İnsanlıq tarixi minillərdir icmalardan dövlətlərə, imperiyalaradək uzun bir yol keçib. Bəşəriyyətin son 5 illik tarixi dövlətçilik tarixinin bərqərar olması dövrüdür. İlk şəhər dövlətləri məhz bu tarixdə meydana çıxıb. İnsan kütlələri qəbilələrdən, tayfalardan, icmalardan millət, xalq səviyyəsinədək məşəqqətli bir yol keçib və bu yolda ən böyük nailiyyətlərdən biri də dövlət sisteminin yaradılmasıdır. Bəs dövlət nədir, nə deməkdir?
Bu yazıda dövlət anlayışının elmi-siyasi izahından daha çox onun mənəvi-ideoloji, fəlsəfi mahiyyətindən danışmaq istəyirik.
Sadə dillə desək, dövlət müəyyən bir coğrafi ərazidə yaşayan insanların etnik və dini mənsubiyyətindən asılı olmayaraq birləşib özlərini və ölkəni idarə edəcək bir institut, bir aparat yaratmasıdır. Bu idarəedici sistem həmin ərazidə yaşayan bütün insanları- dini, siyasi, sosial qrupları xalq və vətəndaş olaraq birləşdirən bir quruluşdur. Və dövlətin əsas məqsədi, mahiyyəti də həmin ərazidə yaşayan insanların Vətən adlandırdıqları məskəni qorumaq, burada yaşayan insanların həyatını yaxşılaşdırmaq, onların təhlükəsizliyini qorumaq, xarici düşmənə qarşı mütəşəkkül mübarizə və müdafiə sistemi qurmaq, həmçinin ölkənin inkişafını təmin etmək və vətəndaşların sağlam və təhlükəsiz gələcəyini sığortalamaqdır.
Azərbaycan xalqının da dövlətçilik tarixi çox qədimdir və bizim eradan əvvəlki minilliklərə dayanır. Azərbaycan xalqının tarixi ərazilərdə ilk vaxtlar (3-4 min il əvvəl) kiçik şəhər dövlətləri, sonralar iri dövlətlər, daha sonralar isə imperiyalar yaranmışdır. Bu dövlətlərin əsas ideoloji bazası etnik cəhətdən türk, dini cəhətdən islam əsaslı xalqlardan formalaşsa da, burada müxtəlif etnik qrupların və dini konfessiyaların da birgə yaşayışı əsasında qurulub- həm də sülh və mehribanlıq içində.
Orta əsrlərdə xalqımız dünyanın ən nəhəng imperiyalarından olan dövlətlər yaradıb. Böyük bir coğrafi ərazidə hökm edən bu dövlətlər elmin, mədəniyyətin inkişafına töhfə verib. Son əsrlərdə isə dünyada gedən siyasi proseslər digər böyük imperiyaların bu ərazilərə hökm etmək cəhdləri ilə müşayiət olunub və bir çox hallarda da buna nail olublar. Ərəb-Xəzər müharibələrindən tutmuş, Osmanlı-Səfəvi müharibələrinədək, Rusiya-İran müharibələrindən tutmuş 1-ci dünya müharibəsinədək çox böyük toqquşmalar xalqımızın tarixi vətəni üzərində baş verib. Nəticədə Azərbaycan türkləri öz tarixi vətənlərinin böyük dövlətlər arasında bölünməsi ilə üz-üzə qalıblar. Çar Rusiyası və İran arasında gedən müharibələr tarixi Azərbaycan ərazilərinin bu 2 dövlət arasında bölünməsinə səbəb oldu (Gülüstan və Türkmənçay müqavilələri əsasında).
Son əsrlərədək dövlətlər əsasən sülalə hakimiyyətləri, imperiyalar şəklində mövcud olmuşdur. Lakin son əsrlərdə demokratik sistemli, seçkili orqanlara malik (məsələn, respublika quruluşu) dövlətlərin yaranması baş vermişdir.
Dünyada respublika quruluşlu dövlətlər erasının başlanması zamanı Azərbaycan xalqı da özünün respublika tipli dövlət yaratma arzularını həyata keçirməyə çalışdı. 1914-1918-ci illərdə baş vermiş 1-ci Dünya Müharibəsi zamanı yaranmış tarixi fürsət (Çar Rusiyasının zəifləməsi və Qafqaza nəzarətini itirməsi) buna zəmin yaratdı. Şimali Azərbaycanda yaşayan ziyalılar Qafqaz seyminin dağılmasından istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycan Respublikasını elan etdilər. Cənubda da belə cəhdlər oldu, lakin müvəffəqiyyət qazanmadı.
Beləliklə, dünya tarixində Azərbaycan adlı respublika peyda oldu. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən sonra orada qurulan Sovet hakimiyyəti keçmiş Çar Rusiyasına daxil olan ərazilərdə sosialist inqilabları və hərbi müdaxilə vasitəsilə sosialist respublika qurulmasına çalışdı. Nəticədə 1-ci respublikamız süqut etdi və 1920-ci ildə qurulan 2-ci respublika- Azərbaycan Şura Cumhuriyyəti 2 il formal şəkildə müstəqil respublika olaraq yaşadı, 1922-ci ildə isə müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil oldu.1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan müstəqilliyini əldə etdi və 3-cü respublika BMT-yə üzv olaraq dünyada müstəqil bir Azərbaycan dövləti kimi yerini tutdu.
Lakin hələ 80-ci illərin sonundan başlayaraq ermənilərin daxili və xarici havadarlarının da yardımı ilə Azərbaycanın Qarabağ bölgəsində başlatdğı seperatçılıq və terrorçuluq hərəkətləri daha sonra müharibəyə çevrildi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra dövlətimiz hələ tam formalaşmamışdı və ağır müharibədə tək qalmışdı. Müstəqilliyin ilk illərində hakimiyyətə gələn qüvvələrin yarıtmaz işi sayəsində ölkə ağır iqtisadi böhrana, sosial çöküşə, müharibədə uğursuzluqlara və torpaq itkilərinə məruz qaldı. Ermənistana isə, xarici dövlətlər (Rusiya, ABŞ, Fransa və s) və dünyada böyük gücə malik olan erməni lobbisi yardım edirdi. Nəticədə Ermənistan Qarabağ bölgəsini işğal etməyə nail oldu.
Ölkənin uçuruma getdiyini görən ziyalılar son çıxış yolu olaraq həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən böyük siyasətçi, səriştəli dövlət xadimi Heydər Əliyevi köməyə çağırdılar. Ziyalıların və artıq başqa yol qalmadığını görən ölkə hakimiyyətindəkilərin dəvəti ilə ümumilli lider 1993-cü il iyunun əvvəlində Bakıya gəldi.
Ulu öndər əvvəlcə Ali Sovetin sədri seçildi. Bir müddət sonra ölkənin rəhbəri olan Əbülfəz Elçibəy prezident postunu atıb Naxçıvana- doğulduğu Kələki kəndinə qaçdı.
Sonrakı proseslər məlumdur- ümumilli lider Heydər Əliyev keçirilən prezident seçkilərində qalib gələrək ölkənin başına keçdi. Müharibədə dönüş yaratmaq istəyən ulu öndər ökəmizin bunun üçün maliyyə və hərbi imkanlarının olmadığı bir şəraitdə atəşkəs müqaviləsi bağlamağa məcbur oldu. Daha sonra iqtisadi islahatlara və hərbi quruculuq işlərinə başlanıldı. Getdikcə ölkəmizin iqtisadi-maliyyə qüdrəti artmağa başladı, ordumuz gücləndirildi, dünyada siyasi nüfuzumuz artmağa başladı.
2003-cü ildə dünyasını dəyişən ulu öndərin layiqli davamçısı, ondan sonra ölkənin rəhbəri seçilən Prezident İlham Əliyev xalqın çox böyük dəstəyi və etimadı ilə dövlətimizin başına keçdi.
17 il ərzində onun apardığı iqtisadi islahatlar, hərbi quruculuq, siyasi diplomatik işlər öz nəticəsini verdi. Azərbaycan bütün sahələrdə Ermənistandan dəfələrlə daha qüdrətli bir dövlətə çevrilmişdi. Artıq əsas məqsədimizin (torpaqlarımızı azad etməyin) həyata keçirilməsi üçün hər şey hazır idi. Lakin Ermənistanın beynəlxalq aləmdəki havadarları torpaqlarımızı azad etməyə bizə imkan vermək istəmirdi. Bu problem həll edilməli idi. Bunun üçün çox güclü siyasi iradə var idi və bu dövlətimizin əsas məqsədi kimi qarşıya qoyulmuşdu. Artıq sadəcə uyğun tarixi şəraiti gözləmək qalırdı.
Dövlətimiz səbrlə dünyanın siyasi gücləri ilə əməkdaşlığını gücləndirir, onları Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə vadar edirdi. Nəhayət, aparılan səbrli və əzmkar fəaliyyətin öz bəhrəsini verəcəyi vaxt gəlib çatdı. 2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqların azad edilməsi əməliyyatına başladı. Cəmi ay yarım ərzində düşmən bütün cəbhələrdə darmadağın edildi.
Beynəlxalq aləmdən gələn təzyiqlər neytrallaşdırılmışdı və Azərbaycanın qarşısında dayanacaq qüvvə yox idi. Nəticədə noyabrın 9-da Ermənistan təslim olduğunu bəyan etdi və Rusiyanın vasitəçilliyi ilə faktiki kapitulyasiya sənədi olan Üçtərəfli Bəyannamə imzalandı. Hərbi əməliyyatlar dayandırıldı. Ermənistan ordusu qalan ərazilərdən də çıxarıldı, mülki ermənilərə Qarabağ bölgəsinin kiçik bir hissəsində Azərbaycan vətəndaşlığını qəbul etməklə yaşamaq hüquqi verildi. Bəyannəmə əsasında sülhün təmin edilməsi üçün Rusiyanın sülhməramlı missiyası bölgəyə yerləşdirildi. Lakin ermənilər seperatçılıq və terrorçuluq əməllərindən əl çəkmədi və nəticədə Azərbaycan Ordusu 2023-cü ilin sentyabrın 19-da Xankəndi şəhəri və ətrafında antiterror əməliyyatına başladı. 1 günlük əməliyyat zamanı ərazidə erməni seperatçılığına və terrorçuluğuna birdəfəlik son qoyuldu.
Beləliklə, Azərbaycan Respublikası öz qanuni və rəsmi ərazilərində öz hakimiyyətini tam şəkildə bərqərar etdi. Bundan sonrakı mərhələ də heç də asan deyildi. Böyük bir coğrafi bölgə ermənilər tərəfindən xarabalığa çevrilmiş, yüzlərlə kənd, qəsəbə, şəhər yox edilmişdi. İndi ərazisi bəzi ölkələrdən daha böyük olan bu bölgəni yenidən qurmaq lazım idi. Azərbaycan dövləti ləngimədən bu işə başladı və bölgədə sürətlə bərpa və quruculuq işləri həyata keçirildi. 30 illik köçkünlük həyatı yaşamış insanlarımız tədricən öz yurdlarına köçməyə başladı.
Son 30 ildə baş verən proseslər bir daha dövlətin necə vacib və müqəddəs bir dəyər olduğunu aydın göstərdi. Bir millətin, xalqın dövləti varsa, o, özünü düşmənlərindən qoruya bilər, xalqın və ölkənin təhlükəsizliyini təmin edə bilər. Məhz bu tarixi təcrübəni bir daha yaşamağımız xalqımızda dövlətçilik şüurunu daha da gücləndirdi, milli dəyərlərin və vətənpərvərliyin ən uca dəyərlər olduğunu xatırlatdı.
Beləliklə, dövlətçilik şüurunun ən yüksək səviyyəyə çatdığı bir dövrü yaşayırıq. Bu gün hər bir azərbaycanlı öz dövləti və onun gücü ilə fəxr edir. Qalib dövlət, qalib xalq, qalib ordu təfəkkürü gənclərimizin milli dövlətçilik psixologiyasını daha da möhkəmləndirdi. Bu səbəbdən xarici mərkəzlərdən (həm şimaldan, həm qərbdən, həm cənubdan) Azərbaycan dövlətinə qarşı həyata keçirilən məkrli siyasətlər heç bir nəticə vermir. Azərbaycan xalqı öz dövlətinin arxasındadır və onu son nəfəsinədək qorumaq əzmindədir.
Bəli, tariximizin ən şərəfli dövrünü yaşayırıq- bu gün Azərbaycan dövləti dünyada qüdrətli, hörmətəlayiq bir dövlət olaraq tanınır və onun rəhbəri İlham Əliyev dünya liderlərinin cərgəsindədir. Müzəffər sərkərdə, səriştəli diplomat, qətiyyətli dövlət başçısı, xalqa söykənən lider, sülh təbliğatçısı və əməkdaşlıq carçısı kimi qlobal miqyasda tanınmış şəxsiyyət olan İlham Əliyev Azərbaycan adlı gəminin sükanı arxasında əzmlə dayanıb və ölkəmizi bütün tufanlardan, burulğanlardan məharətlə çıxarıb parlaq gələcəyə aparır.
Dövlətimiz var olsun, liderimiz sağ olsun!
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb