Politoloq Mixail Belyayev “Moskva-Baku” portalına müsahibəsində Gürcüstanda vəziyyətin gərginləşməsi, Ermənistanla Qərb arasında davam edən yaxınlaşma və yaranmış vəziyyətin Cənubi Qafqazın gələcəyi üçün nəticələrini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Mixail Kimoviç, Gürcüstanda vəziyyət ölkə hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə təxirə salındığını elan etməsindən sonra ciddi şəkildə pisləşib. Rusiya siyasətçiləri artıq Gürcüstanda Ukrayna ssenarisini həyata keçirmək cəhdindən danışırlar. Ermənistanda ABŞ qərbyönlü partiyaları təbliğ edir ki, onlar sonda Nikol Paşinyanın Avropaya doğru kursuna nəzarət etməyə başlasınlar... Qərbin Cənubi Qafqazda məqsədləri nədən ibarətdir?
- Qərb Rusiya ilə həmsərhəd olduğu üçün Cənubi Qafqazı rahat qoymur. Geosiyasi baxımdan bu, strateji məqamdır. Qərb başa düşür ki, Qafqaz ölkələrində yerləşərsə- bu ölkələrdə hakimiyyətə gətirdiyi rejimlər sayəsində, ölkələrin müxtəlif həyat institutlarını nəzarətə götürməsi sayəsində, gizli və hətta açıq hərbi mövcudluğu sayəsində bu, Rusiya Federasiyası üçün ciddi problemlər yaradacaq. Rusiya Ukrayna istiqamətindən əlavə (əgər indiki vəziyyətdən danışırıqsa) regionda anti-Rusiya qurşağının formalaşmağı ilə mübarizə üçün əlavə vəsait xərcləməli olacaq. Rusiya Federasiyası isə təbii ki, bu cəhdlərlə uzun müddət mübarizə aparır. Amma Qərbin can atdığı ən pis ssenari Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Qərb qüvvələri Gürcüstan hakimiyyətindən bunu istədi və nəticədə dəfələrlə rədd cavabı aldı.
Gürcüstan hakimiyyəti “qərblilərlə” razılaşmadıqları məqamların sayını artırmağa başlayan kimi, onlar suveren siyasət yeritməyə cəhd etməyə başlayan kimi, dərhal tufan qopdu. Gürcüstanın Aİ-yə potensial üzvlük formasında fəaliyyətini dayandırıb. Məlum oldu ki, Gürcüstan hakimiyyəti Qərbin diktəsinə tabe olmaq niyyətində deyil, eyni zamanda, gələcəkdə Avropaya inteqrasiyadan da əl çəkməyəcək. Bu, o deməkdir ki, Gürcüstan rəhbərliyi hesab edir ki, indi ölkənin Aİ-yə inteqrasiyasının müzakirəsi dövlətə zərər verəcək.
Gürcüstandakı hazırkı vəziyyətdən nümunə götürdükdə, Qərbin eyni sxemlərdən necə istifadə etdiyini görürük. Sentyabrda keçirilən parlament seçkilərinin guya qeyri-legitim olduğunu, bütün bunların bir daha yoxlanılaraq ləğv edilməsinə ehtiyac olduğunu bildirirlər. Bu sxemdən neçə dəfə istifadə olunub? Həm də ona görə ki, hakim “Gürcü arzusu” Qərblə ziddiyyət təşkil etməyə və onun tələblərini yerinə yetirməkdən imtina etməyə başladı. Ukraynada Qərbin indi Gürcüstana tətbiq etdiyi kart tam olaraq yox, işə yaradı və Rusiyanı Qərbin bu cür siyasətlərinə qarşı öz resurslarından istifadə etməyə məcbur etdi.
Əgər Qərb Gürcüstanda və Ermənistanda bu kartı oynaya bilsə, dövlət çevrilişi edib öz adamlarını hakimiyyətə gətirə bilsə, bu, Rusiya üçün də, Azərbaycan üçün də, İran üçün də, Türkiyə üçün də problem olacaq. Bölgə yanacaq.
Ermənistanda qərbyönlü Paşinyan hələ də ehtiyatlı davranır və eyni vaxtda iki kresloda oturur- o, hələ də Rusiya ilə münasibətdən lazım olanı götürür, eyni zamanda Qərbin tələblərini yerinə yetirir. Amma bu ikili oyunu görən Qərb artıq Ermənistanın baş nazirinin cilovunu möhkəm saxlamağa və ölkədəki qərbyönlü partiyaları daha da nüfuzlu etməyə çalışmağa qərar verib. Belə ki, onlar sonda parlamentə daxil olsunlar və Ermənistanın baş naziri tərəfindən Qərbin tələblərinin yerinə yetirilməsinə nəzarət etsinlər. Əgər bunu etməsə, onun yerinə Rusiya ilə münasibətləri pozmağa daha radikal meyilli lider qoyacaqlar.
Qərblə Qafqaz xalqlarının rifahı bir araya sığmayan şeylərdir. Cənubi Qafqazın strateji yerləşməsi ilə yanaşı, region ölkələri mineral ehtiyatlara malikdir. Məlum olub ki, Ukraynada qara torpaq və kömürdən başqa, bol litium və titan var. Ona görə də Qərb onu tutdu və buraxmayacaq. Məhz eyni nöqteyi-nəzərdən “qərblilər” bütün Zaqafqaziyanı öz çadırlarına almağa çalışırlar.
Lakin Ukraynanı bu qədər yönləndirən Qərb onu nə Aİ-yə, nə də NATO-ya qəbul etdi. Və bu gün Qərbdə bir çoxları Ukrayna ətrafındakı vəziyyətlə bağlı artıq skeptik fikirlər səsləndirirlər. Əvvəllər Qərbdə iqtisadi imkanlar tamam başqa idi. İndi o, böhranın astanasındadır. Və onun Ukraynaya sonsuz iqtisadi və digər dəstək formasında yükə ehtiyacı yoxdur.
- Nəyə görə Azərbaycan Cənubi Qafqazda Qərbin təzyiqlərinə ən çox müqavimət göstərən dövlətə çevrildi?
- Bu, bir neçə faktorun birləşməsinin nəticəsidir. Bu gün Azərbaycanı Cənubi Qafqazın forpostu adlandırmaq olar. O, başqalarına, yeri gəlmişkən, təkcə regionda deyil, dövlət üçün müsbət nəticə verən səmərəli siyasətin necə aparılmasını nümunə göstərir.
Birinci amil odur ki, Azərbaycanın əlində iqtisadiyyatın üzərində qurulduğu neft hasilatı kimi nəhəng kozır var. Bir iqtisadçı kimi deyim ki, bu, ölkə hakimiyyətinin indi sarsılmaz siyasətini qura bildiyi əsasdır. Məsələn, neft ölkələri var ki, onun səsinə dünyada qiymət verilməsi üçün öz resurslarından tam istifadə edə bilməyiblər.
İkinci amil ondan ibarətdir ki, Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşir və onun nəqliyyat və logistika baxımından əsas əhəmiyyətini dərk edir.
Üçüncü amil, nə etmək lazım olduğunu, kiminlə müttəfiqlik etmək, çətinlikləri qabaqcadan görmək, düzgün strategiya qurmaq, onlara necə müqavimət göstərmək lazım olduğunun incə hissidir.
Birlikdə götürsək, Bakının əlində olan bütün kozırlardan məqsədəuyğun istifadə, rəhbərliyin müdrik yanaşması, siyasi iradə- bütün bunlar ölkəyə Qərbin təzyiqlərinə və çağırışlarına müqavimət göstərməyə imkan verir. Güclü iqtisadiyyat, güclü dövlət quruculuğu, güclü ordu olmasaydı, Azərbaycan öz ərazilərini geri qaytara bilməzdi. Bunlar hamısı bir-birindən asılı olan şeylərdir.
Buna əsaslanaraq, bu gün Azərbaycan həqiqətən də suveren dövlət kimi yalnız öz milli maraqlarına əməl etmək, Qərbi açıq tənqid etmək, həmçinin daha ədalətli çoxqütblü dünyanın qurulmasında fəal iştirak etmək iqtidarındadır.
Azərbaycan isə Rusiyanın bir dövlət kimi əhəmiyyətini anlayır və öz siyasətini, o cümlədən Rusiya Federasiyasının maraqlarını dərk edərək qurur. Biz birlikdə bu gün Avrasiyanın təhlükəsizliyini gücləndiririk. Digər məsələlərlə yanaşı, bu gün Qərbin yaratdığı və gücləndirdiyi təhdidlərə qarşı tarazlıqda. Azərbaycan və Rusiya Qərbin Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri ilə fəal mübarizə aparır.
Artıq Azərbaycanın nöqteyi-nəzəri, səsi dünyada eşidilir və ciddi qəbul edilir. Bakının bugünkü siyasəti ona layiqdir ki, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətdir. Bu, digər ölkələr üçün nümunədir. Hətta bəzi Qərb dövlətləri də Azərbaycanı misal gətirirlər. Eyni zamanda, Ermənistan və Gürcüstanın son illər dünyada və dövlət quruculuğunda nüfuzları baxımından hər hansı irəliləyiş əldə etdiyini görmürəm. Tiflisin Qərbin qaydaları ilə oynamamaq cəhdi indi Gürcüstana zərbə vurur. Görək “Gürcü arzusu” yaşaya biləcəkmi?
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb