MİA

  • 2 571

Azərbaycan nə qədər güclənirsə, Qərbin təzyiqi də bir o qədər artır - ŞƏRH

image

Ölkəmizin bu təşkilatdadakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyasının əleyhinə səs verən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatlarını Azərbaycan persona non qrata elan edib. Respublikanın səlahiyyətləri bərpa olunana qədər həmin şəxslərin Azərbaycana girişinə icazə verilməyəcək. Xüsusən bu yaxınlarda AŞPA-da başlanmış əsassız anti-Azərbaycan kampaniyası fonunda bu qarşılıqlı addımı ədalətli hesab etmək olar.

Avqustun 23-də Almaniya parlamentinin üzvü Frank Şvabe Azərbaycanın guya Avropa Şurasına üzvlükdə maraqlı olmadığını, həmçinin AŞPA nümayəndələrinin Milli Məclisə seçkiləri müşahidə etmək üçün dəvət edilmədiyini bildirib və Bakını “Avropa Şurasının irəli sürdüyü dəyərlərə məhəl qoymamaqda” ittiham edib. Eyni zamanda, Şvabe COP29 konfransı çərçivəsində Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd edib.

Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Şvabenin bəyanatlarını qərəzli və aldadıcı adlandırıb.

“Frank Şvabe yaxşı bilir ki, AŞPA nümayəndələrinin Milli Məclisə seçkiləri müşahidə etmək üçün dəvət edilməməsinin yeganə səbəbi siyasi səviyyədə ölkəmizə verilən vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir”,- deyə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib. Beləliklə, Frank Şvab və onun AŞPA-dakı həmkarları çətin ki, Bakıda belə mühüm beynəlxalq tədbirdə iştirak edə bilsinlər.

Maraqlıdır, digər ölkələrin ekspertləri və politoloqları AŞPA-dakı bu pozğunluğu və Bakının cavab addımlarını necə qiymətləndirirlər? Ekspertlərin “Caliber” analitik mərkəzinə şərhlərini oxucularımıza təqdim edirik.

Rusiyalı politoloq və MDB ölkələri üzrə ekspert Aslan Rubayevin sözlərinə görə, Azərbaycan son illər çox güclü regional oyunçuya, sabit dövlətə çevrilib, bir çox ölkələr üçün cəlbedici olub.

O, qeyd edib ki, bu, hətta Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətinin bu mötəbər təşkilatın iştirakçıları arasında doğurduğu müsbət reaksiyadan da nəzərə çarpır.

“Əlbəttə, Amerikanın Cənubi Qafqazda sabitliyi pozmaq planı var idi, bu plan ilk növbədə regionun enerji qovşaqlarına və nəqliyyat dəhlizlərinə nəzarəti ələ keçirmək və bütün bunları NATO çətiri altında həyata keçirmək idi. Regiona daxil olmaq üçün Ermənistandan tramplin kimi istifadə etmək planlaşdırılırdı, lakin bu plan baş tutmadı. Bakının Qərbin bütün arzularını puça çıxararaq, işğal olunmuş bütün ərazilərə nəzarəti necə tez bir zamanda bərpa etdiyini gördük. İndi Azərbaycan iqtisadi cəhətdən inkişaf etmək istəyir, Azərbaycan döyüşmək istəmir, amma Qərbdəki qüvvələr ona başqa plan tətbiq etmək istəyir.

Regionda və onun hüdudlarından kənarda Qərbin ardınca getmək istəməyən belə bir böyük oyunçunun meydana çıxması təbii ki, Vaşinqtonu və Brüsseli narahat edir. Azərbaycana qarşı bu cür aqressiv ritorika buradan qaynaqlanır və Bakıya təzyiq daha da artacaq. Yəni, Azərbaycan nə qədər güclü və müstəqil olsa, Qərbin Bakıya və onun siyasətinə təzyiqləri bir o qədər nəzərə çarpacaq. Birqütblü dünya dağılır və digər güclü oyunçular meydana çıxır, məsələn, Budapeştdə Orban, Bakıda Əliyev, Moskvada Putin və başqaları”,- politoloq qeyd edib.

Ekspertin fikrincə, qarşıdan yeni geosiyasi dəyişikliklər dövrü gəlir və Qərb bununla bağlı heç nə edə bilməz. Lakin o, mümkün qədər bu proseslərə mane olmağa, müstəmləkəçilik siyasətini davam etdirməyə çalışır və AŞPA deputatlarının qeyri-müəyyən davranışı da Qərbin yeni güclü oyunçulara qarşı mübarizəsinin əks-sədasıdır.

“Ancaq mənim fikrimcə, Bakı AŞPA-da iştirakına çox da bağlanmamalıdır, bu təşkilatdan çıxmaq daha yaxşı olardı. Axı Bakının qarşısında çox daha mühüm vəzifələr var: Azərbaycanla qlobal əməkdaşlığa sadiq olan BRİKS-də, Şərq və Asiya ölkələrində bunu gözləyirlər. Bura Çin, Səudiyyə Ərəbistanı, təbii ki, Rusiya və bir çox başqa dövlətlər daxildir. Avropa da öz növbəsində siyasi subyektivliyini itirib və onun siyasi institutlarının reaksiyaları və hərəkətləri Azərbaycan üçün ağrılı deyil, mediada lüzumsuz ajiotaj və həyəcanla müşayiət olunur, lakin heç bir şəkildə Bakıya təzyiq göstərə bilməz”- A. Rubayev vurğulayıb.

Qazaxıstanlı politoloq, siyasi elmlər namizədi Şarip İşmuhamedovun fikrincə, AŞPA kimi təşkilat Soyuq Müharibə dövründə yaradılıb və bu “müharibə” başa çatdıqdan sonra həmin ritorika bu təşkilata və Qərb blokları daxil olmayan ölkələrin siyasətini pisləmək praktikasını davam etdirir.

“Deməli, AŞPA əsas vəzifəsinə- Aİ-nin qonşu ölkələrlə tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsinə cavab vermir. Əksinə, qonşu ölkələr Avropanın dəyərləri, normaları və qanunları baxımından qiymətləndirilir ki, bunlar de-yure və de-fakto Aİ ölkələrindəki kimi ola bilməz. Frank Şvabe və Markus Viçel kimi adamlar isə belə deputatların yalnız ikiüzlü olduğunu sübut edir- AŞPA-da onların sayı çoxdur.

Bunun ən bariz nümunəsi AŞPA-da öz ərazi bütövlüyünü bərpa edən, Qarabağı separatizmdən və terrorizmdən azad edən Azərbaycanın demokratiyanın olmamasında, insan haqlarının pozulmasında ittiham olunduğu, əsl işğalçılar haqqında heç nə demədiyi ritorikadır. Azərbaycanlıları öz torpaqlarından didərgin salan, günahsız sakinləri qətlə yetirənləri cəzalandırmaq üçün qərarlar haradadır?

Eyni zamanda, İsveçin AŞPA nümayəndə heyətinin rəhbəri Markus Viçelin baş verənlərə kifayət qədər ayıq qiymət verməsini qeyd etmək yerinə düşərdi ki, o, Şvabenin emosional bəyanatlarından fərqli olaraq, özünün uzun illərdir anti-Azərbaycan mövqe tutduğunu səmimi şəkildə etiraf etdi. Ona görə də, Azərbaycanın COP29 ərəfəsində 6 isveçli deputatın ölkəyə girişinə qadağa qoymaq qərarı ona təəccüblü gəlməyib. Beləliklə, o, Azərbaycanın öz maraqlarını, o cümlədən ölkə parlamentinə yerli seçkilər zamanı öz qanuni hüququnu tanıdı, çünki Azərbaycanda Avropa siyasi institutlarının ədalətliliyinə inam yoxdur- hər şey məntiqlidir. Xatırladaq ki, hələ 2017-ci ildə AŞPA-nın keçmiş rəhbəri bu təşkilatın ağır böhran yaşadığı və idarə olunmasının çətin olduğu üçün AŞPA-dan ayrıldığını bildirmişdi. O vaxtdan bəri, gördüyümüz kimi, AŞPA yalnız düşmənçilik ritorikasını və səlahiyyətlərini pozmaq praktikasını gücləndirdi”,- deyə Ş.İşmuhammedov qeyd edib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər