Təkcə 2024-cü ildə ölkəmizdə 11 910 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Xüsusilə Qarabağda bu istiqamətdə ciddi işlər aparılır. Laçın rayonuna və Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərdən daha bir qrup şəxsə bir neçə gün öncə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər verildi. Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası, dönərxana və broyler inkubatoru xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Beləliklə, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 131-ə çatıb. Ümumilikdə, Qarabağda 2026-cı ilədək 2500 şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Qeyd edək ki, özünüməşğulluq proqramı 2017-ci ilin yanvar ayından həyata keçirilir və bugünədək bu proqram vasitəsi ilə 90 mindən artıq vətəndaş öz işinin sahibi olub.
Özünüməşğulluq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir və aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır.
Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Bu Özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir. Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Beləki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində parallel nəticələrin əldə edilməsinə imkan yaradır.
Özünüməşğulluq proqramının üstün tərəfləri ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması, ictimai vəsaitlərin (dövlət vəsaitləri) xərclənməsində səmərəliliyin artırılması, yoxsulluq səviyyəsinin azaldılması, iqtisadiyyatda inkluzivliyin gücləndirilməsidir.
Özünüməşğulluğun təşkili bir neçə mərhələdə həyata keçirilir. Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi, məşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilir, özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi həyata keçirilir. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlaklar 1 il müddətinə müqavilə əsasında verilir, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 il müddətində dövri monitorinqi aparılır.
Proqrama qoşulmaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya DOST Mərkəzlərinə müraciət etməklə işsiz və işaxtaran vətəndaşlar növbəyə yazıla bilərlər. Proqrama işsizlər, habelə, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər qoşula bilər. Proqramın icrası zamanı ünvanlı dövlət sosial yardım alanlara, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə əlavə güzəştlər edilir.
Bəzən olur ki, müxtəlif şəxslər özünüməşğulluq proqramından kənarlaşdırılır. Bu o hallarda baş verir ki, özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edilsin. Bu halda ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında qərar qəbul edilir. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər istisna olmaqla bütün məşğul şəxslər özünüməşğulluq proqramından yararlana bilməz. İşsizlikdən sığorta ödənişi alan şəxslər də sığorta ödənişi aldığı müddətdə özünüməşğulluğa cəlb edilə bilməzlər. Həmçinin, peşə təhsili alan şəxslər peşə təhsili aldığı müddətdə özünüməşğulluğa cəlb edilə bilməz.
Özünüməşğulluğa cəlb oluna bilməyən məşğul şəxslər dedikdə muzdla işləyənlər, yəni Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, sahibkarlar, ailə kəndli təsərrüfatının üzvləri, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər, ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur.
Özünüməşğulluq təlimləri fiziki və ya online şəkildə həyata keçirilir.Sonda qiymətləndirmə prosesi olur, qiymətləndirmə zamanı özünüməşğulluğun təşkili üçün uyğun hesab edilməyən şəxslər biznes təlimlərində yenidən iştirak etmək hüququna sahib olur. Özünüməşğulluğa cəlb olunmuş şəxslərə natura şəklində material,avadanlıq və digər əmlaklar 1 il müddətinə müqavilə əsasında verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilən əmlakdan 1 il ərzində üzrsüz səbəbdən istifadə etmədikdə həmin əmlakı və yaxud onun dəyərini Dövlət Məşğulluq Agentliyinə qaytarır.
Özünüməşğulluq proqramı çərçivəsində verilmiş material, avadanlıq və ya əmlak xarab olduqda, heyvanlar tələf olduqda dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Mərkəzinin Struktur bölməsinə və ya DOST Mərkəzlərinə məlumat verilməlidir. İstehsal və xidmət sahələri üzrə müraciət etmiş şəxsin müraciət etdiyi anda əmlakı istifadə etmək üçün yeri, habelə özünüməşğulluğun təşkili üçün şəraiti olmadığı halda həmin şəxs əmlakı təhvil aldıqdan sonra müvafiq şəraiti təmin edəcəyi barədə yazılı iltizamı imzalayır.
Qeyd edək ki, özünüməşğulluğa cəlb edilən qazilərin və .aid ailəsinin üzvlərinin sayı da durmadan artır. Təkcə bu il proqram çərçivəsində artıq 1291 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb