Qədim Manna dövlətinə dair Azərbaycan tədqiqatçıları Solmaz Qaşqay, İ.Əliyev, Ziya Bünyadov, Y.Yusifov, Q.Qeybullayev ciddi araşdırmalar aparmışlar. S.Qaşqay öz tədqiqat əsərində Manna dövlətinə dair məxəzlərə toxunaraq göstərir ki, Makudan cənubi-şərqdə, Ağçay çayı vadisində, Bastam kəndi yaxınlığında böyüklüyünə görə az qala Van qalası və Topraqqala ilə müqayisə ediləcək möhtəşəm və yaxşı qalmış qala aşkar edilmişdir. Bir qədər əvvəllər bu rayonda aşkar edilmiş, hazırda Tehran arxeoloji muzeyində saxlanılan kitabənin sayəsində müəyyən edilmişdir ki, qala Urartu hökmdarı N.Rusa (təqribən e.ə. 685-e.ə. 645) dövründə tikilmişdir. Kitabədə "Rusanın kiçik şəhəri"nin və Xaldi tanrısına həsr olunmuş məbədin tikintisi barədə məlumat verilir.
Kitabədəki "orda heç nə (əvvəllər) tikilməmişdi" - məlumatına müvafiq olaraq arxeoloji qazıntıları ancaq Urartu materialları verir. V.Klayssa görə təqribən e.ə. 600-cü ildə, digər Urartu qalalarının məhv edildiyi bir dövrdə Rusaxinili dağılmış və yandırılmışdır. Sonralar yaşayış məntəqəsi məskunlaşmadığına görə abidə bir təbəqəli qalmışdır. Qala terraslı istehkamları, möhtəşəm divarları ilə əhatələnmişdir. Şimal və cənub hissələrdə böyük darvaza qalıqları qalmışdır. Ən yüksək nöqtədə Narınqala (İçqala), cənub tərəfdə isə üzərində piktoqrafik və ya mixi işarələrlə həcmi göstərilən pifoslar (iri küplər) olan anbarlar yerləşirdi. Binalardan çoxlu miqdarda qırmızı şüyrələnmiş keramika tapılmışdır. Təsərrüfat xarakterli mətn yazılmış gil lövhə mühüm əhəmiyyətə malikdir. Tikililərdən dördkünc formalı bina məbəd sayılır. Bunu Urartu tanrısı Xaldinin adı yazılmış kitabənin fraqmenti də təsdiqləyir.
Təpənin ətəyində qala ilə eyni dövrdə mövcud olmuş yaşayış məskəni yerləşirdi. Tikili qalıqları göstərir ki, onlar daş bünövrə üzərində çiy kərpicdən tikilmişlər. Buradan üzərində silindrvari möhür izi və mixi yazı olan gil bulla tapılmışdır. Yaşayış məskəni qala ilə eyni zamanda məhv olmuşdur.
Urmiya gölü yaxınlığında, Şapur şəhərindən cənubda yerləşən dörd hündür təpədən birində - Həftavantəpədə Ç.Barney tərəfindən qazıntı aparılmışdır. Tədqiqatlar nəticəsində e.ə. III minillikdən başlamış orta əsrlər dövrünədək müddəti əhatə edən yeddi dövr müəyyənləşdirilmişdir.
Təbəqələrin ardıcıllığı xırda sapmalar nəzərə alınmasa Həsənlu üçün qəbul edilmiş dövrləşmə ilə uyğun gəlir.
Həftavantəpə V dövrü intensiv tikinti fəaliyyətini aşkar çıxarır. Binalardan boz gil məmulatından və özündən əvvəlki ənənələri davam etdirən qırmızı gil məmulatından ibarət keramika tapılmışdır. Onlar iri saxlanc küplərindən, boğazı və ya lüləyi açıq qablardan ibarətdir. Qablar dalğavari xətlər və ya üçbucaqlarla bəzədilmişdir.
Əsas tikililər təpənin başında (Ç.Barney onları Urartu dövrünə aid edir), eləcə də, onun altında IV dövr təbəqəsindədir. E.ə. IX-VIII əsrlərə aid edilən bir neçə qəbir sonuncu dövrə məxsusdur. Uzun tunc zəncirlər, muncuqlar və "çaydan" tipli qablar Həsənlu IV dövrü ilə sıx əlaqələri aşkara çıxarır.
Cənubi Azərbaycanın şərq əyalətlərində arxeoloji tədqiqatların toplu icmalını S.Kroll vermişdir (S.Kroll. Archaologische fundplatze in İranisch-Ost Azarbaijan. AMİ, 17, 1984). Xronoloji baxımdan onlar müxtəlif tarixi dövrləri əhatə edir.
Ərdəbildən 44 km şimali-qərbdə, Ağqala qalasında və b. yerlərdə ilk dəmir dövrünə aid formaca oxşar keramika aşkar edilmişdir.
Manna tarixinə həsr edilmiş ilk tədqiqat S.Belkin əsəridir (C.Belck. Das Reich die Mannaer. VBAG, 1884).
Q.A.Melikişvilinin "Nekotorıe voprosı istorii Manneyskoqo çarstva" (VDİ, 1949, I, str. 57-72) məqaləsində Mannanın siyasi tarixi nisbətən ətraflı işıqlandırılmışdır. Q.A.Melikişvili, həmçinin, özünün "Nairi-Urartu" (Tbilisi, 1954, str. 117-142, 298-304) əsərində Urmiyanı hövzə ərazisinin tarixinə və e.ə. II minilliyin sonu - e.ə. I minilliyin əvvəllərində burada yaşamış əhalinin etnik tərkibinə də xüsusi diqqət yetirmişdir.
Q.A.Melikişvili hər iki əsərində belə nəticəyə gəlir ki, Manna əhalisinin sinfi təbəqələşməsi prosesi həmin dövrdə Aşşur və Urartu mənbələrinin də təsdiq etdikləri kimi xeyli dərinləşmiş və əhalinin istismar olunan əsas kütləsini qullar təşkil etmişdir.
İ.M.Dyakonovun "İstoriya Midii" (M.L., 1956) və İ.H.Əliyevin "İstoriya Midili" (Baku, 1960) monoqrafiyalarında gələcək Midiya ərazisində mövcud olmuş ilk dövlət qurumu kimi Manna tarixinə və mannalıların mümkün etnik mənsubiyyətləri məsələlərinə də nəzər yetirilir.
Manna, onu əhatə edən əyalətlərin və tayfaların tarixi e.ə. VII və e.ə. VI əsrlərin hüdudlarında Manna ərazisini tutmuş və müəyyən dərəcədə onun həmin dövrdə özünün yüksək inkişaf səviyyəsinə çatmış mədəniyyətinin varislərinə çevrilən midiyalıların tarixi ilə sıx bağlanır. İ.M.Dyakonov Aşşur yazılı mənbələri əsasında Manna dövlətinin təşəkkül və inkişafını, onun siyasi tarixini tədqiq etmişdir. O, Aşşur hökmdarlarının Urmiyanı rayonlara yürüşlərinin ətraflı təhlilini, mənbələrdə adı çəkilən müxtəlif əyalətlərin lokalizəsini vermişdir. Bundan əlavə, İ.M.Dyakonov Urmiyanı hövzənin lullubu, kuti, kassi, hürri, elam tayfa qruplarına aid müxtəlif etnik mədəni və digər məsələlərə də ətraflı nəzər yetirir.
O, hürrilərin Urmiya gölündən şərqdə yayılmamalı fikrini müdafiə edir. Manna dövləti ərazisindəki onomatik materiallar üzrə yeni tədqiqatlar onun hürrilərlə qohumluğunu göstərir. Mannanın təsviri sənəti də hürri təsviri sənəti ilə bir çox ümumi cizgilərə malikdir.
İndi əldə edilmiş maddi mədəniyyət nümunələri bu ərazidə iqtisadiyyatın müxtəlif sahələri, sinfi təbəqələşmənin daha da dərinləşməsi və xeyli irəliləmiş sinifli cəmiyyətin mövcudluğu barədə fikir yürütməyə imkan verir.
İ.H.Əliyev yazılı mənbələrin məlumatları ilə yanaşı, öz tədqiqatına İran yaylası ərazisində paleolit dövründən başlamış arxeoloji materialları da geniş cəlb etmişdir. O, Təpə Sialk, Təpə Giyan, Təpə Hissar, Göytəpə və Suzun son tunc dövrü materiallarını nəzərdən keçirir. Lakin bu arxeoloji materiallar, əsasən, Manna dövləti ərazisindən kənara aiddir.
İ.H.Əliyev gələcək Qərbi Midiya ərazisində dövlət təşəkkülü prosesinə, xüsusilə, Manna dövlətinə böyük diqqət yetirir. O, belə hesab edir ki, "Manna birləşməsi qədim ənənələri olan ərazidə, gələcək Midiyanın dağlıq hissəsində uzun müddət İran yaylasının qədim tarixində mədəni və iqtisadi cəhətdən qabaqcıl olan bir rayonda təşəkkül tapmışdır".
İ.H.Əliyev Manna, Gilzan, Kirruri, Zamua, Parsua və digər qonşu əyalətlərin onomastik materialını, əsasən, "Zaqroş-Elam", qismən də "Kuti-Qafqaz" və ya "Subar-Hürri" dilləri qrupuna aid edir.
Azərbaycan ərazisində mövcud olmuş bir dövlət kimi Manna tarixi "Azərbaycan tarixi"ndə də nəzərdən keçirilir (c.1, 1958, səh. 23-36).
Qonşu ölkələrin tədqiqi ilə əlaqədar bu əyalətlərin siyasi və iqtisadi tarixinin, incəsəntinin bəzi məsələləri də işıqlandırılmışdır.
B.B.Piotrovski özünün Urartu dövlətinin tədqiqinə həsr edilmiş "İstoriya i kultura Urartu" (Yerevan, 1944), "İskusstvo Urartu VIII-VII vv. do n.e." (L., 1962) "Vanskoe çarstvo" (M., 1959) əsərlərində Urmiyayanı əyalətlərdəki tayfaların sosial-iqtisadi, siyasi və mədəni tarixinin bəzi məsələlərinə toxunmuşdur.
Urmiyayanı hövzəsi əyalətlərinə irandilli tayfaların yayılması məsələlərinə xeyli tədqiqat həsr olunmuşdur. Bu istiqamətdə işləyən E.A.Qrantovski akkaddilli mətnlərdə İran adlarının ifadə edilməsi qanunauyğunluğunu əsaslandırır. Mixi yazılı mətnlərdəki onomastik (antroponimik və toponimik) materialları sistemlə təhlil edən E.A. Qrantovski belə hesab edir ki, irandilli tayfaların Qərbi İranda yayılması artıq e.ə. IX əsrin birinci yarısında məlum idi. Bu vəziyyət, həmçinin, Qərbi İran tayfaları ilə bağlı arxeoloji materiallar olmasına və bu materialların Zaqafqaziya və Şimali Qafqaz materialları ilə aşkar əlaqəsinə əsaslanma ona irandilli tayfaların Qərbi İrana Qafqazdan keçib getmələrini güman etməyə imkan verir.
T.Sulimiriskinin "Scythian Antiquilies in Western Asia" "Artibus Asia" (XVII, 3/4, 1954) əsəri skiflərin Ön Asiyada görünmələrinə həsr olunmuşdur. Tədqiqat işinə yazılı mənbələr, həmçinin, Volqaboyu, Şimali Qafqaz və Azərbaycanın arxeoloji materialları cəlb edilmişdir. Müəllif kərtmə qəbirlər mədəniyyətini skiflərə aid edir və onların şimaldan cənuba doğru hərəkət yollarını izləyir. O, skiflərin Ön Asiyada görünmələrini e.ə. IX əsrə aid edir.
İndi əldə olan çoxlu arxeoloji materiallar sayəsində Urmiyayanı əyalətlərin qədim əhalisinin incəsənətinə, onların Ön Asiyanın digər əyalətləri ilə əlaqələrinə və qarşılıqlı təsirlərinə həsr edilmiş xüsusi tədqiqat əsərləri yarandı. İncəsənət məsələləri aşağıdakı əsərlərdə, xüsusilə, dolğun araşdırılır:
Qədim İran arxeologiyası üzrə toplu olan L.Vanden Bergenin Archeologie de L'İran ancien Leiden, 1959 monoqrafiyasında ayrıca bir başlıqda Cənubi Azərbaycanın arxeoloji abidələrinin icmalı verilmişdir.
L.Vanden Bergenin (L.Vanden Berğhe. La necropole de Khurvin. İstanbul, 1964) əsəri Tehrandan 80 km şimali-qərbdə yerləşən Xurvin qazıntılarına həsr olunmuşdur. Burada qəbirlərə əsasən boz-qara keramika qoyulmuş nekropol qazılmışdır. Xurvin materialları e.ə. XIII-IX əsrlərə aid edilir. L.Vanden Berge bu əsərində belə bir ideya irəli sürür ki, e.ə. II minilliyin sonlarında meydana çıxan boz-qara rəngli keramika, yəqin ki, buraya gəlmiş irandilli tayfalara məxsus olmuşdur. Həmin keramika yerli əhaliyə məxsus rəngli, naxışlı keramikanı əvəz etmişdir. L.Vanlen Bergenin bu mülahizəsi hələ çox təxminidir və onun təsdiqi üçün əlavə arxeoloji qazıntı işləri aparılmalıdır.
R.H.Daysonun "Notes on Weapons and Chronology in Northern İran around 1000 B.C. "Dark Ages and Nomads c. 1000 B.C.", İstanbul, 1964 və T.S.Yanqun A Comparative Ceramic Chronoloğy for Western İran, 1500-500 B.C. "İran", III, 1965 əsərləri qərbi İranın maddi mədəniyyət abidələrinin dövrünün müəyyənləşdirilməsinə və xronologiyasına həsr olunmuşdur.
Mixi yazının öyrənilməsinin lap başlanğıcından tədqiqatçıları tarixi coğrafiya problemləri maraqlandırmışdır. Mənbələrdə xatırlanan Zaqroş və Urmiyanı rayonuna aid coğrafi adların lokalizə edilməsinə alimlər çoxlu tədqiqat işi həsr etmişlər.
Luis D.Levinin nəşr olunmuş Geroğraphical Studies in the Neo-Assyrian Zagros, 1-11, "İran", XI, 1973, XIII, 1974 əsərində tarixi coğrafiya məsələlərinə dair ətraflı biblioqrafiya verilmişdir; o, bəzi hallarda Zaqroşdan şimaldakı rayonda yerləşən əyalətlərin yeni lokalizəsini irəli sürür.
V.Klaysın Zur Ausbreitung Urartus nach Osten. "İstanbuler Mitteilungen", 19/20, 1969-1970 əsəri arxeoloji obyektləri nəzərə almaqla e.ə. 714-cü ildə II Sarqonun Urmiya gölünün şimalına yürüşünə həsr olunmuşdur.
Alman alimi R.M.Bömerin Zur Lage von Parsua im IX Jahrhundert von Christus. "Berliner Jahrbuch für Vor - und Frühgeschichte", V, 1965; Volkstum und stadte der Mannaer. "Baghdader Mitteihungen", III, 1964 məqalələri Urmiyanı qədim əyalətlərin və şəhərlərin lokalizəsinə həsr edilmişdir. Birinci məqalədə o, Zamua, Kirruri və Parsua əyalətlərinin lokalizəsinə nəzər yetirir. Zamua və Kirruri əyalətləri sonuncu dəfə III Salmanasarın e.ə. 843-cü ilə aid olan kitabəsində, yəni Manna və Parsua adının ilk dəfə çəkildiyi ildə xatırlanır. R.M.Bömerə görə yuxarıda adları çəkilən əyalətlər həmin dövrdə sonuncular tərəfindən zəbt edilərək, aralarında bölünmüş və beləliklə də, müstəqilliklərini itirmişlər.
İkinci məqalədə müəllif Manna dövlətinin ayrı-ayrı coğrafi adlarını lokalizə etməklə yanaşı, bu adların linqvistik təhlilini aparmış və belə nəticəyə gəlmişdir ki, onların çoxu hürri, qismən də kassi dillərinə aiddir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru