Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2003-cü ildən etibarən 11 dekabr tarixini Beynəlxalq Dağ Günü kimi təyin edib. Bu günün qeyd edilməsinin məqsədi dağların həyat üçün əhəmiyyəti barədə məlumatlılığı artırmaq, dağların inkişafındakı imkanları və məhdudiyyətləri vurğulamaq ölkələr arasında dünyanın dağlarına və yüksək dağlıq ərazilərinə müsbət təsir göstərən tərəfdaşlıqlar qurmaqdır.
Dağlar Yer kürəsinin quru səthinin təxminən 27%-ni əhatə edir və dünyanın biomüxtəlifliyinin təxminən yarısı onların payına düşür. Dünyanın su qüllələri olaraq xarakterizə edilən dağlar bəşəriyyətin təxminən yarısını şirin su ilə təmin edirlər. İqlim tənzimlənməsi və su təchizatı xidmətlərindən tutmuş torpağın mühavizəsinə qədər bir çox həyati əhəmiyyətli vəziyyətlər üçün dağlar vacib amildir.
Lakin dağlar iqlim dəyişikliyinin və və insan faktorunun müdaxiləsi səbəbindən əziyyət çəkir, bu da insanların və planetin təhlükəsizliyinin risklərini artırır. İqlim dəyişikliyi suyun axınını təhlükə altına alır və sürətlə artan temperatur dağları və bu ekosistemlərdən asılı olan insanları ya uyğunlaşmağa və ya miqrasiya etməyə məcbur edir.
Əkinçilik, yaşayış məntəqələri və ya infrastruktur üçün meşələrin qırılması torpaq eroziyasına, eləcə də yaşayış yerlərinin itirilməsinə səbəb olur, eroziya və çirklənmə isə dağların təmin etdiyi suyun keyfiyyətinə mənfi təsir göstərir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin məlumatına görə, endemik dağ canlı növlərinin 84%-ə qədəri məhv olmaq təhlükəsi ilə üzləşib, digər dağ bitki və heyvan növlərinin populyasiyalarının isə azalacağı və məhv olacağı proqnozlaşdırılır.
Birləşmiş Millətlər Təşkilatının Biomüxtəliflik Konfransının biomüxtəliflik haqqında son sazişi 2030-cu ilə qədər Yer kürəsi torpaqlarının, okeanlarının, sahil ərazilərinin və daxili sularının 30%-ni qorumağı vəd edir və dağları canlandırmaq və qorumaq üçün təkan verir. Artan iqlim dəyişkənliyi, dağ kənd təsərrüfatına və kənd inkişafına investisiya qoyulmaması ilə yanaşı insanları alternativ dolanışıq vasitələri axtarmağa və başqa yerlərə köçməyə məcbur edir.
O cümlədən, dağların dərman sənayesinə təsiri çox geniş və strateji əhəmiyyətli məsələdir. Dağlar həm xammal mənbəyi, həm biodiversitet, həm də elmi tədqiqat potensialı baxımından dərman sənayesinin formalaşmasında həlledici rol oynayır, çünki onlar dərman bitkilərinin ən böyük mənbələrindən biridir. Dağ ekosistemləri unikal iqlimə, torpağa və mikrobioloji mühitə malik olduğu üçün bir çox dərman bitkisi yalnız dağ zonalarında yetişir. İltihab əleyhinə məlhəmlərdə istifadə edilər arnika, antidepressant və iltihab əleyhinə olan şafran, antioksidant, dəri kosmetikasında istifadə olunan edelveys, antibiotik və antiseptik təsirli Yarpız, adaçayı, kəklikotu, zirə, həzm və tənəffüs xəstəlikləri üçün olan oman, yovşan, həmçinin məşhur Tibet təbabətində istifadə edilən bitkilər yalnız yüksək dağlarda yetişir. Ümumilikdə, dünya bazarında təbii dərmanların 40%-dən çoxu dağ bitkilərindən əldə edilir.
Dağlarda yüksək biodiversitet (bioloji müxtəliflik) dərman araşdırmalarının əsasını təşkil edir.
Çünki bu ərazilər dünya biomüxtəlifliyinin ən zəngin zonaları hesab edilir. Himalay bölgəsində 12 min bitki növü yetişir ki, bu bitkilərin 1/3-i yalnız Himalayda yetişir. And dağlarında təxminən 45 min bitki növü var və onların minlərlə farmakoloji əhəmiyyət daşıyır.
Dərman sənayesi ilə məşğul olan şirkətlər yeni dərmanlar üçün dağ ekosistemlərini fəal şəkildə araşdırır, çünki burada yeni antibiotiklərə mənbə ola biləcək mikroorqanizmlər, xərçəng əleyhinə xüsusiyyətlərə malik bitkilər, stress, metabolik pozuntular və autoimmun xəstəliklər üçün fitokimyəvi maddələr tapmaq mümkündür. Bir sözlə, Himalay, Tibet, And və Qafqaz kimi bölgələrdə yetişən bitkilər insan sağlamlığı istiqamətində əvəzsiz rol oynayır. Dağların iqlim dəyişikliyi nəticəsində itirilməsi – dərman sənayesi üçün risk
Həmçinin buz dağları da ekosistem üçün çox vacibdir və onların da sürətlə əriməsi təhlükəlidir. Buz dağları dünyanın şirin suyunun təxminən 70 faizini təşkil edir və onların sürətlə əriməsi təkcə ekoloji böhran deyil, həm də humanitar böhran yaradacaq. Bu proses kənd təsərrüfatını, təmiz enerjini, su təhlükəsizliyini və milyardlarla insanın həyatını təhlükə altına alır. Qlobal temperaturun yüksəlməsi səbəbindən əriyən buz dağları daşqınlar, sürüşmələr, eroziya və çöküntülər kimi riskləri artırır, infrastrukturu təhlükə altına alır.
Buzlaqların ərməsi, torpaq eroziyası və temperaturun yüksəlməsi dağ bitkilərini yoxa çıxma riski ilə üz-üzə qoyur. Bu isə öz növbəsində təbii dərman xammalının azalması, yeni dərman istehsalının ləngiməsi, şirkətlərin tədqiqat xərcinin artması, təbiətin pulsuz vrdiyi bitkilərin yerinə bahalı kimyəvi əvəzedicilərinin yaradılması və dolayısı ilə baha qiymətə təklif edilməsi deməkdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dağlarda yaşayan bitki növlərinin 20%-dən çoxu iqlim dəyişikliyi səbəbindən məhv olmaq təhlükəsi altındadır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi ” istiqaməti çərçivəsində hazırlanıb