MİA

  • 3 581

“Azərbaycan regionun geosiyasətini, geoiqtisadiyyatını quran əsas dövlətlərdən biridir” - MÜSAHİBƏ

image

Tanınmış iqtisadçı və politoloq Aleksandr Razuvayev “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin yeni qarşılıqlı fəaliyyət formatında birləşməsinin səbəblərindən danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Astanada Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü çərçivəsində Azərbaycan liderinin iştirakı ilə “Mərkəzi Asiya və Azərbaycan” formatında görüş keçirilib. Sizcə, bu format niyə yaranıb və nə üçün həm Bakı, həm də Mərkəzi Asiya dövlətləri üçün maraqlıdır?

-Azərbaycan ötən ilin sentyabrında öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra müxtəlif regionlarda, xüsusən də qonşuları ilə əlaqələri ardıcıl olaraq möhkəmləndirməyə və inkişaf etdirməyə başlayıb. Bu, qonşularla möhkəm, konstruktiv münasibətlərin, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, mövcud qarşılıqlı potensialdan istifadə edilməsindən ibarət müdrik strateji yanaşmadır. Bakı, xüsusən bu gün artan beynəlxalq və regional tendensiyalar fonunda öz ətrafında sülh və mehriban qonşuluq məkanı qurmaq taktikasını seçib.

Niyə son illərdə bu mümkün olub? Çünki Azərbaycanın onilliklər boyu xarici siyasətində əsas diqqəti həllinə yönəltməli olduğu problem- Qarabağ münaqişəsi və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı problemi nəhayət həll olundu. İndi də Azərbaycan diqqətini dünyanın müxtəlif yerlərində öz mövqelərini möhkəmləndirməyə, beynəlxalq statusunu yüksəltməyə və düzgün aktorlarla əlaqələrini gücləndirməyə yönəldə bilər. Xüsusilə, qonşu region kimi Mərkəzi Asiya dövlətləri ilə əlaqələri gücləndirmək. Bu isə Bakı üçün strateji regiondur. Yeri gəlmişkən, Azərbaycan 2 il əvvəl yaxın qonşusu olan Rusiya ilə də Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə imzalayıb.

Təkcə son 2 il ərzində Azərbaycan Prezidentinin bu gün (dünən- red.) Astanada keçirdiyi müşavirədə qeyd etdiyi kimi, o, Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər edib. Eyni zamanda, Mərkəzi Asiya dövlətlərinin rəhbərləri 2 il ərzində Azərbaycana 15 dəfə səfər ediblər. Rəqəmlər hər şeyi deyir.

Bu “Mərkəzi Asiya+Azərbaycan” formatı niyə formalaşıb? Ərazi bütövlüyünün bərpasından və əraziləri qaytarıldıqdan sonra Azərbaycanın Cənubi Qafqaz regionunda və ətraf ərazidə statusu xeyli yüksəlmişdir. Bu fakt Qarabağ münaqişəsində həmişə Azərbaycanın tərəfində olan Mərkəzi Asiya ölkələri tərəfindən dəstək və böyük hörmətlə qarşılanıb.

Və biz görürük ki, bu dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak edir, Özbəkistan və Qazaxıstanın dövlət vəsaiti hesabına artıq Qarabağda məktəblər tikilib; Qırğızıstan da dövlət vəsaiti ilə Qarabağda tikinti aparır. Bu ölkələrin rəhbərləri artıq Qarabağa səfər ediblər. Bu yanaşma həm də Azərbaycana hörmətin təzahürüdür.

Azərbaycan da son illərdə Mərkəzi Asiya ölkələrinin əksəriyyətini təşkil edən türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi siyasətini inkişaf etdirməyə başlayıb. Türk dövlətlərində İlham Əliyevə ölkəsinin ərazi bütövlüyünü bərpa edən, ölkəsi üçün çox çətin problemi həll edən lider kimi böyük hörmətlə yanaşırlar. Türk dövlətləri öz mövqelərini gücləndirmək üçün bu gün Türk Dövlətləri Təşkilatı institutunu gücləndirirlər. Və təbii ki, Azərbaycanın bu cəmiyyətdəki rolu getdikcə artır.

Xatırladığımız kimi, İlham Əliyev bu yaxınlarda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında, yeri gəlmişkən, Şuşada işğaldan azad edilmiş torpaqlarda birbaşa bildirmişdi ki, bu təşkilat qlobal miqyasda güc mərkəzlərindən birinə çevrilməlidir. İlham Əliyev belə ciddi təşəbbüslə Azərbaycanı geosiyasi prosesləri quran ölkə kimi mövqeləndirir. Elə həmin sammitdə mövqeyini təkcə sözlə deyil, həm də əməli ilə möhkəmləndirirmiş kimi, Türk Dövlətləri Təşkilatının hazırkı strukturunun qarşıya qoyulan məqsədlərə cavab vermədiyini, büdcənin onların həyata keçirilməsi üçün yetərli olmadığını bildirdi. Azərbaycan Katibliyin hesabına iki milyon ABŞ dolları köçürüb. Bu, bir daha təsdiqləyir ki, Bakı hansısa istiqamətin inkişafı ilə məşğuldursa, bunu ciddi və konkret edir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini xatırlayaq, o zaman Bakı sözün əsl mənasında bu strukturu sağlamlaşdırdı- müstəqil şəkildə bu təşkilatın inkişafına və inkişaf etməkdə olan dövlətlərə yardıma pul ayırıb, bu strukturun institutunu gücləndirib, onun daxilində müxtəlif bölmələr yaradıb. Eyni şey indi Türk Dövlətləri Təşkilatı ilə də baş verir. Azərbaycan təşəbbüslər irəli sürür. Artıq Türk İnvestisiya Fondu yaradılıb və Azərbaycandan keçməklə Xəzər dənizi vasitəsilə Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutunun yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsi nəzərdən keçirilir.

Hələ bir qədər əvvəl İlham Əliyev qeyd edib ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün yol xəritəsi lazımdır, çünki onun sözlərinə görə, dünyada mövcud vəziyyəti proqnozlaşdırmaq mümkün deyil. Bu gün (dünən- red.) Astanada keçirilən görüşdə Azərbaycan lideri analoji müraciətlə çıxış edib. O bildirib ki, dünyada artan təhdid və çağırışlar Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir.

Azərbaycan və Mərkəzi Asiya dövlətlərini coğrafiya və xeyli sayda birgə layihələr birləşdirir. Bu, Azərbaycan və Mərkəzi Asiya vasitəsilə Avropaya yüklərin nəqlini nəzərdə tutan Orta Nəqliyyat Dəhlizidir. Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistan da alternativ enerji istiqamətini birgə inkişaf etdirmək barədə razılığa gəliblər. Elektrik enerjisi Avropaya ixrac olunacaq. Azərbaycan və Mərkəzi Asiya ölkələri neft-qaz sahəsində də əməkdaşlığı inkişaf etdirir.

Bu gün Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın da daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatı getdikcə aktuallaşır. İyulda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq üçün müraciət etdiyi məlum olub.

Bütün Mərkəzi Asiya dövlətləri, eləcə də Azərbaycan bu gün Çinlə yaxınlaşır, çünki onun böyük iqtisadi və digər potensialı var. Azərbaycan bu yaxınlarda Çin ilə münasibətlərini strateji əməkdaşlığa yüksəldib.

Şərqlə Qərb arasında yerləşən Azərbaycan strateji coğrafi mövqeyə malikdir; O, Cənubi Qafqaz və Xəzər regionunda gedən bir çox proseslərin təşəbbüskarıdır ki, bu da Mərkəzi Asiya regionuna ötürülür. Və bütün bu regionlarda Azərbaycan əsas rol oynayır, fəaldır və regionların geosiyasətini, geoiqtisadiyyatını quran əsas dövlətlərdən biridir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər