MİA

  • 1 600

Dmitri Solonnikov: Qərb Ermənistan vasitəsilə sülh razılaşmasını pozur – MÜSAHİBƏ

image

“Ermənilərin Qarabağa qaytarılması tələblərinə qarşı azərbaycanlıların Ermənistana qaytarılması tələbi məntiqli və ədalətlidir”

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirləri şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, bir gün əvvəl Azərbaycan prezidenti bir daha açıq şəkildə bildirdi ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hələ də imzalanmamasının əsas səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olan Konstitusiyasını dəyişməməsidir. Bakının bu şərti nə dərəcədə ədalətlidir?

- Əgər Ermənistan qonşu dövlətlərin suveren ərazisini iddia etdiyi ərazilər kimi qəbul etməkdə davam edərsə, bu, tam hüquqlu sazişin bağlanması üçün yaxşı vəziyyət deyil. Və bu məsələ öz həllini tapmalıdır. Bu, yaxın bir neçə ay ərzində baş verə bilərmi? Bu imkan əvvəllər də var idi. Bütövlükdə isə İrəvan və Bakının razılığa gəlməsinə heç nə mane olmur. Amma bunu etmək üçün Ermənistan rəhbərliyində hələ də iradə və qətiyyət yoxdur. Görürük ki, Ermənistan rəhbərliyi vaxtaşırı revanşist əhval-ruhiyyə ifadə edir, bəzi nağıllar danışır ki, Rusiya az qala Qarabağı Ermənistandan alıb Azərbaycana qaytarıb. Heyrətamiz şeylər. O, silahlı qüvvələrinin gücünü artırmaq zərurəti ilə bağlı fikirlər irəli sürür ki, bu da Qarabağa sahiblik məsələsinin müzakirəsinə potensial qayıdış deməkdir.

Ermənistan rəhbərliyi birmənalı olaraq sülhün əldə edilməsi mövqeyini tutmalıdır, daxili siyasi problemlərini həll etmək üçün revanşist ritorikadan əl çəkməlidir. Amma onlar mövcuddur. Ermənistanın xarici kuratorları isə adekvat iradə nümayiş etdirməlidirlər. Azərbaycanla Ermənistan arasında razılaşmanın şərtlərindən birinə- onun yerinə yetirilməsinə nəzarət edəcəklərini göstərməyə çalışmalıdırlar. Fikrimcə, Cənubi Qafqazda başqasının ərazisinə soxulmağa çalışan üçüncü qüvvələr olmayan kimi saziş imzalanacaq.

Azərbaycan mütəmadi olaraq İrəvanı Konstitusiyanı dəyişdirməyə çağırmaqla, gələcəkdə ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistanın gələcək potensial ərazi iddialarından özünü qanuni və ədalətli şəkildə qorumaq istəyir.

Siz gələcəkdə bu sazişi şübhə altına ala biləcək problemli boşluqlar buraxaraq yaxşı qonşuluq müqaviləsi imzalaya bilməzsiniz. Axı belə başa düşülür ki, sülh müqaviləsində tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması qeyd olunacaq.

Əgər Ermənistan özünün hansısa sənədlərdə hansısa xarici torpaqlara dövlət iddiası irəli sürdüyünü bildirməyi mümkün hesab edirsə və eyni zamanda deyirsə ki, bizim yaxşı münasibətlərimizi qeyd edək, bu, dissonansdır. Axı siz suveren dövlətin ərazisinin bir hissəsinə iddia edirsiniz. Yaxşı qonşuluq münasibətləri budur?

Ermənistanın baş nazirinin kifayət qədər geniş müddət ərzində Konstitusiyanın dəyişdirilməsi ilə bağlı müxtəlif mövqelər səsləndirməsi bunun xarici və daxili amillərin təsiri altında baş verdiyini deməyə əsas verir.

Bu yaxınlarda Bakı və İrəvan sərhədin delimitasiyasına başladılar, lakin bu, erməni revanşistlərinin növbəti hərəkətləri ilə müşayiət olundu.

Əgər Paşinyan bunun fonunda bəyan etsəydi ki, bəli, Konstitusiyanın dəyişdirilməsi lazımdır, o zaman etirazlar yəqin ki, daha radikal olacaqdı. İndi gördüyümüz kimi müxalifətin etirazları sönməkdədir.

Paşinyanın Ermənistan Konstitusiyasını dəyişdirməsinin perspektivləri nədən ibarətdir? Onun 2022-ci ildə hər şeyi tez həll etmək imkanı var idi. Bundan sonra Ermənistan növbəti hərbi əməliyyatı uduzdu, bunun fonunda yenidən danışıqlar aparmaq lazım gəldi. O, əhaliyə deməliydi ki, belədir, yeni həyat başlayır. O, Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlamalı idi. Hər şeyi süründürmək, kiçik addımlarla həyata keçirmək cəhdi isə Ermənistan daxilində pozitivlik yaratmır.

Paşinyan bundan istifadə edib daha tez radikal qərarlar verməli idi. Və onlardan sonra yeni reallıqda siyasət qurulmalıdır. Amma Ermənistanın indiki baş naziri bu xətti keçə bilmir.

Deyə bilərik ki, Paşinyan dinc addımlardan əl çəkmir. Amma əsas şərtləri nə qəbul edir, nə də imtina edir. Dörd kəndin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı addımlar atdı. Daxili siyasi iğtişaşlar sakitləşdi. İndi Azərbaycanla sülh məsələsində irəli gedə bilər. Ermənistan Azərbaycanın sülh müqaviləsi şərtlərini yerinə yetirsə, ədalətli olar

- Amma ABŞ-ın regionda siyasətinin yenidən intensivləşməsi ilə nə istədiyi ilə bağlı suallar yaranır...

- ABŞ mütləq bölgəyə girmək istəyir. Onların vəzifəsi Bakıya və İrəvana deməkdən ibarətdir: danışıqlar aparın, amma bizim rəhbərliyimiz altında. ABŞ bu ssenarini həyata keçirməyə çalışır. Onlar deyirlər ki, yalnız bu Azərbaycanla Ermənistan arasındakı sülh sazişini əl sıxma kimi tanıyacaqlar, “təkərə çomaq soxmayacaqlar”.

ABŞ başqa regionlara hər zaman təkliflərlə gəlir. Amma bunlar “kökə və çubuq” formatında təkliflərdir. Onların vəzifəsi təsirlərini gücləndirməkdir. Onlar hələ də özlərini dünyanın hegemonu hesab edirlər. Və göstərmək istəyirlər ki, həm münasibətləri yaxşılaşdıra, həm müəyyən üstünlüklər verə, həm də iqtisadi təzyiq göstərə bilərlər.

Birləşmiş Ştatlar yalnız öz himayəsini təklif edə bilər, deyirlər siz bizim dediklərimizi edin, amma ən yaxşı halda biz nəqliyyat dəhlizinə investisiyalar vəd edəcəyik.

Azərbaycan bütün bunlara rəsmi cavab verməyib. Hesab edirəm ki, Azərbaycanın sırf ABŞ-ın modelləşdirdiyi sxemə “uyğunlaşmaqda” heç bir marağı yoxdur. Və çox güman ki, bu baş verməyəcək.

- İlham Əliyev onu da diqqətə çatdırdı ki, əgər erməni əhalisinin Qarabağa qaytarılması məsələsi qaldırılarsa, o zaman azərbaycanlı əhali də Ermənistana qayıtmalıdır.

- Bu, əlbəttə ki, məntiqlidir və ədalətlidir. Lakin Qərb buna imkan verməyəcək. Qərb özünün ənənəvi sxemi üzrə fəaliyyət göstərir, o hesab edir ki, bəzilərindən tələb etdiklərini digərlərindən tələb etmək lazım deyil. Qərbin müttəfiqləri var ki, onlara hər şeyə icazə verilir, amma digərlərinə icazə verilmir. O, ədaləti yox, özünə faydalı qərarlar tələb edir. Ədalət və adekvatlığın bununla heç bir əlaqəsi yoxdur. Sadəcə başqa dövlətə şərt qoymaqdır. Mümkün və ya qeyri-mümkün, fərq etməz.

- Paşinyan niyə Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendumdan birdən-birə imtina etdi?

- Ola bilsin ki, Nikol Paşinyanın administrasiyasının apardığı və indi referendumun Qərb kuratorlarının ondan tələb etdiyi nəticəni verməyəcəyini göstərən sorğulardan bəzi sosioloji məlumatları var. Buna görə də referendumu təxirə salmaq qərarına gəliblər. Hər şey məntiqlidir: qəbul edilmiş qərarları qanuniləşdirmək üçün lazım olan referendumda qalib gəlməsəniz, bu qərarların verilməsini gözləmək lazım olacaq. Müvafiq qərarın qanuniləşdirilməsi üçün ictimai rəyi hazırlamaq və referendum keçirmək tələb olunur.

Ermənistan rəhbərliyinin mövqeyi qalır ki, ölkənin Avropa İttifaqına daxil olması lazımdır, amma bir az gözləmək və əhalini öyrəşdirmək lazımdır ki, buna razılaşsın. Bu istiqamətdə kifayət qədər işləndikdən sonra referendum keçirilsin.

- Burada İrəvan üçün Qərbə şərt qoymaq cəhdi varmı?

- Kukla onu oynadan aktyora şərt qoya bilməz. Paşinyan özü Qərb qarşısında şərt qoya bilməz. Onu hakimiyyətə gətirənlər özlərinə lazım olan şərtləri təmin etməsi üçün onu Ermənistanın başına qoyublar. Erməni cəmiyyəti üçün isə informasiya məkanında o, istənilən gənc kimi görünə bilər, ürəyinə gələn hər şeyi söyləyə və Qərbin qoyduğu kursu davam etdirə bilər.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər