji istehsalı olmur və bu sabit enerji qaynağı deyil.

- Digər alternativ enerji qaynaqları. Bu enerji növlərinin problemlərindən biri də odur ki, onların yaranması üçün əlavə enerji sərfinə ehtiyac var. Məsələn, su ilə işləyən hidrogen mühərrikli maşınlar üçün istehsal olunan hodrogen molekullarının istehsalı onun verəcəyi enerjidən daha çoxunu sərf etməklə əldə olunur. Bunun səbəbi hidrogen qazının çox güclü təzyiqlə mayeyə çevrilməsi və sonra yenə böyük təzyiqlə soyudulmasıdır. Çıxış yolu kimi həddən artıq baha başa gəlməsinə və təhlükəli olmasına rəğmən yaşıl hidrogen adlandırılan enerji qaynağı göstərilir, lakin bu geniş bir movzu olduğundan ayrıca yazıda toxunacağıq.

Enerji istehsalını artırmaqdansa istehlakçını azaltmaq yaxşıdır

Bu əsrdə karbohidrogen resursları tükənəcək. Yaşıl enerji növləri dünyanın tələbatının müəyyən qədərini ödəyə bilər, lakin getdikcə artmaqda olan enerji tələbatı problemini həll edə bilməz. Çıxış yolu kimi enerji istehsalının artması ilə yanaşı enerji istifadəsinin azaldılması da vacibdir. Dünyada həyatın təbliğ olunan forması istehlakçı çılığınlığı, ultrakomfort həyat tərzi, yüksək israfçılıqdır. Bu halda enerji tələbatını ödəmək o qədər də asan olmayacaq.

Əgər daha ucuz və bol enerji əldə edə bilsək belə, bu problemi aradan qaldırmayacaq, müvafiq olaraq enerji istifadəsini də o qədər çoxaldacağıq, bu da özümüzə və bütün canlı aləmə ciddi zərər verməyə gətirib çıxaracaq. Təbii qaynaqların imkanları konkret həcmdədir və məhduddur. Heç bir yolla artması mümkün deyil. Əgər biz fasiləsiz olaraq istehsalı və istehlakı artırsaq ehtiyatlar sadəcə olaraq tükəcənək, planetin ekologiyası tamam məhv olacaq və dünya yaşanılması mümkün olmayan yerə dönəcək.

Kapitalist sənayesi istehsal mallarında planlı köhnəltmə siyasəti yürütməklə qlobal istehlakçı kütləsi formalaşdırır və bununla həm planetin resurslarını tükəndirir, həm də insanları borclandıraraq kölə vəziyyətinə gətirir. Media və mədəniyyət sektoru da sürətli dəbdəyişdirmə siyasəti ilə onlara lazımi dəstək verir. Beləliklə, sonuncu əsrimizi vəhşicəsinə istehlak və ultrakomfort çılğınlığı ilə yaşayırıq.

Bəşəriyyətin tək bir yolu var- nəhayət normal insan cəmiyyəti yaratmaq, sadə və mütavazi həyat yaşamaq, daha çox mal-mülkə və əşyaya sahib olmamaq, yalnız ehtiyaclar qədər istehlak etmək, təbiətə zərər vurmamaq, istehsalda zərərli maddələrdən yox təbii məhsullardan istifadəyə keçmək, ekosistemi və biomüxtəlifliyi pozmamaq. Əks halda bizi heç bir qüvvə qurtara bilməyəcək. Planetimiz bizim yeganə evimiz və əvəz edilməyəcək həyat təminatımızdır. Onu vəhşicəsinə məhv etməyi dayandırmalıyıq.

Bunları etməsək 21-ci əsr bəşəriyyətin sonuncu əsri ola bilər və biz təkcə özümüzün deyil, planetdəki bütün canlı aləmin məhvinə səbəb ola bilərik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər